Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi üzrə müvəkkilliyinin səlahiyyətləri

Demokratik-hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması şəraitində insan və vətəndaşın hüquq və azadlıqlarının konstitusiya təminatlarının yerinə yetirilməsi mexanizmində insan hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı vacib yer tutur və səmərəli dövlətdaxili vasitə kimi çıxış edir.

Azərbaycanda belə bir demokratik təsisatın yaradılması Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli Fərmanında mühüm vəzifə kimi müəyyən edilmişdir. Bu istiqamətdə aparılan məqsədyönlü hazırlıq işi baxımından 2001-ci il mayın 14-də Azərbaycan Respublikasının Milli Məclisi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan EA İnsan Hüquqları İnstitutunun "Azərbaycanda Ombudsman təsisatının yaradılması" mövzusunda birgə keçirdikləri beynəlxalq elmi-praktik seminar, xüsusən əhəmiyyətli olmuşdur. Keçid mərhələsini yaşayan, ictimai həyatın ayrı-ayrı sahələrində islahatlar aparan ölkələrdə Ombudsman təsisatına xüsusi ehtiyac vardır. Artıq postsovet məkanında yaşayan ölkələr bu qurumun ilkin nəticələrini hiss etməkdədirlər ki, onlara misal olaraq Rusiyanı, Ukraynanı, Gürcüstanı və digər ölkələri göstərmək olar.

Demokratik-dünyəvi dövlət quruculuğu yolunu seçmiş hər bir ölkə üçün olduğu kimi insan hüquqlarının qorunması amili olduqca vacib olan Azərbaycan üçün də onları qoruyan yeni təsisatın yaradılması yad olmamalıdır. Z.Məmmədov yazır ki, Azərbaycanın klassik yazıçılarının, şairlərinin, filosoflarının - Nizaminin, Füzulinin, Bəhmanyarın və b. əsərlərindəki ədalət prinsipinin axtarışı humanistliyin ən mühüm təzahürüdür. Təcrübə göstərir ki, insan hüquqlarına hörmət edilən cəmiyyətdə sabitliyin təminatı əsas şərtlərdən birinə çevrilir. Bu hüquqların qorunması inteqrasiya məsələlərində xüsusi əhəmiyyətə malikdir.

Təhlillər göstərir ki, Ombudsman təsisatının milli modeli yaradılarkən onun spesifikasını özündə əks etdirən adın seçilməsi problemi ortaya çıxır və bu zaman metodoloji əsas kimi Ombudsman təsisatının müxtəlif əlamətləri götürülür. A.Həsənli həmin əlamətlər içərisindən nominativ məqsədlərlə istifadə olunan aşağıdakı əlamətləri əsas sayır: Ombudsman səlahiyyətlərinin mənbəyi, aparıcı məqsəd, Ombudsman təsisatının əsas funksiyası və ictimai rolu. Bu dörd əlamətə müvafiq surətdə müəllif dörd nominativ növ seçmişdir: nümayəndəli, məqsədli, funksionalrol nominasiyaları. O, "Ombudsman təsisatının milli modellərinin təsnifatı" cədvəlinə seçdiyi bu növləri daxil etmişdir.

A.Həsənlinin yanaşmasına görə, nümayəndəli nominasiya növünün tərkibinə daxil olan adlar özündə Ombudsman tərəfindən hakimiyyətin hansı qolundan səlahiyyət alıbsa, onun da maraqlarını təmsil etmək faktı əks etdirilir. "Ombudsman" anlayışının mənbəyi "otvid" sözündən götürülmüşdür ki, bu da orta əsrlər İsveç dilində qüvvə və ya nüfuzu, vasitəçi yaxud digər şəxslərin nümayəndəsi olan şəxs mənasını verirdi.

"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında", Azərbaycan Respublikasının Konstitusiya Qanunu 28 dekabr 2001-ci il tarixdə qəbul olunmuşdur. Həmin qanunda İnsan Hüquqları üzrə Müvəkkilin fəaliyyətinin əsasları müəyyən edilərək (maddə I), qeyd edilir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili vəzifəsi Azərbaycan Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir.

Qanuna görə Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması aid deyil.

Qanun İnsan Hüquqları üzrə Müvəkkilin səlahiyyətlərinə bir sıra məsələlərlə bağlı təkliflərin verilməsini daxil edir:

- Əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi barədə Azərbaycan Respublikası Prezidentinə təkliflərin verilməsi;

- insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair Azərbaycan Respublikasının Milli Məclisinə təkliflərin verilməsi;

- amnistiya elan edilməsi barədə Milli Məclisə təklifin verilməsi.

Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) seçilməsi bir sıra postsovet ölkələrindən fərqlənir. Belə ki, məsələn, qonşu Gürcüstanda həmin vəzifəyə ölkə Prezidenti ilə yanaşı, parlament fraksiyaları və müstəqil deputat qrupları da namizəd irəli sürə bilirlər. Azərbaycan parlamentinin isə Ombudsman postuna namizəd irəli sürmək hüququ yoxdur. Həmin vəzifəyə namizədləri Azərbaycan Respublikasının Prezidenti təqdim edir. Milli Məclis yalnız Prezident tərəfindən təqdim olunmuş üç namizəddən birini seçmək səlahiyyətinə malikdir. Əlbəttə, Milli Məclis Prezidentin təqdim etdiyi namizədlərin heç birinə səs verməyə bilər. Belə halda həmin prosedura yenidən keçirilir, 15 gün müddətində Prezident digər üç namizədi Milli Məclisə təqdim edir. Təqdim olunan üç namizəd arasından Müvəkkil 83 səs çoxluğu ilə (2/3) seçilir (maddə 2).

Qanunda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmək üçün bir sıra ciddi tələblər qoyulur bu da, bizim fikrimizcə, müsbət hal kimi qiymətləndirilməlidir. Belə ki, Qanunun 3-cü maddəsinə görə, yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı Müvəkkil vəzifəsinə seçilə bilər. Göründüyü kimi, Müvəkkil olmaq üçün təkcə hüquqi deyil, həm mənəvi tələblər qoyulur. Bundan başqa burada kimlərin Müvəkkil ola bilməməsi konkret göstərilir: "İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra məhkəmə hakimiyyətlərində qulluq edən, elmi-pedaqoji yaradıcılıq fəaliyyəti istisna olmaqla başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Müvəkkil seçilə bilməz". Eyni zamanda, Müvəkkil siyasi fəaliyyətlə məşğul olmamalı heç bir siyasi partiyanın üzvü qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil olunmamalıdır. Belə bir tələb qoyulur ki, Müvəkkil vəzifəyə seçildiyi vaxtdan 5 gün ərzində onun statusuna uyğun gəlməyən fəaliyyətlərə xitam verməlidir.

Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında həmin vəzifədə səlahiyyətlərini şərəf ləyaqətlə yerinə yetirəcəyinə, Azərbaycan Respublikası Konstitusiyasına qanunlarına əməl edəcəyinə, müstəqil qərəzsiz fəaliyyət göstərəcəyinə and içir. Müvəkkilin səlahiyyət müddəti qanunla 7 ildir həmin vəzifəyə eyni şəxs yalnız bir dəfə seçilə bilər.

Qanunun ikinci fəslində insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması mexanizmi müəyyən olunmuşdur. Belə ki, 8-ci maddədə Müvəkkilə şikayətlərlə kimlərin müraciət edə biləcəyi müəyyən olunuronlara Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və hüquqi şəxslər aid edilir. Şikayətləri, həmçinin hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən, qeyri-hökumət təşkilatları da verə bilər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq olmadan da verə bilərlər. Dövlət orqanlarına isə Müvəkkilə şikayət vermək hüququ verilmir.

Qanuna görə, Müvəkkil öz təşəbbüsü ilə də araşdırma apara bilər. Əgər araşdırma zamanı Müvəkkil müəyyən etsə ki, araşdırma onun səlahiyyətinə daxil olmayan məsələlərə aiddir, onda o, materialları araşdırmaq üçün digər dövlət orqanlarına göndərir.

Qanunda şikayətin baxılma müddəti 30 gün müəyyən edilmiş, onun nəticələri ilə bağlı məlumatın isə ərizəçiyə 5 gün müddətində yazılı surətdə verilməsi nəzərdə tutulur. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:

- qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş, dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək;

- cinayət əlamətləri aşkar edildikdə, müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;

- əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;

- qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barəsində müvafiq orqanlara təkliflər vermək;

- insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;

- insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün Müvəkkilin səlahiyyətində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikası Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;

- dövlət və ya özünüidarə orqanlarının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;

- şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

Bütün bunlarla yanaşı, Müvəkkil öz fəaliyyətində bir təsir vasitəsindən də istifadə edə bilər ki, bu da onun Azərbaycan Respublikası Prezidentinə təqdim etmək üçün hazırladığı illik məruzəsidir. O, həmin məruzə ilə, həmçinin Milli Məclisdə çıxış etməlidir.

 

Vahid ÖMƏROV

Səs.- 2015.- 10 dekabr.- S.15