İnsan hüquq və
azadlıqlarının beynəlxalq səviyyədə
müdafiəsi
Müasir dünyada insan hüquqları probleminin beynəlxalq aspektləri olduqca əhəmiyyətlidir. İnsan ləyaqətinin müdafiəsi ideyası bütün bəşər tarixindən keçərək əsrlər boyu bir çox hüquq və azadlıqlarla zənginləşmişdir. Lakin yalnız XX əsr insan hüquqlarını əsas dəyər kimi tanıyaraq bu ideyanı beynəlxalq səviyyəyə çıxarmış və onları müvafiq sənədlərdə təsbit etmişdir. İkinci Dünya müharibəsindən, bəşəriyyətə qarşı faşizm tərəfindən törədilən cinayətlərdən sonra dünya birliyində insan şəxsiyyətinin dəyərliliyi ideyası xüsusi aktuallıq kəsb etmişdir. Bununla əlaqədar beynəlxalq siyasətdə bu ideyanın bütün dünyanın sosial təcrübəsi sferasına keçirilməsi tendensiyaları açıq müəyyən olunmuşdur. Bu da öz ifadəsini insan şəxsiyyətinin dəyərliliyinin başa düşülməsində tapmışdır. İnsan ləyaqəti hər kəs üçün və hər bir cəmiyyətdə onun sosial-iqtisadi və siyasi təşkilinin xüsusiyyətlərindən asılı olmayaraq azad inkişafı və mövcudluğuna minimal təminatların təchiz edilməsi zərurəti ilə əlaqələndirilmiş, həmçinin dövlətlər və xalqlara istiqamətlənən müvafiq tələblərin formalaşmasında ifadə olunmuşdur.
Belə siyasətin vacib nəticəsi 26 iyun 1945-ci il tarixdə müasir dövlətlər tərəfindən əsas insan hüquqları və azadlıqlarına hörmət prinsipini ifadə edən sənəd Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi qəbul olunmuşdur. 24 oktyabr 1945-ci ildə qüvvəyə minmiş bu sənəd mahiyyətinə görə insan şəxsiyyətinin hüquqları və azadlıqları sahəsində suveren dövlətlər və xalqların bundan sonrakı əməkdaşlığı üçün əsas siyasi-hüquqi və ideoloji bünövrə olmuşdur. Beləliklə də «insan hüquqları» anlayışı 1954-ci ildən - BMT Nizamnaməsinin qəbul olunduğu vaxtdan ümumən tanınmışdır.
Nizamnamənin birinci maddəsində BMT-nin məqsədlərindən biri kimi iqtisadi-sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində, irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq hamı üçün insan hüquqları və əsas azadlıqlara rəğbətin həvəsləndirilməsi və inkişafında beynəlxalq əməkdaşlığı həyata keçirmək müəyyən olunmuşdur (1-ci maddənin 3-cü bəndi).
BMT-nin insan hüquqları üzrə tədqiqatlarında qeyd olunur ki, hamı üçün insan hüquqları və əsas azadlıqlarına hörmətin həvəsləndirilməsi və inkişafı barədə müddəanın xüsusi olaraq BMT-nin məqsədləri sırasına daxil edilməsi, ilk növbədə bilavasitə İkinci Dünya müharibəsi ərəfəsində və onun gedişində baş verən hadisələrlə izah olunur.
Tarixdən məlum olduğu kimi, 1945-ci ildə keçirilən Krım konfransında sülh və təhlükəsizliyi dəstəkləmək üçün ümumi beynəlxalq təşkilatın yaradılması barədə qərar qəbul olunmuşdur. Bu konfransda SSRİ-nin, ABŞ və Böyük Britaniyanın rəhbərləri özlərinin bütün ölkələrdə bütün insanların həyatı boyu qorxu və ehtiyac bilmədən yaşaması üçün vəziyyəti təmin etmək əzmi barədə bəyanat vermişlər.
BMT Nizamnaməsi təkcə insan hüquqları və əsas azadlıqlara hörmətin (rəğbətin) həvəsləndirilməsi və inkişafına istinadla məhdudlaşmır. Onun 55-ci maddəsinin «s» bəndində irqinə, cinsinə, dili və dininə fərq qoymayaraq hamı üçün insan hüquqları və əsas azadlıqlara ümumi hörmət göstərilməsinə təsir etmək məqsədilə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi dövlətlər qarşısında vəzifə kimi qoyulur.
Göründüyü kimi, BMT Nizamnaməsi fundamental beynəlxalq müqavilə olaraq müasir beynəlxalq hüquqda insan hüquqlarına hörmət və onlara riayət olunması prinsipini təsbit etmiş və dövlətlər üzərinə müvafiq hüquqi vəzifələr qoymuşdur.
Beləliklə, BMT Nizamnaməsinin qəbul olunması insan hüquqları sahəsində beynəlxalq münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcını qoymuş və beynəlxalq münasibətlər tarixində dövlətlərin insan hüquqları üzrə əməkdaşlığının geniş inkişafının əsasını qoyan çoxtərəfli müqavilə olmuşdur.
BMT Nizamnaməsi işlənilərkən onda ümumi rəğbət və riayət olunacaq əsas hüquqlar və azadlıqların siyahısının verilməsi təklifləri irəli sürülmüşdür. Lakin Nizamnamənin qəbul olunması üçün əsas olan 1945-ci il San-Fransisko Konfransı bu məsələni İnsan Hüquqları haqqında Beynəlxalq Billi işləmək məqsədilə BMT-nin səlahiyyətli orqanlarının müzakirəsinə vermişdir.
1946-cı ildə BMT-nin İqtisadi və Sosial Şurası özünün köməkçi orqanı kimi İnsan Hüquqları üzrə Komissiyanı təsis etmiş, ona 16 fevral 1946-cı il tarixli 5 (1) saylı qətnaməsi ilə İnsan Hüquqları üzrə Beynəlxalq Bill barədə öz mülahizələrini təqdim etməyi tapşırmışdır. Hazırda İnsan Hüquqları haqqında Bill aşağıdakı beynəlxalq müqavilələri özündə birləşdirir:
İnsan Hüquqları haqqında Ümumi Bəyannamə; İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt;
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt;
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta aid qeyri-məcburi protokol.
Mütəxəssislərin fikrincə, Ümumi Bəyannamə bir sənəd kimi BMT Baş Assambleyasının qətnaməsi kimi qəbul olunmuşdur və ona görə də yalnız tövsiyə xarakteri daşıyır. Eyni zamanda, Bəyannamənin müddəalarına hüquqi qiymət verilərkən tədqiqatçılar onu da nəzərə alırlar ki, müqavilələrlə yanaşı dövlətlərin beynəlxalq təcrübəsi nəticəsində formalaşmış adət və ənənələr xeyli rol oynayır və tədricən onlar tərəfindən hüquqi norma kimi qəbul edilir.
Beynəlxalq təcrübə göstərir ki, indiki vaxtda dünyanın əksər dövlətləri tərəfindən Ümumi Bəyannamədə bəyan edilmiş əsas hüquq və azadlıqlara hüquqi cəhətdən mütləq olan adi norma, yaxud müqavilə normaları kimi baxılır. Dünyanın bir çox ölkələrinin konstitusiyaları bilavasitə bu sənədə istinad edir və onlara bəyannamənin bir sıra müddəaları daxil edilir.
1948-ci ildə «standart» kimi qəbul olunmuş Ümumi Bəyannamə bu gün bir çox ölkələr tərəfindən konstitusiyaların, insan hüquqlarına aid olan müxtəlif qanunlar və sənədlərin ayrı-ayrı müddəalarının işlənilməsində geniş istifadə olunan bir modeldir. Aparılan tədqiqatlara görə, 1948-ci ildən sonra qəbul olunmuş 90-dan artıq milli konstitusiyaya Bəyannamənin müddəalarının təsiri altında fundamental hüquqlar siyahısı daxil edilmişdir. Bir sıra ölkələrdə, o cümlədən Belçikada, ABŞ-da, Hindistanda, İtaliyada Bəyannəmənin müddəaları insan hüquqlarına aid olan dövlətdaxili qanunların izahı üçün istifadə olunur, onlara bu ölkələrin məhkəmələri daim istinad edirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu sahədə qəbul olunan qərurlarının çıxarılmasının əsaslandırılması üçün İnsan Hüquqları Ümumi Bəyannaməsinə istinad olunur.
Bəyannamədəki prinsiplər və normalar yeni beynəlxalq müqavilələrin bağlanması prosesində inkişaf etdirilir və dəqiqləşdirilir. Bütün bunlar da bu sənədin realistliyindən və onun beynəlxalq münasibətlərin inkişafı üçün böyük əhəmiyyətindən xəbər verir.
BMT Nizamnaməsinin qəbul olunması ilə bu hüquqların beynəlxalq-hüquqi tənzimlənməsində keyfiyyətdə yeni mərhələ başlayır. Onların konkret və geniş siyahısı 1966-cı il 6 dekabr tarixində Baş Assambleyanın 2200A qətnaməsi ilə qəbul olunmuş iki müqavilədə – iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktda üç Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda verilmişdir.
İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt Preambuladan, 5 hissədən və 31 maddədən ibarətdir. Paktın Preambulasında ümumi razılıqla ifadə olunan belə bir müddəa qəbul olunmuşdur: qorxu və ehtiyacdan azad olan insan şəxsiyyəti idealı yalnız hər kəsin özünün iqtisadi, sosial və mədəni hüquqlarından, eləcə də özünün vətəndaş və siyasi hüquqlarından istifadə edə bilməsi üçün şərait yaradıldığı təqdirdə həyata keçirilə bilər.
Paktda insan hüquqları hər kəsin əmək hüququnun bəyan edilməsindən başlayır. Belə ki, 6-cı maddədə göstərilir ki, həmin Paktda iştirak edən dövlətlər hər bir şəxsin əmək hüququnu tanıyır və bu hüququn təmin olunmasına dair lazımi addımlar atacaqlar. Burada əmək hüququ anlayışına hər bir insanın özünün azad seçdiyi, yaxud könüllü razılaşdığı işlə həyatını təmin etmək imkanlarını əldə etmək hüququ daxil edilir. 7-ci maddədə iştirakçı dövlətlər hər bir şəxsin ədalətli və münasib iş şəraitinə hüququnu tanıyır. Paktın 9-cu maddəsində hər kəsin sosial sığorta daxil olunmaqla sosial təminat hüququ, 11-ci maddəsində hər kəsin özü və ailəsi üçün münasib həyat səviyyəsi hüququ, 13-cü maddəsində təhsil hüququ və b. hüquqların iştirakçı dövlətlər tərəfindən tanınması bəyan edilir. 15-ci maddəyə görə, iştirakçı dövlətlər hər kəsin mədəni həyatda iştirak etmək, elmi tərəqqinin və onun praktiki tətbiqi nəticələrindən istifadə etmək və b. hüququnu tanıyır, elmi tədqiqatlar və ya yaradıcılıq fəaliyyəti üçün sözsüz zəruri olan azadlığa hörmət etməyi öhdələrinə götürürlər.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 22 avqust.- S.15.