Azərbaycanda turizmin inkişaf strategiyası düzgün qurulub
Mədəniyyət və Turizm Nazirliyindən qəzetimizə verilən
məlumata görə,
bu il
27 sentyabr - Ümumdünya
Turizm Günü
"Bir milyard turist - bir milyard
imkan" devizi altında keçiriləcək.
Əlamətdar gün münasibətilə
Birləşmiş Millətlərin
Ümumdünya Turizm Təşkilatının saytında
qurumun baş katibi Taleb Rifainin
rəsmi müraciəti
yer alıb. Müraciətdə bildirilir
ki, hər il bir milyarddan çox insan müxtəlif ölkələrə səyahət
edir. Onlar turizmi iqtisadiyyatın
aparıcı sektoruna
çevirirlər. Beləliklə, qlobal ümumdaxili məhsulun 10 faizi, dünya üzrə ixracatın ümumi həcminin 6 faizi bu sahənin payına düşür.
Baş katibin müraciətində
diqqətə çatdırılır
ki, turizm dünyada hər on bir işdən birini əhatə edən sektor kimi milyonlarla insanın dolanışığı
üçün qiymətli
mənbədir. Dünyanın müxtəlif guşələrində
hər gün fərqli mədəniyyətlərdən
olan milyonlarla insan rastlaşır.
Turizm, həmçinin, icmalar və millətlər arasında sülhün bərqərar olmasında
ilk addımdır. Turizm təyinat
məntəqəsinə çatmaqdan
daha dərin mənaya - qlobal əhatəliliyə malikdir.
Biz hər dəfə
səyahət edəndə
planetimizdə və insanlarda müsbət dəyişiklik etmək gücünə malik qlobal hərəkatın bir hissəsi oluruq. Dünya Turizm Gününün
rəsmi mərasimi sentyabrın 27-də Burkina Fasoda
keçiriləcək. Xatırladaq ki, 1979-cu ildə Ümumdünya Turizm Təşkilatının Baş
Assambleyası tərəfindən
təsis olunan peşə bayramının
məqsədi ictimaiyyətin
diqqətini turizmin sosial, mədəni, siyasi və iqtisadi dəyərlərinə
yönəltməkdir. Ümumdünya Turizm Günü hər il Azərbaycanda
da geniş tədbirlərlə qeyd olunur. Ölkəmiz 2013-cü ildən qurumun İcraiyyə Şurasının üzvüdür.
Bu uğur Azərbaycanda
turizmin inkişaf strategiyasının düzgün
qurulmasına daha bir sübutdur. Təkcə paytaxtımızda deyil, regionlarda da yeni hotellər, istirahət məkanları
açılır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
sahənin inkişafı
istiqamətində irimiqyaslı
layihələr həyata
keçirilir. Ölkəmiz
turizmə dair beynəlxalq tədbirlərə
uğurla ev
sahibliyi edir. Bütün bunlar Azərbaycanın dünya turizm bazarında layiqli yerini tutmasını təmin edir.
ZÜMRÜD
Səs.-2015.- 6 avqust.- S. 11.