"Naxçıvanski 120" adlı tədbir keçirilib

 

Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 02 aprel 2015-ci il tarixli Sərəncamına əsasən, avqustun 26-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında "Naxçıvanski 120" adlı tədbir keçirilib. Məşhur Naxçıvan xanları sülaləsinin axırıncı - altıncı generalı, briqada komandiri Naxçıvanski Cəmşid Cəfərqulu oğlu 10 avqust 1895-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur.

 

1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmiş, 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif olunmuşdu. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C.Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci, 3-cü, 4-cü dərəcəli Anna, 2-ci, 3-cü dərəcəli Stanislav ordenləri ilə təltif olunmuşdur.

Cənub-Qərb cəbhəsi dağıldıqdan sonra ştab-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmış, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını düşmənlərdən təmizləmişdi.

C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.

C. Naxçıvanski 26 avqust 1938-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə ölüm hökmünə məhkum olunmuşhökm dərhal icra edilmişdir. 1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət alıb.

Muzeydə təşkil olunmuş tədbirdə Müdafiə Nazirliyinin Mənəvi - Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisinin müavini, polkovnik Abdulla Qurbani, tarix üzrə fəlsəfə doktoru Mahir Qəribov generalın həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış ediblər, həmçinin Cəmşid Naxçıvanskiyə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbirdə Prezident Qvardiyasının əsgərləri, Sərhəd Qoşunları Sahil Mühafizəsinin, Daxili Qoşunların şəxsi heyəti və digər qonaqlar iştirak ediblər.

 

ZÜMRÜD

Səs.- 2015.-27 avqust.- S.10