Müalicə turizmi
ilə bağlı müasir infrastruktur yaradılır
Dünən "Four Seasons Baku" otelində Azərbaycan Konqreslər Bürosunun 2015-ci il üçün 4-cü hesabat iclası keçirilib. İclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib. Tədbiri giriş sözü ilə açan büronun icraçı direktoru Florian Sengstschmid gündəliyi barədə məlumat verərək bildirib ki, iclasın əsas məqsədlərindən biri də 2016-cı il üçün sektorda gözləntilərin təhlili, hadisələrin inkişaf istiqamətlərinə uyğun proqnozlaşdırma və analizlərin aparılmasıdır.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin sonunda nazirliyin dəstəyi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun ötən müddətdə fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq tədbirlər məkanı kimi tanıdılması istiqamətində atılan addımların əhəmiyyətini diqqətə çatdırıb.
Ə.Qarayev çıxışında qeyd edib ki, Azərbaycan turizmi üçün əsas müştəri bazarı qonşu Rusiyada və qardaş Türkiyədə formalaşmalıdır və biz bu bazarlarda kifayət qədər aktiv təmsil olunmalıyıq. Yay və dəniz turizmi baxımından Türkiyənin təkliflərini əvəzləyə bilməsək də, mədəni turizm, regionların turizmi, xüsusilə Qusar, Qəbələ və digər bölgələrdə yerləşən turizm komplekslərinin dairəsi dəyərləndirilməlidir və Azərbaycanın bu baxımdan kifayət qədər imkanları var.
Ölkəmizin müalicə turizmi ilə bağlı potensialının da yetərincə təbliğ və təşviq olunmadığını vurğulayan Əbülfəs Qarayev bu sahədə müasir infrastrukturun yaradıldığını, böyük perspektivin olduğunu qeyd edib: "Müalicə turizmi ilə bağlı ölkədə böyük işlər görülüb. Naftalan, Qalaaltı müalicə turizm kompleksləri ən yüksək standartlara cavab verir. Mən çox istərdim ki, büro öz fəaliyyətini bu sahədə genişləndirsin, Azərbaycanın müalicə turizmi ölkəsi kimi tanınmasına töhfə versin. Biz də nazirlik olaraq müsbət təşəbbüslər üçün lazımi dəstəyi verməyə hazırıq. Təsadüfi deyil ki, nazirliyin dəstəyi ilə bu yaxınlarda Azərbaycan Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvlüyünə daxil olmuşdur".
Sonra iclasda hesabat çıxışları dinlənilib.
Azərbaycan Konqreslər Bürosunun icraçı direktor Florian Sengstschmid çıxışında 2015-ci ili qurumun fəaliyyəti baxımından uğurlu dövr adlandırıb, nazirə və nazirliyin əməkdaşlarına göstərdikləri hərtərəfli dəstəyə görə minnətdarlığını bildirib. İl ərzində əldə olunan nailiyyətlərdən söz açan büro rəhbəri ölkənin turizm imkanlarının təbliği istiqamətdə görülən işlərə nəzər salıb.
Hesabatların dinlənilməsi zamanı nazir Əbülfəs Qarayev, həmçinin ayrı-ayrı məsələlərə, təqdim edilən göstəricilərə münasibətini bildirərək, tövsiyələrini diqqətə çatdırıb.
ZÜMRÜD
Səs.
2015.- 4 dekabr.- S.- 4