Dünyanın demokratik
ölkələrində insan və vətəndaşların
hüquq və azadlıqlarının
müdafiəsi
İnsanın cəmiyyətdə vəziyyətinin beynəlxalq-hüquqi tənzimlənməsinin nəticələrinin pozitiv olması həmin cəmiyyətin daxili həyatı və bütövlükdə siyasi sistemindən, dövlətin suveren iradəsindən, digər tərəfdən isə, onun sosial-iqtisadi, siyasi, mədəni və b. xüsusiyyətlərindən asılıdır. Dövlətin sosial təcrübəsində insan hüquqları və azadlıqlarına dair müvafiq beynəlxalq sazişlərdəki bu və ya digər hüquqi normaların reallaşdırılması üçün təkcə onların məzmununu ölkənin qanunvericiliyinə transformasiya etmək deyil, həm də ilk növbədə onlardakı şəraitin yaradılmasına yönələn müvafiq sosial-iqtisadi siyasətin həyata keçirilməsi zəruridir. Bu baxımdan yalnız demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının reallaşması üçün əlverişli şərait yaranır və onlara tam təminat verilir. ABŞ politoloqu İ.Şapiro yazır ki, "demokratiya azadlığı qoruyan nemətdir, rifahdır və demokratik politologiyanı bu məqsədi nəzərə almaqla qurmaq lazımdır".
Hikmət Babaoğlu yazır ki, insan hüquqları nəzəriyyəsi və təcrübəsinə aid olan hər bir məsələ bilavasitə və ya dolayı surətdə daha ümumi, bir qayda olaraq dərin siyasi məzmunlu məsələlərin necə həll olunmasından asılı olur. Məsələn, şəxsiyyətin vəzifəli şəxslərin, dövlət orqanlarının və ictimai təşkilatların qanunsuz hərəkətlərinə görə məhkəməyə şikayət etmək hüququnun (heç də siyasi olmayan) ölkənin dövlət-hüquqi təcrübəsində, bütövlükdə, siyasi həyatında nə dərəcədə məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipinin həyata keçirilməsindən, cəmiyyətdə məhkəmənin nüfuzu və rolundan asılıdır. Ümumiyyətlə, insan hüquqları problemi obyektiv və genetik olaraq siyasi məzmuna malikdir. Lakin məsələnin bu şəkildə qoyuluşu heç də insan hüquqları probleminin tam şəkildə siyasətlə bağlanması demək deyil. İnsan hüquqları probleminin, sözsüz ki, əxlaqda, fəlsəfədə, ideologiya və dində dərin kök salmış ən müxtəlif ifadəsi vardır. Bununla belə bu problemin xüsusi siyasi məzmunu daha əhəmiyyətli olmaqla onun əsas elementi kimi çıxış edir. Əlbəttə, bəzi müəlliflər hesab edir ki, insan hüquqlarının siyasiləşsizləşdirilməsi və ideologiyasızlaşdırılması onların reallaşdırılmasının ən yaxşı variantı olardı.
Belə halda qeyri-stabil, ziddiyyətli və bəzən açıq neqativ faktor kimi çıxış edən praktiki siyasətin və siyasi ideologiyanın müxtəlif təzahürlərinin təsirindən təcrid oluna bilərdilər. Lakin belə halların hipotetik (istənilən) situasiya kimi nəzəri konstruksiyasında da müəyyən problemlər yaranır. Məsələn, amerikalı filosof A.Qevirz belə bir məntiqi nəticəyə gəlir ki, müasir dünyada insan hüquqlarının mövcudluğu və reallaşdırılması insan hüquqları Bəyannaməsindən və insan hüquqları Paktlarından asılıdır və insan hüquqlarının bu sənədlərdə pozitiv tanınmasından əvvəl onlar ola bilməzdi və sadəcə olaraq, yox idi.
İnsan hüquqları probleminə ictimai mənafelər və dəyərlərin prioritetini nəzərə almaqla daha ədalətli və humanist yanaşmanın işlənilməsi və inkişaf etdirilməsi nöqteyi-nəzərdən, bir tərəfdən, dəyişən maraqların, digər tərəfdən isə, mənəvi dəyərlər və imperativlərin xeyli sabitliyinin dəyişməz əhəmiyyəti vardır. Bizim fikrimizcə, bu faktorların birləşdirilməsi bəşəriyyətin hüquqi və sosial inkişafının sözsüz və əsas tələbatı, insan hüquqları nəzəriyyəsi və təcrübəsinin, müasir dövlətlərin daxili və xarici siyasətinin prinsipial məsələsidir.
H.Babaoğlunun fikrincə, insan hüquqları ideyasına əsaslanan demokratiya konsepsiyası daha geniş şəkildə politoloq Larri Dayamond tərəfindən işlənilmişdir. Onun fikrincə, insan hüquqlarının nəzərə alınması demokratiya konsepsiyasını zəiflədir, insan hüquqlarına əsaslanan liberal demokratiya modeli demokratik fikir və təcrübəni zənginləşdirir. Bu model fərdi və qrup azadlığı ilə yanaşı siyasi və vətəndaş plüralizminin təmin edilməsini tələb edir.
Dayamond insan hüquqlarının demokratik modelinin əsas əlamətlərinə aşağıdakıları aid edir:
- real hakimiyyət konstitusiya ilə faktiki olaraq seçilmiş vəzifəli şəxslərə və onların təyin etdiyi şəxslərə (ölkə daxilində məsul olmayan qüvvələrə yox) mənsubdur;
- icra hakimiyyəti konstitusiya ilə məhdudlaşdırılır və müstəqil məhkəmə, parlament, insan hüquqları üzrə müvəkkil-Ombudsman təsisatı digər təsisatlar qarşısında məsuldur;
- seçkilərin nəticələri əvvəlcədən müəyyən olunmur, müxalifət mövcuddur və tədricən hökuməti formalaşdıran alternativ imkanlar ola bilər;
- mədəni, etnik, dini və digər azadlıqların öz maraqlarının siyasi prosesdə ifadə edilməsində və öz dini və mədəniyyətinin istifadə olunmasında imkanları məhdudlaşdırmır;
- vətəndaşların partiyalar və müntəzəm seçkilərdən başqa öz maraqlarını və dəyərlərini ifadə və təmsil etməsi üçün çoxlu daimi kanallar və vasitələrin olması, o cümlədən, onların yarada biləcəyi müxtəlif muxtar assosiasiyalar, hərəkat və qruplar;
- assosiasiyalar azadlığına və plüralizmə əlavə olaraq vətəndaşların siyasi cəhətdən azad əlaqəsi olan müstəqil kütləvi informasiya vasitələri də daxil olmaqla alternativ informasiya mənbələrinin mövcud olması;
- fərdlər əsas azadlıqlara - etiqad, fikir, diskussiya aparmaq, mətbuat, yığıncaqlar, nümayişlər və petisiyalar və s. azadlıqlara malikdirlər;
- vətəndaşlar siyasi cəhətdən qanun qarşısında bərabərdirlər və onların azadlıqlarını, qərarları digər hakimiyyət mərkəzləri tərəfindən hörmətlə qarşılanan və dəstəklənən məhkəmə sistemi müdafiə edir.
- qanunların idarə etməsi vətəndaşları ədalətsiz həbsdən, sürgündən, terrordan, işgəncələrdən, onların şəxsi həyatına təkcə dövlətin deyil, həm də mütəşəkkil qeyri-dövlət qüvvələrin hədsiz müdaxiləsindən müdafiə edir.
Təqdim olunan demokratik modeli tədqiqatçılar insan hüquqları, azadlıq və demokratiyanın inkişafı səviyyəsinin analizi üçün geniş istifadə edirlər. Bu model Dayamond tərəfindən artıq mövcud olan empitik tədqiqatlar təcrübəsi əsasında qurulmuşdur.
H.Babaoğlu göstərir ki, "İnteqrativ demokratiya" modelinin tərkib hissəsi olan hüquqlar konsepsiyasına görə, insan hüquqları konsepsiyasına görə, insan hüquqları siyasi təsisatların dəyərləndirilməsinə xidmət edir, sosial-siyasi inanclar sisteminin vacib elementləri, insanların birliyi, ümumi ləyaqət və humanizmin ifadəsi kimi çıxış edirlər. Ceyms Marş və Yoxan Olsen "inteqrativ demokratiya"da insan hüquqlarına olan münasibəti açıqlayaraq qeyd edirlər ki, birincisi, insan hüquqları pozulmazdır, yəni onlara heç nəyə baxmadan təminat verilməlidir; ikincisi, insan hüquqları ayrılmazdır, yəni onlar bir dəfə müəyyən olunduqdan sonra ləğv oluna bilməzlər; üçüncüsü, hüquqlar qanunların yenidən baxılması yolu ilə deyil, daha çox onların interpretasiyası vasitəsilə dəyişdirilirlər.
Bizim üçün xüsusi maraq doğuran beynəlxalq birlikdə yeni regional təşkilat olan, keçmiş SSRİ respublikalarını, o cümlədən, Azərbaycanı da özündə birləşdirən Müstəqil Dövlətlər Birliyi çərçivəsində insan hüquqlarının müdafiəsi mexanizmidir. MDB-nin bu sahədəki fəaliyyətinin hüquqi bazasını təşkil edən sənədlərdə MDB-nin nizamnaməsini (22 yanvar 1993), MDB vətəndaşlarının onun iştirakçı dövlətlərinin ərazisindən vizasız hərəkət etmək barədə müqaviləni (9 oktyabr 1992), MDB-nin insan hüquqları üzrə komissiyası haqqında Əsasnaməni (24 sentyabr 1993), qaçqınlar və məcburi köçkünlərə kömək haqqında müqaviləni; milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin olunması haqqında Konvensiyanı (21 oktyabr 1994), insan hüquqları və azadlıqları haqqında MDB Konvensiyasının (26 may 1995) göstərmək olar.
MDB-nin Nizamnaməsində birliyin əsas məqsədləri və əməkdaşlıq prinsiplərindən biri kimi insan hüquqları və azadlıqlarının təmin olunması müəyyən olunmuşdur (maddə 2). Müvafiq olaraq insan hüquqları və əsas azadlıqlarının təmin olunması üzv dövlətlərin birgə fəaliyyətinin prioritet sferalarına aid edilir. Nizamnamənin 33-cü maddəsində insan hüquqları üzrə komissiyanın yaradılması nəzərdə tutulur.
MDB-nin 26 may 1995-ci ildə qəbul olunmuş insan hüquqları və əsas azadlıqları haqqında Konvensiyasında insan hüquqları haqqında Ümumi Bəyannamə, iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq və qeyri-məcburi Protokol, həmçinin ATƏT çərçivəsində qəbul olunmuş insan hüquqları üzrə beynəlxalq öhdəliklər nəzərə alınaraq həmin sənədlərdə sadalanan bütün insan hüquqları və azadlıqları spektri təsbit olunmuşdur. Konvensiyanın 34-cü maddəsinə görə, onun yerinə yetirilməsinə nəzarət MDB-nin insan hüquqları üzrə komissiyası haqqında Əsasnamə Konvensiyanın ayrılmaz tərkib hissəsi hesab olunur. Bu Əsasnaməyə görə, komissiya insan hüquqlarının pozulması barədə dövlətlərarası məlumatlara, həmçinin, fərdi və kollektiv müraciətlərə baxaraq nəticə və tövsiyələr qəbul edir.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 14 avqust.- S.15.