Qərb ölkələrinin
konstitusiyalarında insan hüquq
və azadlıqlarının müdafiə mexanizmi
Hüquq və azadlıqların demokratik konsepsiyasının bir sıra müddəaları Almaniya Federativ Respublikasının Konstitusiyasında öz ifadəsini tapmışdır Konstitusiyada (23 may 1949-cu ildə qəbul olunmuşdur) özünü demokratik, sosial və hüquqi dövlət adlandıran Almaniya Federativ Respublikasında insan hüquq və azadlıqları əsas prinsiplər kimi birinci bölmədə təsbit edilmişlər. Burada göstərilir ki, insanın şərəf və ləyaqəti toxunulmazdır. Hər bir səlahiyyətli dövlət orqanı və numayəndəsi ona hörmət etməyə və onu qorumağa borcludur (Maddə 1).
Almaniyanın Əsas Qanununda vətəndaşların şəxsi siyasi-hüquq və azadlıqları ilə yanaşı, geniş sosial-iqtisadi və sosial-mədəni hüquqları da təsbit olunmuşdur. Onların qısa müddəalarda əks etdirilmiş vəzifələrinə dair valideynlərin öz uşaqlarına qayğı göstərmək, kişilərin 18 yaşından hərbidə xidmət etmək və s. vəzifələr müəyyən edilmiş, alternativ hərbi xidmət nəzərdə tutulmuşdur.
Hikmət Babaoğlu yazır ki, abstrakt nəzarət qəbul olunan qanunların və digər normativ aktların tətbiqindən asılı olmayaraq konstitusiyaya uyğun olmasına dair Konstitusiya Məhkəməsinə sorğu verilməsini nəzərdə tutur. Belə nəzarət fərdin-insan hüquq və azadlıqlarının subyekti, habelə müxtəlif vətəndaş birliklərinin, hüquqi şəxslərin insan hüquqları və azadlıqlarının qanunlar, normativ aktlar, məhkəmə qərarlarında pozulmasına dair Konstitusiya Məhkəməsinə şikayət verməsini nəzərdə tutur. Konstitusion şikayət fərdin dövlət orqanlarının özbaşınalıqlarından müdafiəsinin mühüm hüquqi vasitəsi kimi çıxış edir. Demokratik cəmiyyətdə insan hüquqlarının ali təminatçısı qismində Konstitusiya Məhkəməsi fəaliyyət göstərir və onların daim inkişaf etdirilməsi, zənginləşdirilməsi və məzmununun dərinləşdirilməsində böyük rol oynayır.
Bu baxımdan uzun müddət Fransa Konstitusiya Şurasının üzvü olan professor F.Lüşerin "Şəxsiyyətin hüquq və azadlıqlarının konstitusiya müdafiəsi" monoqrafiyası maraq doğurur O özünün kitabında Fransa Konstitusiya Şurasının 30 ildən artıq müddətdə vətəndaşların konstitusiya hüquqları və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini və qəbul etdiyi qərarlarını təhlil edir, onların təmin edilməsinin prosedur formalarını göstərməyə çalışır. Buraya ilk növbədə Konstitusiya Şurası tərəfindən həyata keçirilən ilkin nəzarət aid edilir; ikincisi, bundan sonra növbəti nəzarətdir ki, bu da əsasən Konstitusiya Şurasının təşəbbüsünə əsaslanır, lakin ayrı-ayrı vətəndaşların şikayəti əsasında keçirilir; üçüncüsü, digər yurisdiksiyalı orqanlar tərəfindən həyata keçirilən nəzarətdir.
F.Lüşer Konstitusiya Şurası mövqeyindən çıxış edərək göstərir ki, hüquq və azadlıqlar mütləq deyil: əksinə, hər bir hüquq və hər bir azadlığın dəqiq reqlamentləşdirilmiş çərçivələri vardır; onlara vəzifələr uyğun olur, məsələn, "ümumi mənafeyə" riayət etmək, başqa şəxslərin hüquqlarına qəsd etməmək, xeyirxah, xoş xasiyyətə malik olmaq, adətlərə hörmət etmək, başqa vətəndaşların maraqlarına toxunan özbaşına, zorakı hərəkətlərə yol verməmək formalarında. Əlbəttə, hüquqi dövlətdə qoyulan hər hansı bir məhdudiyyət yalnız fərdin xeyrinə ola bilər.
Müəllif belə bir məsələyə də diqqət yetirir ki, hüquq və azadlıqlara ayrı-ayrı məhdudiyyətlər obyektiv olaraq dövlətin milli təhlükəsizliyi və milli müdafiəsinin təmin edilməsi funksiyalarından, beynəlxalq müqavilələr və sazişlərdən, əmlakın istifadə olunması və ehtiyatların ayrı-ayrı növlərinin yenidən bölünməsində bəzi məcburi tədbirləri müəyyən edən respublika quruluşunun sosial xarakterindən irəli gəlir.
F.Lüşer Fransa Konstitusiya Şurasının qərarları prizmasından hüquq və azadlıqların konkret məzmununu açıqlamağa çalışır, azadlıq konsepsiyasının ətraflı analizini verir. Onun tərəfindən azadlıqlar sırasında yerli (ərazi) azadlıqlar da ayrılır: kommuna, departamentlər və s. tipli kollektivlərin azadlığı. Azərbaycan spesifikasını nəzərə alaraq müəllifin gəldiyi belə nəticələr diqqəti cəlb edir ki, kollektivin (ərazinin) statusunun dəyişdirilməsi mərkəzi orqanların təşəbbüsü ilə keçirilən referendum əsasında mümkündür. Əgər belə referendum yerli hakimiyyətlər tərəfindən təşkil olunarsa, onda onun nəticələrinin yalnız mənəvi çəkisi ola bilər. O, hesab edir ki, xalqların öz müqəddəratını təyin etməsinin azadlığı metropoliyadan ayrılmaq üçün bəraətverici arqument ola bilməz: o vaxtadək ki, kollektiv fransız xalqının tərkib hissəsi olaraq qalır, o, bütövlükdə, respublika xalqının rəyindən müstəqil olaraq "öz müqəddaratını təyin edə" bilməz.
Şərq ölkələrindən demokratik ölkə kimi xüsusi maraq doğuran Yaponiyada insan hüquq və azadlıqları 1947-ci ildə qüvvəyə minmiş Konstitusiyanın "Xalqın hüquq və vəzifələri" adlı 3-cü fəslində təsbit olunmuşdur. Həmin fəslin əsas müddəaları insanın anadangəlmə, təbii hüquqlar konsepsiyasından çıxış edir, bu hüquqlara Konstitusiyada indiki və gələcək nəsillərə nəsib olan əbədi, pozulmaz hüquqlar kimi baxılır. Yaponiya Konstitusiyası dövlət tərəfindən təminat verilən şəxsiyyət hüquq və azadlıqların həyata keçirilməsini cəmiyyətin rolu, xalqın fəaliyyəti ilə bağlayır. Belə ki, burada deyilir ki, hüquq və azadlıqlar xalqın müntəzəm səyləri ilə dəstəklənməlidir, təkcə şəxsiyyət deyil, bütövlükdə, xalq hüquq və azadlıqlardan sui-istifadədən çəkinməlidir və onların ictimai rifah maraqları naminə istifadə edilməsinə görə tam məsuliyyət daşıyır.
Yaponiya Konstitusiyasında ənənəvi siyasi hüquqlarla yanaşı (seçki hüququ, birləşmə hüququ, yığıncaqlar, söz, mətbuat azadlığı və s.) digər siyasi hüquqlar da təsbit olunur. Xalqın dövlətin vəzifəli şəxslərini seçmək və onları vəzifədən kənarlaşdırmaq hüququ, dinc petisiyalarla müraciət etmək, qanunlarda düzəliş etmək və onları ləğv etmək hüququ, Konstitusiyada yaşamaq hüququna, digər şəxsi azadlıqlara təminat verilir. Burada azadlıq və xoşbəxtliyə can atmaq, vicdan azadlığı hüququ (heç bir dini təşkilat dövlətdən imtiyaz almamalı və siyasi hakimiyyətdən istifadə etməməlidir), dövlətin və vəzifəli şəxslərin qanunsuz hərəkətlərindən zərərin ödənilməsi hüququ, şəxsiyyət toxunulmazlığı, mənzil toxunulmazlığı hüququ və digər şəxsi hüquqlar təsbit edilir.
H.Babaoğlunun fikrincə, demokratik cəmiyyətdə insan hüquqları və azadlıqlarının müdafiəsi mexanizmində Ombudsman təsisatının xüsusi yeri və rolu tədqiqatçılar tərəfindən qeyd olunur. Müasir dövlətin inkişaf səviyyəsi adamların həyatının bütün sahələrinə idarəetmə fəaliyyətinin ekspansiyasının getdikcə artdığını göstərir. Bu da adamları idarəetmə orqanlarından, demək olar ki, tamamilə asılı vəziyyətə salır. Bunun nəticəsində Ombudsman kimi bir mexanizmə zərurət yaranır ki, onun da vəzifələrinə idarəetmə orqanlarının işindən qənaətlənməyən vətəndaşların şikayətlərinə baxmaq və beləliklə də, onların hüquq və azadlıqlarını müdafiə etmək daxildir. Bu cür təsisata tələbat həqiqətən də böyükdür, xüsusilə də, əgər nəzərə alınsa ki, Ombudsmana müraciət proseduru ciddi qaydaları və yüksək xərcləri nəzərdə tutmur. Bundan fərqli olaraq məhkəməyə müraciət prosedurları uzunmüddətli, baha olur və əvvəlcədən müəyyən olunmuş sərt çərçivələrdə baş verir.
Müasir cəmiyyətdə insan hüquqlarının təsnifatı müxtəlifdir. Onların daha ümumi təsnifatına görə bütün hüquqlar neqativ və pozitiv hüquqlara bölünür. Hüquqların bölgüsü onlarda azadlığın neqativ və pozitiv aspektlərinin fərqləndirilməsinə əsaslanır. Neqativ hüquqlar fərdin azadlığını mühafizə edir və cəmiyyətin, dövlətin, digər adamların ona qarşı münasibətdə bu və ya digər neqativ hərəkətlərə yol verməmək vəzifələri kimi qeyd olunur. Bu hüquqlar şəxsiyyəti dövlətin onun azadlığını pozan, əsassız və digər şəxslərin müdaxiləsindən və məhdudiyyətlərindən qoruyur. Onların həyata keçirilməsi dövlətin ehtiyatlarından, ölkənin sosial-iqtisadi inkişafının səviyyəsindən asılı deyil.
Neqativ hüquqların hüquqi təsdiqinə və bütövlükdə insan hüquqlarına neqativ (və liberal) münasibətə misal olaraq ABŞ Konstitusiyasının "Hüquqlar haqqında Billini"-ABŞ Konstitusiyasına dəyişiklikləri göstərmək olar.
Bu sənədin birinci maddəsində yazılır: "Konqres hər hansı bir dinin bərqərar olması və ya sərbəst etiqad olunmasını qadağan edən, söz və mətbuat azadlığını, həmçinin, vətəndaşların dinc toplaşma və sui-istifadə hallarını aradan qaldırmaq tələbləri ilə öz şikayətlərini hökumətə bildirmək üçün müraciət etmək hüququnu məhdudlaşdıran qanun verə bilməz". İkinci maddədə xalqın silah saxlama və üstündə gəzdirmə hüququ təsbit edilir. Dördüncü maddəyə əsasən, vətəndaşların özlərinin, mənzillərinin, mülkiyyətinin, kağız və əşyalarının toxunulmazlığı, əsassız axtarış və həbslərdən mühafizə hüququ pozula bilməz. Axtarış və həbs haqqında order buna kifayət qədər əsas olmadan and və ya vədlə təsdiqlənmədən verilməməlidir. Billin 5-ci maddəsində vətəndaşların məsuliyyətə cəlb olunmasının qaydaları müəyyən edilmişdir. Burada göstərilir ki, hər kəs eyni cinayətə görə iki dəfə həyatı ilə cavab verməməlidir; hər kəs qanuni məhkəmə prosesi keçmədən həyatı, azadlığı və ya mülkiyyətindən məhrum oluna bilməz; heç bir şəxsi mülkiyyət tam və ədalətli qarşılıqlı ödəniş olmadan ictimai istifadə üçün alına bilməz.
Bütövlükdə 10 maddədən ibarət olan hüquqlar haqqında Billin yuxarıda göstərilən və digər maddələrinin təhlili göstərir ki, onun məzmunu praktiki olaraq şəxsiyyətin hökumət tərəfindən müxtəlif ədalətsiz hərəkətlərindən müdafiəsinə yönəlmişdir. 1791- ci ildə ABŞ Konqresi tərəfindən ratifikasiya olunmuş bu sənəddə 7 düzəliş, bilavasitə, insan hüquqlarına aid olmaqla dini etiqad, söz və mətbuat azadlığını, xalqın dinc toplaşmaq və hökumətə petisiyalarla müraciət etmək hüququnu, şəxsiyyət, mənzil, mülkiyyət toxunulmazlığını və digər hüquqları nəzərə alırdı.
VAHİD
ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2015.- 15 avqust.- S.15.