Misir qəzetində ISESCO Baş Konfransının Bakıda keçirilən XII sessiyası haqqında məqalə dərc olunub

 

Misirdə çıxan nüfuzluAhbaralyoum” nəşrində “Azərbaycan Prezidenti: İslamı terrorizmlə bağlamaq yolverilməzdir” sərlövhəli məqalə dərc olunub. Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 26-da Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyasında səsləndirdiyi mühüm bəyanatlar şərh olunub.

Məqalənin əvvəlində Prezident İlham Əliyevin İslamı terrorizmlə bağlamağın yolverilməzliyi, İslamın sülh, mərhəmət və dostluq dini olması, ölkəmizin islamofobiyaya qarşı açıq mübarizə aparması barədə fikirləri yer alıb. Nəşr dövlətimizin başçısının Azərbaycanın İslam dəyərlərini dünyaya təqdim etmək üçün daim fəal aparması, İslam mədəniyyətinin xaricdə təbliğinə böyük əhəmiyyət verməsi, habelə İslam həmrəyliyinin gücləndirilməsinə xidmət etməsi barədə fikirlərini önə çəkib.

Nəşr qeyd edir ki, dövlətimizin başçısı diqqəti 2017-ci ildə Bakıda İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyinə, bu Oyunların böyük idman hadisəsinə çevriləcəyinə cəlb edib.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev son illər dünya miqyasında çox nüfuzlu beynəlxalq təşkilata çevrilən ISESCO-nun fəaliyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı ISESCO-nun Azərbaycanı daim dəstəkləməsini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləməsini yüksək qiymətləndirib, bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirdiyinə görə ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə minnətdarlığını bildirib.

Misir nəşri Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmaması, Azərbaycanın və beynəlxalq qurumların ölkəmizin Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisinin azad edilməsini, bir milyondan çox qaçqının və məcburi köçkünün öz dədə-baba torpaqlarına qayıtmasını nəzərdə tutan ədalətli tələbləri barədə fikirlərinə də geniş yer verib. Azərbaycan dövlətinin başçısı bildirib ki, Ermənistan qeyri-konstruktiv mövqe tutur və beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Prezident deyib: “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşamışdır. “Qarabağsözünün özü Azərbaycan mənşəlidir. Ona görə həm tarix, həm beynəlxalq hüquq ölkəmizin mövqeyini dəstəkləyir və bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllini tapa bilər”. Prezident İlham Əliyev onu da xatırladıb ki, ATƏT işğal edilmiş ərazilərə missiyalar göndərib. Bu missiyaların məruzələri sübut edir ki, orada hər şey, o cümlədən 10 məscid dağıdılıb. O deyib: ” Bu, vəhşilikdir. Bu, İslam mədəniyyətinə qarşı terrorizmdir”.

Sonra nəşr ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin çıxışının əsas tezisləri barədə ətraflı məlumat verib. Ə.O.Tuveycri qurumun son illərdə müsəlman ölkələrində təhsil, elm, mədəniyyət və kommunikasiyalar sahələrinin inkişafı və tərəqqisi istiqamətində nailiyyətlərindən və uğurlarından danışıb. Nəşr ISESCO-nun baş direktorunun Ermənistanın işğal etdiyi ərazilərdə bəşəriyyətə, Azərbaycan vətəndaşlarına və mədəni irsə qarşı cinayətlərini kəskin pisləməsini və dünya birliyini Azərbaycan Respublikasının ədalətli mövqeyi ilə həmrəylik nümayiş etdirməyə çağırmasını xüsusi vurğulayıb. ISESCO-nun başçısı dünya birliyini bütün beynəlxalq məkanlarda Azərbaycan hökumətini bu məsələdə dəstəkləməyə çağırıb.

Səs.- 2015.- 1 dekabr.- S. 6