Ulu Öndər Heydər Əliyev və Azərbaycanda etiqad azadlığı
Azərbaycan Respublikasında hər kəsin vicdan azadlığını, dinə münasibətini müstəqil müəyyənləşdirmək və bu zəmində başqaları ilə birləşmək hüquqlarının müdafiə və təmin edilməsi üçün müvafiq şərait yaradılmış və bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir. H.Orucov yazır: "İndi ölkədə 360-dək qeydiyyatdan keçmiş müxtəlif dini icma fəaliyyət göstərir ki, onlardan da 337-si islam, 54-ü qeyri-islam dini birliklərdir. Bundan başqa bir çox qeyri-ənənəvi dini icmaların qeydiyyatı müvafiq qanunvericiliyə uyğun olaraq davam etdirilir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Rusiya Federasiyasında 2001-ci ildə qeydiyyatdan keçmiş dini təşkilatların sayı 20215 təşkil etmişdir ki, onlardan 11 minə yaxını rus pravoslav kilsəsini təmsil edir.
Respublikamızda fəaliyyət göstərən müsəlman və xristian təşkilatları öz tarixi dini mərkəzlərində - Qafqaz Müsəlmanları İdarəsi, Bakı və Xəzəryanı bölgənin Yeparxiyası (Yepiskopluq), Yevangel-Xristian Babtistlər Şurası, Yevangel-Lüberan, "Şərq Ulduzu", 7 günün advenistləri və s. kimi mərkəz və birliklərdə təmsil olunurlar. Bunlarla yanaşı, ölkədə bir çox islam, xristian və yəhudi dini tədris müəssisələri fəaliyyət göstərir. Bunlardan Bakı Dövlət Universitetində ilahiyyat fakültəsini, Qafqaz Müsəlmanları İdarəsinin Bakı İslam Universitetinin orta dini ixtisas mədrəsələrini, provaslav kilsələri yanında Bazar Günü məktəblərini, ivriti yəhudi dininin mədəniyyətini və tarixini öyrədən kursları və s. göstərmək olar".
Son illərin əsas nailiyyətləri ondan ibarət olmuşdur ki, digər MDB ölkələrində olduğu kimi, Azərbaycanda da dini birlklərin fəaliyyəti üçün hüquqi şərait yaradılmış və onlar hüquqi şəxs statusu almışlar.
Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, son illər respublikamızda vicdan və dini etiqad azadlığı pərdəsi altında bəzi xristian və müsəlman missionerləri Azərbaycanın dövlət müstəqilliyiə zidd fəaliyyətin həyata keçirilməsi ilə cəmiyyətimizdə zərərli təriqətçilik və təfriqəçilik ideyaları yayır, dini qarşıdurma və məzhəb ayrı seçkiliyinə təkan verməyə çalışırlar. Bundan başqa mütəxəssislər hesab edir ki, bəzi müsəlman ölkələrinin Azərbaycanda geniş məzhəbçilik və təriqətçilik fəaliyyəti təkcə ayrı-ayrı fərdləri deyil, bütövlükdə bölgələri qarşı-qarşıya qoymaqla dini-etnik separatçılıq hisslərinin qızışdırılması məqsədi güdür. Belə yolverməz siyasi təxribatlar ölkəmizdə dini qurumu ciddi şəkildə kəskinləşdirir ki, bu da mövcud ictimai-siyasi sabitliyə və vətəndaş həmrəyliyinə mənfi təsir göstərir.
Belə halları ölkə vətəndaşlarının etiqat azadlığına müdaxilə kimi qiymətləndirmək dövlət suverenliyi və milli təhlükəsizlik üçün təhlükəli tendensiyalara yol açır və insan hüquqlarının təminatı sahəsində Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi işində ciddi çətinliklər yaradır. Bütün bunlar isə Azərbaycan dövlətinin qarşısında bir sıra mühüm vəzifələr qoyur ki, onlara da H.Orucov dini idarəetmədə köklü islahatların aparılması, bu sahədə dövlətin milli mənafeləri nəzərə alınmaqla ardıcıl, məqsədyönlü xəttin həyata keçirilməsi, dövlət-din münasibətlərinin mövcud qanunvericiliyə və sivilizasiyalı dünya təcrübəsinə uyğun tənzimlənməsini və s. aid edir.
Ölkə ərazisində dini konfessiyalarla işlərin təşkilinin təkmilləşdirilməsi, vicdan azadlığı haqqında qanunvericiliyin yerinə yetirilməsinə və dini birliklərin fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli Fərmanı ilə dövlət və dini birliklər arasında qarşılıqlı münasibətləri tənzimləyən müvafiq dövlət orqanı Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin əsas vəzifələrindən aşağıdakıları göstərmək olar:
- dini etiqadın təmin edilməsi siyasətinin həyata keçirilməsi üçün əlverişli şərait yaratmaq;
- vicdan və dini etiqad azadlığı haqqında qanunlara və digər normativ aktlara müvafiq nəzarət həyata keçirmək;
- ədliyyə orqanları ilə birgə dini birliklərin, məscid və kilsələrin qeydiyyatını aparmaq;
- dini icmalar arasında münasibətlərin qarşılıqlı anlaşma əsasında qurulmasına təsir etmək və dini münaqişələri aradan qaldırmaq və s.
Komitə icra hakimiyyəti, bələdiyyə və hüquq-mühafizə orqanları ilə kontaktlar yaratmaqla pozitiv fünksiya yerinə yetirir və dövlətin dini təşkilatlarla qarşılıqlı münasibətlərini tənzimləyir, münaqişəli məsələləri həll edir və dinlərarası düşmənçiliyə yol vermir.
H.Babaoğlu yazır ki, göründüyü kimi, Azərbaycanda dilindən, dinindən, irqi-etnik məsuliyyətindən, siyasi baxışlarından, mənşəyindən asılı olmayaraq, hər bir vətəndaşın vicdan azadlığına təminat verməklə dövlət-dini icmalar münasibətləri sivill dünya nizamına uyğun təmzimlənir və bu ölkəmizdə bu sahədəki təcrübəsi maraq doğurur.
Artıq qeyd etdiyimiz kimi, Azərbaycan Konstitusiyasının 25-ci maddəsində vicdan azadlığına dövlət təminatlarından biri kimi dinə münasibətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyi göstərilir. Bu vacib konstitusion norma "Dini etiqad azadlığı haqqında" 20 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununda geniş təsbit edilir. Burada göstərilir ki, bütün dinlər və dini birliklər qanun qarşısında bərabərdirlər, hər hansı bir dinə yaxud dini birliyə üstünlük vermək və ya məhdudiyyətlər qoymaq qadağan edilir.
Ümumiyyətlə, bütün dinlərə bərabər münasibət ölkədə vicdan azadlığının təmin edilməsi sahəsində aparılan dövlət siyasətinin əsasını təşkil edir. Bu kontekstdə qeyd etmək lazımdır ki, Azərbaycan dövlətinin sabiq başçısı Heydər Əliyevin islam, xristian və ya daoist dinlərinə etiqad edən dindarlara dini bayramlar münasibətilə təbriklər göndərməsi artıq ənənəyə çevrilmişdir.
Onu da qeyd etmək lazımdır ki, "Dini etiqad azadlığı haqqında" Qanuna əsasən etiqad azadlığının həyata keçirilməsində yalnız dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik mülahizələrinə görə və Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə müvafiq olan qanun və azadlıqların mühafizəsi üçün zəruri hallarda məhdudiyyətlər müəyyən edilmişdir ki, bu da beynəlxalq standartlara uyğundur. Belə ki, məsələn, "Əsas insan hüquqları və azadlıqları haqqında" Avropa Konvensiyasının 9-cu maddəsinin 2-ci bəndində nəzərdə tutulmuşdur: "Öz dininə və ya əqidəsinə etiqad azadlığı yalnız ictimai asayişin, ictimai qaydanın, sağlamlığın və ya mənəviyyatın, yaxud digər şəxslərin hüquq və ya mənəviyyatının, yaxud digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla müəyyən edilmiş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər".
Beləliklə, təhlillər belə bir ümumi rəyə gəlməyə imkan verir ki, Azərbaycanda vətəndaşların dini tələbatlarının ödənilməsi və dini təşkilatların fəaliyyəti üçün zəruri şərait yaradılmış, dövlət və dini qurumların qarşılıqlı demokratik partnyorluq münasibətlərinin kifayət qədər hüquqi bazası formalaşdırılmışdır və bu, yalnız sənədlərdə deyil, gerçəklikdə də aydın əks olunur. Dövlət və dini birliklərin qarşılıqlı münasibətləri sahəsində dövlət siyasətinin aşağıdakı prioritet istiqamətlərini göstərmək olar:
- dinin dövlətdən və məktəbin dindən ayrılması barədə konstitusiya müddəasının, fəaliyyətdə olan bütün dini icmaların bərabərliyi və vətəndaşların vicdan azdlığı hüququnun təmin edilməsi;
- dini təşkilatlara onların nizamnamə vəzifələrinin həyata keçirilməsinə köməkliyin edilməsi, dini qurumların sosial əhəmiyyət daşıyan ibadətlərdə iştirakı.
Din - dövlət münasibətləri problemləri üzrə Azərbaycanın Rusiya ilə qarşılıqlı münasibətlərinin qurulması təcrübəsi diqqəti cəlb edir. Bu baxımdan Moskva və bütün Rusiya Patrtiarxı II Aleksiy və Qafqaz xalqları Ali Dini Şurasının Sədri Şeyxül İslam Allahşükür Paşazadənin 27 may 2001-ci il tarixli Bəyanatı xüsusilə əhəmiyyətlidir.
Beləliklə, göründüyü kimi, Azərbaycan dövləti keçdiyi müstəqil və demokratik inkişaf yolunda vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində ardıcıl olaraq milli-mənəvi dəyərlərə, demokratik prinsiplərə, beynəlxalq standartlara uyğun hüquqi bazaya söykənən məqsədyönlü və düşünülmüş siyasət həyata keçirir.
Vahid
ÖMƏROV,
Səs.- 2015.- 4 dekabr.- S.- 15