Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi regionlarda da böyük ehtiramla
anıldı
Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində böyük ehtiramla anılıb.
Cəlilabad
YAP Cəlilabad rayon təşkilatı rayon icra hakimiyyəti ilə birlikdə Ulu Öndər Heydər Əliyevin vəfatının 12 illiyi ilə əlaqədar anım günü münasibətilə tədbir keçirib. Tədbirdə YAP Cəlilabad rayon təşkilatının fəal üzvləri, partiya veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Matəm musiqisinin sədaları altında tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, Ona dərin ehtıramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə maraqla baxıblar.
Şamaxı
Ümummilli Lider Heydər Əliyevin xatirəsi şamaxılılar üçün də əzizdir. Şamaxı rayon icra hakimiyyətinin rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar, gənclər, məktəblilər Ulu Öndər Heydər Əliyevin meydandakı abidəsi önünə əklillər, gül dəstələri qoyaraq öz sonsuz ehtiramlarını bir daha nümayiş etdiriblər. Sonra mərasimdə iştirak edənlər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şanlı həyat yolunu, siyasi və dövlət xadimi kimi müdrik fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxıblar, daha sonra isə "Sən həmişə bizimləsən" adlı sənədli filmə baxıblar.
Suraxanı
Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, Suraxanı rayon icra hakimiyyətinin və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
"Dahiliyin Heydər Əliyev zirvəsi" mövzusunda məruzə ilə çıxış edən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, bu gün, bu zalda öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən Böyük Azərbaycanlı bir daha anılır, əziz xatirəsi yad edilir: "Cəfər Cabbarlı adına "İrəvan" Dövlət Dram Teatrının kollektivinə minnətdarlıq edərək bildirmək istəyirəm ki, onların Ulu Öndərə həsr olunmuş tamaşasını maraqla izlədik. Dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının xilaskarı, Ulu Öndər Heydər Əliyevin möhtəşəm obrazı gözlərimizin önündə canlandı. Ulu Öndər Azərbaycan xalqının, hər birimizin qəlbində daim yaşayacaqdır".
İ.Abbasov xüsusi vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev bütöv bir millətin minnətdarlıq və güvən duyğularını haqq etmiş böyük bir Dahidir. Onun müasiri olmaq böyük xoşbəxtlikdir: "Ulu Öndər Vətənimiz üçün tarixin ən çətin sınaq dönəmində ən mühüm işləri görmüşdür.Ümummilli Lider Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafını təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaradıb. Bu irsin ən görkəmli nümayəndəsi, Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Möhtərəm Prezidentimiz Cənab İlham Əliyevdir".
Naftalan
Ümummilli Lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Naftalan şəhərində geniş tədbir keçirilib. Şəhər sakinləri və ictimaiyyət nümayəndələri öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri qoyublar.
Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışaraq, Onun Azərbaycan xalqının işıqlı sabahı, səadəti, gələcək inkişafı naminə gördüyü işləri bir daha xatırladıb. Daha sonra şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək vurğulayıb ki, Ulu Öndərin vəfatından 12 il ötsə də, Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı Lider kimi həkk olunan bu Dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O diqqətə çatdırıb ki, Ulu Öndərin uğurlu siyasətini qətiyyətlə davam etdirən Prezident Cənab İlham Əliyevin səyi nəticəsində bu gün dünyada söz sahibi olan Azərbaycan regionda ən qüdrətli ölkəyə çevrilib.
Sonra tədbir məktəblilərin ifasında "Əbədiyaşar Ulu Öndər" adlı kompozisiya ilə davam etdirilib.
ZÜMRÜD BAYRAMOVA
Səs-
2015.- 15 dekabr.- S.8-9