İnsan hüquq və
azadlıqlarının müdafiəsinin Konstitusiya
əsasları
Latın sözü olan "konstutio" sözündən götürülən "quruluş", "təsisat" mənası verən konstitusiya dövlətin əsas qanunudur. Konstitusiyada dövlətin siyasi quruluşu, dövlət orqanları sistemi, onların funksiyaları, vətəndaşların əsas hüquq və vəzifələri təsbit olunmuşdur. Konstitusiya əsasında ölkənin digər qanun və hüquqi aktları qəbul edilir.
Azərbaycan xalqı hüquqi dövlət quruculuğu sahəsində xeyli uğurlar əldə edib. Ulu Öndər Heydər Əliyev hələ 1995-ci il noyabrın 24-də Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında demişdir: "Ötən illər ərzində Azərbaycan xalqının, Azərbaycan Respublikasının həyatında ağır, çətin ictimai-siyasi proseslər gedib və nəhayət, respublikamızın dövlət müstəqilliyi möhkəmlənib dönməz olubdur, ictimai-siyasi vəziyyət sabitləşibdir və müstəqil Azərbaycan Respublikası özünün ali qanununu - Konstitusiyasını qəbul etməyə imkan əldə edib, ilk parlamentini - Milli Məclisini seçibdir.
Bunlar böyük
nailiyyətdir, tarixi nailiyyətdir. Bunlar onu sübut
edir ki, artıq Azərbaycan xalqı müstəqillik yolu ilə cəsarətlə,
əzmlə, uğurla
irəliləyir və
dövlət hakimiyyətinin
bütünlüklə təşkilini
təmin etmək üçün lazımi
sənədlər qəbul
edir. Azərbaycan
Respublikasının, müstəqil
Azərbaycanın ilk konstitusiyası qəbul olunubdur. Bu konstitusiya xalqımızın
keçdiyi tarixi yolun məntiqi nəticəsidir. Xalqımızın böyük tarixi var. XX əsrdə tariximiz xüsusən böyük
bir yol keçibdir
və keçdiyimiz yolda bizim konstitusiya
təcrübəmiz də
var. Azərbaycanın indi
qəbul olunmuş konstitusiyası onun dördüncü konstitusiyasıdır.
1921-ci ildə birinci konstitusiya, 1937-ci ildə ikinci konstitusiya, 1978-ci ildə üçüncü
konstitusiya qəbul
edilib və nəhayət, bu il, 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsi - referendum nəticəsində
dördüncü konstitusiya
qəbul olunubdur. Ancaq bu konstitusiya keçmiş
konstitusiyalardan tamamilə
fərqli konstitusiyadır,
yeni konstitusiyadır, müstəqil Azərbaycan
Respublikasının Konstitusiyasıdır,
Azərbaycanın hər
bir vətəndaşının
doğma konstitusiyasıdır.
Tədqiqatçı R.Quliyev özünün "Azərbaycan Respublikasında
hüquqi dövlətin
təşəkkülünun sosial-fəlsəfi problemləri"
əsərində göstərilir
ki, Konstitusiyanın müasir anlayışını
dərk etmək üçün qısa şəkildə konstitusionalizmin
inkişaf prosesini nəzərdən keçirək. Belə ki,
konstitusiya prosesinin genezisi dövlətlərin
ictimai-siyasi inkişaf
tarixi ilə bağlıdır. Bu inkişaf
prosesini isə dörd əsas mərhələyə ayırmaq
olar: Birinci mərhələ, XVIII əsrin
axırlarından (Avropada
burjua inqilabları zamanından) başlayaraq Birinci Dünya müharibəsinin axırlarına
kimi davam etdi. Avropanın qabaqcıl ölkələrindən
və Şimali Amerikadan konstitusionalizm ideologiyasına təkan verildikdən sonra, faktiki olaraq, ilk yazılı konstitusiya
1787-ci ildə Amerika Birləşmiş Ştatlarında
qəbul edildi. Fransada isə İnsan Hüquq və Azadlıqlar Bəyannaməsi (1789-cu il), Avropada ilk olmaqla 1791-ci ildə Fransa Konstitusiyasının
yaranmasına səbəb
oldu. Bu mərhələdə
Latın Amerikasında
ilk Konstitusiya Aktı
1811-ci ildə Venesuelada
qəbul edildi.
İngiltərədə burjua inqilabı Böyük Britaniyanın dominionlarında
da konstitusiyaların yaranmasına təkan verdi (Kanadada
- 1867-ci, Avstraliyada - 1900-cü illərdə). Bu mərhələnin axırlarında
Şərqdə (Yaponiyada
- 1889-cu, Çində - 1912-ci, İranda - 1906-cı illərdə)
və bir neçə Afrika ölkəsində (CAR - 1909-cu, Liberiyada 1847-ci illərdə)
konstitusiyalar qəbul edildi.
İkinci mərhələ, iki dünya müharibələri
arasındakı müddəti
əhatə edir. Bu mərhələnin bir xüsusiyyəti ondan ibarətdir ki, ölkələr iki düşərgəyə bölündü.
Rusiyada sosialist inqilabı qalib gəldi və sosialist dövləti yaradıldı.
Digər
tərəfdən dünyada
böyük dinamika ilə konstitusion hüquqi yaradıcılıq
prosesi müşahidə
olunurdu. Avropada Rusiya
və Avstriya-Macarıstan
imperiyalarının dağılması,
Asiyada koloniya sisteminin böhranı nəticəsində yeni dövlətlər yarandı.
Onlarca ölkədə yeni konstitusiyalar qəbul edildi.
Konstitusionalizmin inkişaf prosesinin ikinci mərhələsinin
fərqləndirici xüsusiyyəti
ondan ibarətdir ki, ilk dəfə konstitusiyaların tənzimedici
obyekti sosial-iqtisadi məsələlərə aid edildi. Konstitusiya səviyyəsində
dövlətin sosial funksiyası aşkarlandı.
Konstitusion insan hüquqları
sırasına sosial-iqtisadi
hüquqlar da əlavə edildi. Bu
tendensiyanı, daha aydın Meksikanın -
1917-ci, Almaniyanın -1919-cu, Çexoslovakiyanın - 1920-ci, İspaniyanın
- 1931-ci, İrlandiyanın - 1937-ci il konstitusiyalarında görmək olar.
O zaman SSRİ-də prinsipcə yeni konstitusion model yaradıldı.
1924-cü və 1936-cı il SSRİ konstitusiyaları
(bir il sonra
ittifaqın respublikalarında
da konstitusiyalar qəbul edilirdi) liberal konstitusionalizm ideologiyasını
monizm prinsipi ilə əvəz etdi. Bu dəyişiklik sosialist konstitusiyalarına
tam formallıq verdi.
Üçüncü mərhələ, 1945-ci ildən
80-ci illərə qədər
davam etdi. Bu mərhələdə konstitusionalizm
prosesi, demək olar ki, bütün
dünyanı əhatə
etdi. 130-dan yuxarı ölkə kolonial sistemin ləğv edilməsi nəticəsində müstəqillik
əldə etdikdən
sonra konstitusionalizm ideologiyasını qəbul
etdi. Azad olan ölkələrdə
konstitusiyaların qəbul
edilməsi əksər
halda simvolik xarakter daşıyırdı.
Yeni müstəqillik əldə
edən ölkələr
beynəlxalq münasibətlərdə
bərabər hüquqlu
subyektlərə çevrildilər.
Sosialist konstitusiyaları
sıralarına Bolqarıstan, Macarıstan, Vyetnam,
Çin, Kuba və
digər dövlətlərin konstitusiyaları daxil
oldu. Demək lazımdır ki, sosialist
konstitusiyaları konstitusionalizmin liberal ideyalarına böyük
zərbə vurdu. Sosialist
konstitusiyalarındakı, fərdin tam
dövlətə tabeçilik prinsipi konstitusionalizm
ideologiyasının əksinə idi. Hal-hazırda konstitusiyanın
inkişaf prosesi bunu bir daha
sübut edir.
XX əsrin 90-cı illərində başlanan dördüncü müasir mərhələ totalitar sistemin dağılması ilə bağlıdır. Sosialist rejiminin dağılması ilə əlaqədar 100-dən çox ölkədə konstitusiya qəbul edildi. Bu mərhələnin əsas istiqaməti konstitusionalizm ideologiyasının bərpa olunması idi. Yeni yaranan konstitusiyalarda (o cümlədən, Azərbaycan Konstitusiyasında) konstitusionalizmin ilkin ideyaları insan hüquq və azadlıqlarının prioritetliyi; siyasi plüralizm; hakimiyyət bölgüsü; konstitusion nəzarət institutları və s. öz əksini tapdı.
Hazırda dünyada 200-dən çox dövlətdə və 300-dən çox federasiya subyektində konstitusiyalar mövcuddur. 2004-cü ildə, hətta Avropa İttifaqının Konstitusiyası qəbul edildi (Konstitusiya Avropa İttifaqının 25 üzvü tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minməli idi. Lakin bu günədək üzv dövlətlərin hamısı konstitusiyanı ratifikasiya etməyib).
R.Dahl konstitusiyaların hər hansı bir ölkədə demokratiyanın yaranmasındakı oynadığı rolu xüsusi qeyd edir: 1. Sabitlik. 2. Əsas insan hüquqları. 3. Mənafelərin tarazlığı. 4. Hesabat vermə. 5. Ədalətli nümayəndəlik. 6. Birliyə əsaslanan konsensus. 7. Səmərəli idarəetmə. 8. Qərarların səriştəliliyi. 9. Şəffaflıq və aydınlıq (anlaşıqlı). 10. Çeviklik. 11. Legitimlik.
Bu şərtlərə əməl edən demokratik ölkələr geniş konstitusiya seçimi imkanına malikdir. Əsas şərtlərə əməl olunmayan ölkələr hansı konstitusiyanın olmasından asılı olmayaraq, demokratiyanı qoruya bilməzlər. Ölkədə həm əlverişli, həm də əlverişsiz şərait yaranarsa, mükəmməl şəkildə tərtib edilmiş Konstitusiya demokratik institutların möhkəmlənməsinə kömək etməyə qabil olduğu halda, konstitusiyanın hazırlanması zamanı buraxılmış səhvlər demokratik institutların taleyinə dağıdıcı təsir göstərə bilər.
Konstitusiyanın cəmiyyətdə müxtəlif funksiyaları olsa da, onun əsas funksiyası hüquqi funksiyadır. Müasir konstitusiyalar birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, dövlətlərin əsas qanunları cəmiyyətə ideoloji təsirləri ilə bərabər hüquq sistemlərinin də vacib hüquqi mənbələridir. Ancaq hər bir hüquq normasının qorunması üçün mükəmməl və effektli fəaliyyət göstərən idarəetmə institutları mövcud olmalıdır. Hazırda sabit inkişaf edən demokratik dövlətlərin hakimiyyət quruculuğu tarixi də göstərir ki, ölkələrdə konstitusionalizm təminatının ilkin mərhələsində dövlət hakimiyyətinin möhkəmliyi vacib amildir.
ABŞ Konstitusiyası insan hüquqlarının, qanunun aliliyinin, hüququn hökmranlığının, bir sözlə, hüquqi-demokratik dövlətin əsas təminatçısı olub, xalq tərəfindən dərk olunub yekdilliklə müdafiə olunur, xalq hakimiyyətinin əsasını təşkil edən cəmiyyəti birləşdirən qüvvə kimi çıxış edir. ABŞ Ali Məhkəməsinin sədri işləmiş Con Marşal yazırdı ki, ABŞ Konstitusiyası hökumət idarələrinin təkamülünə yol göstərmiş, siyasi sabitliyin, fərdi azadlığın, iqtisadi yüksəlişin və ictimai tərəqqinin əsasını təmin etmişdir.
R.Rəcəbli XX əsrin sonlarında müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulu haqda yazır ki, "bu konstitusiya "demokratik, hüquqi-dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyən bir respublikanın konstitusiyası olmaqla yanaşı, həm də ən demokratik yol ilə qəbul edilmiş konstitusiyadır".
Ulu Öndər Heydər Əliyev "Azərbaycanda ümumi hüquqi dövlətin əsası olan konstitusiyanı Azərbaycanın bugünü və gələcəyi üçün çox böyük bir sənəd - siyasi-hüquqi sənəd" adlandırırdı. Konstitusiyada hüquqi dövlət quruculuğu, onun formalaşması yolları göstərilmiş, bu prosesdə tarixi, milli ənənələr, dünya təcrübəsi və ümumbəşəri demokratik prinsiplər nəzərə alınmışdır. Konstitusiyanın qəbulunu Azərbaycan xalqının tarixi nailiyyəti hesab edən Heydər Əliyev onun ümumbəşəri və milli dəyərlərə söykəndiyini göstərir.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda mühüm rol oynayan konstitusiya haqqında Ulu Öndər demişdir: "Mən sizi, bütün Azərbaycan xalqını müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunması münasibətilə ürəkdən təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu konstitusiya Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, insanların, vətəndaşların hüquq və azadlıqlarının qorunması, Azərbaycanda demokratik-hüquqi dövlətin qurulması və inkişaf etməsi üçün öz xidmətlərini göstərəcəkdir.
Biz yeni bir mərhələdəyik və bundan sonra çox ciddi, cəsarətli addımlar atmağa imkanımız var. Çünki bunun üçün qanuni əsaslar yaranıbdır. Yeni qəbul olunmuş konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu konstitusiyanın müddəalarından daim istifadə edərək, Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni konstitusiya Azərbaycanda demokratik-hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi-demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir".
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-2015.- 7 avqust.- S. 15.