"Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının təqdimatı
keçirildi
Dünən Azərbaycan Tibb Universitetində tibb elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitablarının (I, II cild) təqdimat mərasimi keçirildi. Tədbiri giriş sözü ilə universitetin elmi işlər üzrə prorektoru İbrahim İsayev açaraq, tədris müəssisində Ulu Öndər Heydər Əliyevin irsinin gənclərə çatdırılması və öyrədilməsi ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirdi. O, qeyd etdi ki, Ulu Öndərin anım günü ərəfəsində Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitablarının təqdimat mərasimi keçirilən tədbirlərin davamıdır. Kitabların müəllifinin uzun illərin gərgin axtarışı nəticəsində ərsəyə gəldiyini bildirərək Heydər Əliyev kimi Dahi Şəxsiyyətin nitqinin araşdırılaraq geniş şəkildə oxucuların ixtiyarına verilməsinin böyük məsuliyyət olduğunu vurğuladı: "Azərbaycan tarixinə yeni səhifə yazmış Dahi Şəxsiyyət Heydər Əliyevin Azərbaycan dili, onun inkişafı uğrunda yorulmaz mübarizəsi 1969-cu ildən başlamış və müstəqillik dövründə həyata keçirilən dövlət-dil siyasəti nəticəsində Azərbaycan dili inkişaf edərək, daha da təkmilləşmişdir". Azərbaycan dilinə belə diqqət və qayğı ilə yanaşan Heydər Əliyev nitqinə müracət edən N.Zamanov "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının birinci hissəsində Ulu Öndərin nitqlərinin ümumi lingivistik problemlərini, nitqlərinin izahedici xüsusiyyətlərini, məntiqi ardıcıllığını, fəlsəfi mahiyyətini, qətiyyət və səmimiyyətini, elmi-publisistik, məişət və dini üslublarını təhlil və izah edirdi. Kitabın ikinci hissəsində müəllif Heydər Əliyevin nitqində leksik-semantik imkanlarını tədqiqata cəlb edir.
Tədbirdə tarix elmləri doktoru Fəxrəddin Məmmədov çıxış edərək Azərbaycan dil siyasətinə nəzər salaraq, onun inkişaf mərhələrini diqqətə çəkdi:"1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. 15 respublikanı özündə birləşdirən ittifaqın nəzdində dövlət dili səviyyəsində mübarizə aparmaq böyük cəsarət tələb edirdi. Ümummilli Lider Heydər Əliyevin məqsədyönlyü fəaliyyəti nəticəsində dövlət dili Azərbaycan Konstitusiyasının bir bəndinə daxil edildi. Dili qorumaq, xalqı qorumaqdır. Dövlət dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, milli dövlətçiliyin, Azərbaycan ideologiyasının əsaslarından biridir. Ümummilli Lider Heydər Əliyevin "Dövlət dilini tətbiqi işinin təkmilləşdirilməsi" haqqında Fərmanı, eləcə də, Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında və digər sərəncamları ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasına, onun uzunmüddətli strategiyasına və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin yüksək intellekti, məntiqi, vətəndaşlıq qeyrəti, ana dilimizə olan məhəbbəti böyük rol oynamış, Azərbaycanın XXI əsr dil siyasətinə, ana dilinə öz imzasını əbədi həkk etmişdir".
O, Azərbaycan dilini belə məhəbbətlə sevən bir Şəxsiyyətin dilini, nitqini öyrənərək, araşdırma aparan müəllifin yüksək analiz qabiliyyətinin olduğunu, dilçi kimi Azərbaycan dilinin zənginliklərinə dərindən bələd olduğunu bildirdi. Azərbaycan tarixinə adını əbədi həkk etmiş Dahi Şəxsiyyətin dilinə belə məhəbbətlə yanaşan müəllifin oxucuların ixtiyarına verdiyi ikicildliyi Azərbaycan dilçilik elminə sanbalı töhfə olduğunu bildirdi.
Tədbirdə çıxış edən ATU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri Akif Miriyev, AMEA-ın Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı Məhəmməd Cəbrayılov, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev və başqaları N.Zamanovun ixtisasca həkim olsa da, dilçi kimi apardığı bu elmi-tədqiqat işinin dilçi-mütəxəssis alimlər tərəfindən rəğbətlə qarşılandığını bildirdilər. Qeyd olundu ki, "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı dilçilik elm tarixində, Azərbaycan dilinin nitq mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynayacaq.
Tədbirin sonunda kitabın müəllifi N.Zamanov çıxış edərək kitabın yaranma zəruriyyətində danışaraq, belə Dahi İNSANIN dil xüsusiyyətlərini, nitqini müxtəlif aspektlərdə öyrənməyin məsuliyyətli olduğun bildirərək, apardığı araşdırmaları ətrafında qısa məlumat verdi.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2015.- 2 dekbr.- S.10