Yeni Azərbaycan Partiyası qarşıdan
gələn parlament seçkilərinə böyük inamla
gedir
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov
Parlament seçkilərinə hazırlıqla bağlı AZƏRTAC-a müsahibəsini təqdim edirik.
- Siyavuş müəllim, ölkəmizdə seçkiqabağı ictimai-siyasi vəziyyəti necə xarakterizə edərsiniz?
- Ümumiyyətlə, seçkilər hər bir ölkənin siyasi həyatında çox mühüm amildir. Seçkilər, həmçinin demokratiyanın bir ifadəsi, göstəricisidir. Ona görə də bütün dövlətlərdə bu məsələ daim diqqət mərkəzində olur. Təbii ki, demokratik, sabit ölkələrdə seçkilər yüksək səviyyədə keçirilir. Bu baxımdan ictimai-siyasi vəziyyətin rolu da mühüm əhəmiyyət kəsb edir.
Hazırda dünyada hansı proseslərin baş verməsinin şahidiyik. Bu gün bir sıra regionlarda vəziyyət çox mürəkkəbdir. Həmin bölgələrdə qanlı toqquşmalar baş alıb gedir, hər gün yüzlərlə insan həyatını itirir. Belə vəziyyətin yaranmasında müəyyən beynəlxalq güclərin öz maraqlarını təmin etmək siyasəti dayanır. Təəssüf doğuran hal odur ki, bu, çox zaman dövlətlərə və xalqlara qarşı demokratiya və insan haqları pərdəsi altında həyata keçirilir. Bu səbəbdən də ayrı-ayrı xalqlar fəlakətlərlə üzləşirlər. Artıq bir reallıqdır ki, dünyada beynəlxalq qayda-qanunlar işləmir. Müəyyən güclər beynəlxalq qanunları öz bildikləri kimi yönəltməyə və öz maraqları çərçivəsində tətbiq etməyə çalışırlar.
Təbii ki, belə təhdidlər bizim regiondan da yan
keçmir. Bilirsiniz ki, Azərbaycanın müstəqilliyini,
inkişafını və güclü dövlət
olmasını istəməyən qüvvələr var. Yəqin
ki, müstəqilliyimizin ilk illərini
xatırlayırsınız. Ölkəmizdə
dərin ictimai-siyasi böhran hökm sürürdü,
sosial-iqtisadi durum da ağır idi. Təbii
ki, belə vəziyyət müəyyən daxili və xarici
qüvvələrin maraqlarına cavab verirdi. 1993-cü ildə Azərbaycan artıq məhv olmaq təhlükəsi
ilə üz-üzə qalmışdı. Amma ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə
qayıtması ilə bu təhlükəyə son qoyuldu və
Azərbaycanı parçalamaq istəyən qüvvələrin
arzuları gözündə qaldı. Ulu
öndər Heydər Əliyev qısa müddətdə Azərbaycanda
ictimai-siyasi sabitliyi bərqərar etdi. Amma həmin
qüvvələr hər zaman cəhdlər göstərib ki,
ölkəmizdə ictimai-siyasi sabitlik pozulsun, vətəndaş
qarşıdurması baş versin. Çünki
sabitlik olmasa heç bir cəmiyyət inkişaf edə bilməz.
Lakin belə qüvvələr və onların
buradakı əlaltılarının niyyətləri
sonrakı dövrlərdə də cəhdlər göstərsələr
də, bu cəhdlər iflasa uğrayıb. Çünki ölkəmizdə möhkəm
ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi
mövcuddur. Xalqla hakimiyyətin birliyi bu
qüvvələrin niyyətlərini puç edir. Azərbaycanda sivil, intellektual cəmiyyət
formalaşıb və bu cəmiyyət dünyada baş verən
prosesləri yaxşı dərk edir. Ona
görə də, bizim ən böyük
uğurlarımızdan biri olan sabitliyin qorunmasına
bütün cəmiyyət dəstək verir.
Bütün bunların əsasında da əminliklə
deyə bilərik ki, cəmiyyətimiz növbəti parlament
seçkilərinə yüksək əhval-ruhiyyə ilə
gedir. Ölkəmizdə seçkiqabağı mühit
normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki
sistemi mövcuddur. Azərbaycanın beynəlxalq
standartlara cavab verən seçki qanunvericiliyi var və bu
Seçki Məcəlləsi ilə azad, şəffaf və
demokratik seçkilər keçirmək tam
mümkündür. Ötən illərin
təcrübəsi də bunu deməyə əsas verir. Eyni zamanda, artıq bir sıra siyasi partiyalar da
seçkilərdə iştirak edəcəklərini bəyan
ediblər və hazırlıq işlərini aparırlar.
Azərbaycanda xeyli sayda siyasi partiya fəaliyyət
göstərir və onlar qanunvericiliyin tələbləri əsasında
bu seçkilərdə iştirak edə bilərlər.
Eləcə də hər bir vətəndaş
qanunvericiliyə uyğun olaraq bu seçkilərdə
iştirak etmək hüququna malikdir. Azərbaycanda
keçirilən bütün seçkilərdə mübarizə
aparan tərəflərə bərabər imkanlar
yaradılır. Bu baxımdan
qarşıdan gələn parlament seçkilərində də
belə olacaq. Artıq yaxın zamanlarda parlament
seçkilərinə rəsmi start veriləcək.
- Yeni Azərbaycan Partiyası noyabrda keçiriləcək
parlament seçkilərinə necə hazırlaşır?
-
Bütövlükdə biz partiya olaraq seçki
kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl
hazırlıq işlərinə başlayırıq. Bu mənada YAP-ın İdarə Heyəti
seçkilərə hazırlıqla bağlı fevral
ayında qərar qəbul edib. Ondan
sonrakı dövrdə isə partiyanın rayon və şəhər
təşkilatlarının bu seçkilərə tam səfərbər
olunması işlərinə başlanılıb. Parlament seçkiləri ilə əlaqədar
partiyamızın müvafiq proqramı var. YAP-ın İdarə
Heyətinin qərarına uyğun olaraq seçkilərlə
bağlı hazırlıq işləri davam edir.
Bir müddət öncə Milli Məclisə
seçkilərlə əlaqədar Yeni Azərbaycan
Partiyasının Mərkəzi Seçki Qərargahı
yaradılıb. Hazırda YAP Mərkəzi Seçki Qərargahının
rayon şöbələrinin zona müşavirələri
keçirilir, həmin müşavirələrdə
müvafiq tövsiyə və tapşırıqlar verilir.
Ümumiyyətlə, partiyamızın seçki təcrübəsi
böyükdür. Demək olar ki, ölkəmizdə
üç seçki (prezident, bələdiyyə və parlament)
ardıcıl şəkildə keçirilir. Hər dəfə keçirilən bu seçkilərdə
də partiyamız öz təcrübəsindən və
dünya praktikasından bəhrələnərək
özünün seçki texnologiyalarını da tətbiq
edir. Əvvəlki seçkilərdə əldə
etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını
qarşıdan gələn parlament seçkilərində tətbiq
etməyi düşünürük. Bunun əsasında
biz həm dünya praktikasını öyrənirik, həm də
öz təcrübəmizi təkmilləşdiririk.
Artıq seçki kampaniyamızda iştirak edəcək
partiya fəalları demək olar ki, müəyyənləşdirilib. Buraya namizədlər
üçün imza toplayacaq şəxslər, məşvərətçi
səs hüquqlu üzvlər, müşahidəçilər,
təbliğat qrupları və s. daxildir. Məlumat
üçün bildirim ki, Yeni Azərbaycan Partiyasının
deputatlığa namizədlərinin qeydiyyata alınması
üçün imza toplayacaq 1250 şəxs müəyyənləşib.
Seçki Məcəlləsinə əsasən,
namizədin qeydiyyata alınması üçün 450
seçici imzası toplanmalıdır və 10 faiz də
artıq imza vərəqi verilir. Bu da təxminən
500 imza edir. Bir vərəqdə isə 50
imza olur. Ona görə də 125 seçki
dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs
təhkim etmişik. Nəzərdə
tutmuşuq ki, bir imza vərəqini partiyanın fəallarından
biri götürsün və imza toplasın.
Seçki
Məcəlləsində və Mərkəzi Seçki
Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan
şəxslərin hüquq və vəzifələri, kimlərin
imza toplaya biləcəyi, imza verən şəxslər kimlər
ola bilər, yaxud harada imza toplanıla bilər
kimi məsələlər aydın formada göstərilib. İmza toplayacaq şəxslərin istifadə etməsi
üçün həmin təlimatlardan
çıxarışlar hazırlamışıq. Artıq həmin insanlara treninqlər keçirilir.
Qanunvericilikdə və MSK-nın təlimatlarında
nəzərdə tutulan məsələlər onlara əyani
formada izah olunur. YAP-ın Mərkəzi Seçki Qərargahında
və onun rayon-şəhər şöbələrində
iş bölgüsü aparılıb, imza toplayan şəxslərin
hər birinə nəzarət mexanizmi yaradılıb. Bəzi
rayon və şəhərlərin ərazisində 4
seçki dairəsi var. Ona görə də YAP Mərkəzi
Seçki Qərargahının bəzi rayon və şəhərlər
üzrə yerli şöbələrində təxminən 40
nəfər imza toplayan şəxs təyin edilib. Seçki qərargahının
üzvləri arasında hər dairə üzrə iş
bölünüb. İmzatoplama kampaniyasında
hər 10 nəfərə seçki qərargahının bir
üzvü rəhbərlik edəcək.
Eyni zamanda, qeyd etdiyim kimi, partiyamızın bütün
dairə və məntəqələrdə müşahidəçiləri
olacaq. Parlament seçkilərində hər dairə və
məntəqəyə bir müşahidəçi və bir
məşvərətçi səs hüquqlu üzv təyin
olunacaq. Yəni, seçkiləri YAP-ın
təxminən 5500-ə yaxın müşahidəçisi
izləyəcək. Hazırda onlara treninqlər
keçirilir, seçkidə müşahidəni necə
aparmaları izah olunur. Bir məqamı da
bildirim ki, qanunvericilik seçki ilə məşğul olan
QHT təmsilçilərinin və heç bir qurumu təmsil
etməyən vətəndaşların da seçkidə
müşahidə aparmasına imkan verir. Bu
baxımdan YAP üzvlərinin öz şəxsi təşəbbüsləri
ilə seçkilərdə müşahidəçi kimi
iştirak etməsi istisna deyil.
Biz həm də mütəmadi olaraq seçici
siyahıları üzərində işləyirik,
elektoratı öyrənirik. Artıq bu yöndə
qruplar bir müddətdir ki, fəaliyyət göstərir.
Eyni zamanda, öz tərəfimizdən müəyyən
araşdırmalar aparırıq, seçicinin xüsusiyyətlərini
öyrənirik. Yəni, onun mövqeyini və
tam detallarını dəqiqləşdiririk. Təbii ki, bu da gələcəkdə təbliğat-təşviqat
işinin aparılmasında, seçicilərin səsverməyə
gəlməsində, onlara aid müxtəlif proqramların
hazırlanmasında çox yaxından kömək göstərir.
Bu yöndə də bizdə tədqiqat işləri
davam etməkdədir. Seçki kampaniyasına rəsmi
start verildikdən sonra qanunvericiliyə uyğun olaraq işlərimizi
davam etdirəcəyik.
Ümumiyyətlə, YAP Milli Məclisə keçirilən
bütün seçkilərdə partiya olaraq iştirak edib. Qarşıdan
gələn seçkilərdə də bütün dairələrdən
namizəd irəli sürəcəyik. Biz
maksimum dərəcədə çalışacağıq
ki, bütün seçkilərdə qələbə
qazandığımız kimi, qarşıdan gələn
parlament seçkilərində də böyük uğur əldə
edək.
- Budəfəki
seçkilərdə YAP-ın platformasında yeniliklər
varmı?
- Yeni Azərbaycan Partiyası hər zaman seçkilərə
yeniliklərlə gedir. Təbii ki, bu yeniliklər seçki
platformasında da öz əksini tapır. Biz seçkilərə vahid platforma ilə gedirik.
Yəni hər bir namizədimiz öz təbliğatını
bu platforma çərçivəsində quracaq.
Qarşıdan gələn parlament seçkilərində
də seçki platformasında yeniliklər əksini tapacaq. Burada Azərbaycanın
qazandığı uğurlar qeyd olunmaqla yanaşı, ölkəmizin
inkişafı ilə bağlı gələcək hədəflər,
qarşıda duran məqsəd və vəzifələr,
qanunvericilik məsələləri və s. mühüm məqamlar
vurğulanacaq. Ümumiyyətlə,
bütün seçkilər zamanı YAP-ın platformaları
real, aktual məsələləri əhatə edir. Partiyamız yarandığı vaxtdan qarşıya
hədəf olaraq Azərbaycanı inkişaf etmiş,
güclü dövlətə çevirmək məqsədi
qoyub. Artıq hakimiyyətdə olan partiya
kimi bu istiqamətdə çox böyük nəticələr
əldə etmişik. Amma qarşıda hələ
də böyük vəzifələr, hədəflərimiz
var. Ona görə də bu məqsədə doğru inamla irəli
getməkdə qərarlıyıq.
Konkret
olaraq YAP-ın parlament seçkiləri ilə əlaqədar
platformasına gəlincə, bu, qanunvericiliyə uyğun
olaraq seçki kampaniyasının təbliğat-təşviqat
mərhələsində açıqlanacaq.
-
Seçkilərdə xarici müşahidəçilərin
iştirakı ilə bağlı hər hansı bir dəyişiklik
gözlənilirmi?
-
Bütövlükdə, seçki prosesinin vacib elementlərindən
biri də müşahidəçilik institutudur. Məlum olduğu kimi, Azərbaycan dövləti daim
keçirilən seçkilərin geniş beynəlxalq
müşahidəçilər missiyaları tərəfindən
izlənilməsinə maraqlıdır. Məhz
buna görə də müvafiq strukturlar tərəfindən
bir sıra beynəlxalq təşkilatlara, ölkələrin
parlamentlərinə və digər qurumlara seçkiləri
izləmək üçün dəvətlər göndərilir.
Ümumiyyətlə, Azərbaycanda seçkiləri
müşahidə etmək üçün prosedurlar çox
sadədir. Bunun nəticəsində də
hər seçkini minlərlə müşahidəçi izləmək
imkanı qazanır. Məsələn, fakt
üçün deyim ki, 2013-cü il
oktyabrın 9-da keçirilən prezident seçkilərini on
minlərlə yerli, 1400 nəfərə qədər isə
beynəlxalq müşahidəçi izləmişdi.
Belə
ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti,
Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyası, ATƏT Parlament Assambleyası və digər bir
sıra beynəlxalq qurumların müşahidə
missiyaları ölkəmizdə keçirilən seçkiləri
izləyirlər.
Yeni Azərbaycan Partiyası da ölkəmizdə
keçirilən bütün seçkiləri daha çox beynəlxalq
müşahidəçilərin izləməsinin tərəfdarıdır. Çünki
bununla, dünya ictimaiyyəti Azərbaycanın demokratik
dövlət olduğunun, seçkilərin isə azad, şəffaf
və ədalətli keçirildiyinin şahidi olurlar. Doğrudur, bəzi təşkilatların
müşahidə missiyaları seçkinin necə
keçirilməsindən asılı olmayaraq, onun
demokratikliyinə kölgə salmaq istəyirlər. Biz əvvəlki təcrübələrdən bunu
görmüşük. Amma belə təşkilatlar
çox deyil və onların qərəzli hesabatları ciddi
qəbul olunmur. Eyni zamanda, hansısa təşkilatın
seçkilərin nəticələri haqqında rəyi Azərbaycan
xalqının iradəsinə təsir edə bilməz.
Artıq bunu həmin qüvvələr də anlayırlar ki,
qeyri-obyektiv hesabatlar hazırlamaqla heç bir şeyə nail ola bilməyəcəklər. Çünki
seçki məsələsində Azərbaycan xalqının
iradəsi və mövqeyi bizim üçün əsasdır.
Nəzərinizə çatdırım ki, Azərbaycanda
keçirilən seçkiləri YAP-ın üzv olduğu və
əməkdaşlıq etdiyi siyasi partiyaların birləşdiyi
beynəlxalq qurumlar da müşahidə edirlər. Bunlardan Asiya Siyasi
Partiyaları Beynəlxalq Konfransının (İCAPP), Latın
Amerikası və Karib dənizi ölkələri siyasi
partiyaları təşkilatının (COPPPAL) adını
çəkə bilərəm. Biz
qarşıdan gələn seçkilərdə də bu təşkilatların
seçkiləri izləməsinin tərəfdarıyıq.
- Seçkilərdə YAP-ın qələbəsini
şərtləndirəcək amillər barədə nə
deyərdiniz?
- Qeyd edim
ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn
parlament seçkilərinə böyük inamla gedir. Bu inam üçün bizim kifayət qədər əsaslarımız
var. Partiyamızın Sədri, cənab Prezident İlham
Əliyevin həyata keçirdiyi siyasət nəticəsində
Azərbaycanın sürətli inkişafı, qazanılan
uğurlar seçkilərdə qələbəmizi şərtləndirən
əsas amildir. Ümummilli liderimiz Heydər
Əliyevin müəyyənləşdirdiyi siyasət bu
gün uğurla həyata keçirilir. Azərbaycan
Prezidenti İlham Əliyevin bu siyasəti layiqincə davam
etdirməsi nailiyyətlərimizi ildən-ilə
artırır.
Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf
baş verməsin. Azərbaycan inkişaf baxımından
region dövlətləri arasında ön sıralardadır.
Son parlament seçkilərindən keçən beş ilə nəzər salsaq, bu dövrdə
ölkəmizdə çox böyük dəyişikliklər
baş verib. İqtisadiyyat artıb, əhalinin
rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi
olan dövlətə çevrilib, regionlarımız sürətlə
inkişaf edir, bölgələrdə sosial məsələlər
həll olunur və s. Bu gün Azərbaycan nüfuzlu beynəlxalq
tədbirlərin keçirildiyi məkana çevrilib. İlk Avropa Oyunlarının yüksək səviyyədə
təşkil olunması və keçirilməsi bunun əyani
göstəricisidir.
Yəni,
biz beş il əvvəl seçkilərə
gedərkən insanlara verdiyimiz vədlər yerinə yetirilib.
Ən əsası odur ki, Azərbaycan dövləti
milli maraqlarımıza uyğun siyasət həyata
keçirir və bu da xalqımız tərəfindən birmənalı
olaraq dəstəklənir.
Bütün bunlarla yanaşı, 650 mindən çox
üzvü olan Yeni Azərbaycan Partiyası böyük
seçki təcrübəsinə malikdir. Biz
bütün dövrlərdə uğurlu seçki
kampaniyası həyata keçirərək inamlı qələbələr
qazanmışıq. Qarşıdan gələn
parlament seçkilərində də qələbəmizi
şərtləndirəcək amillərdən biri də məhz
budur. Partiyamızın böyük
seçki təcrübəsi olan minlərlə üzvü
var və onlar hər seçki kampaniyasında qarşıya
qoyulan vəzifələri ləyaqətlə yerinə yetirirlər.
Qələbələrimizin qazanılmasında
onların da zəhməti şübhəsiz ki,
böyükdür. Bu gün YAP ölkəmizin
ən güclü, ən mütəşəkkil, ən
monolit siyasi qüvvəsidir. Biz bu
gücü xalqımızdan alırıq. Azərbaycanda YAP ilə rəqabət apara biləcək
siyasi qüvvə yoxdur. Növbəti
parlament seçkilərində də xalqımızın
etimadına, üzvlərimizin sədaqətinə, fədakarlığına
güvənərək parlaq qələbə
qazanacağımıza inanırıq.
Səs.- 2015.- 25
avqust.- S.8-9.