Lənkəran rayonda ümumi məhsul
buraxılışı 280.9 milyon manat təşkil edib
Sənayedə 16.7 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7.9 faiz çox məhsul istehsal olub
2015-ci ilin 9 ayında Lənkəran rayonda ümumi məhsul buraxılışı 280.9 milyon manat təşkil edib. Sənayedə 16.7 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 7.9 faiz çox məhsul istehsal olub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 7.3 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi 66.5 faiz təşkil edib. Cari ilin 9 ayında rayonda ümumilikdə 2044 yeni iş yeri açılıb, onlardan 1601-i daimi iş yerləridir.
Rayonun nəqliyyat, telekommunikasiya sahələrində ciddi işlər görülüb. Sahibkarlığın inkişaf etdirilməsi istiqamətində görülən işlər müsbət nəticələr verib.
Qeyd edək ki, 2015-ci il Prezident İlham Əliyev tərəfindən “Kənd təsərrüfatı ili” elan edilib. Bununla əlaqədar sahibkarlar və fermerlərlə söhbətlər aparılıb və onlara ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin icrasında yaxından iştirak etmək, ekoloji təmiz məhsulların istehsalı üçün əkin sahələrindən səmərəli istifadə etmək və məhsuldarlığın artırılmasına nail olmaqla bağlı tövsiyə və məsləhətlər verilib. Bununla əlaqədar rayonda yeni “Gilan arqo-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır, hazırda 15 hektar ərazidə “Gilan Agro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən “Hallabong” sitrus meyvəsinin ağacları əkilib. Gələcəkdə təsərrüfat daha da genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcəkdir. O, cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaqdır. Bu işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı təyinatı üzrə dövriyyəyə qatılacaq və bu da əlavə 2 min daimi iş yerinin yaranmasına imkan verəcəkdir. Eyni zamanda rayonda sahibkarlığın inkişafına təkan verəcəkdir.
Ümumilikdə rayon ərazisində 566 hektar çay sahəsi mövcuddur ki, bunun da 454.4 hektarı fermerlər və sahibkarlar tərəfindən yeni salınmış çay sahələridir. Lənkəran çayına tələbat isə hər il artır. Bu çay keyyfiyyəti ilə seçilir. Bunu xarici qonaqlar və mütəxəssislər də qeyd edir. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq bu yaxınlarda cənub bölgəsinə səfər edib. İcra rəsmiləri ilə görüşdən sonra səfir bir sıra sənaye müəssisələrinə baş çəkib. Səfərin məqsədi paytaxtla yanaşı bölgələrin hazırkı durumu ilə əyani tanışlıq olub. Avropa standartlarına uyğun qurulmuş süd məhsulları istehsal edən müəssisədə texnoloji proseslərin müasirliyi səfirdə xoş təəsürüt yaradıb.
İrfan Siddiq zavodda istehsal olunan dondurma məhsullarının dadına da baxıb. "Burda olduğum müddətdə mənim imkanım oldu ki, xüsusi dad tama malik Lənkəran çayını dada bilim. Baxmayaraq ki, Böyük Britaniya əhalisi çox çay içir amma bizim çay becərmə imkanlarımız yoxdur. Yaxşı olar ki, Lənkəran çayının marketinqini və satışını təşkil edək, bu sahədə rayonla əməkdaşlıq edək", səfir deyib.
Lənkəran rayonunda çay sahələrindən başqa, sahibkarlar meyvə bağlarına da maraq göstərirlər. Artıq 14 hektarda yeni meyvə bağları salınıb, 20 hektarda bərpa işləri aparılıb. Cari ildə rayonda 108 hektar sahədə çəltik əkini keçirilib və 315 ton məhsul toplanıb. Bu məhsullar rayonun kənd təsərrüfatı məhsulları ilə təchizatında mühüm rol oynayır, sahibkarlığın inkişafına öz töhvəsini verir. Kənd təsərüfatının inkişafı sahibkarlıq subyektlərinin maliyyə dəstəyini də artırır.
Lənkəran rayonun böyük turizm potensiyalı da var. Bunu avqustda Lənkəranda olan ABŞ səfiri də qeyd edib. "Əməkdaşlıq üçün ən önəmli sahə turizmdir. Lənkəran, Astara, ümumiyyətlə bu bölgənin təbiəti olduqca gözəldir. Turizm üçün böyük potensialı olan bir ərazidir. Mən də Britaniya səfiri olaraq bu işdə - bölgənin turizm imkanlarının tanıtımında yardımçı olacağam",- səfir deyib.
Səfir öz ölkəsinin vətəndaşlarına bu bölgənin turizm üçün əvəzsiz olduğunu çatdıracağını deyib.
Lənkəran rayonun sahil xəttinin əsas xüsusiyyətlərindən biri də qeyri-adi müalicəvi xassələrə malik olan qara qumdur. Rayonun Haftoni zonası öz tarixi obyektləri və “Lənkəran” müalicə zonası ilə məşhurdur və burada istirahət edənlərin Haftoni meşələrində yerləşən müalicəvi qaynaqlardan İstisu suyunun əsasında dolğun müalicə kursu keçmək imkanı var. Nərimanabad zonası Sara yarımadasının ərazisində yerləşib. Onu bir tərəfdən Xəzərin suları yuyur, digər tərəfdən isə Qızılağac qoruğunun meşəlik zonası örtür. 1956-cı ilədək bura xüsusiləşdirilmiş ada olmuşdur, lakin sonradan materikdə onunla Liman şəhəri arasında Saranın statusunu əhəmiyyətli dərəcədə dəyişmiş torpaq bənd qurulmuşdur. Bu gün bu yerlər sıx şəkildə meşə ilə örtülüb və ekoturizm həvəskarlarının böyük marağına səbəb olub. Bu üstünlüklər sahibkarları rayonda yeni turizm obyektlərini istifadəyə verməyə həvəsləndirir. Şübhəsiz ki, Lənkəranda ilin istənilən vaxtı istirahət etmək maraqlıdır. Bu da sahibkarlara imkandan maksimum yararlanmağa imkan verir. Təmiz hava və gözəl təbiət bol görməli yerlərlə və yerli sakinlərin qonaqpərvərliyi ilə birləşdikdə hər il dünyanın hər yerindən turistləri buraya cəlb edən həmin başlıca amil hesab olunur. Sahibkarlar da bunları nəzərə almalıdırlar.
Qeyd edək ki, son
illərdə xarici ölkələrdən
və ölkəmizin iri sənaye mərkəzlərindən
gələn insanlarda təbii kənd evində
yaşayıb istirahət etmək meyli var və onlar kənd həyatını
yaşamaqla, öz
sağlamlıqlarını qorumaqla
yanaşı, bir müddət şəhər
mühitindən (şəhərin gündəlik səs –
küyündən) uzaqlaşmaq istəyirlər.
Azərbaycanın kənd yaşıl turizmində əsas yerləşdirmə
vasitəsi kimi fərdi yaşayış
evlərindən istifadə edilir. Cənub
regionunda kənd təsərrüfatı
və yol infrastrukturunun
inkişafı, yüksək şəraiti olan
kənd evlərinin olması və digər amillər burada kənd yaşıl turizminin
inkişafına geniş imkanlar
açıb. Lənkəran rayonlarının ayrı –
ayrı kəndlərində kənd yaşıl turizmi üçün əlverişli
olan xeyli fərdi ev var. Bu
evlərdən istifadə etməklə həm ev
sahiləri sahibkarlıq fəaliyyəti ilə məşğul
olub gəlir əldə edər. Kənd
turizmindən yararlanmaq istəyən qonaqlar isə ucuz qiymətə
yaxşı istirahət etmək imkanı qazanarlar.
Lənkəran rayonunun Haftoni (yeddi bulaq – deməkdir) qəsəbəsində də,
turistləri qəbul edib yerləşdirmək
və onlara müəyyən xidmətlərin
(yemək, rayonun görməli yerlərinə
səyahət, yerli sənətkarların
əl işləri ilə tanışlıq və s. göstərilməsi üçün
şəraiti olan fərdi evlər çoxdur. Turistlərə xidmət göstərə
biləcək fərdi ev sahiblərindən
biri Nəriman Hüseynov
deyir ki, kənd
yaşıl turizmi ilə bağlı fəaliyyət
göstərməsi üçün Turizm Nazirliyindən sertifikat
alıb. Ev sahibi bildirib ki, evində 12 – 15 turisti qəbul etmək imkanı var və onların istirahəti üçün hər cür
şərait yaradılıb: “Evdə turistlərin
yaşamaları və istirahəti üçün
bütün imkanlar var. Duş, mətbəx, yatacaq və istirahət otaqları işlək
vəziyyətdədir. Evin kirayə
haqqı adambaşına 10-15 manat
aralığındadır. Otaqlardakı adamların sayı çox olduqda qiymət də
aşağı düşür. Qiymət
10 manat olduqda səhər
yeməyini veririk. Səhər yeməyinə
bal, süd, yerli ev yumurtası, çay və çörək daxildir. Əgər turistlər milli
mətbəximizin yeməklərindən dadmaq
istəyirlərsə, xanımım onların istəyinə uyğun yeməkləri hazırlayır.
Hazırlanan xörəklərin qiymətləri müxtəlifdir.
Buraya hər xörəyin maya
dəyəri və cüzi xidmət
haqqı daxildir”. N. Hüseynov
deyir ki, bu qiymətlər həmin ərazidəki
istirahət mərkəzləri və otellərlə
müqayisədə 4 – 5 dəfə ucuzdur. “Mənim üçün
turistin xarici və yaxud, yerli olmasının heç bir əhəmiyyəti
yoxdur. Evimdə Amerikadan, Rusiya Federasiyasından və Belorusiyadan olan turistlər də olub. Lakin
onlar yerlilərlə müqayisədə çox
az olublar.
Bunun səbəbi turistlərdə
bu yerlər və xidmətlər barədə məlumatın
az olması və mənim kimi ev sahiblərində
turistləri cəlb etmək üçün müəyyən mexanizmlərə
malik olmamağımızdır”.
Göründüyü kimi Lənkəran rayonunda turizm sektorunun inkişafı və sahibkarların maliyyə yatıracağı önəmli
sahə var. Bu rayonun iqtisadi inkişafına töhvə verməklə
yanaşı, sakinlərin
işlə təminatında
və həyat şəraitinin yaxşılaşdırılmasına
səbəb ola
bilər.
Uç nöqtə.- 2015.- 17 dekabr.- S.9