Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

1991-ci ildə müstəqilliyinə qovuşan Azərbaycan Respublikası ötən 24 il ərzində malik olduğu maddi və mənəvi dəyərlərilə dünya mədəniyyətinə, bəşəri ideallara böyük töhfələrini vermişdir. Məhz polietnik və çoxkonfessiyalı dövlət kimi dünyaya multikulturalizm və tolerantlıq nümunəsi təqdim edən Azərbaycanın beynəlxalq arenaya güclü aktor kimi çıxmasına qədim dövlətçilik tarixi, milli adət-ənənələri və mədəniyyəti təsir etməkdədir. Xüsusilə də, Azərbaycanın qlobal mədəni proseslərdə aktiv iştirakına, onun Qərb və Şərq aləmində tanınmasına səbəb olan mədəniyyət nümunəsindən birini muğam təşkil edir.

Muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın söylədiyi kimi, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

Muğam, sadəcə hansısa bəstəkar tərəfindən bəstələnmiş sadə bir musiqi və ya avaz deyil. Muğam insan ruhunu oxşayan, onun psixologiyasına müxtəlif istiqamətli təsirlər göstərə bilən unikal bir vasitədir. Dərin fəlsəfi məna daşıyan poeziyaya əsaslanan hər hansı muğamı diqqətlə dinləyərkən, Füzuli, Nəsimi, Seyid Əzim Şirvani, Vahid və başqalarının qəzəllərinin mənası üzərində düşünərkən, insan sehrli bir aləmə dalır, keçirdiyi hisslər həmin muğamın musiqi obrazlarına uyğun gəlir. Bəli, söylənildiyi kimi, bu heyrətamiz musiqi bütün hallarda bizim daxili ovqatımıza təsir edir. O, həmişə yerinə düşür - kədərli və qüssəli anlarımızda da, sevinc və sevgi duyğuları aşıb-daşanda da. Muğam bizi həyatımızın əvvəlindən sonuna qədər daim müşayiət edir. Muğam fenomeni də məhz ondan ibarətdir ki, o, əsrlər boyu insanı müşayiət edib, ona ruhi saflıq və ucalıq bəxş edərək, ən qədim dövrlərdən bu günə və gələcəyə körpü olub.

Əlbəttə, muğam ifaçılığının əsas keyfiyyət meyarı xanəndənin peşəkarlığıdır. Lakin mütəxəssislər haqlı olaraq hesab edirlər ki, xanəndənin ustalığı, onun muğam ifa edərkən dinləyicini başqa bir aləmə aparmaq bacarığı da az rol oynamır. Muğam sənətinin ecazkarlığı, sehri məhz bundadır. Burada səsin gözəlliyi çox vacib amildir. Yaxşı deyiblər ki, muğamda dinləyicini ovsunlayan birinci amil ifaçının gözəl səsidir. Ruhu oxşayan ifa dinləyicinin qəlbində ülvi duyğular oyadır, onu xəyallar aləminə aparır, ruhlandırır.

Muğamın əhəmiyyəti söylədiklərimizdən qat-qat artıqdır. Muğamı daha dolğun şəkildə ifadə etmək üçün yeni fikirlər tapmaq getdikcə çətinləşir. Amma bir şey məlumdur ki, muğam bizim həyatımızın, varlığımızın bir hissəsidir. Mehriban xanım Əliyeva muğamı obrazlı şəkildə çox dəqiq səciyyələndirib: "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir".

Yazılı musiqi əsərindən fərqli olaraq, muğam kompozisiyası fərd tərəfindən bəstələnmir, müəyyən mövcud şifahi sxem üzrə yaradılır. Əslində, muğam mücərrəd fikir kimi mövcuddur, ifa edilməyənə qədər o, yoxdur. İfaçı muğamı ifa edən zaman bir növ ona nəfəs verir. Muğam nə vaxtsa kimlərsə tərəfindən bəstələnən melodiyalardan ibarətdir. Amma ümumilikdə, muğam sənəti anonimdir. Əvvəllər olduğu kimi, indi də yaradıcı istedada malik olan ifaçılar, eyni zamanda, ayrı-ayrı melodiyalar, əsasən təsniflər və rənglər yaradırlar, amma geniş kütlə üçün onları bəstələyən sənətçinin adı bir qayda olaraq qeyri-müəyyən qalır. Beləliklə, xalqın nəzərində bu havaların müəllifi muxtəlif fərdlər yox, xalq özüdür.

Şərq xalqlarının musiqi mədəniyyətində ümumi cəhətlər daha bariz şəkildə özünü göstərir. Çünki bu mədəniyyət böyük bir region əhalisinin müxtəlif formalı və çalarlı əlaqə prosesi əsasında təşəkkül tapıb. Məhz bu səbəbdən də, onlara bir çox mühüm ümumşərq xüsusiyyətləri xasdır. Bu mənada, Şərq xalqlarının mədəni həyatında mühüm əhəmiyyət kəsb edən, onların mənəvi dünyasının formalaşmasında müstəsna rolu olan muğam sənəti, əsrlər boyu olduğu kimi, müasir dövrümüzdə də dünya musiqişünaslarının, sənətsevərlərinin diqqət mərkəzindədir.

Muğam Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrıdır. Bizim eranın VI əsrində Azərbaycanda Ərdəbildə muğamların ifa olunması sübut edir ki, muğam sənəti ərəb ölkələrində yayılmamışdan əvvəl Azərbaycan və İranda mövcud olub.

Qeyd edək ki, Azərbaycan xalqının qədim etnik soy-kökündə özünüməxsus yer tutan tayfaların adının həm də qədim musiqi janrı-muğamda öz əksini tapması xalqımızın malik olduğu bu xəzinənin qiyməti haqqında ilk andaca lazımi təsəvvür yaradır. Tarixi faktlar sübut edir ki, muğ-mağ kahinləri dövlətin idarə olunmasında, elmdə, incəsənətdə, təbabətdə, musiqi sənətində mahir istedada malik insanlar olublar. Onların, eyni zamanda, çox qədim tarixə malik olmaqla yanaşı, ilk səmavi allahların yaradıcıları olduqları da isbatlanıb. Dünya tibb elminin insan qəlbinə nüfuz edən musiqi ilə xəstələri müalicə etməyin, hətta cərrahi əməliyyat aparmağın mümkünlüyünün isbatına qalxması muğ kahinlərinin belə qabiliyyətə malik olmaları haqda nəticələri təsdiqləmiş olur. Musiqişünas alimlərin yekdil qənaəti budur ki, müalicə üçün istifadə edilən musiqi məhz kahinlərin allahlarla təmasında körpü rolunu oynayan muğam olub.

Muğam havalarının Muğanla bağlı olması görkəmli filosof-şair Nizami Gəncəvinin "İqbalnamə" əsərində də öz əksini tapıb: "Müğənni, qədim bir hava çal, muğlar kimi bir muğan havası çal".

İskəndərin yeddi filosofla xəlvətə çəkilməsi səhnəsində şairin yenə də muğam havasına işarə edərək, onu qədim hava adlandırması bu fikri bir daha təsdiq edir.

Digər mənbələrə görə isə, muğam sözü İran-ərəb-türk dilində işlədilən "məqam" sözündən yaranıb. "Məqam" sözü simli alətlərdəki pərdə mənasına gəlir. Hər muğamın da əsas notu alətin bir pərdəsində olduğu üçün bu ad ona verilib.

Muğam təxminən, XIV əsrə qədər Yaxın Şərq xalqlarının vahid musiqi janrı olub, lakin sonralar baş verən ictimai-siyasi dəyişikliklər səbəbindən bu vahid musiqi janrı xalqların mədəniyyətinə uyğun parçalanıb.

Klassik Şərq muğamı 12 əsas muğam və 6 avazatdan ibarət olub. Əsas muğamlara Üşşaq, Nəva, Busəlik, Rast, Əraq, İsfahan, Zirəfkənd, Büzürk, Zəngülə, Rəhavi, Hüseyni və Hicaz, avazatlara isə Şahnaz, Mayə, Səlmək, Novruz, Kərdaniyə, Güvaştdan aid olub. Azərbaycanda isə xalqımızın qədim irsi olan muğamın 7 əsas, 3 köməkçi növü var. Əsas muğamlar "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun", köməkçi muğamlar isə "Şahnaz", "Sarənc" və "2-ci növ Çahargah"dır...

Ümumiyyətlə, muğamın elmi baxımdan açımı həmişə bir sirri özündə ehtiva etsə də, son illər onun sirli və sehirli, mürəkkəb quruluşu araşdırmaçıların ciddi marağına səbəb olub. Tarixi mənbələrdə göstərilir ki, musiqişünaslar, ədəbiyyatşünaslar, tarixçilər, qədim yunan və orta əsr filosofları Şərqdə inkişaf edən bu unikal sənətin sirlərini, muğamların bəşərin inkişafında rolunu və gərəkliyini daha dərindən öyrənmək üçün çoxlu araşdırmalar aparıblar.

Muğam Şərq xalqlarının fəlsəfəsində, ruhunda mühüm yer tutan fenomen olduğu üçün daim mütəfəkkirlərin, filosofların araşdırma mövzusu olub. Əbu Nəsr Fərabi, Əbu Əli ibn Sina, Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi və başqaları hələ o zaman, klassik Şərq muğamı barədə nəzəri fikirlər söyləyiblər. Azərbaycanda isə bəstəkar, professional musiqisimizin görkəmli nümayəndəsi Üzeyir Hacıbəyov XX əsrdə Şərq musiqisi və muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən biri kimi tanınır.

Ölkəmizdə ən tanınmış muğam ifaçılarından olan Seyid Şuşinski muğamı bütöv bir ümmana bənzədirdi. Xan Şuşinskinin fikrincə isə, muğam yaralı ürəklərin məlhəmi, insanlara təsəlli verən, onları ruhən yüngülləşdirən bir sənətdir. Həqiqətən, bu böyük sənətkarların ifasında səslənən muğam məhz belə təsirə malik idi. Xalqımızın əhval-ruhiyyəsini, onun xarakterini ifadə edən ecazkar muğam melodiyalarını dinlədikcə insan sanki saflaşır, qürur hissi keçirir. Təsadüfi deyil ki, akademik Vasim Məmmədəliyevin dediyi kimi, musiqimizin Quranı olan muğam Avropa və Amerikada özünə yüzlərlə, minlərlə pərəstişkar tapıb. Azərbaycan muğamlarının bənzərsiz ifaçısı Alim Qasımovun xarici ölkələrdəki çıxışlarının necə qəbul edilməsi buna əyani sübutdur. Vaxtilə bəstəkar Əfrasiyab Bədəlbəyli tamamilə haqlı olaraq muğamatı Azərbaycan musiqi dilinin lüğət fondu, musiqimizin təməli kimi səciyyələndirib. Firəngiz Əlizadə isə muğamı Azərbaycanın genetik kodu, ümumbəşəri irs adlandırıb.

Qədim və orta əsr Şərq musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində bu gün də əsas amillərdən biri kimi tədqiqatçıların təhlil obyektinə çevrilən muğam bir sənət, elm olaraq, daha çox Azərbaycanda inkişaf edib. Bunu muğama yönələn dövlət qayğısı, bu sənətin qorunub saxlanılması və inkişaf etdirilməsi, dünya miqyasında Azərbaycanın milli irsinin incisi kimi tanıdılması yönündə irimiqyaslı layihələrin həyata keçirilməsi söyləməyə əsas verir.

Gözəllik və məhəbbət rəmzi olan muğamın yüksəlişi Azərbaycanın müstəqillik illərinə təsadüf edir. Son 10 ildə aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini tapdı. Azərbaycan xalqının muğamı Şərq xalqlarının muğamları içərisində özünəməxsus yer tutur. Azərbaycanda muğam sənətinə böyük əhəmiyyətin verilməsi bütövlükdə Azərbaycanın öz muğamına sahib çıxması deməkdir. Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən çıxarılıb YUNESKO səviyyəsinə qaldırılıb, muğama layiq olduğu beynəlxalq statusu verilib.

Bir sözlə, bu gün Ümummilli Lider Heydər Əliyevin ortaya qoyduğu ideyaların reallaşdırılması, "Muğam Azərbaycanın milli sərvətidir", - deyən Prezident İlham Əliyevin dəstəyi, diqqət və qayğısı, "Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq", - söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini yaşayır.

İntizarə Məmmədova

Səs.- 2015.- 11 dekabr.- S.11