İnsan hüquq və azadlıqlarının müdafiəsi və məhkəmə nəzarəti

 

 

    

     Məhkəmə nəzarəti - müəyyən sahə daxilində məhkəmə hakimiyyətinin həyata keçirilməsinin istənilən formasında mövcud olan bir mərhələdir. O, nəinki cinayət tətbiqi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) və ya qərarlarından (o cümlədən, bəzi qətimkan tədbirləri ilə bağlı qərarlardan) verilən şikayətlərə baxılması, həmçinin vətəndaşların konstitusiya hüquq və azadlıqlarını məhdudlaşdıran prosessual məcburiyyət tədbirinin tətbiqi və ya məcburi istintaq hərəkətlərinin, yaxud əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin razılaşdırılması formasında həyata keçirilir.

     Beləliklə, məhkəmə nəzarəti anlamı mahiyyətcə özündə aşağıdakıları ehtiva edir:

     - ibtidai istintaq mərhələsində insan hüquq və azadlıqlarının məhdudlaşdırılması zamanı qanunçuluğa nəzarətin cinayət prosesində tərəflərdən asılı olmayan hakimiyyət orqanı kimi məhz məhkəmə tərəfindən həyata keçirilməsini;

     - cinayət prosesində dövlət orqanları funksiyalarının dəqiq bölüşdürülməsi (cinayət təqibi orqanı cinayətlərin ibtidai araşdırılmasını aparır və zərurət yarandıqda təsdiqləndirilən şəxsin həbs edilməsi məsələsinə dair təşəbbüslə çıxış edir, məhkəmə isə müəyyən edilmiş proseduraya müvafiq olaraq hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxır və ibtidai istintaqın gedişində insan hüquq və azadlıqlarının (o cümlədən, azadlıq hüququnun) məhdudlaşdırılmasına dair qərar çıxarmasını;

     - Konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılması təhlükəsinə məruz qalan hər kəsin məhkəmə müdafiəsi hüququndan teztam istifadə etmək hüququnun təmin edilməsini.

     Başlıcası məhkəmə nəzarəti insanın azadlıq hüququnu qismən məhdudlaşdıran qanunsuz həbsdə saxlamanın bir növ qarşısının alınması üçün böyük əhəmiyyət kəsb edir.

     Azadlığın hər cür məhdudlaşdırılmasının hakim nəzarətinə verilməsi şəxsin azadlığını əsassız qəsdlərdən qorumağa yönəlmişdir və bunun qarşısının alınmasının əhəmiyyətli elementlərindən biridir. Məhkəmə nəzarəti ibtidai istintaqın gedişində istənilən şəxsin özbaşınalıqdan müdafiəsinin, ədalət mühakiməsinin səmərəliliyinin və ona olan inamın artırılmasının mühüm təminatıdır.

     Məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyiya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir.

     Həmçinin, CPM-nin 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır:

     1. Hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq hüququnu, şəxsi sirrinin (o cümlədən, ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqrafbaşqa məlumatların ) saxlanılması hüququnu məhdudlaşdıran, habelə, dövlət, peşə və kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara;

     2. Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə.

     Şərh olunan maddədə göstərilən vəsatət, təqdimat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin hakimi tərəfindən təkbaşına baxılır. Belə ki, CPM-nin 447.1-ci maddəsinə əsasən istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinə dair müraciətlərə hakim tərəfindən təkbaşına, qapalı məhkəmə iclasında baxılır. Bu zaman CPM-nin 443-454-cü maddələrinin tələbləri ilə yanaşı, məhkəmə baxışının cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş digər şərtlərinə də şərh edilən fəslin normalarında müəyyən edilmiş müddəalara zidd olmayan hissədə ciddi riayət edilməlidir.

     Buradan aydındır ki, məhkəmə nəzarəti qaydasında materiallara hakim tərəfindən təkbaşına baxılır. Hüquq ədəbiyyatında, eləcə də, CPM-də anlaşılmazlıq doğuran mühüm məsələlərdən biri budur. Bu, bəzən mübahisə doğuracaq dərəcədə mübahisələndirilir. Lakin "təkbaşına" termini, məhkəmə iclasında hakimin tək olması (məhkəmə tərkibinin), məhkəmə iclas katibinin məhkəmə iclasında iştirakının məhdudlaşdırılmaması kimi başa düşülməlidir. Belə ki, CPM-nin 78.2-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə dair cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən təkbaşına baxılır.

     Bundan başqa, CPM-nin 447. 3-cü maddəsinə əsasən, istintaq hərəkətlərinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında, vəsatət vermiş şəxs, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, vəsatətlə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxs onun müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak etmək hüququna malikdirlər. Lakin Məcəllənin 447. 4-cü maddəsinə əsasən, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında yalnız hakim, məhkəmə iclasının katibi, vəsatət vermiş şəxs və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən prokuror iştirak edir.

     CPM-nin 447-ci maddəsində göstərilən məsələlərə baxılması üzrə məhkəmə iclasında iştirak edən şəxslərin dairəsi konkret baxılan müraciətin xarakterindən asılı olaraq müəyyən edilmişdir. Lakin tək əməliyyat-axtarış tədbirinin həyata keçirilməsində (maddə 447.4) məhkəmə iclas katibinin adı göstərilir. Fikrimcə, qanunvericilikdə boşluğun olmasına əyani sübutdur. Əslində, istintaq hərəkətinin məcburi aparılması və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsindən, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasından fərqli olaraq əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri üzrə məhkəmə iclasında məhkəmə iclasının katibinin iştirakının məhz zəruriliyi qanunvericilikdə heç bir mənada göstərilməmişdir.

     Hesab edirəm ki, prosessual məcburiyyət tədbirlərinin tətbiqinə dair, habelə, CPM-nin 177.3.4-177.3.6-cı maddələrində göstərilənlər istisna olmaqla digər istintaq hərəkətlərinin məcburi aparılmasına dair müraciətlərə baxılmasında hakim, məhkəmə iclasının katibi, baxılan vəsatəti vermiş müstəntiq və ya başqa səlahiyyətli şəxs, vəsatəti müdafiə edərək, məhkəməyə təqdimat vermiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə, müvafiq istintaq hərəkətinin məcburi aparılması və ya prosessual məcburiyyət tədbirinin tətbiqi ilə hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulmuş şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi iştirak edə bilər. Lakin AR ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan təqsirləndirilən şəxslər barəsində istintaq hərəkətlərinin məcburi aparılması və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə dair müraciətlərə onların özlərinin, müdafiəçilərinin və ya qanuni nümayəndələrinin iştirakı olmadan baxılır.

     Şərh olunan maddədə göstərilmiş məsələlərə baxılarkən qapalı məhkəmə iclasında iştirak edən şəxslər (o cümlədən, tərcüməçi, şahids.) orada araşdırılmış məsələlərin konfidensiallığının qorunması haqqında CPM-nin 23-cü fəslində nəzərdə tutulmuş qaydada xəbərdarlıq edilməli və onlardan belə məlumatları yaymayacaqları barədə iltizam alınmalıdır, çünki "Dövlət sirri haqqında" 7 sentyabr 2004-cü il tarixli AR Qanununun 5.4-cü maddəsinə əsasən əməliyyat-axtarış, əks-kəşfiyyat fəaliyyətinə dair bir sıra məlumatlar dövlət sirrini təşkil edir.

     Məhkəmə nəzarəti qaydasında icraat zamanı hakiminiclasda iştirak edən digər şəxslərin bütün prosessual hərəkətləri, habelə, onların söylədikləri fikirləri və çıxışları məhkəmə iclasının protokolunda qeyd edilməlidir. Protokol məhkəmə iclasının bütün gedişini özündə əks etdirməlidir və bunun üçün məhkəmə iclası katibinin məhkəmə iclasında iştirakı birmənalıdır. Buradan da məhkəmə iclasının ədalətli araşdırma hüququnun üzərində qurulması daha aydın səpkidə özünü büruzə verir.

     CPM-nin 447-ci maddəsində nəzərdə tutulmuş məsələlərə dair müraciətlərə baxıldığı qapalı məhkəmə iclasında zərurət olduqda digər şəxslər də iştirak edə bilərlər. Belə ki, hakim vəsatətdə göstərilmiş məsələləri dəqiqləşdirmək, qəbul edəcəyi qərarı əsaslandırmaq üçün şahidləri, zərərçəkmiş şəxsi, ekspertis. şəxsləri çağırıb dindirmək hüququna malikdir. Bundan başqa, zərurət olduqda qapalı məhkəmə iclasında tərcüməçinin iştirakı da təmin olunmalıdır. Eyni hal üzrə məhkəmə iclas katibinin məhkəmə iclasında iştirakı əhəmiyyətli dərəcədə vacibdir (bax, CPM-nin 297-ci və 298-ci maddələri).

     Məhkəmə nəzarətinin həyata keçirilməsi üzrə materiallara baxılması nəticəsində hakim müvafiq qərar qəbul edir. Lakin CPM-in 448.3-cü maddəsinə əsasən, məhkəmə nəzarəti funksiyasını həyata keçirən hakimin qərarında məhkəmə iclasının katibinin adı göstərilmir (hətta CPM-in 447.4-cü maddəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələləri üzrə qapalı məhkəmə iclasında məhkəmə iclas katibinin iştirakı göstərilsə də).

     Məhz məhkəmə nəzarətinin həyata keçirilməsində məhkəmə iclas katibinin rolu, məhkəmə nəzarətinin həyata keçirilməsində obyektivliyinə ədalətli məhkəmə araşdırması hüququnun istifadə olunmasına, insanın hüquq və azadlıqlarının yetərincə qorunmasına, məhkəmə nəzarətinin həyata keçirilməsində məhkəmə iclas katibinin əhəmiyyəti işə məhkəmə hakimiyyətinin ədalətliliyini, qanuniliyini və keyfiyyətliliyini artırmağa xidmət edir.

    

     Vahid Ömərov,

     fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 25 avqust.- S.15.