İnsan hüquqları və Konstitusiya Məhkəməsi
Konstitusiya Məhkəməsi insanların hüquq və azadlıqlarının müdafiəsini, ölkədə Konstitusiya nəzarətini həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə görə, Konstitusiya Məhkəməsinə nisbətən geniş səlahiyyət verilmişdir.
Bu orqan Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Milli Məclisinin qərarlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına uyğunluğu ilə yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, habelə, bələdiyyə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, Naxçıvan Muxtar Respublikasında bu respublikanın ali qanunvericilik və icra hakimiyyətlərinin normativ aktlarına, habelə Azərbaycan Respublikasının qüvvəyə minməmiş dövlətlərarası və hökumətlərarası müqavilələrinin, müvafiq olaraq, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının, Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası Konstitusiyasına, Naxçıvan Muxtar Respublikası qanunlarının, Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Respublikası qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunluğu məsələlərini həll edir. Konstitusiya Məhkəməsi, həmçinin, siyasi partiyaların və digər ictimai birliklərin ləğv edilməsi, hakimiyyətin üç qolu (qanunvericilik, icra və məhkəmə) arasında səlahiyyətlər bölgüsü ilə bağlı olan mübahisələri də həll edir.
Konstitusiyaya görə Konstitusiya Məhkəməsi referendumlarda, prezident və parlament seçkilərində meydana çıxan mübahisələrdə hakim rolunda çıxış etməlidir. Respublikamızın Konstitusiya layihəsinin tərtibində geniş istifadə etdiyimiz Fransa təcrübəsində bu səlahiyyət Konstitusiya Məhkəməsinə (Konstitusiya Şurasına) aid edilir. Doğrudan da, prezident və parlament seçkiləri, referendumlar ölkənin həyatında, necə deyərlər, taleyüklü məsələlərdir.
Konstitusiya Məhkəməsinin formalaşması qaydası da, sözsüz, xüsusi diqqət tələb edən bir problemdir. Bu, məhkəmənin təşkili qaydasından müəyyən dərəcədə onun sonrakı fəaliyyəti birbaşa asılı olur. Söhbət Konstitusiya Məhkəməsinin müstəqilliyinin təminatından gedir.
Beynəlxalq təcrübə göstərir ki, Konstitusiya Məhkəməsi seçkilər yolu ilə təşkil olunmur. Bütün ölkələrdə konstitusiya məhkəmələri təyinetmə qaydasında formalaşdırılır.
Almaniyanın Federal Konstitusiya Məhkəməsi parlament qaydasında təşkil edilir. Belə ki, bu orqanın 16 üzvündən yarısını torpaqların nümayəndəlik orqanı olan bundesrat, yarısını isə bundestaq seçir.
Qarşılıqlı formada isə hakimiyyətin hər üç qolunun maraqları nəzərə alınır. Məsələn, İtaliya Konstitusiyasının 135/1 maddəsinə görə, Konstitusiya Məhkəməsi üçdə biri respublika prezidenti, üçdə biri parlament və qalan üçdə biri ümumi və inzibati ali hakimlər tərəfindən seçilən 15 hakimdən ibarətdir. İspaniyada da, mahiyyət etibarilə, eyni qaydadır. Burada fərq ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi üzvləri parlament, hökumət və məhkəmə hakimiyyəti şurasının təqdimatı ilə kral tərəfindən təyin olunur. Avstriyada isə Konstitusiya Məhkəməsinin üzvlərini hökumətin və parlamentin təqdimatı üzrə prezident təyin edir. Göründüyü kimi, bu ölkələrdə konstitusiya məhkəmələrinin təşkili qaydası dövlətin əsas hakimiyyət qollarını əks etdirir.
Fransanın 1958-ci il Konstitusiyasına əsasən, təsis edilmiş Konstitusiya Şurası (əslində, Konstitusiya Məhkəməsidir) iki kateqoriyalı şəxslərdən ibarətdir: 9 ilə təyin olunan 9 üzvündən üçünü prezident, üçünü Senatın sədri və üçünü Milli Məclisin sədri təyin edir. Konstitusiya Şurasının bu üzvləri, bir qayda olaraq, yaşlı, tanınmış hüquqşünaslardan və keçmiş siyasi xadimlərdən ibarət olurlar. Bundan əlavə, Konstitusiya Şurasının keçmiş prezidentlərindən ibarət olan ömürlük üzvləri də vardır. Vaxtilə Oriol və Koti Konstitusiya Şurasında fəaliyyət göstərirdilər. De Qoll bu imkandan istifadə etmədi. Jiskar dEsten həmin şuranın ömürlük üzvüdür. Şuranın 9 üzvündən birini prezident onun sədri təyin edir.
Keçmiş SSRİ-yə daxil olan ölkələrin əksəriyyətində konstitusiya məhkəməsinin təşkilində parlament qaydasına üstünlük verilir. Ukraynada, Belarusda, Qazaxıstanda konstitusiya məhkəmələrinin üzvləri qanunvericilik hakimiyyəti tərəfindən seçilir. Latviya və Gürcüstanda isə parlament sədri, prezident və ali məhkəmənin sədri hər biri üç namizəd irəli sürür.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin II hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 9 üzvünü Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya məhkəməsi yalnız altı subyektin - Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında məsələləri həll edir. Konstitusiyanın bu göstərişinin məntiqinə görə, vətəndaşların nə fərdi, nə də kollektiv müraciətləri əsasında Konstitusiya Məhkəməsi bu müraciətlərin predmeti olan məsələlərə baxa bilər. Bu baxımdan, "Konstitusiya Məhkəməsi haqqında" qanunun 4-cü maddəsində təsbit olunan müddəa: "Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan hüquqlarını və azadlıqlarını müdafiə etməlidir. Şəxsin hüquqları və azadlıqları qüvvədə olan normativ aktlarla pozulduqda, o, müvafiq məhkəmələrin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, məsələnin Konstitusiya Məhkəməsinə sorğu verilməsi yolu ilə göndərilməsini xahiş edə bilər" - vətəndaşların hüquq və azadlıqlarının qorunmasına təminat verir.
Konstitusiyada və qanunlara nəzarəti həyata keçirən hakimlərin müstəqilliyinə iki üsulla nail olmaq mümkündür: hakimlərin ömürlük təyin edilməsi (və ya seçilməsi) və ya hakimlərin müəyyən müddətə təkrar seçilməmək şərtilə təyin edilməsi (və ya seçilməsi) yolu ilə.
Qanunun 3-cü maddəsində göstərilir ki, "bu hüquqi nəzarətin məqsədi "Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etməkdir". Konstitusiya Məhkəməsi hüququ hər üç hakimiyyət qollarının mümkün olan qəsdlərindən qoyulur. Məhkəmə sisteminin orqanları (o cümlədən, Ali Məhkəmə) hüququ qeyri-qanuni hərəkətlərdən və hərəkətsizlikdən müdafiə edir. Konstitusiya Məhkəməsi isə hüququ qanunvericilik, icra hakimiyyətinin, Ali Məhkəmənin hüquqa zidd aktlarından qoruyur.
Dünya ölkələrində Konstitusiya Məhkəməsi təyinetmə qaydasında formalaşdırılır. Bu təyinetmə iki formada - parlament qaydası və qarışıq qaydada aparılır. Qarışıq qaydada hakimiyyətin hər üç qolunda maraqları nəzər alınır. Azərbaycanda Konstitusiya Məhkəməsini Prezidentin təqdimatı ilə Milli Məclis təyin edir. Konstitusiya Məhkəməsi altı subyektin - Prezident, Milli Məclis, Nazirlər Kabineti, Ali Məhkəmə və Respublika Prokurorluğu və Naxçıvan MR Ali Məclisinin sorğusu əsasında məsələləri həll edir. Konstitusiya Məhkəməsi insan hüquqları və azadlıqlarını müdafiə etməlidir. İnsan hüquqları və azadlıqları pozulduqda, o, müvafiq məhkəmələrin vasitəsilə Ali Məhkəməyə müraciət edərək, məsələnin Konstitusiya Məhkəməsinə sorğu verilməsi yolu ilə göndərilməsini xahiş edə bilər. Azərbaycan Konstitusiyasında bu məsələyə geniş yer verilib: hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla və müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər.
Nəzərə yetirək ki, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələsilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2015.- 6 avqust.- S. 15.