Şəfaət Mehdiyevin şeir yaradıcılığı

 

Poeziya, ilk növbədə insan və dünya münasibətlərinin hissi - emosional müstəvidə təzahürüdür. Buradakı ritm, ahəng, vəzn, qafiyə, duyğu və düşüncələrin sığına bildiyi real məkandan, gerçək qəlibdən başqa bir şey deyil. Amma bir həqiqət də var ki, sevgisiz, cisimsiz ruh özündə nə qədər mükəmməl mənəvi - əxlaqi, etik-estetik dəyərlər daşısa da, o, yalnız müəyyən formaya dolduqdan, həqiqi yerini tapdıqdan sonra öz varlığını və bu var olmağın gözəlliyini, əfsun və cilvəsini hiss etdirə bilir. Şeir, əslində, Aristotelin ruhlar dünyası adlandırdığı irreal məkanla gerçək aləm arasındakı ortaq nöqtədə şairlərin eşitdiyi qayibanə səsdir. Volter yazırdı ki, poeziya ruhun musiqisidir. Böyük Nizami isə bu məqamı əsas götürərək şairləri az qala peyğəmbərlərlə yanaşı qoyurdu. Onun qənaətincə, həmin səs peyğəmbərlərə çatanda vəhyə, şairlərə çatanda isə misra və beytə çevrilir. Məhz bu məqamda əbədiyaşar Füzulinin  də "Elmsiz şeir əsassız divar olur, əsassız divar qayətdə bietibar olur" kəlamı da yada düşür...

Akademik Şəfaət Mehdiyevin şeir yaradıcılğında irreal məkanla gercək aləm, hissi-emosional tərəflə elmi-rasional tərəflərin özünəməxsus vəhdətini və əlaqəsini görürük... Məlumdur ki, Şəfaət müəllim ədəbiyyatın müxtəlif janrlarında qələmini sınamışdı. Onun bədii yaradıcılığının bir qolunu da poeziya, şeir təşkil edirdi...

Akademik Şəfaət Mehdiyevin poetik ruhunun məzmun və mahiyyətini qiymətləndirən, onun "Ərk qalası" kitabına Anar müəllimdən sonra ikinci ön söz yazan  filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli isə "Tarix və müasirlik bədii düşüncə işığında" məqaləsində yazır: "Böyük alim tez-tez deyirdi ki, əsl geoloq müşahidə etdiyi təbiət mənzərələrini olduğu kimi qələmə almağı bacarmalı, təbiətin qoynunda gördüyü lövhələrin sözlə rəsmini çəkə bilməlidir. O, belə hesab edirdi ki, geologiya bu üzdən yaradıcı sənətdir. Ədəbiyyatda və incəsənətdə olduğu kimi romantik vüsət, pafos ona da yad deyildir. Bəlkə elə buna görədir ki, geoloqun elmi axtarışları ilə bir sıra hallarda kəsişib qovuşur, bir-birini tamamlayır. Təbii ki, bu prosesdə poeziyaya da ayıq, duru münasibət yaranır."

Azərbaycan poeziyasında ən çox işlənən, ən çox müraciət olunan mövzu sevgidir, insana məxsus ali hissin tərənnümüdür, sevgi, məhəbbət lirikasıdır... Çox populyar olan bu mövzu bütün məlum şairlərin yaradıcılığının qızıl xəttini təşkil edir.

O da məlumdur ki, dünyaya göz açan hər üç şeirdən biri sevgidəndir, məhəbbətdəndir... Bu mövzuda yazılan şeirlərdə sevən insanın könül duyğuları, sevgi yolunda keçirdiyi hiss və həyəcanlar, iztirablar, əzablar, ruhi dərd-kədər əsas motivi təşkil edib. Və bu duyğular insana xas olan ən ali duyğulardandır ki, biz bunu Şəfaət Mehdiyevin şeirlərində bariz şəkildə müşahidə edirik:

 

İlk məhəbbət- əlvan çiçək,

Hər kəs ondan bil, dərəcək.

Yarpaqları solsa belə,

Ətri daim məst edəcək.

 

Gözəllərdə bir adətdir,

Naz eyləyər sevsə səni.

Hər uğursuz məhəbbətin,

Saçımızda qalır dəni.

("Unudulmur ilk məhəbbət")

 

Şəfaət Mehdiyevin şeirlərinin əksəri, demək olar ki, hamısı məhəbbət lirikasına aiddir, insanın azad, sərbəst  sevgi hisslərinin fərdi lirik etiraflarıdır... Əlbəttə, burada "məhəbbət konsepsiyası" axtarmağa lüzum yoxdur. Bu şeirlər bir insanın, fərdin özünəməxsus, azad sevgi hisslərinin tərənnümüdür, özünün məhəbbət dünyasının müxtəlif məqamlarındakı hənirləridir... Bu şeirlərdə qarşılıqlı ünsiyyət əsasında yaranan sevgi, bu sevgidən yaranan adi, insani duyğular tərənnüm edilmişdir:

 

Könlünü alsaydım şivəli gözəl,

Hüsnünə qoşardım şirin bir qəzəl.

Elə bir qəzəl ki, bilərdi aləm,

Leylidən, Şirindən mənə sən əfzəl.

 

Könlümü alsaydın nazənin mələk,

Məhəbbət qönçəsi açardı çiçək.

Elə bir çiçək ki, ətirli, əlvan,

Hər incə yarpağı min arzu, dilək.

("Könlümü alsaydın")

 

Şeirin leytmotivində adi, həyati, insani münasibət durur. Burada uydurma, xəyal, romantika yoxdur.  Şeirdə canlandırılan məhəbbət platonik və əlçatmaz deyil, qarşılıqlı ünsiyyət əsasında yaranan sevginin poetik-lirik təqdimidir, iki tərəfin bir-birindən sevgi umacağıdır, istəyidir...

Şəfaət müəllimin məhəbbət şeirlərində sevgi üçbucağı, deyək ki, "əğyar" obrazı yoxdur. Burada iki əks qütb yox, bir-birinə meyilli iki tərəf var.  Bu lirikada "Sən və Mən" münasibətləri daha geniş anlamda dərk olunur. Filosoflardan biri Dekartın "Mən düşünürəm,-deməli,-mövcudam" fikrini "Mən sevirəm-deməli, yaşayıram" şəklində ifadə edib. Ona haqq qazandırırıq. Çünki sevgidə məqsəd əzab çəkmək, bu əzabın "şirinliyini" dadıb ömrünü pərvanə kimi şamın alovuna çırpmaq", ya da vüsala yetməməkdən ibarət deyil, vüsala yetmək əsas məqsəddir:

 

Gözəlim, dilinə dəyməmiş dilim,

İstərdim busənin dadını bilim.

İncə bir təbəssüm o gül camalda -

İstərdim könlümü dindirsin, gülüm.

  ("İstərdim...")

 

XX əsrin 60-70-ci illərinin məhəbbət lirikasına xas olan bir çox əsas cəhətlər Şəfaət  müəllimin şeirlərinə də xasdır. Bu dövrün lirikasında sevgi daha geniş anlamları ifadə edir: sevgi insanın özünü dərk etməsi, durulması, daxilən yeniləşməsi, zənginləşməsi deməkdir, sevgi Həqiqətdir, Vicdandır, Xoşbəxtlikdir, sevgi ağılla ürəyin vəhdətidir...

Hicran insana əzab, dərd gətirir, vüsallı sevgi isə yaşamağa stimul verir, insanı ucaldır, yaşadır,mənəvi cəhətdən təmizləyir...

Zərif harmoniya hissi alimi, özü də təbiət alimini - geoloq akademikini bəstəkar, yaxud şairlə qohumlaşdırır. Pifaqor ədədlər nisbəti ilə musiqi ahəngini kəşf etmişdi. Rübailər ustası Ömər Xəyyam ciddi riyazi əsərlər yazmışdı... Bu anımları şöhrətli alim Şəfaət Mehdiyevin poeziyaya meyilli olmasında da görürük.

Şəfaət müəllim həqiqətən həddindən artıq həssas, həddindən artıq zərif, insana, təbiətə qayğıkeş bir şəxsiyyətdir. Yəqin o, təbiətin qoynunda doğulduğuna, az da olsa yaşadığına,  dağlarla, qayalarla, sıldırımlarla  təmasda  olduğuna görə belədir... Təbiətdə olan təzadlı, faciəli hadisələrin özünü daxilən yaşamaq böyük insani keyfiyyət, həm də şairliyə məxsus zəriflikdir. Başqasının kədərli taleyinə acımaq duyğuların saflığını, nəcibliyini qoruyur. İnsanın bu ürək yaşantısında təbiət varlığı istisna deyil. Bu cəhətdən "Yaşamır hər yanan" şeiri daşıdığı həyəcana, təlaşa görə oxucunu mütəəssir edir:

 

..Kəhkəşan, Kəhkəşan, nəhəng Kəhkəşan,

Yerləri-göyləri odur yaşadan.

Od-alov püskürüb, süzən Günəş də,

Məhv olar ayrılsa, bir anlıq ondan.

 

Yer də bir səyyarə, insana ana,

Günəşdən nur alır o, yana-yana.

Yanır yer, yanır göy, yanmasa insan,

Mümkünmü odlara qarşı dayana.

("Yaşamır hər yanan")

 

Burada təbiətin qlobal harmoniyası, bir-birinə bağlılığı, biri-digərinin yaşamına əsas olması poeziyanın dili ilə verilir, təbiətlə insanın vahid cövhərə malik olması, məhəbbətin də bundan nəşət etməsi önə çəkilir. Sanki ulu Nizaminin "Eşqdir mehrabı uca göylərin, Eşqsiz, ey dünya, nədir dəyərin?!" - beytinin yaratdığı ənənəni və mənanı yeni dövrdə, başqa bir bucaqdan işıqlandırır...

Şəfaət müəllim burada da, dünyanın bütövlüyünü dərindən hiss edən, dünyanın maddi və ruhi təzahürlərinin qarşılıqlı əlaqəsini anlayan və duyan insanlardan biri kimi özünü göstərir...

Şəfaət Mehdiyev  poeziya ənənələrinə sadiqliklə yanaşı,  həm də ona yeni tərəfdən yanaşır. Bu yenilik özünü Şəfaət müəllimin ümumən bədii yaradıcılığında, həmçinin şeirlərində söz və canlı mənanın dialektik vəhdətində göstərir.

Məhəbbət klassik şeirdə olduğu kimi ən ali, müqəddəs bir hiss kimi tərənnüm olunur. Lakin zaman dəyişdiyi kimi insanın sevgiyə münasibəti də bir çox yeni çalarlarla diqqəti cəlb edir. Beləliklə, biz "müasir sevgi" anlamına gəlib çıxırıq.

Müasir sevgi isə dəyişilən, yeniləşən insan münasibətlərini özündə əks etdirir. Bunu iki mənada şərh etmək olar: birincisi - Leyli və Məçnun epoxası çoxdan başa çatıb, insan azaddır, sevmək-sevilmək qadağası yoxdur. Sevgi ictimai münasibətlərdən fərqli olaraq sırf fərdi, intim duyğuları özündə əks etdirsə də, həyatın, gerçəkliyin hər sahəsini əhatə edir. İki insan arasında yaranan münasibətlər isə həm dramatik, həm lirik, həm də fəci hallarla şərtlənir.

Onun klassik məhəbbət mövzusunda yazdığı şeirlərinə sakitlik və həlimlik xasdır. Bu şeirlərdə haylı-küylü, dəbdəbəli, çox bər-bəzəkli fikirlərə, demək olar ki, rast gəlinmir. Bu sakitlik bəlkə də zahiri xüsusiyyətdir. Əslində isə, zahiri qatın arxasında qəribə bir təlatüm gizlənmişdir...

Poeziyasına xüsusi bir fəlsəfi düsüncə hakim olan Şəfaət müəllimin şeirlərində həyatla ölüm, xeyirlə şər, yaxşı ilə yaman, sevinclə intizar, kədərlə güman, günəşlə zülmət, zalımlıqla mərhəmət, böyüklə kiçik, enişlə yoxuş təzadlı bir şəkildə qarşılaşdırılır, insan həyatındakı nostalji hisslər oxucusuna təsir edə bilir:

 

Bəzən xəyal aləmində ötən günlər düşür yada,

Qanad çalır könül quşu, getməyibsə ömür bada.

Düşür yada sevinc, kədər, o günlərin səadəti,

Düşür yada bahar seli, pıçıldaşan çinarlar da.

("Ötən ötdü...")

 

Şəfaət müəllim bu qəbildən olan şeirlərində  ictimai və məişət planında müxtəlif gündəm mövzularını əxlaqi dəyərlər müstəvisində verməyi bacarır. Belə şeirlərdə lirik-məişət planı önə keçir, məsələn, "Qaynanaymış qaynana" şeirində olduğu kimi. Burada indinin özündə də ictimai rezonans doğuran, bir çox məişət dramlarının əsasında duran, hətta bir sıra əsərlərin mövzusu olan (Məcid Şamxalovun "Qaynana" komediyasını və bədii filmini yada salın) ailə-məişət konflikti əksini tapıbdır.

Amma Şəfaət müəllimin bu süjetli şeirində qəribə bir dramatizm, süjetdə hadisələrin gərgin inkişafı öndədir. Şeir ailə-məişət mövzusundadır. Buradakı hadisələr mehriban bir ailədə baş verir. Qaynana- gəlin münasibəti şeirin əsas süjet xəttini təşkil edir. Müəllif mövzuya orijinal yanaşmış, hadisələr üçbucaq şəklində hərəkət etdirilir. Əgər bu səpgili əsərdə, məsələn, Məcid Şamxalovun məşhur "Qaynana" komediyasında konflikt gəlin və qaynana arasında heç kimin müdaxiləsi olmadan baş verirsə və onların qonşusu müsbət, barışdırıcı planda təqdim edilirsə,  burada ilkin mərhələdə gəlin-qaynana ikiliyi mehriban, ana-bala münasibətindədirlər:

 

Gülər üzlü, şirin sözlü bir ana,

Gənc yaşında oldu bir gün qaynana.

Gəlinciyin əzizlədi, bəslədi,

Xoş keçinib, yaşadılar yan-yana.

 

Gəlin dedi: A qaynana!

Səndə mənə oldun ana.

Niyə bilməm əbəs yenə.

Bədnam olur hər qaynana.

 ("Qaynanaymış, qaynana")

 

Şeirin süjetinə gəlin və qaynana obrazları ilə yanaşı, bir qonşu personajı da daxil olur. Bu qonşu xaraktercə xəbisdir, paxıldır. Onun özü də qaynanadır, amma qonşuluğunda olan bu mehriban gəlin-qaynana münasibətlərinə paxıllıq edir, yavaş-yavaş onların arasını vurmağa başlayır:

 

Xoşlanmadı bundan qonşu qaynana,

Gündə bir söz atıb, ötdü bir yana,

Dama-dama damlalardan sel oldu,

Yoldan oldu həm gəlincik, həm ana.

 

Konflikt getdikcə ciddiləşir, gərginlik artır, gəlinlə qaynana arsındakı mehribanlıq getdikcə korlanır və ciddi ziddiyyətə çevrilir. Gəlin neyləyirsə qaynanasını inandıra bilmir, həmişə hər işdə günahkar olur, qaynana hər məqamda onda qüsur axtarır, onu acılayır, gününü qara-göy əskiyə bükür. Gəlin ha çalışır ki, qaynanasını ana kimi sevsin, neynəsin ki,  bu alınmır, bədxahlıq öz işini görür:

 

Məlun şeytan girdi hər gün araya,

Tufan qopdu, gəlmədilər haraya.

Ana deyil, qaynanaymış qaynana,

Məlhəm qoyan tapılmadı yaraya.

 

Adi həyat hadisələrindən, insanların gündəlik qayğılarından, ailə-məişət problemlərindən bəhs edən bu əsər, həmçinin dövrümüzə yad olan köhnə adət-ənənələrin də zərərli tərəflərini açıb göstərir.

Şeirin süjeti tanış həyat səhnəciklərini və doğmalarımızın xasiyyətini əks etdirir, ətrafımızda ailə-məişət zəminində baş verən hadisələrin mənasını anlamağa, onları təhlil edərək nəticə çıxarmağa yardımçı olur, ailələrin dağılmasına səbəb olan faciənin köklərini araşdırmağa sövq edir,  sanki hər bir ailə üçün bir aynaya çevrilir. Bu aynaya bax, qüsurları düzəlt!

Beləcə Şəfaət müəllimin şeirlərində metafora səciyyəsi alan "şair yolu" arzudan, həsrətdən, inamdan keçərək "müdrikləşir", ictimai siqlət alır, şairin poetik fikir və duyğuları səmimiyyət notunda, lirik ladda təqdim edilir, asanlıqla mahnıya çevrilir. Elə buna görə də onun "Oxu gözəl", "Unudulmur ilk məhəbbət", "Nazənin olsa" qəbildən şeirləri asanlıqla mahnı mətninə çevrilir və onlara mahnı bəstələnir... Bu cəhətdən üç bənddən ibarət "Nazənin olsa" şeiri lirizmi və poetik leksikonuna görə fərqlənir, zərif duyğular yaradır, klassik poeziyaya məxsus gözəlin canlı obrazı canlanır, görsənən portreti yaradılır:

 

Yar əgər nazənin olsa, bilirəm işvəsiz olmaz,

Naz ilə nəzakət olsa, işvəsiz, qəmzəsiz olmaz.

Qaməti sərv tək olsa, kəmərin taxmasa olmaz,

Mehriban bir mələk olsa, ahu tək baxmasa olmaz.

Sonra şeirin iki misradan ibarət nəqəratı gəlir:

Gəl, gəl, gəl nazlı yarım gəl,

İlk sevgim, ilk baharım gəl.

 

Burada maraqlı bir cəhəti qeyd edək. Əsasən mahnı janrında nəqərat  vahid mətndən ibarət olur və təkrarlanır. Müəllif burada orijinallıq etmiş, hər bəndin poetik ruhuna, bədii məntiqinə uyğun nəqərat seçmiş, amma vahid ritmi, musiqili intonasiyasını saxlamaq xatirinə nəqəratın birinci misrasının  başındakı "gəl, gəl, gəl" söz təkrarını saxlamışdır.

Ənənəvi olaraq məhəbbət mövzusu Şərq şeirinin canı, sütunudur. Bu  cəhətdən zəngin klassik poeziyamızın ənənəsinə söykənən Şəfaət Mehdiyev sevgi qəhrəmanını şeirinin baş, həm də şəriksiz qəhrəmanı etdi və bu şeirində klassik aşıq poeziyasından gələn "olsa - olmaz" təsdiq və inkar perefrazından istifadə edərək poetik məntiqə və bu məntiqdən çıxan nəticəyə əsaslandı:

 

Yar əgər vəfalı olsa, (nə olar?)

Könüldə ahu-zar olmaz!

Gülməsə yarın üzü, (nə olar?)

Sevgi bir dəm bahar olmaz!

Qaməti sərv tək olsa, (nə olar?)

Kəmərin taxmasa olmaz!

Can alan bir mələk olsa, (nə olar?)

Ahu tək baxmasa olmaz!

("Nazənin olsa")

 

Şəfaət müəllimin sevgi şeirlərində real həyatın, bu günün insanının sevgisinin dəqiq ünvan və motivləri aydın  görsənir. Onun aşiqi, sevdalısı göydən Ay gətirən adam deyil, amma sevdiyinə "nə istəyirsən, sənin üçün eləyim" hökmünü verməyə gücü çatır. Onun mənəvi gücü inamındadır, çünki sevgisində inamlıdır. Bu sevginin mənəvi mühitini vermək üçün Şəfaət müəllim sələfləri kimi, Azərbaycanın bir çox klassik sənətkarları kimi sevginin obyekti və subyekti olaraq ilahi obraz yaratmaq istəmir. Təşbehlərini, bənzətmələrini yerdən-göydən gətirmir. Onun təqdim elədiyi, bizə tanıtdığı adamlar özünə nə qədər doğmadırsa, bizim özümüzə də elə bir o qədər doğmadır. Həmin adamları biz də tanıyırıq.

Şühbəsiz, bir elm adamı, təhsil təşkilatçısı olaraq zəhməti və zəkası ilə özünü təsdiq etmiş Şəfaət Mehdiyev bircə misra yazmasaydı belə, yenə də adı hörmət və iftixarla çəkiləcək ziyalılarımızdandır. Ancaq Tanrı ona səmimiyyətlə silahlanmış poetik istedad da bəxş edib. 30-40 il ərzində elmin dərinliklərinə doğru yeridikcə şairliyi, poetik istedadı onun mənəvi qida mənbəyi, ruhunun daşıyıçısı olub. Dünyanı gəzə-gəzə bu mənəvi gücə tapınıb. Həyatın ona qucaq açdığı sevincli günlərdə də, kədərli anlarında da onun poetik nəfəsi həmişə qəlbində yaşayıb. Klassik təbircə desək, onun həbibi, munisi olan poeziyası, bununla bərabər ümumən bədii yaradıcılığı bir qayda olaraq tənhalığında onun çiyinləri üstünə qanad gərib. Və beləcə Şəfaət müəllim həmişə şeirlə, bədii sözlə nəfəs alıb...

Ümumən, Şəfaət Mehdiyevin bədii  yaradıcılığını izləyəndə, onun ayrı - ayrı vaxtlarda qələmə aldığı şeirlərini, pyeslərini, hekayələrini təhlil edəndə cəmiyyətin taleyi üçün daim narahat olduğunu duyuruq. Şəfaət müəllimin yüksək intellektini, mədəniyyətini, əxlaqını, nəcib təbiətini onun şeirlərində də görürük. Və bu intellekti o, təkcə məhəbbət lirikasında deyil, ictimai-sosial, əxlaqi-mənəvi məzmunlu lirikasında da əks etdirir.

Onun xalq şairi Bəxtiyar Vahabzadənin məşhur poetik-fəlsəfi şeiri olan "Yaşamaq yanmaqdır..." şeirindən təsirlənərək yazdığı "Yaşamır hər yanan..." şeirində biz bu intellektual təfəkkürün bir sıra mühüm cizgilərini müşahidə edirik:

 

Yaşamaq yanmaqdır düşündüm mən də,

Göyləri alışıb yanan görəndə.

Xırda bir şam nədir? Kəhkəşan yanır,

Fəlakət labüddür bu od sönəndə...

 

Burada Şəfaət müəllim Bəxtiyar müəllimə nisbətən məsələni daha geniş miqyasda götürür. Bəxtiyar Vahabzadə şeirində poetik məna mikro-detalın - "şam" obrazının vasitəsilə təqdim edilir. Şəfaət müəlim problemi makro-mühit vasitəsilə şərh edir, məsələnin miqyasını genişləndirir, qloballaşdırır. Kosmik məkana köçürür və fərq də burada meydana çıxır. Yüksək intellekt sahibi olan müəllif sanki sübut edir ki, zərrədə olan külli aləmdə, aləmdə olan zərrədədir və həyatın hikməti də burada özünü göstərir və dərin ictimai məzmun kəsb edir... Yeri düşmüşkən, Ş.Mehdiyevin əvvəldə haqqında söhbət açdığımız "Yaşamır hər yanan" şeiridə B. Vahabzadənin misal gətirdiyimiz bu şeiri arasında bir uyğunluq, oxşarlıq, məzmun, məna yaxınlığı vardır. Demək olar ki, hər üç şeirdə eyni ab-hava, eyni ruh hakimdir. Təsadüfi deyil ki, hər iki böyük şəxsiyyət həyatda da dost-yaxın olmuş, bir-birilərinə məhrəm olmuşlar.

Şəfaət Mehdiyevin dərin ictimai-əxlaqi məzmunlu şeirlərindən biri də böyük satirik M.Ə.Sabirə nəzirə yazdığı "Səninki belə düşdü" satirik şeiridir və bu şeirin bədii -estetik gücü o qədər qüvvətlidir, o qədər təsirlidir ki, təəssüf edirsən, Şəfaət Mehdiyev şeir yaradıcılığında bu qolu niyə inkişaf etdirməyibdir!...

M.Ə.Sabirin şeirinin adı "Mənimki belə düşdü" adlanır. Türkiyə sultanı II Əbdülhəmidin taxtdan salınması münasibətilə yazılan bu şeir ilk dəfə "Molla Nəsrəddin"  jurnalında (03.05.2009, say: 18) "Əbunəsr Şeybani" imzası ilə çap olunmuşdur. Bu satirada iki satirik obraz var - Sultan II Əbdülhəmid və İran şahı Məmdəli (Məhəmmədəli). M.Ə.Sabirin bu satirası da nəzirədir - böyük türk şairi Abdulla Cövdətin "İqbal zəbun oldu, mənimki belə düşdü" şeirindən təsirlənərək qələmə alınmışdır. Bu satirada M.Ə.Sabir bədii fənd kimi II Sultan Həmidin dilindən poetik monoloq söyləyir və hər bəndin sonunda üç misralıq "cığa" bəndlə İran şahı Məmdəliyə (Məhəmmədəliyə) güya məsləhət verir:

 

...Qafilmişəm əhvalimə sövdayi-sərimdən,

Sövdayi-sərim etdi məni taci-zərimdən,

Məşrutəyi salmaqda ikən mən nəzərimdən -

Ol nürülüyun oldu, mənimki belə düşdü!

"İqbal" zəbun oldu, mənimki belə düşdü!"

Sən, Məmdəli, qaçma!

Naəhlə əl açma!

Meydan özünündür!... 

 

Sabirin yaratdığı poeziya Azərbaycan ədəbiyyatında bir inqilab idi. Məzmun etibarı ilə bu möhtəşəm poeziya özünün bənzərsiz dərin xəlqiliyi ilə seçilir, formaca isə ictimai-inqilabi satira xarakteri daşıyırdı. Dahi şairin yaradıcılığında biz, xalq həyatının bütün çalarlarının bədii əksini görürük. Sabir yaşadığı cəmiyyətdə ikrah doğuran nə var idisə, hamısının qəddar düşməni olmuş, bu yanaşma tərzi ilə xalq həyatının ən üstün, tərəqqiedici və uca keyfiyyətlərini sənətinin dili ilə əks etməyə çalışmışdır. Şairin yaradıcılığında Azərbaycan poeziyasının bütün janr və növləri öz əksini tapmışdır.   

Böyük demokrat şair mövhumat və cəhalətə qarşı təkcə Azərbaycanda deyil, İranda, Türkiyədə və çar Rusiyasında da amansızcasına vuruşmuşdur. Sabir özünün nəhəng poeziyasını nadanlığa, geriliyə, cəhalətə qarşı olan bir qüdrətli mübarizə süngüsünə çevirmiş, həmin kəsərli, azman silahla da xalqın gözəl, mədəni və xoşbəxt gələcəyi uğrunda çarpışmışdır. 

Şəfaət Mehdiyev M.Ə.Sabir yaradıcılığını mükəmməl bilirdi, onun həyatı və yaradıcılığı barədə "Sabir" adında  pyes də yazmışdı... Və bu dərin məzmunlu "Səninki belə düşdü" ictimai-əxlaqi satirasını M.Ə.Sabir kimi nəhəngdən təsirlənərək yazması da təbii idi... Müəllif bu şeirini "Nəzirə" kimi oxucuya təqdim edir. Lakin bizim fikrimizcə, bu şeir nəzirə deyildir.

Məlumdur ki, nəzirə bir şairin bir şerinə təqlidən yazılan, ya söylənən şeirdir, ikinci mənada isə bənzətmə kimi də adlandırılır. Bir çox hallarda təqlidçi, epiqon nəzmlər qələmə alan təqlidçilər də olmuşdur...

Lakin istedadlı şairlərin bir-birindən təsirlənərək müstəqil, yeni ideyalı və bədii dəyəri fərqli olan nəzirələr ədəbiyyatımızı zənginləşdirmişdir ki, buna çoxlu misallar çəkmək olar və bunun ən bariz nümunəsi M.Ə.Sabirin yaradıcılığıdır...

Adətən, deyilir ki, təsirlənmək qəbahət deyil, ancaq təsirlənərək ortaya orijinal bir əsər qoymaq vacibdir. Şəfaət müəllim bu satirik şeirini M.Ə.Sabirdən təsirlənərək yazmış, lakin onun həm formasını, həm məzmununu dəyişmiş, beş bənddən ibarət, dərin, ictimai-əxlaqi məzmunda satira nümunəsi yaratmışdır.

M.Ə.Sabirdə rədif "mənimki belə düşdü" kimidir, burada isə "səninki belə düşdü" şəklində təqdim edilmişdir. Müəllif yaşadığı cəmiyyətə yad satirik obrazı "səninki belə düşdü" müraciəti ilə xarakterizə edir:

Tale sənə yar olmadı, iş müşkülə düşdü,

Qəm çəkmə, nə etmək ki, səninki belə düşdü.

 

Mənsəb deyə, illər boyu quyruq buladın sən,

Hər yerdə ki, saldın yuva, çapdın-taladın sən,

Hərdən ki, ilişdin, sürünüb hey uladın sən,

Pırtlaşdı şələ, iş dolaşıb müşgülə düşdü.

Qəm çəkmə, nə etmək ki, səninki belə düşdü.

 

...Ömrün uzunu özgələrə sən ləkə vurdun,

Şərbazlar ilə əlbir olub, hey üzə durdun,

Kim ki sənə yar olmadı, tez bir tələ qurdun,

Öz qismətinə indi görürsən tələ düşdü,

Qəm çəkmə, nə etmək ki, səninki belə düşdü...

 

Şeirdəki satirik obrazın xarakterik cizgiləri aydın bir dillə, bütün tipik cəhətləri ilə təsvir edilir. Satirada "zahirdə" quzu, əslində canavar olan", rüşvətxor - indiki anlayışla korrupsiyaya uğrayan, hiyləgər, yeri düşəndə ona-buna, düz-doğru adamlara ləkə vuran, "tələ" quran, sonra da öz qurduğu tələyə özü düşən (xalq misalıdır - "öz qazdığı quyuya özü düşdü") sonda isə ifşa olunan bir ictimai müzürün, böhtançının, acgözün, əxlaqsızın, vəzifəpərəst  kələkbazın tipik satirik xarakteri yaradılır... Bu satira ictimai-əxlaqi, mənəvi siqləti ilə bu günümüzün özündə, daha aktual və müasir səslənir...

Göründüyü kimi, Şəfaət Mehdiyevin  şeir-poeziya yaradıcılığı da, müəllifin istedadından, poetik şeir dünyasından xəbər verir, onun bədii təxəyyülündən süzülən lirik, ibrətamiz duyğularını əks etdirir. Onun şeirləri mövzusuna görə nə qədər müxtəlif olsa da, onları bir xətt birləşdirir: insanlıq sevgisi və məncə, şairin xoşbəxtliyi də ondandır ki, bütün ziddiyyət və təzadlarına, əzab - əziyyətlərinə və sevincinə baxmayaraq, o, bu sevgidən doymur, bu sevginin yanğısıyla yaşayıb-yaradır...

  

Tərlan Cabbar oğlu NovruzovFilologiya elmləri doktoru, professor,əməkdar müəllim.

Səs- 2015.- 15 dekabr.- S.3