AZƏRBAYCAN
QADINININ LƏYAQƏT VƏ ALİLİK SİMVOLU
Mehriban Əliyeva - varlığı və fəaliyyəti ilə ölkəsinə ucalıq şərəfi gətirən dəyərli Azərbaycan xanımı
"Həyatda hər
bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə
böyük, nə də kiçik rollar olmur. Öz həyat
kitabını yazmağa ancaq sənin şəxsi, dərk
edilmiş məsuliyyətin imkan verir".
Mehriban Əliyeva
Respublikanın ictimai-siyasi, mədəni və sosial həyatında
aparıcı qüvvəyə malik olan Azərbaycan
qadını həm də dünya miqyasında beynəlxalq cəmiyyətin
nüfuz sahibinə çevrilib. Onun qadın gözəlliyi,
qadın iradəsi, saflığı və sədaqəti, əlbəttə
ki, xalqımızın çoxəsrlik milli-mənəvi dəyərləri
sistemində formalaşıb. Bütün
sahələrdə əməyi olan Azərbaycan xanımı
dövlətin inkişafında, dövlətçilik ənənələrinin
möhkəmlənməsində əvəzsiz, müstəsna
rola malikdir.
Bu gün müasirimiz olan Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban
xanım Əliyeva da məhz Azərbaycanın ictimai-siyasi və
mədəni həyatında əhəmiyyətli rola malikdir. Azərbaycanda
baş verən nəhəng sıçrayışlarda,
ölkənin simasının gündən-günə dəyişməsində,
dünyanın nüfuzlu dövlətləri sırasında
layiqli yer qazanmasında Mehriban xanım Əliyevanın
danılmaz fəaliyyəti, genişmiqyaslı layihələri
öz uğurlu nəticəsini verib. Onun həyata
keçirdiyi layihələr yerli əhəmiyyətli sosial
problemlərin həllinə, xüsusi qayğıya
ehtiyacı olan insanlara kömək məqsədi
daşıyır. İnsanların
yaradıcı potensialının, bilik və
bacarıqlarının aşkara çıxarılmasına,
qabiliyyətlərini göstərməsinə, inkişaf
etdirməsinə yardım edir. Azərbaycan
mədəniyyətinin geniş təbliği, sağlam mənəvi
dəyərlərin qorunması ilə bağlı aparılan
işlər, uşaq və gənclərin hərtərəfli
biliklərə malik vətəndaş kimi yetişdirilməsi
istiqamətində önəmlidir. Azərbaycan
həqiqətlərini dünya ictimaiyyətinə
çatdırmaq, uşaq müəssisələrinin
infrastrukturlarını, səhiyyə və tibbi təsisatları
inkişaf etdirmək istiqamətində böyük mahiyyət
daşıyan addımlar Mehriban xanım Əliyevanın
humanizm prinsiplərinə söykənir.
Öz varlığı ilə məmləkətinə
şərəf gətirən Azərbaycanın Birinci
Xanımının fəaliyyəti Azərbaycan haqqında
olan təsəvvürlərin ciddi şəkildə dəyişilməsi
ilə nəticələnib. Azərbaycan
haqqında olan təsəvvür, insan haqqında olan təsəvvür
Onun layihələri əsasında tamam fərqli bir şəkildə
meydana çıxdı. Bütün dünyaya müstəqil
dövlətdə yaşayan qadın obrazının lazımi
şəkildə təqdiminə nail oldu. Öz
peşəkarlığı, dünya arenasında baş verən
hadisələrə yanaşması ilə humanist insan
obrazını canlandırdı. Azərbaycan
mədəniyyətinin dünya mədəniyyətinin tərkib
hissəsinə daxil olmasında atdığı addımlar
çox əhəmiyyətli hadisədir. YUNESKO-nun,
İSESKO-nun, eləcə də digər beynəlxalq
nüfuzlu mədəniyyət təşkilatlarının elə
bir tədbiri yoxdur ki, orada Azərbaycanın milli-mənəvi
dəyərlərindən, mədəniyyətindən, qədim
folklorundan söz açılmasın. O, tarixi həqiqətləri,
tarixi faktları, dünyanın nüfuzlu təşkilatlarının
iştirakı olan tədbirlərdə qonaqlara
çatdıraraq, maraqlı faktlar əsasındakı
çıxışları ilə ölkə həyatında
baş verən hadisələrin təbliğinə nail olub. Eyni zamanda Onun humanizminin nəticəsi olaraq Azərbaycan
əhalisinin sağlamlığı, xoşbəxtliyi
geniş bir sferanı əhatə edib. Belə
ki, ahıllara, qocalara, uşaqlara qayğı ilə
yanaşmaq məsuliyyəti çox dəyərli Mehriban
xanımın fəaliyyətində özünü təsdiqləyib.
Mehriban xanım Əliyeva tərəfindən
yaradılan Heydər Əliyev Fondunun genişmiqyaslı fəaliyyəti
nəinki Azərbaycanda, onun hüdudlarından kənarda belə
əks-səda doğurub. Fond görkəmli
siyasi xadim Heydər Əliyevin ölməz ideyalarını dəstəkləyərək,
ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil
dünya birliyinə inteqrasiyası, xalqın maddi
rifahının yaxşılaşması naminə fəaliyyətini
davam etdirir. Bu yol Heydər Əliyevin
müəyyən etdiyi, işləyib
hazırladığı siyasətin öyrənilməsinə,
təbliğinə və bu ideyaların həyata keçirilməsinə
doğru yönəlib. Məhz buna görə Heydər
Əliyev Fondu bir sıra dost dövlətlərdə nümayəndəliklər
yaratmağı, eləcə də, bu ölkələrdə
fəaliyyət göstərən analoji qeyri-hökumət
qurumları ilə əməkdaşlıq əlaqələri
qurmağı məqsədyönlü hesab edərək,
Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və
ABŞ-da nümayəndəliklərini yaratdı. Fondun bu nümayəndəlikləri Azərbaycanın
beynəlxalq nüfuzunun artırılması ilə
bağlı həqiqətləri dünya ictimaiyyətinə
çatdırır.
Hər
bir mükafat görülən işə verilən dəyərdir
Hər bir azərbaycanlı üçün fərəhlidir
ki, Azərbaycanın Birinci Xanımı Mehriban xanım
Əliyevanın fəaliyyəti beynəlxalq səviyyədə
diqqətdədir. Onun gördüyü işlər
cavabsız qalmamış, dünya dövlətləri,
nüfuzlu təşkilatlar tərəfindən müxtəlif
adlara, mükafatlara layiq görülmüşdür.
Mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə
görə, təhsil və mədəniyyət müəssisələrinin
dəstəklənməsinə, Rusiya və Azərbaycan
xalqları arasında dostluğun möhkəmləndirilməsində
sanballı töhfələrinə görə Rusiyanın
"Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə
Fondunun "Yaqut Xaç" ordeninə, sivilizasiyalararası
dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin,
islam aləmində görülən işlərə
böyük dəstəyinə görə İSESKO-nun
xoşməramlı səfiri adına layiq görülüb.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə,
bəşəriyyətin ali ideallarına xidmət sahəsində
yüksək nailiyyətlərinə görə "Qızıl ürək"
beynəlxalq mükafatı, mərhum Polşa prezidenti Lex
Kaçinski tərəfindən Azərbaycanla Polşa
arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə "Xidmətlərə
görə" Böyük Komandor Xaçı ordeni,
Fransanın eks-prezidenti Nikolya Sarkozinin sərəncamı ilə
"Şərəf Legionu" ordeninin zabit dərəcəsi
ilə təltif edilməsi və digər belə mükafatlar
Onun fəaliyyətinin real qiymətidir.
Ölkə
daxilində və dünya arenasında həyata keçirdiyi
layihələrin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev Mehriban xanım
Əliyevanı Vətənimizin ən ali mükafatı,
"Heydər Əliyev" ordeni ilə təltif edərkən
bildirmişdir ki, fondun bütün təşəbbüsləri
milli ruha əsaslanır: "Modernləşmə, müasirləşmə,
dünya birliyinə inteqrasiya, Azərbaycanın milli
maraqlarının müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu
şərəfli funksiyalar bu fondun üzərinə
düşür."
Milli-mənəvi
dəyərlərimizin hamisi
"Sivilizasiyalararası
dialoq" həftəsi çərçivəsində Parisdə
keçirilmiş "Azərbaycan mədəniyyətlərin
və sivilizasiyaların qovşağında" adlı tədbirdəki
çıxışında Mehriban xanım əsl vətənpərvərlik
nümayiş etdirmişdir: "Azərbaycan Şərq ilə
Qərbin qovuşduğu məkanda yerləşir. Şərq və Avropa dəyərlərini qəbul
edən, hansı yolla getməyi yaxşı bilən müasir
ölkədir. Azərbaycan dünyəvi
dövlətdir, yüksək mədəniyyəti və
tolerantlığı ilə fərqlənən ölkədir."
Qiymətli dəyərlərimizin YUNESKO-nun "Dünya
İrs Siyahısı"na
salınmasının təşəbbüskarı olan Mehriban
xanımın vurğuladığı kimi indi kütləvi,
mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə
milli ənənələrin qorunub saxlanılması, onlara
qayğı ilə düşünülmüş münasibət
göstərilməsi son dərəcə vacibdir.
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində
milli mədəniyyətimizin inkişafı naminə həyata
keçirilən layihələr xüsusilə fərqlənir. ONUN təşəbbüsü
ilə bəşəriyyətin şifahi və qeyri-maddi irsinə
dair şah əsərləri dünya siyahısına daxil
olunan muğam sənətinin qorunub saxlanılması və təbliği
istiqamətində görülən misilsiz işlər təqdirəlayiqdir.
Bir çox tarixi abidələrimizin, minillərlə
yaşı olan Novruz bayramının mədəni irs siyahısına daxil olunması Mehriban
xanımın xidmətlərinin nəticəsidir.
24
tanınmış korifey xanəndənin ifasında səslənən
muğamların toplandığı "Qarabağ xanəndələri"
musiqi albomunun nəşri kifayətdir ki, dünya xalqları
Azərbaycan musiqi mədəniyyətinin zəngin tarixi barədə
ətraflı məlumat alsın. "Muğam"
jurnalının, "Muğam ensiklopediyası"nın nəşri Azərbaycan xalqına məxsus
zəngin sənətin təbliğində böyük əhəmiyyətə
malikdir. Azərbaycana məxsus muğam sənətinin qorunub
saxlanılması, eyni zamanda təbliğini nəzərdə
tutan "Muğam irs", "Muğam dəstgah",
"Muğam-antologiya" layihələri Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüs
və xidmətlərinin nəticəsidir. Görülən
işlərin davamı kimi maraq doğuran televiziya-muğam
müsabiqələri demək olar ki, dünyanın hər
yerində izlənildi və tamaşaçı rəğbəti
qazandı. Analoqu olmayan və Şərq
xalqlarına məxsus muğamın yaşadılması
üçün nəzərdə tutulan, milli köklərə
bağlılığı ifadə etməklə müasirlik,
yenilik aşılayan Muğam Mərkəzinin istifadəyə
verilməsi də bu istiqamətdə həyata keçirilən
misilsiz xidmətlərin davamıdır.
İslam Mədəniyyətinin Paytaxtı elan olunan
dövrdə Bakıda "Muğam aləmi" Beynəlxalq
Musiqi Festivalının təşkili dünya
xalqlarının diqqətini Şərq ilə Qərbin
qovuşuğunda yerləşən və sivilizasiyaları
birləşdirən Azərbaycana yönəltdi. Festival çərçivəsində
keçirilən elmi simpoziumda maraqlı
çıxışı ilə diqqəti cəlb edən və
müxtəlif ölkələrdən muğamın sehrinə
yığışan qonaqlara bir daha Azərbaycan xalqına
xas, eyni zamanda bütün dünya musiqi ictimaiyyəti
üçün dəyərli olan muğam sənətinin əbədiyaşarlığı
barədə açıqlama verən Mehriban xanım
Əliyeva vurğuladı ki, belə bir festivalın
keçirilməsi muğamsevərlər üçün fəxrdir:
"Hər bir azərbaycanlı üçün muğam
xüsusi əhəmiyyət daşıyır. Qərblə
Şərqin arasında, Böyük İpək Yolu
üstündə yerləşən Azərbaycan
sivilizasiyaların qovuşduğu bir məkanda əsrlər
boyu öz mədəniyyətini
formalaşdırmışdır."
Muğamın
insanlara bəxş etdiyi mənəvi zövqün, zənginliyin,
duyğuların heç nə ilə əvəz oluna bilməməsini
diqqətə çatdıran Heydər Əliyev Fondunun
prezidenti bildirdi ki, muğam Azərbaycan xalqına xas olan ən
gözəl xüsusiyyətlərin
daşıyıcısıdır: "Torpağa, köklərə
bağlılıq, vətənpərvərlik, milli ləyaqət
hissi, qonaqpərvərlik, xeyirxahlıq, mərhəmət,
emosional zənginlik - bütün bu hisslər muğam fəlsəfəsinin
əsasındadır. Odur ki, desəm muğam
gözəlliyin və məhəbbətin rəmzidir, səhv
etmərəm."
26 avqustun - Beynəlxalq Azərbaycan Muğamı
Günü və İpək Yolu üstündə yerləşən
ölkələrin musiqisi günü kimi qeyd olunması rəmzi
məna daşıyır. Bu tarixdə Azərbaycanın
milli-mənəvi dəyərlərinin təbliğatçısı
Mehriban xanım dünyaya göz açmışdır.
Fondun təşəbbüsü ilə hər il
Qəbələdə Beynəlxaq Musiqi festivallarının
keçirilməsində məqsəd dünya və milli
musiqimizin pərəstişkarlarını bir araya toplamaqla
musiqinin dili, qüdrəti ilə xalqları bir-birinə
yaxınlaşdırmaq, sülhə, sabitliyə
çağırmaqdır.
Anaların,
uşaqların sevimlisi, qayğıkeşi Mehriban xanım
Əliyeva!
Millət
vəkili seçildiyi Xəzər rayonu ərazisində,
xüsusilə beş min il tarixə malik
Qala Açıq Muzey Kompleksində aparılan tikinti-bərpa
və yenidənqurma işləri ilə maraqlanan Mehriban
xanım ərazidəki memarlıq incilərinə tariximizdən
bu günümüzə uzanan illərin bələdçisi,
əsrlərin yadigarlarıının qorunub
saxlanılmasına vətənpərvərlik duyğusu ilə
diqqət yetirir. "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsinin təşəbbüskarı
olan fondun dəstəyi və YUNESKO-nun iştirakı ilə
Bakıda keçirilən dünyada savadlılığın
dəstəklənməsi üzrə regional konfranslar çərçivəsində
"Avropada subregional çərçivədə
savadlılıq problemlərinə baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması və innovativ
yanaşmaların tətbiqinə dəstək" beynəlxalq
konfrans Azərbaycanda elmin, təhsilin inkişafı istiqamətində
həyata keçirilən dövlət siyasətinin
uğuruna baxış idi.
Bəlkə
də ONUN qədər uşaqları sevən, körpələrin
sağlam böyüməsi üçün əlindən gələni
əsirgəməyən, neçə-neçə anaya
övlad sevinci bəxş edən, ölkədə təhsilin
inkişafı üçün beynəlxalq təşkilatların
imkanlarından maksimum istifadə edən ikinci bir vətənpərvər
ola bilməz. Heydər
Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin
inkişafı" proqram və layihələrinə uyğun
olaraq həyata keçirilən yenidənqurma və bərpa
işləri ilə maraqlanan, gənc nəslin fiziki və əqli
inkişafına diqqətlə yanaşan Mehriban xanım fiziki
cəhətdən zəif inkişaf etmiş uşaqlar
üçün nəzərdə tutulan layihələrə
xüsusi qayğı ilə yanaşır. Mehriban xanımın təşəbbüsü ilə
ən müasir obyekt kimi yenidən qurulan internat evləri ən
müasir informasiya texnologiyaları ilə təchiz
edilmişdir. Uşaq evləri və internatların yenidən
qurulması təşəbbüsünü irəli sürən
Heydər Əliyev Fondunun prezidentinin diqqət və
qayğısı nəticəsində 30-dan artıq təlim-tərbiyə
müəssisəsi ən müasir avadanlıqlarla təmin
olunmuş, valideyn himayəsindən məhrum körpələrin
fiziki cəhətdən sağlam, hazırlıqlı vətəndaş,
zəngin biliyə malik insanlar kimi yetişməsi istiqamətində
önəmli tədbirlər həyata keçirilmişdir.
"Hər bir uşağın ailəyə ehtiyacı var" layihəsinə uyğun olaraq uşaqların ailələrə verilməsi kimi önəmli kampaniyaların həlli istiqamətində maraqlı tədbirlərin keçirilməsinə nail olan Mehriban xanımın təşəbbüslərinin əsasında bir vəzifə dayanır: Vətən üçün sağlam düşüncəli, layiqli, bacarıqlı övladlar yetişdirilsin.
Mehriban xanım ana və uşaqların sağlamlığının qorunmasının daim əsas prioritet kimi diqqətdə saxlanılmasına çalışır, ən son texnologiya, avadanlıqların tətbiqinə ciddi diqqət yetirir. Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığı qayğısına qalan Mehriban xanımın bilavasitə diqqət və qayğısı ilə həyata keçirilən " Talassemiyasız həyat naminə", "Diabetli uşaqlara ən yüksək qayğı", "Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin olunması" kimi layihələr üzrə görülən işlər, Bakıda Talassemiya Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması xeyirxahlıq, vətənpərvərlik hisslərini birləşdirən humanist duyğulardır.
Çoxşaxəli fəaliyyətində yorulmaq bilmir Mehriban Əliyeva. Hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrası qarşıya qoyulur: "İnsan gördüyü işin haqlı, xeyirli və lazımlı olduğuna daxilən inandıqda həvəslə işləyir, fiziki yorğunluq isə mənəvi məmnunluqla ödənilir" - deyir Mehriban Əliyeva. Gecəli-gündüzlü əmək, fəaliyyət Azərbaycanla, doğulub, boya-başa çatdığı məmələkətlə bağlıdır.
Mehriban xanım Əliyeva həm də Milli Məclisin deputatıdır. Onun aministiya ilə bağlı müraciəti və azadlıqdan məhrum olunmuş çoxlu sayda insanların humanizm prinsiplərinə əsaslanaraq azadlığa buraxılmasına nail olub. Bu reallıq Mehriban xanım Əliyevanın bir qadın, ana, ictimai xadim kimi fəaliyyətini göz önündə canlandırır. Gördüyü işlər böyük məsləkinin gerçəkləşməsidir. Onun fəaliyyəti hər zaman diqqətdədir və Mehriban xanım Əliyevaya böyük etimad göstərilir. Yeni Azərbaycan Partiyasının V Qurultayında Mehriban xanım Əliyevanın YAP-ın Sədr müavini vəzifəsinə irəli sürülməsi Ona göstərilən daha bir etimad idi.
"Həyatda hər bir kəsin yerini və
taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də
kiçik rollar olmur. Öz həyat kitabını yazmağa
ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin
imkan verir."
Göründüyü kimi, bu sözləri ilə xalqa
xidmətin hər zaman dəyərli olduğunu bildirən
Mehriban xanım üçün məsuliyyətin və yerinə
yetirilmiş vəzifənin də böyük-kiçikliyi
yoxdur. Yalnız xalqa xidmət istəyi, insanları sevindirəcək,
imkansızlara yardım, humanistlik və xeyirxahlıq
duyğuları var.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2015.- 27
avqust.- S.3-4-5