Azərbaycan “Şərq
təranələri” Beynəlxalq Musiqi Festivalında
Avqustun
25-dən 30-dək Özbəkistanın Səmərqənd
şəhərində keçiriləcək "Şərq
təranələri" Beynəlxalq Musiqi Festivalına Azərbaycan
da dəvət olunub.
Builki festivalın açılışında UNESCO-nun baş katibi İrina Bokova və Özbəkistan Prezidenti İslam Kərimovun iştirakı gözlənilir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu il "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalında ölkəmizi Azərbaycanın əməkdar artisti, tanınmış gənc xanəndə Təyyar Bayramovun rəhbərlik etdiyi "Buta" musiqi qrupu təmsil edəcək. Xanəndəni əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov müşayiət edəcəklər.
İki ildən bir keçirilən beynəlxalq musiqi festivalının bu il 10-cu yubiley tədbirləri açılış mərasimində geniş qeyd olunacaq. Yubiley tədbirlərinə fəxri qonaq kimi festivalın ilk illərində Qran-pri mükafatına layiq görülmüş müğənnilər dəvət alıblar. Azərbaycandan yubiley tədbirinə fəxri qonaq kimi "Şərq təranələri" Beynəlxalq Musiqi Festivalının ilk iştirakçılarından olan və festivalın Qran-pri mükafatına layiq görülmüş (1997) xalq artisti Simarə İmanova dəvət olunub.
Builki festivalın
açılış mərasimi
avqustun 25-də reallaşacaq. Tədbir çərçivəsində
"Ən yaxşı
milli musiqi və musiqi alətlərini ifa edənlər" arasında
müsabiqə, habelə
elmi-nəzəri konfrans
da keçiriləcək.
Festival çərçivəsində
keçiriləcək konfransda
Azərbaycandan musiqişünas
alimlər Lalə Hüseynova və Zümrüd Dadaşzadə
musiqi sahəsinin aktual məsələlərinə
dair məruzə ilə çıxış
edəcəklər.
Qeyd edək
ki, festival iki ildən bir keçirilir və bu nüfuzlu musiqi tədbirində dünyanın 80-dən çox
ölkəsinin musiqiçiləri
iştirak edir.
Azərbaycan musiqiçiləri "Şərq
təranələri" Beynəlxalq
Musiqi Festivalında daim uğurla iştirak ediblər. Tanınmış
müğənnilərimiz Alim Qasımov, Simarə İmanova, Zabit Nəbizadə, Aygün Bəylər, Qoçaq Əskərov və Arzu Əliyevanın
çıxışları yüksək qiymətləndirilib
və onlar ən yüksək mükafatlara layiq görülüblər.
Zümrüd
Səs.- 2015.- 27 avqust.- S.11.