Azərbaycan dini
tolerantlıq məkanı kimi tanınır
“Azərbaycan
islamı terrorla eyniləşdirənlərə qarşı ən
kəskin mövqedə dayanan dövlətdir”
Azərbaycan
bütün dünyada milli və dini tolerantlıq məkanı
kimi tanınır. Azərbaycanda dini etiqad və vicdan
azadlığı Konstitusiya normasıdır, ölkədə
çoxlu sayda dini təşkilatlar fəaliyyət göstərir,
hər kəsin dini ayinləri sərbəst şəkildə
yerinə yetirməsi üçün zəruri şərait təmin
olunmuşdur. Ölkəmizdə dinindən, irqindən, dilindən,
milli və siyasi mənsbubiyyətindən asılı olmayaraq
bütün vətəndaşlar dinc şəraitdə
yaşayır, insanların hüquq və azadlıqları ən
yüksək səviyyədə qorunur. Azərbaycan
Respublikasının Prezidenti Cənab İlham Əliyev dini dəyərlərin
qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində
məqsədyönlü siyasət həyata keçirir,
bütün dünyada islam həmrəyliyinin gücləndirilməsi,
islam dəyərlərinin müdafiəsi üçün
beynəlxalq səviyyədə fəal iş aparır.
Müstəqillik
illərində Azərbaycanda məscidlərin sayı
artmışdır. Əgər sovet dövründə Azərbaycanda
cəmi 17 məscid var idisə, bu gün məscidlərin
sayı 2 mini keçmişdir. Prezident İlham Əliyevin təşəbbüsü
ilə və birbaşa nəzarəti altında dini abidələr,
ibadət evləri yenidən qurularaq istifadəyə
verilmişdir. 2013-cü ildə dünyanın ən qədim
məscidlərindən biri hesab olunan, 743-cü ildə
tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə
bərpa edilmişdir. Ümummilli Lider Heydər Əliyevin
dövründə 500-dən artıq məscid tikilmişdir,
yüzlərlə məscid təmir edilmişdir. 2014-cü
ildə “Heydər məscidi” tikilib ictimai istifadəyə
verilmişdir. Prezident İlham Əliyevin
tapşırığı ilə inşa olunan bu yeni məscid
12 min kvadratmetr sahədə salınıb. Məscidin
fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi
daşlarla üzlənib, ornamentlərin zənginliyi fasadda
xüsusi arxitektura harmoniyası yaradıb. Burada 95 metr
hündürlüyündə 4 minarə inşa olunub.
Ümumi sahəsi 4200 kvadratmetr olan məscidin daxilində də
xüsusi bəzək elementlərindən istifadə olunub,
günbəzin kənarlarına Quran ayələri
yazılıb. 55 metr hündürlüyündə olan baş
günbəz, o cümlədən hündürlüyü 35
metr olan ikinci günbəz məscidin daxilinə xüsusi
gözəllik verir. “Heydər” Məscidinin
açılış mərasimində çıxış
edən Prezident İlham Əliyev bildirmişdir: “Azərbaycanda
bütün azadlıqlar - mətbuat azadlığı,
söz azadlığı, sərbəst toplaşmaq
azadlığı, vicdan azadlığı təmin edilir. Azərbaycanda
bütün dini azadlıqlar tam şəkildə təmin
edilir. Bu da hesab edirəm ki, bizim ümumi
inkişafımızda çox böyük əhəmiyyətə
malik olan bir sahədir. Din, etiqad azadlığı Azərbaycanda
tam şəkildə təmin edilir. Son 11 il ərzində Azərbaycanda
250-yə yaxın məscid tikilmiş və ya təmir
edilmişdir. Xalqımız üçün çox
böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir,
Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi
onların arasındadır”.
2009-cu ildə
Bakının Buzovna qəsəbəsində Heydər
Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan”
layihəsi çərçivəsində yenidən qurulan
Cümə məscidi istifadəyə verilmişdir. Sahəsi
500 kvadratmetr olan məsciddən əlavə, burada köməkçi
və inzibati binalar, kişilər və qadınlar
üçün dəstəmazxanalar, digər otaqlar
tikilmişdir. Məscid bütövlükdə sal daşlardan
inşa olunmuş, fasad ərəb əlifbası ilə
yazılan daş kitabələrlə üzlənmişdir.
İnşasına 1896-cı ildə başlanmış Buzovna
Cümə məscidinin tikintisi 1900-cü ildə
yarımçıq qalmışdır. 1918-ci ildə tikinti
işlərinə yenidən başlanılsa da, Azərbaycanda
sovet hakimiyyətinin qurulması bu məscidin binasından
başqa məqsədlər üçün istifadə
olunması ilə nəticələnmişdir. Sovet dövründə
məsciddən anbar və dükan kimi istifadə
olunmuşdur. 2007-ci ildə Buzovna sakinlərinin Cümə məscidinin
binasında bərpa işlərinin başa
çatdırılması ilə bağlı Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti
tez bir zamanda öz həllini tapmışdır. Məscidin
açılış mərasimində Prezident İlham
Əliyev demişdir: “Azərbaycanda quruculuq-abadlıq işləri
geniş vüsət alıb. Bununla bərabər, milli-mənəvi
dəyərlərimizin, tarixi, dini abidələrin
qorunması, bərpası bizim üçün əsas məsələdir.
Son illər ərzində Bakının və Azərbaycanın
müxtəlif yerlərində tarixi, dini abidələrimiz bərpa
olundu, yenidən quruldu və ən möhtəşəm vəziyyətə
gətirildi. Təzəpir məscidi, Bibiheybət məscidi.
Digər bölgələrdə, şəhər və
rayonlarımızda bu işlər gedir”. Bəli, bu gün Azərbaycanın
bütün bölgələrində məscidlər təmir
olunub, yeni məscidlər tikilib və insanların ibadəti
üçün bütün şərait
yaradılmışdır.
1993-2003-cü
illər ərzində ölkədə 517 məscid inşa
olunmuş, 200-ə yaxın məsciddə əsaslı təmir
işləri aparılmış, 16 məscid yenidən
qurulmuşdur. Dövlət vəsaiti hesabına 1998-ci ildə
Bibiheybət məscid-ziyarətgah kompleksinin yenidən
qurulmasına başlanılmış, 1999-cu ildə rəsmi
açılışı olmuşdur. 2003-2013-cü illər ərzində
ölkədə 216 məsciddə inşa və əsaslı təmir və yenidən
qurma işləri aparılmış, o cümlədən
dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və
ya əsaslı bərpa olunmuşdur. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamlarına və
tapşırığına uyğun olaraq Bibiheybət məscid-ziyarətgah
kompleksində, Təzəpir məscidində, İçərişəhər
Cümə və Həzrət Məhəmməd məscidlərində,
Əjdərbəy məscidində, Şamaxı Cümə məscidində
əsaslı təmir, bərpa və yenidənqurma işləri
aparılmışdır.
Cənab İlham Əliyevin öz ailəsi ilə birlikdə Həcc ziyarətinə getməsi dövlət başçısının islam dininə verdiyi böyük önəmin bariz nümunəsidir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı, İSESKO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, islam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir. 2009-cu ildə Bakı şəhəri ISESCO-nun dəstəyi ilə islam mədəniyyətinin paytaxtı elan edilmişdir. 2018-ci ildə isə bu şərəfli ada Naxçıvan şəhəri layiq görülmüşdür. Bu, ISESCO tərəfindən Azərbaycanın islam aləmində oynadığı rola verilən yüksək qiymətdir. Yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Bu mərkəz islam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsində, islam həmrəyliyinin gücləndirilməsində fəal yol oynayacaqdır. Azərbaycan müsəlman aləmində birinci ölkədir ki, Vatikanda öz sərgisini nümayiş etdirə bilmişdir. Azərbaycan dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilir. 2016-cı ildə Bakı şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcəkdir. Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır. Azərbaycan artıq dünyada multikulturalizmin mərkəzi kimi tanınır. Azərbaycan bütün dünyada islamofobiyaya, islamın mahiyyətinin təhrif edilməsinə, onu terrorla eyniləşdirməyə qarşı ən kəskin şəkildə öz səsini ucaldan dövlətdir. Azərbaycan Fələstinin dəstəklənməsinə sadiqliyini nümayiş etdirir, ona siyasi dəstək verir və birbaşa yardım göstərir. Bütün bunlar Azərbaycan Prezidentinin və dövlətin islam dininə, dini dəyərlərimizə verdiyi böyü əhəmiyyətin təzahürləridir.
Samir
Səs.- 2015.- 2
dekbr.- S.7.