Heydər Əliyev-bütün zirvələrdən ucada dayanan lider

Dahi Şəxsiyyət Heydər Əliyevin  uzun illər

Azərbaycana rəhbərlik etməsi

Onun  şəxsiyyətində formalaşan,

müstəqilliyə və xalqına sədaqət,

millilik və vətənə məhəbbət hissindən

qaynaqlanan inamın təzahürüdür

 

Bu reallıq inkaredilməzdir ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən mühüm məqamlar olur, hadisələr baş verir. Azərbaycan 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etsə də, ilk illərdə yaşanan durum yaddaşlardadır. Ölkədə ictimai-siyasi durumun gərginliyi, özbaşınalığın, xaos və anarxiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdır. Belə çətin məqamda dahi şəxsiyyət Heydər Əliyevin xalqın cağırışına səs verməsi, birlik və həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldırdı. Bu fikri böyük inam və qətiyyətlə bildiririk ki,  Ulu Öndər Heydər Əliyev  istər Azərbaycan tarixində,  istərsə də xalqın yaddaşında  müstəqil və müasir dövlətin simvolu kimi qalır və qalacaq.  O, Azərbaycanın yeni tarixində  müstəqil  dövlətin əsaslarını yaradan, onun ardıcıl  inkişafını  təmin edən  siyasi kursuninkişaf strategiyasının müəllifidir. Onun uzun illər Azərbaycana rəhbərlik etməsinin özü Ulu Öndər Heydər Əliyev şəxsiyyətində formalaşan, müstəqilliyə və xalqına sədaqət, millilik və vətənə məhəbbət hissindən qaynaqlanan inamın təzahürüdür. Bu fikir aforizmə çevrilib ki, Sovetlər Birliyi dövründə Azərbaycana rəhbərlik edən, bəşəri düşüncəli Ulu Öndər ölkəmizi qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə siyasətə qayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin əsasını  qoydu. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. 1993-cü ilin 3 oktyabrında yüksək etimad qazanan və 11 oktyabr 1998-ci ildə möhtəşəm qələbəsini təkrarlayan Heydər Əliyev milyonların ürəyindən keçən istəkləri reallaşdırdı: "Belə yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram... Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm". Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində həyata keçirdiyi genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna "yaşıl işıq"" yandırdı. Artıq Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunasından eşidilir, diplomatik uğurları diqqət çəkirdi. Dünya siyasətində dəst-xətti ilə seçilən, dövlət başçıları arasında fenomen istedadı və hazırlığı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev şəxsiyyəti müdriklik simvolu kimi nümunə göstərilirdi. Bu, cəsarət və qətiyyət, liderlərə məxsus dönməzlik və məğrurluq müasir Azərbaycanın qurucusu olan dahinin həyat amalının gerçəkləşməsinin parlaq ifadəsi kimi Azərbaycanın imicini, nüfuzunu yüksəltdi. Azərbaycanın gələcək inkişaf yolunun parametrlərini dahiyanə düşüncələri və zəngin dövlətçilik təcrübəsinə əsasən xalqa çatdıran Ümummilli Lider əsas vəzifə kimi respublikada dövlət quruculuğuna diqqət yetirdi. "Müstəqil Azərbaycanda hüquqi-demokratik dövlət qurulmalıdır, Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən, milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir" söyləməklə dünya siviliyaziyasına daxil olmağın yollarını müəyyənləşdirdi, prioritetləri qarşıya qoydu.

Demokratik cəmiyyətdə insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, müxalif qüvvələrlə konstruktiv əməkdaşlıq baxımından qanunlara əsaslanan mövqeyini bəyan etdi. Bütün prioritetlərin əsasında isə qüdrətli respublikanın inkişaf perspektivləri- düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, çoxmillətli respublika olan Azərbaycanın tolerant dövlət kimi bütün azərbaycanlılar üçün vətən olması və s. kimi  biri-birindən məsuliyyətli vəzifələr dayanırdı.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətlərin çəkisi və əhəmiyyəti ölçüyəgəlməz dərəcədədir. Azərbaycanın ermənilər tərəfindən elan olunmamış müharibəyə cəlb olunduğu, ideoloji blokadaya alındığı bir vaxtda-1994-cü ildə dünya ictimaiyyətinin diqqətini cəlb edən, o dövrdə çoxlarına xəyal kimi görünən "Əsrin müqaviləsi"nin imzalanması ilə üç dəniz əfsanəsini gerçəkləşdirən Ulu Öndər misli görünməmiş qlobal bir layihənin müəlliflik hüququnu qazandı. Bu gün Azərbaycanın dünya miqyasında enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasının əsasında Ulu Öndərin hazırladığı neft strategiyası, ölkənin enerji siyasətinin uğurlu həlli dayanır. Artıq bu gün dünya "Cənub Qaz Dəhlizi"ndən danışır. Perspektivdə nəzərdə tutulan iri miqyaslı layihə və islahatların tətbiqi ilə ölkəni iqtisadidemokratik inkişaf yolu ilə irəliyə aparan Ulu Öndər, eyni zamanda, əvvəlki hakimiyyətin səriştəsizliyindən mənəvi depressiyaya düçar olan xalqda gələcəyə inam hissi yaratdı.

Ulu Öndərin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə biri-birindən çətin, o dövrdə həyati əhəmiyyətli məsələlərin həlli üçün vacib olan xalqın birlik və həmrəyliyinin, insan hüquq və azadlıqlarının təminatı konsepsiyasını hazırlandı, Milli Konstitusiya qəbul olundu. Dünya Azərbaycanlılarının I qurultayını keçirməklə, soydaşlarımızın həmrəyliyini təmin etmiş oldu. Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas amil olan diasporunun təşkilatlanması üçün hüquqi bazanın əsası qoyuldu.

Hələ Naxçıvan MR Ali Məclisinin Sədri olarkən icrasına başladığı özəlləşdirmə siyasətini daha geniş miqyasda həyata keçirməklə sahibkarlıq fəaliyyətinin gücləndirilməsi üçün əlverişli imkan yarandı. Neft strategiyasının tətbiqini sürətləndirməklə qeyri-neft sektorunu inkişaf etdirən, bazar iqtisadiyyatı yolu ilə irəliləmənin mexanizmlərinin təkmilləşdirilməsi üçün ölkəyə xarici investisiya axınının təməlini qoyan Ulu Öndər inanırdı ki, yaxın illərdə Azərbaycanın dünya birliyində lider dövlət kimi tanınmasına nail olunacaq. Xəzərin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarından səmərəli istifadə, xarici ölkələrin tanınmış neft şirkətləri ilə birgə fəaliyyətə əsaslanan, neft və təbii qaz hasilatının artırılmasını təmin edən yeni yataqların kəşf olunub birgə işlənməsi istiqamətində görülən işlər miqyasına və geosiyasi əhəmiyyətinə görə yeni mərhələlər üzrə davam etdirilirdi. Təbii ehtiyatların xalqa məxsusluğunu sözdə deyil, əməldə göstərilməsinin tərəfdarı olan Ümummilli Lider Heydər Əliyev Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi.

Dövlət siyasətinin əsas prioritetləri kimi böyük əhəmiyyətə malik, Avropadünya birliyi dövlətlərinin enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş sayılan Azərbaycanın lider dövlət kimi tanınmasının təməlində də Ulu Öndər tərəfindən qoyulan daxilixarici siyasətin uğurlu həlli dayanır. Bütün xalqlar və dövlətlərlə qarşılıqlı anlaşma və əməkdaşlıq siyasətini yeridən, Azərbaycanın ən tanınmış beynəlxalq təşkilatlarda təmsil olunub, söz sahibi olması, nüfuz qazanması müdrik bir siyasətin məntiqi nəticəsi kimi bu günözünü doğruldur.

Bütün fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun, Ulu Öndərin zəngin dövlətçilik məktəbinin layiqli davamçısı olduğunu təsdiqləyən Cənab Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin uğurlu həlli ilə Azərbaycan ən ucqar dağ kəndləri də daxil olmaqla, böyük quruculuq meydanını xatırladır. Artıq keçid dövrünü başa vuraraq dünya standartlarına və bazar iqtisadiyyatının müasir tələblərinə uyğun layihə və islahatların tətbiqinin davam etdirilməsini vacib hesab edən Prezident İlham Əliyev başlıca amil kimi neft strategiyasının daha geniş miqyasda həyata keçirilməsi, dünya siyasətinə uyğunlaşdırılması, demokratiyanın tam qələbəsi naminə inamlı addımlar atır. Beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın iqtisadi inkişaf baxımından qüdrətli ölkə, Prezident İlham Əliyevin lider dövlət başçısı adlandırılmasının özü Heydər Əliyev ideyalarının təntənəsi və qələbəsidir.

Göründüyü kimi,  Azərbaycanın 24 illik müstəqillik tarixi  zaman baxımından o qədər böyük olmasa da, əldə olunan uğurların miqyasının böyüklüyü bu dövrü daha da zənginləşdirir. Azərbaycan düzgün təmələ əsaslanan siyasətin nəticəsində yeni-yeni hədəflərə nail olmaq üçün səylər göstərir. Məhz bu uğurlar bu gün beynəlxalq aləmdə inkişafın Azərbaycan modelinin mövcudluğunu önə çəkir və öyrənilməsinin vacibliyini şərtləndirir. Təbii ki, bu günümüzü  müstəqiliyimizin ilk illərində yaşanan durumla müqayisə  etdikdə  müqayisəsi mümkün olmayan reallıqların şahidi oluruq. O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir.  O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın  iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün  Azərbaycan dünyada  ən dinamik inkişaf edən ölkələrdən biridir.  O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda  milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edirlər ki, Azərbaycan qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan isə xalqın dəstəyinə arxalanan xalqımızın Lideri Heydər Əliyev olmuşdur. Möhtərəm Prezidentimiz  İlham Əliyev Azərbaycanın  dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə  bu reallığı  diqqətə çatdırmışdır:  "Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə  Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir".

Ulu Öndər Heydər Əliyevin  anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5 illiyi münasibətilə keçirilən mərasimdə  Heydər Əliyev Fondunun prezidenti,  YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  söylədiyi "Heydər Əliyev qalibiyyətinin nəticəsi müasir müstəqil Azərbaycan Respublikası və onun bugünkü nailyyətləridir" fikirləri də dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı,  qarşıdakı illər üçün möhkəm bazanın yaradıldığının  təsdiqidir. 

Ümummilli Lider Heydər Əliyev yolu ilə inamla irəliləyən Azərbaycanın qarşısında biri-birindən əhəmiyyətli uğurlar dayanır. Xalqımız Heydər Əliyev siyasətinin  davamlılığına dəstək olduğunu 2003,  2008 və 2013-cü il prezident seçkilərində yüksək fəallıq nümayiş etdirib,  Cənab İlham Əliyevə səs verməklə təsdiqləmişdir. Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır. Azərbaycanı hər gün təkmilləşməyə, yeniləşməyə hazır olan bir binaya bənzətsək,  fundamenti o qədər möhkəm və etibarlıdır ki, onun üzərində inkişafın, tərəqqinin daha çox mərtəbələrinin ucaldılması imkanları var. Bu imkanlar  Heydər Əliyevin şah əsəri olan Azərbaycanı daha əzəmətli, möhtəşəm edir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin 2013-cü ildə keçirilən andiçmə mərasimində söylədiyi bu fikir ötən illərin  uğurlarının ümumiləşdirilmiş ifadəsi olmaqla yanaşı, qarşıdakı illər üçün Azərbaycanın aydın mənzərəsini yaradır. Dövlətimizin  başçısı bildirmişdir: "Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amil vardır. Son on ilin təcrübəsi onu göstərir ki, "xalq", "millət" anlayışları ön planda olanda istənilən problem öz həllini tapa bilər. Bizim siyasətimiz milli maraqlar üzərində  qurulub. Bizim siyasətimiz  müstəqilliyin möhkəmlənməsinə istiqamətləndirilibdir. Bu gün Azərbaycan müstəqil dövlət kimi dünya miqyasında  özünə layiq yerini tuta bilibdir.  Azərbaycan daha da güclü  ölkə olmalıdır. Biz qüdrətli Azərbaycan dövləti qururuq və əminəm ki, quracağıq. Bütün hədəflərə çatmaq üçün bizim müstəqil siyasətimiz davam etməlidir. Xalq bu siyasəti dəstəkləyir. Xalq bu siyasətə öz səsini vermişdir. Xalqın inamı və mənə on ildən sonra yenidən böyük etimad göstərməsi, əlbəttə ki, məni həm ruhlandırır, həm məsuliyyətimi artırır, həm də yeni təşəbbüslərin irəli sürülməsi üçün mənə bir siqnal verir."

Qarşıdakı on il üçün əsas hədəf Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli ölkəyə çevirmək, bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Təbii ki, bu məqsəd realdır və bunun üçün zəruri olan addımlar atılıb, uğurlu nəticələr göz önündədir.  Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı  ilk gündən regionların malik olduğu  potensialdan səmərəli istifadəni vacib amil kimi önə çəkdi. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda  da möhtərəm Prezidentimiz  bu məqamı xüsusi vurğulamışdır: "2004-cü ildə Birinci Proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında  xüsusi rol oynamışdır. Mən Birinci Proqramın qəbul edilməsi haqqında hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində fikirlərimi bildirmişdim. Demişdim ki, əgər mənə etimad göstərilərsə, ilk növbədə Azərbaycanın regionlarının inkişafı ilə məşğul olacağam, xüsusi proqram qəbul ediləcəkdir. Belə də oldu, proqram qəbul edildi. Birinci Beşillik Proqram demək olar ki, regionlarda böyük dönüş yarada bilmişdir. Ondan sonra İkinci Proqram qəbul edildi. 2009-2013-cü illəri əhatə edən proqram başa çatdı. Deyə bilərəm ki, regionların inkişafında, ümumiyyətlə, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində  bu proqramların çox böyük rolu olmuşdur."  Regional İnkişaf Proqramının qəbul olunması, ölkə iqtisadiyyatına qoyulan sərmayə, xarici sərmayə üçün  yaradılan şərait dinamik inkişafı təmin edir.  Azərbaycanın uğurlu inkişafının bundan sonra da təmin olunacağına əminliyini ifadə edən Cənab  İlham Əliyev iqtisadiyyatın şaxələndirilməsi istiqamətində  addımların davamlı olacağını bildirir.  Bütün bölgələr bu gün inkişaf dövrünü yaşayır. Quruculuq-abadlıq işləri geniş vüsət alıb.  Rayonlarda,  qəsəbələrdə infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilmiş, yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev  regional inkişaf proqramlarının  icrası ilə yaxından tanış olmaq üçün mütəmadi olaraq bölgələrdə  olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olur, ictimaiyyət nümayəndələri ilə görüşür, mövcud problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir.  O da məlumdur ki, Cənab İlham Əliyevin  hər bir bölgəyə səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri barədə Sərəncam imzalanır. Təbii ki, bu  hərtərəfli inkişafın dövlət siyasətinin əsasında dayandığını təsdiqləyən amillərdəndir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev regionların inkişafında, Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində dövlət  proqramlarının çox böyük rolu olduğunu önə çəkərək bu inamı ifadə etmişdir ki, bu gün Azərbaycan  gələcəyə çox böyük inamla addımlayır: "Ümumiyyətlə, bizim bütün işlərimiz konkret xarakter daşıyır. Verdiyimiz bütün vədlər yerinə yetirilir. Biz populizmdən uzağıq. Qeyri-real vədləri heç vaxt vermirik. Ancaq nəyi deyiriksə, ona da əməl edirik.  İki proqramın icrası bunu bir daha təsdiq edir.  Bu illər ərzində Azərbaycan böyük uğurlara imza atmışdır. Şəhərlərimiz abadlaşdı. Hər bir şəhərdə, hər bir rayonda adadlıq işləri görülür, ictimai yerlər salınır, parklar, xiyabanlar, mədəniyyət ocaqları, küçələr, binalar abadlaşır. Əlbəttə ki, Bakı hər bir şəhər üçün nümunədir. Bakı bu gün artıq dünya miqyasında ən gözəl şəhərlərdən biridir, dünyanın ən gözəl şəhərlərindən biridir.  Əlbəttə, təbiidir ki, digər şəhərlər də Bakıya oxşamaq istəyir. Ancaq hər bir şəhərin  öz xüsusiyyəti, tarixi, özəlliyi vardır. Əsas odur ki, insanlar üçün hər bir yerdə, hər bir şəhərdə, hər bir kənddə yaşamaq, işləmək, istirahət etmək üçün normal, yaxşı şərait yaradılsın."

Digər  bölgələr  kimi,  Daşkəsən rayonu da öz inkişaf  dövrünü yaşayır. Dövlət Proqamında rayonla bağlı tədbirlərin yüksək səviyyədə yerinə yetirilməsi bu inamı söyləməyə əsas verir.  Cari ilin ötən dövrünün sosial-iqtisadi göstəriciləri fonunda bu fikri də əminliklə söyləyə bilərəm ki,  2015-ci il dəAzərbaycanın təbii  sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsənin  tarixinə  ən sürətli inkişaf dövrü kimi yazılacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin bölgələrə səfəri çərçivəsində Daşkəsən rayonu da xüsusi yer tutur. Səfər çərçivəsində  ayrı-ayrı sosial obyektlərin açılışı və təməlqoyma mərasimində iştirak edən Cənab İlham Əliyevin çıxışlarında hər zaman bu fikir önə çəkilir ki, uğurlarımız gələcəyə daha böyük nikbinliklə baxmağa əsas verir. Bölgələrimiz arasında sağlam rəqabət insanlarda böyük ruh yüksəkliyi yaradır. Rayonumuzdamüstəqil, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin adını daşıyan, Onun siyasi irsinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb  mərkəzin  açılışında iştirak edən dövlətimizin  başçısı İlham Əliyev Dahi Şəxsiyyətin  Azərbaycan xalqı, dövləti qarşısındakı xidmətlərinin böyüklüyündən geniş bəhs edərək, bu irsin öyrənilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyini qeyd etmişdir. Açılış mərasimində Heydər Əliyev Fondunun prezidentiMehriban xanım  Əliyeva da iştirak etmişdir. 

Bu günümüzün reallığı budur ki, Azərbaycan islahatçı ölkə kimi dünya birilyində özünə layiq yer tutub. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında birinciliyini qoruyan ölkəmizin inkişaf modelinin cəlbedici olduğu xüsusi qeyd edilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin beşinci çağırış Milli Məclisin ilk iclasında böyük inam və qətiyyətlə söylədiyi kimi,  bu gün Azərbaycan özünü dünyaya  sürətlə inkişaf edən ölkə kimi təqdim edir. Ölkəmizdə sabitlik təmin edilir və möhkəmlənir.  Hər bir ölkə üçün sabitlik başlıca şərtdir.  Xalq tərəfindən dövlətin siyasətinə verilən dəstək  ölkəmizdə gözəl ab-hava yaratmaqla yanaşı, yeni-yeni hədəflərin gerçəkləşdirilməsini sürətləndirir.

 

Səs.- 2015.- 11 dekabr.- S. 11