"Eko tur-təbiəti öyrənək və sevək" adlı layihəyə start verilib

10 dekabr 2015-ci il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Eko tur-təbiəti öyrənək və sevək" adlı layihə çərçivəsində ilk "eko-tur" Abşeron Milli Parkında keçirilib. Açılışda iştirak edən 20 nəfər gənci salamlayan layihə rəhbəri Aytəkin Nuriyeva bildirib ki, "Eko tur-təbiəti öyrənək və sevək" layihəsinin əsas məqsədi gəncləri "eko tur"lar vasitəsilə milli parklarla tanış etməkdən, ətraf mühitin qorunmasında gənclərin rolunun artırılmasından və onların ekoloji bilik və bacarıqlarının inkişafından ibarətdir. Gənclərin çoxu ölkəmizin müxtəlif rayonlarında mövcud "milli park"larla və digər mühafizə olunan təbiət əraziləri ilə tanış deyillər. Layihə çərçivəsində gənclər ölkəmizdə mövcud "milli park"ların bəzilərilə tanış olacaqlar.

Layihə rəhbərinin çıxışından sonra, ekoloq təlimçi tərəfindən gənclərə Abşeron və digər milli parklar barədə ətraflı elmi məlumatlar verilmiş və iştirakçı gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

3 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində gənclərin Abşeron milli parkından başqa, Altıağac və Samur-Yalama Milli Parklarına da turları təşkil ediləcəkdir.

 ÜLVİ

Səs- 2015.- 10 dekabr.- S.3