Beynəlxalq hüquq və beynəlxalq media hüququ

İlk öncə ümumilikdə beynəlxalq hüquq, eləcə də onun yeni və xüsusi sahəsi olan beynəlxalq media hüququnun mahiyyətinə nəzər yetirək.

Müasir dünya ayrı-ayrı dövlətlərin təkbaşına öhdəsindən gələ bilməyəcəyi həyati əhəmiyyətli qlobal problemlərlə üzləşmişdir.

Bu gün insan hüquqlarının daha səmərli təminatı, artıq genişlənməkdə olan nüvə təhlükələri, ekoloji tarazlığın pozulması, kosmik məkandan rasional istifadə və s. konkret bir dövlətin həll etməsi mümkün olmayan məsələlərdir. Onların həlli isə iki əsas və vacib şərtdən - dövlətlərin razılaşdırılmış iradə ifadəsindən və koordinasiya olunan vahid siyasətin həyata keçirilməsindən asılıdır. Birinci missiya beynəlxalq hüquq, ikinci isə beynəlxalq qurumlar vasitəsilə reallaşdırılır.

Beynəlxalq hüquqa müxtəlif ədəbiyyatlarda fərqli anlayışların verilməsinə baxmayaraq, biz onları ümumiləşdirib, bu hüquq sahəsinə dair ortaq mövqeyimizi qeyd etməyi zəruri hesab edirik.     Beynəlxalq hüquq - dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında siyasi, iqtisadi, mədəni, humanitar və s. münasibətləri tənzim edən və onların qarşılıqlı razılığı əsasında yaradılan hüquq normalarının məcmusudur. Bu hüquq müasir beynəlxalq münasibətlər sistemində tənzimləyici funksiyaya malik olmaqla, hazırda onun norma və prinsipləri artıq dövlətlərin milli hüququna da təsirsiz ötüşmür.

İ.İ.Lukaşuk yazır: "Əslində, geniş mənada dövlətlərarası sistem mövcuddur ki, onun komponentləri kimi çıxış edən çoxlu sayda aktorlar (iştirakçılar) arasındakı münasibətlər də müasir beynəlxalq hüququn normaları ilə tənzimlənir. Geniş anlamda dövlətlərarası sistemin dövlətlərdən başqa aşağıdakı elementləri vardır: beynəlxalq hökumətlərarası təşkilatlar, beynəlxalq qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilat xarakteri daşımayan birliklər (məsələn, qoşulmamaq hərəkatı), müxtəlif beynəlxalq orqanlar (beynəlxalq komissiyalar, məhkəmələr, arbitrajlar), beynəlxalq hüquq sistemində mövcud olan digər sosial normalar və bu elementlərarası qarşılıqlı miinasibətlər. Dövlətlərarası sistemin aparıcı elementi dövlətlər hesab olunsa da, cəmiyyət bu sistemi əhatə edən mühit kimi qəbul olunur. Hətta beynəlxalq hüquqi anlamda cəmiyyət dövlətlərarası sistemin özündən daha geniş bir məhfümdur. Ona görə də, beynəlxalq hüquqa təkcə formal müəyyən norma və prinsiplərin məcmusu kimi yanaşmaq doğru olmazdı. Bu, həm də qlobal cəmiyyətdaxili ictimai şüurun dirçəlişi ilə əlaqədar ictimai inkişafın obyektiv qanunauyğunluqları ilə şərtləşir. Yəni müasir beynəlxalq hüquq təkcə dövlətlərarası norma və prinsiplər yox, həmçinin, ictimai şüurun obyektiv forması kimi çıxış edir. O, həm də fərdlərarası qlobal mübarizələrdə formalaşır, müasir informasiya cəmiyyətinin reallıqlarını nəzərə alır, insanların, qrupların dünyagörüşlərinin toqquşmasından qaynaqlanır. Bir sözlə, əsl beynəlxalq hüquq bəşəri inkişafın obyektiv prosesi, ictimai tələbatın nəticəsi olaraq formalaşan həm imperativ (məcburi), həm də dispozitiv və ya "yumşaq hüquq" normaların məcmusu kimi formalaşmaqdadır".

Hüquq sistemi olaraq, beynəlxalq hüquq özünəməxsus keyfiyyətlərə malikdir. Ümumiyyətlə, sosioloji anlamda "sistem" termini qarşılıqlı əlaqə və asılılıqda olan elementlərin məcmusu kimi başa düşülür. Bu mənada, müasir beynəlxalq hüquq yuxarıda qeyd etdiyimiz komponentlərin geniş spektrdə birləşdirici amili kimi çıxış edir. Çünki hazırda beynəlxalq hüquq qlobal sistemdə özünün lazım olan imperativliyini diqtə edə bilmir. Məsələn, dövlətlər BMT qətnamələrindən daha çox, AŞ Nazirlər Komitəsinin tövsiyələrinə effektiv şəkildə riayət etməyə daha hazır görünürlər. Bu isə o deməkdir ki, beynəlxalq hüquq iradələri zorlamayan və hamının qəbul edə biləcəyi prinsiplər əsasında işləməlidir.

"Beynəlxalq hüquq" kitabında göstərilir: "Bunun üçün müasir beynəlxalq hüquq sistemi aşağıdakı bir sıra mühüm xüsusiyyətləri özündə ehtiva etməlidir:

1) Qlobal mənada inteqrativ (birləşdirici) keyfiyyəti özündə əks etdirmək. Bu, beynəlxalq hüququn müasir dünyada ümumbəşəri dəyərlərin, bütün hüquq sistemlərinə məxsus ümumi prinsiplərin və sosial normaların məcmusu kimi ortaya çıxması deməkdir. Məsələn, beynəlxalq hüquq islam hüququ prinsiplərinin, kanonik (xristian) hüquq dəyərlərinin, iudaizmin elementlərinin, ümumilikdə Şərq və Qərb hüquq norma və prinsiplərinin inteqrativ sistemi kimi daha üzunömürlü və tətbiqə yararlı ola bilər.

2)  Bəşəriyyət qlobal siyasətdə beynəlxalq hüququn primatını (üstünlüyünü) şərtsiz təmin etməlidir.

3)  Total nüvə müharibələrinin qlobal informasiya müharibələri ilə əvəzlənməsi yeni norma və prinsipləri şərtləndirdiyindən, beynəlxalq hüquq bu tələbata adaptasiya olunmalıdır".

Beynəlxalq hüquq bütöv bir sistem kimi ayrı-ayrı müstəqil sahələrdən ibarətdir. Məsələn, beynəlxalq dəniz hüququ, insan hüquqları, beynəlxalq təhlükəsizlik hüququ, beynəlxalq ekologiya hüququ və s. Qeyd olunan sahələrin mövcudluğunun özünəməxsus meyarları var. Birinci meyar, müvafiq sahənin tənzimetmə obyektinin spesifikasıdır. İkinci meyar isə, yalnız uyğun sahənin əsasını təşkil edən prinsiplərin varlığıdır.

Beynəlxalq hüquqdan başqa, dövlətlərarası sistemdə beynəlxalq xüsusi hüquq normaları da fəaliyyət göstərir. Bu hüquq daha çox xarici fiziki və hüquqi şəxslərin mülki hüquq və vəzifələri, eləcə də dövlətin xarici elementlə bağlı münasibətlərini tənzimləyir.

Beynəlxalq xüsusi hüquq dedikdə, beynəlxalq sferada mövcud olan xarici elementli mülki, ailə, əmək, mülki-prosessual və s. münasibətləri tənzim edən hüquq normalarının sistemi başa düşülür. Mülki, ailə-nikah, əmək, müəlliflik və prosessual hüquqlarla əlaqədar olaraq, xarici element üç formada təzahür edə bilər: 1) münasibətin subyekti xarici fiziki və hüquqi şəxs olduqda; 2) münasibətin obyekti xaricdə olduqda; 3) hüquq münasibətinin yaranmasına, dəyişməsinə və xitamına səbəb olan hüquqi fakt xaricdə baş verdikdə. Qeyd edək ki, bəzi ədəbiyyatlarda beynəlxalq ümumi hüquq və beynəlxalq xüsusi hüquq vahid sistemdə - beynəlxalq hüquq sistemində birləşdirilir.

Reallığın şərtlərindən irəli gələn inkişaf, qarşılıqlı hüquqi resepsiyalar (mənimsəmə) və sahələrarası normativ-hüquqi inteqrasiya müasir beynəlxalq hüquqa xas olan keyfiyyətlərdən biri kimi çıxış edir. Bu mənada media sferası da özünün normativ elementləri baxımından müasir beynəlxalq hüquq üçün innovativ sahə olaraq qəbul edilir. Beynəlxalq media hüququnun ayrıca beynəlxalq hüquq sahəsi kimi formalaşma zərurəti yuxarıda qeyd etdiyimiz sahəvi meyarlara tam cavab verməsi ilə şərtlənir. Birincisi, beynəlxalq media hüququnun müvafiq təzimetmə obyektini dövlətlərarası sistemdə mövcud olan media hüquq və azadlıqları, KİV siyasəti, eləcə də fikri ifadə və informasiya azadlığı ilə bağlı yaranan münasibətlər təşkil edir. İkincisi, bu sahəyə aid artıq kifayət qədər beynəlxalq konvensiya, presedent və çoxlu sayda tövsiyə xarakterli normalar dövlətlərarası media praktikasında tanınır.

Beynəlxalq media hüququ - beynəlxalq hüququn müstəqil və yeni sahəsi olub, dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında kütləvi informasiya vasitələri azadlığı ilə bağlı münasibətləri tənzim edən hüquq normalarının məcmusudur.

Beynəlxalq media hüququnun əsas elementlərini ifadə azadlığı, o cümlədən, informasiya, onun əldə olunması, yayılması və ötürülməsi, habelə diffamasiya məsəbləri təşkil edir. Bu missiyanın həyata keçirilməsində isə mühüm faktor sayılan KİV (media) bu prosesdə cəmiyyətdaxili əlaqələndirici və hüquqi benefısiar qismində çıxış edir.

C.Məcidli qeyd edir ki, müasir beynəlxalq hüquq ədəbiyyatlarında bu sahə bəzən "beynəlxalq informasiya hüququ" da adlandırılır. Bəzi alimlər isə beynəlxalq media hüququnu beynəlxalq informasiya hüququnun xüsusi sahəsi hesab edirlər. Biz informasiya texnologiyalarının mövcud inkişaf durumu üçün bu anlayışlara hələ ki, sinonim kimi yanaşmanı üstün tuturuq. Əlbəttə, cəmiyyət həyatı üçün informasiyanın hüquqi yükü və sosial mahiyyəti olduqca genişdir. Lakin müvafiq informasiyanın beynəlxalq və milli səviyyədə reallaşması (əldə olunması, ötürülməsi və yayılması) da məhz KİV vasitəsilə baş tutur. Hətta müasir informasiya cəmiyyətinin əsas aləti hesab olunan internet  özü də media sayılır. Digər tərəfdən bu hüquq sahəsi müasir beynəlxalq hüququn digər sahələri ilə qarşılıqlı əlaqə və asılılıqda inkişaf edir. Məsələn, ifadə və informasiya azadlığına aid normalar, həm də insan hüquqları ilə, informasiya təhlükəsizliyi məsələləri isə beynəlxalq təhlükəsizlik hüququ ilə bilavasitə əlaqəli olmaqla, eyni zamanda beynəlxalq media hüququnun da tənzimetmə sferasına aiddir.

Beynəlxalq media hüququnda daha mühüm hüquqi element ifadə azadlığıdır. İfadə azadlığı demokratik toplumda hər kəsə aid edilən hüquqi imkandır və onun üçün nəzərdə tutulan məhdudiyyətlər yalnız qanunla yolveriləndir. İfadə azadlığı mühüm əhəmiyyət daşıyan hüquq olmaqla, hüquqi dövlətdə demokratiyanın bərqərar edilməsində və bütün digər insan hüquqlarının reallaşmasında mühüm rola malikdir. Bu hüquq bütün dünyada İnsan Hüquqları haqqında Umumi Bəyannamənin 19-cu maddəsi, həmçinin insan hüquqlarına dair üç regional sənəddə - İnsan Hüquqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu, İnsan və Kollektiv Hüquqlar haqqında Afrika Xartiyasının 9-cu və İnsan Hüquqları haqqında Amerika Konvensiyasının 13-cü maddələri ilə də qorunur. İfadə azadlığı bu regional müqavilələrin hər birində mühüm statusa malikdir.

Beynəlxalq Media Hüququnda ikinci mühüm hüquqi element, qeyd etdiyimiz kimi informasiyadır. İnformasiya ilə davranma xüsusi hüquqi bacarıq və mədəniyyət tələb edir.

Hüquqi anlamda informasiya dedikdə yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq, istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar başa düşülür. Analoji anlayış - informasiya əldə olunması haqqında  Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur.

Geniş mənada informasiyanın hüquqi tənzimlənməsi informasiya hüquq normaları vasitəsilə mümkündür. İnformasiya hüququ - informasiya ilə əlaqədar ictimai münasibətləri tənzim edən hüquq normaların məcmusudur. Ona görə də, informasiya ilə davranma metodlarının legitimliyi, onun hüquqi şərtlərinə dürüst riayət olunma müasir dövlətlərin və cəmiyyətlərin demokratik ölçü vahidi hesab edilir. İnsanlar özlərinin təmsil olunduğu cəmiyyətdə nə baş verdiyini bilməyəndə, onları idarə edənlərin hərəkətləri gizli qaldıqda ictimai və dövlət işlərində dolğun iştirak edə bilmirlər. Hüquqi dövlətdə informasiya vətəndaşlara sadəcə lazım deyil, həmçinin demokratik hökumətin ən əsas və zəruri göstəricisi olmaqla, onun fəaliyyətini izləməyə və sonrakı gedişatını müzakirə etməyə şərait yaradır. Bu mənada informasiya, əslində hüquqi dövlətin təməl ünsürlərindən biri və ən başlıcası hesab oluna bilər.

S.Məcidli yazır ki, beynəlxalq media hüququnda üçüncü hüquqi element informasiya azadlığıdır. Çünki informasiya azadlığı olmadan informasiyanın özü gərəksiz bir faktor kimi dəyərləndiriləcək. İnformasiya azadlığı nəinki dövlət orqanlarının sorğuya cavab olaraq informasiyanı təqdim etməsi, həmçinin onların özlərinin mövcud resurs və imkanlardan istifadə edərək, ictimaiyyətin geniş marağını doğuran sənədlərin çap olunub yayılmasını nəzərdə tutur. Burada həm də dərc olunan informasiyanın növü onun məxsus olduğu dövlət orqanının spesifikasından asılıdır. Dövlət orqanları informasiyanı təqdim etməyə borcludur və cəmiyyətin hər üzvünün bu məlumatı əldə etmək hüququ var. Dövlətin hüdudlarında olan hər bir şəxs bu hüquqdan istifadə edərkən informasiyanı əldə etmək səbəbini əsaslandırmaq məcburiyyətində deyildir. İnformasiyanın soruşulması və informasiya ilə bağlı hüquqlar İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə, Mülki və Siyasi Hüquqlar haqqında Paktda, Avropa İnsan Hüquqları Konvensiyasında, Avropa Məhkəməsinin qərarlarında əsaslandırılır, eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə, kütləvi informasiya vasitələri, məlumat azadlığı, vətəndaşların müraciətlərinə baxılması qaydaları, informasiya əldə etmək haqqında və digər qanunlarla tənzimlənir.

Beləliklə, fikri ifadə azadlığı ilə bağlı bəşəri prinsipləri, hüquq sistemləri arasındakı fərqləri, məlumat və ideyaların zəruriliyi ilə bağlı müasir beynəlxalq reallıqları, informasiyanın transmilli xarakterini, qlobal informasiya şəbəkələrinin genişlənməsini, xalqlararası və dövlətlərarası sistemdə ifadə azadlığı problemlərinin mövcudluğunu nəzərə alaraq, qeyd edə bilərik ki, bu məsələlərin beynəlxalq hüquqları tənzimlənməsi obyektiv zərurətin nəticəsi kimi çıxış edir. Eyni zamanda, fransız hüquq alimi prof. Ş.Jironun "hüquq siyasətin uşağıdır" fikrinə əsaslanaraq, qeyd etmək lazımdır ki, hazırda yetkin qlobal media siyasəti formalaşıb ki, bu siyasətin nəticəsi kimi, yeni beynəlxalq hüquq normaları da təbii olaraq yaranmaqdadır. Bu prosesin obyektiv forması isə müasir beynəlxalq hüququn müstəqil sahəsi olan beynəlxalq media hüququdur.

 

Vahid ÖMƏROV

Səs- 2015.- 15 dekabr.- S.8-9