Ulu Öndər Heydər Əliyevin apardığı demokratik islahatların insan
hüquq və azadlıqlarının
müdafiəsinə təsiri
Azərbaycan Respublikası müstəqillik qazandıqdan və beynəlxalq hüququn subyektinə çevrildikdən, xüsusilə də Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra əvvəllər mövcud olmuş penitensiar sistemdə islahatlar başlanmışdır.
S.Məmmədov, M.Mehdiyev "Avropa Pentensiar qaydaları" əsərində yazırlar ki, Azərbaycanın 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv qəbul olunarkən üzərinə götürdüyü öhdəliklərə "Avropa Penitensiar Qaydaları"nda əks olunmuş standartlara ölkəmizdə əməl edilməsi də daxildir. Qeyd etmək lazımdır ki, Avropa Şurası Nazirlər Komitəsinin 12 fevral 1987-ci il tarixli qərarı ilə təsdiq və tövsiyə edilmiş həmin qaydalar özündə minimal standartları əks etdirməklə iştirakçı dövlətlərdə də penitensiar sisteminin təkmilləşdirilməsi məqsədi güdür.
Qaydalara görə, "Bütün səylər göstərilməlidir ki, azadlıqdan məhrumetmə yerlərində tətbiq edilən rejimlər elə təyin edilsin və həyata keçirilsin ki:
a) cəmiyyətdə qəbul edilmiş normalara və insan ləyaqətinə uyğun şərait təmin olunsun;
b) məhbus özünə hörməti və şəxsi məsuliyyətini itirməsin deyə, məhbusluğun mənfi nəticələri və məhbusun həyatının azadlıqdakı həyat fərqi minimum həddə çatdırılsın;
c) məhbusların və onların ailələrinin mənafeyi naminə qohumlarla əlaqə saxlanılsın və bu əlaqə möhkəmləndirilsin;
q) azadlıqdakı həyata uğurla daxil olmağa kömək edən vərdiş və meyilləri inkişaf etdirməkdən ötrü məhbuslara imkan yaradılsın.
Məhbusların islah olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruri hesab olunur ki, onlara da konkret olaraq əmək, təhsil, bədən tərbiyəsi, idman və asudə vaxt, azad edilməyə hazırlıq və digər tədbirlər aid olunur.
Azərbaycan Respublikasında bu sistemdə islahatların həyata keçirilməsi istiqamətində atılmış addımlardan biri 2000-ci ilin sentyabr ayının 1-dən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin qüvvəyə minməsi olmuşdur.
Məcəllənin 10-cu maddəsində məhkumların əsas hüquqları təsbit olunmuşdur.
Demokratik cəmiyyətə doğru irəliləyən Azərbaycan Respublikasında bütövlükdə penitensiar sistemin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində dövlət siyasəti həyata keçirilir. Bütün bunlar da demokratik cəmiyyətin tələbidir və Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərin real təcrübədə yerinə yetirməsi deməkdir.
Bununla belə, mütəxəssislərin fikrincə, bu sahədə hələ bəzi problemlər də mövcuddur. Belə ki, Avropa Penitensiar Qaydalarında məhbusların islah edilməsi üçün müəyyən olunmuş tədbirlər kimi onların təhsili, asudə vaxtı və azad edilməyə hazırlanması işinin daha səmərəli təşkilinə ehtiyac duyulur.
H.Babaoğlu yazır ki, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyev özünün əfv və amnistiya haqqında fərmanlarında da məhbusların azadlığa çıxmalarına hazırlıq məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutan tədbirlər görmüşdür. Odur ki, müvafiq instansiya və strukturlar bu tədbirlərin daha səmərəli surətdə yerinə yetirilməsinə çalışmalıdırlar.
Müasir Azərbaycanda insan hüquqlarının müdafiəsi və təmin edilməsi sahəsində həyata keçirilən dövlət siyasəti sayəsində söz və mətbuat azadlığı bərqərar olmuşdur. Bu sahədə müəyyən olunmuş siyasi xətt ardıcıl həyata keçirilir, yaradılmış möhkəm hüquqi və demokratik dəyərlərin bərqərar olması vətəndaş hüquq və azadlıqlarının gerçək təminatına çevrilmişdir. Bu hüquqi baza ölkədə kütləvi informasiya vasitələrində dövlət senzurasının qadağan olunması prinsipini təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasına söykənir.
Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kimi kütləvi informasiya vasitələrinin sərbəst və azad inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsinə yönələn dövlət siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 1998-ci il tarixli Fərmanı ən mühüm addımlardan biri hesab edilir. Prezidentin həmin Fərmanı ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğu dövründə söz, fikir və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin inkişafı, cəmiyyətin həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etmişdir.
Ə.Həsənovun fikrincə, Fərmandan irəli gələn vəzifələr kontekstində həyata keçirilən tədbirlər sırasında KİV-in maddi-texniki vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə bütün mətbuat və informasiya vasitələrinin 1998-ci ilin sonundan əlavə dəyər vergisindən azad edilməsi olmuşdur. Yalnız əlavə dəyər vergisi üzrə kütləvi informasiya vasitələrinə verilən illik güzəştlərin məbləği 7 milyard manat təşkil edir. KİV-ə şamil olunan illik güzəştlərin məbləği onların öhdəlikləri vergilərin məbləğindən iki dəfədən də artıqdır.
Ölkədə KİV-in təsis edilməsi, onların vətəndaşlarının tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönələn fəaliyyətin təşkilatı, hüquqi və iqtisadi əsasları 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Beləliklə, Azərbaycanda demokratik cəmiyyət quruculuğu yolunda əldə olunan nailiyyətlərin xarakterik göstəricisi kimi mətbuat azadlığı çıxış edir. Təsadüfi deyil ki, bu gün respublikamızda 650-yə yaxın müxtəlif kütləvi informasiya vasitələri fəaliyyət göstərir ki, onlardan da 372 qəzet, 113 jurnal, 25 informasiya agentliyi, 10 teleradio şirkəti qeydiyyatdan keçmişdir. Ölkədə mövcud olan belə mətbuat bolluğu cəmiyyətimizdə demokratik mühitin, söz və mətbuat azadlığı üçün yaradılmış əlverişli şəraitin inkişafından xəbər verir. Onu da qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə çap olunan qəzet və jurnalların böyük əksəriyyəti müxalifət yönümlüdür. Lakin burada belə bir cəhət də vurğulanmalıdır ki, ölkədə yaradılmış bu imkan və şəraitdən sui-istifadə hallarına da rast gəlinir. Ayrı-ayrı qəzetlərdə qərəzli, reallıqdan uzaq, böhtan və təhqir xarakterli materialların çap edilməsi söz və fikir azadlığından sui-istifadə cəhdlərinə misal ola bilər.
Beləliklə, Ə.Əhmədovun qeyd etdiyi kimi, Azərbaycanın həqiqi demokratiyaya keçidinin vacib mərhələsi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra sabitliyin, əmin-amanlığın təmin edilməsi ilə başlamışdır. Həmin mərhələnin əldə edilməsi sahəsində real demokratiya quruculuğu yolunda atılmış növbəti addımlar sırasında insan hüquq və azadlıqlarının təminatı mühitinin və mexanizmləri sisteminin yaradılması və azad mətbuatın inkişafına rəvac verilməsi vacib yer tutur.
Vətəndaşların layiqli sosial müdafiəsini və yaşayış tərzini təmin etmək məqsədilə ölkədə genişmiqyaslı pensiya islahatı aparılır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən 17 iyul 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasında pensiya islahatı konsepsiyasına" görə yaxın illər ərzində ölkədə pensiya ödənişlərinin etibarlı maliyyə təminatının yaradılması və onun idarə olunmasının yenidən qurulması başa çatmalı, əhalinin rifah halının yaxşılaşdırılmasında pensiyaların rolu əhəmiyyətli dərəcədə artmalıdır.
Demokratik cəmiyyətdə vətəndaşların sosial-iqtisadi hüquqlarının təmin olunması, onların sosial tələblərinin və maraqlarının ödənilməsi üçün şərait yaratmaq, ayrı-ayrı vətəndaşlara, qruplara sosial yardım göstərmək, onların sosial müdafiəsini təşkil etmək dövlətin sosial siyasətinin əsas məqsədini təşkil edir. Bütövlükdə vətəndaşların sosial hüquqlarının reallaşdırılmasına yönələn sosial siyasət, sosial təminat və sosial xidmət sistemi yaratmağa istiqamətlənmiş dövlət proqramları vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasında ardıcıl və məqsədyönlü sosial siyasət görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü ilin yayında ölkə rəhbərliyinə qayıtdıqdan sonra həyata keçirilməyə başlamışdır. Artıq 1996-cı ildən başlayaraq davam edən dayanıqlı iqtisadi inkişaf və ölkədə maliyyə sabitliyi əhalinin həyat səviyyəsinin yüksəlməsinə şərait yaratmış, dövlət büdcəsi gəlirlərinin getdikcə artması nəticəsində sosial problemlərin həlli üçün daha çox vəsait ayırmaq imkanları genişlənmişdir. "Azərbaycan Respublikası 1991-2001" kitabında qeyd edilir: "Əgər 1995-ci ildə dövlət büdcəsindən sosial yönümlü xərclərə 930 milyard manat və ya büdcə xərclərinin 43 faizi məbləğində vəsait istifadə edilmişdisə, 2000-ci ildə bu məqsədlər üçün artıq 2,2 dəfə çox, yənı 2 trilyon manat (büdcə xərclərinin 53 faizi) xərclənmişdir. 2001-ci ilin dövlət büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 61 faizə çatdırılmaqla, 2000-ci illə müqayisədə 40 faiz artırılması nəzərdə tutulmuşdur. Dövlət büdcəsinin sosial yönümlü xərcləri içərisində təhsil xərcləri əsas yer tutur. Belə ki, əgər 1995-ci ildə bu məqsədlər üçün 376 milyard manat (büdcə xərclərinin 17,5 faizi qədər) xərclənmişdisə, 2000-ci ildə bu rəqəm 2,4 dəfə artaraq 906 milyard manata (büdcə xərclərinin 24 faizi) çatmışdır. Həmin illər ərzində dövlət büdcəsindən digər sosial məqsədlər üçün ayırmalar (pensiyalar, müavinətlər, uşaqlara və digər aztəminatlılara sosial ödənişlər, elm, səhiyyə, idman, mədəniyyət və sair sahələrin inkişafına yönəldilmiş xərclər) daim artmışdır. Həyata keçirilən əmək haqqı islahatları və sosial müdafiə tədbirləri aztəminatlı əhalinin rifahının yaxşılaşdırılmasına, bu kateqoriyadan olan adamların gəlirlərinin xeyli artmasına yönəlmişdir. Məsələn, gəlirlərin vergi tutmayan məbləği 6 dəfədən də çox artırılaraq 100 min manata çatdırılmışdır.
Vahid ÖMƏROV,
Səs.-
2015.- 5 dekabr.- S.- 15