Çoxpartiyalılıq
sistemi və insan hüquq və azadlıqları
Politoloqlar dünyada mövcud olan partiyaların ümumi və fərqli cəhətlərini təhlil etmək əsasında onları tiplərə ayırmağa çalışırlar. Partiyaların ilk təsnifatını XVIII əsrin ortalarında ingilis filosofu D.Yum vermişdir. Onun fikrincə, ümumi mənafe zəminində "mənafe partiyaları", bu və ya başqa liderə bağlılığına görə "affekt partiyaları" və ümumi prinsiplər əsasında yaranan "prinsip partiyaları" bir-birindən fərqləndirilməlidir.
"Politologiya" kitabında göstərilir ki, müasir politologiyada partiyaların klassik təsnifatı Dyuverje tərəfindən onun "Siyasi partiyalar" adlı əsərində verilmişdir. Onun işləyib hazırladığı binar təsnifata kadr və kütləvi partiyalar daxil idi. Onun fikrincə, kadr partiyaları "aşağıdakılarda"kı elektoral komitələrin və "yuxarılarda"kı parlament qruplarının təkamülünün məhsuludur (onun inamına görə, bu proses XIX əsrin ortalarından başlanmışdır). Deməli, bunlar notabl (cəmiyyətdəki vəziyyəti onlara siyasi həyatda nüfuzu təmin edən adamların) partiyalarıdır. Kadr partiyaların əksi olaraq, kütləvi partiyalar, Dyuverjenin təsnifatına görə, ikinci nəsil qurumlarıdır, onlar ümumi seçki hüququnun məhsuludurlar.
Dyuverje bu iki partiya növünü, həmçinin onların daxili strukturuna, o cümlədən vətəndaşı partiyaya bağlayan əlaqələrin tipinə görə də fərqləndirir. O, burada üç əsas konsentrik dairə görür: partiyanı özü üçün həyatın mənası, kilsə kimi bir şey hesab edən fəallar dairəsi; üzvlük haqqı verən və qeydiyyat vərəqləri olan, partiyanı özü üçün təşkilat hesab edən partiya üzvləri dairəsi; tək-tək hallarda mitinqlərdə iştirak etməklə və partiyanın namizədlərinə səs verməklə kifayətlənən təəssübkeşlər və seçicilər dairəsi. Əgər bir tərəfdən partiya üzvləri və onun seçiciləri, digər tərəfdən isə fəallarla partiya üzvləri arasındakı riyazi nisbəti nəzərdən keçirsək, onda seçicilərin sayına münasibətdə partiya üzvlərinin və aydındır ki, fəalların partiya üzvlərinə münasibətdə nisbəti nə qədər çox olsa, partiya bir o qədər kütləvi şəkil alır və əksinə, partiyaya səs verənlərlə müqayisədə partiya üzvlərinin sayı nə qədər az olursa, partiya bir o qədər kadr partiyası xarakteri alır.
Sonradan Dyuverje öz təsnifatını bir qədər
təshih edərək, daha bir partiya tipini ora əlavə etdi.
Bu, orijinal
struktura malik olan "bilvasitə" partiyalardır. (Britaniya
leyborist partiyası belə bir partiyadır. Belə ki, müvafiq həmkarlar ittifaqının
üzvü olan şəxs, əgər etiraz etmirsə, onda
avtomatik olaraq həmin partiyanın üzvü olur).
Daha sonra Dyuverje partiyaları başqa əlamətinə
görə də təsnif etməyi tövsiyə etdi. Onun fikrincə,
güclü və zəif struktura malik partiyaları bir-birindən
fərqləndirmək lazımdır. O yazır ki, məsələn,
Britaniya Mühafizəkarlar Partiyası kadr partiyası,
Leyboristlər isə "bilavasitə" partiyadır. Lakin hər iki partiyanın daxili intizamına əsasən
onun parlamentdəki deputatları həmin partiyanın deputat
qrupunun direktivlərinə tabe olmalıdırlar. Deməli,
bu partiyalar güclü struktura malik olan partiyalardır və
ya əksinə: ABŞ-da Demokratlar və
Respublikaçılar Partiyasının deputat üzvləri
Konqresdə demək olar ki, tam səsvermə
azadlığına malikdirlər. Bu mənada,
onlar zəif struktura malik partiyalardır (Burasını da qeyd
etməliyik ki, ciddi daxili intizamın olmaması, hətta
prezident Konqresdə əksəriyyətə malik
olmadığı hallarda da rejimin normal fəaliyyət
göstərməsini təmin edir).
Bir
sıra nüfuzlu politoloqlar (La Palombara və b.) hələ
60-cı illərdə Dyuverjenin öz binar təsnifatına
etdiyi əlavələrlə razılaşmayaraq, belə hesab
edirdilər ki, XX əsrin sonlarında kadr partiyalarını
arxaik, kütləvi partiyaları isə mütərəqqi modelə aid etmək olmaz.
"Politologiya" kitabında qeyd edildiyi kimi, əksər
müasir partiyalar kütləvi partiya deyildirlər (hərçənd
ki, seçkilər zamanı kifayət qədər səs
toplayırlar), onların həm üzvlərinin, həm də
fəallarının sayı azdır. Bunu nəzərə
alaraq, La Palombara və Vayner (ABŞ) üçüncü
partiya tipini ayırdılar və onu "hamını əhatə
edən partiya" adlandırdılar. Bu,
ideologiyasızlaşdırılmış proqramın köməyi
ilə müxtəlif sosial və peşə mənsubiyyəti,
yaxud etnik mənşəyi olan daha çox seçicini səfərbər
etməyə can atan "beynəlsinfi partiyalardır"
(Fransa Demokratiyası Uğrunda İttifaq, italyan
demoxristianları). Belə partiyaları
"seçici partiyaları" da adlandırırlar.
Buradan çıxış edən fransız J.Şarlo
amerikalı C.Sartori ilə birlikdə partiyaların öz təsnifatını
təklif edir: notabl (kadr) partiyaları; kütləvi partiyalar;
seçici partiyaları.
S.Koen isə
tamamilə başqa ölçülərdən
çıxış edərək, partiyaların öz təsnifatını
irəli sürür: 1. Siyasi avanqard olan partiya; 2. Seçki
kampaniyasında iştirak etmək üçün
yaradılan partiya; 3. "Parlament" partiyası; 4.
"icma-partiya" (yaxud "klub-partiya"). Ədəbiyyatın
təhlili göstərir ki, siyasi partiyaların təsnifatını
verməyə çalışan müəlliflərin
sayını daha da artırmaq olar. Bunu nəzərə
alaraq, ayrı-ayrı müəlliflərin fikirlərini
ümumiləşdirmək əsasında siyasi partiyaların
təsnifatını aşağıdakı əlamətlərə
görə təqdim edirik:
1. Sinfi əlamətə
görə: sinfi, siniflərarası partiyalar, sosial
qrupların partiyaları.
2. Təşkilati
strukturuna görə: kadr partiyaları və kütləvi
partiyalar. Bu əlamətə görə, bəzən
"sərbəst üzvlüyü olan partiyaları" da
ayırırlar. Burada bu və ya başqa
partiya mənsubiyyəti seçkilər zamanı onun namizədinə
səslərin verilməsinə əsasən müəyyən
olunur. Buna əsasən Qərbdə
açıq və qapalı partiyaları bir-birindən fərqləndirirlər.
Bundan əlavə, burada təşkilati
quruluşuna görə mərkəzləşdirilmiş
(vahid rəhbər mərkəzi, proqramı, partiya intizamı
olan) mərkəzləşdirilməmiş partiyaları
ayırırlar.
3. Siyasi
sistemdəki yerinə görə: leqal və qeyri-leqal
partiyalar.
4.
İdeoloji əlamətinə görə: inqilabçı,
islahatçı, mühafizəkar, irticaçı partiyalar.
Deyilənlərdən
əlavə, partiya rəhbərliyi təsisatına görə
aşağıdakı partiyaları ayırmaq olar: 1. Kollektiv
rəhbərliyi olan; 2. Lider başda olmaqla kollektiv rəhbərliyi
olan; 4. Harizmalı rəhbəri olan partiyalar.
Yaxın
keçmişimizin təcrübəsini əsas
götürmüş olsaq, onda Qərb alimlərinin daha bir təsnifatı
ilə də tanış olmaq pis
olmazdı. Qərbdə bəzi alimlər
demokratik və totalitar partiyaları fərqləndirməyi təklif
edirlər. Bu zaman aşağıdakı üç əlamət
əsas kimi götürülür:
1.
Partiyadaxili həyat. Partiya
üzvlüyünü rəsmiləşdirən, ciddi
intizamı olan, heç bir fraksiyası olmayan, fikir
ayrılığına, azlıq və çoxluq
bölgüsünə yol verməyən, öz fəaliyyətində
ideoloji amilə böyük əhəmiyyət verən
partiyalar bu halda totalitar partiya hesab olunur.
2.
Partiyanın cəmiyyətə münasibəti. Totalitar partiyalar, bir qayda olaraq, siyasi hakimiyyət
uğrunda mübarizə dövründə mövcud
quruluşdan narazı olanların hamısını birləşdirir,
hakimiyyəti ələ alandan sonra isə başqa partiyaları
siyasi səhnədən götürür, bütün sinifləri
və qrupları öz məqsədlərinə tabe etməyə
can atırlar.
3. Siyasi həyatın
ayrı-ayrı ünsürlərinə partiyanın
münasibəti, ilk növbədə dövlətin partiyaya
tabe etdirilməsi.
"Politologiya" kitabında göstərilir ki, ictimai
quruluşun xarakterindən, sosial-iqtisadi, mənəvi və ən
başlıcası, siyasi inkişaf səviyyəsindən,
demokratik ənənələrin möhkəmliyindən
asılı olaraq, siyasi sistemdə fəaliyyət göstərən
partiyalar bu və başqa partiya sistemini əmələ gətirirlər. Partiya sistemi cəmiyyətdə
leqal fəaliyyyət göstərən, bir-biri ilə
qarşılıqlı asılılıqda və təsirdə
olan, hakimiyyəti ələ almağa, onu saxlamağa və həyata
keçirməyə çalışan partiyaların
birliyidir. Siyasi sistem daxilində partiya
sazişləri və partiya koalisiyaları mövcud olur.
Partiya sisteminə daxil olan partiyalar ümumi
prinsipləri rəhbər tutur və onlara (hətta bəzən
onları bəyənməsələr də) əməl edirlər.
Bu və ya başqa partiya sistemi ona daxil olan
partiyaların mübarizəsinin və əməkdaşlığının
ümumi prinsiplərinə görə fərqlənir.
Politologiyada
partiya sistemlərinin aşağıdakı dörd əsas
tipi qeyd olunur:
1.
Burjua-demokratik partiya sistemi;
2.
Faşist partiya sistemi;
3.
Avtoritar partiya sistemi;
4.
Sosialist partiya sistemi.
Qeyd olunan partiya sistemlərinin hər birinin
özünün səciyyəvi cəhətləri vardır. Belə ki, məsələn,
burjua-demokratik partiya sisteminin əlamətləri
aşağıdakılardır; cəmiyyətdə hakimiyyət
uğrunda daim leqal mübarizə aparılır; hakimiyyətin
mənbəyi ümumxalq seçkiləridir; hakimiyyət
parlament əksəriyyəti olan partiya, yaxud partiyalar qrupu tərəfindən
həyata keçirilir; leqal müxalifət mövcuddur;
sistemin bütün partiyaları arasında elementar qaydalara əməl
edilməsi barəsində razılıq əldə edilir.
Qərbin demokratik partiya sistemləri çərçivəsində
ikipartiyalı, çoxpartayalı və "iki yarım
partiya" sistemlərini ayırmaq olar.
Politoloqlar
müasir bipartizmin (ikipartiyalı sistemin) spesifikliyini onun
üç cəhətində görürlər: o,
birbaşa ümumi seçkilərdə partiyaların birinin
parlamentdə yerlərin əksəriyyətinə sahib
olmasını avtomatik surətdə təmin edir, öz
növbəsində, parlament çoxluğu bütün
legislatura müddətində hökumətə fəaliyyət
göstərmək imkanı verir, nazirlər kabinetinin
sabitliyini təmin edir və dövlət hakimiyyətini möhkəmləndirir.
O, seçicilərin təmsilçiliyini daha tam təmin edir,
habelə dövlət başçısı seçmək
üçün keçirilən paralel seçkilərə
xərclənən vəsaitə qənaət etməyə
imkan verir.
Bipartizm
ABŞ, İngiltərə, Avstraliya və s. ölkələrə
xas olan sistemdir. Bu sistemdə, adətən
homogen partiyalar bir-biri ilə bəhsləşirlər.
"Politologiya" kitabında göstərilir ki,
çoxpartiyalı (plyuralist) sistemdə neçə
partiyanın iştirak etməməsindən asılı
olmayaraq, artıq üçüncü partiyanın olması
həmin partiyaların hər hansı birinin parlamentdə
mütləq əksəriyyətə nail olması və onu
uzun müddət öz əlində saxlamasına imkan vermir. Burada hökumət
partiyaları adlanan partiyalar, hətta elektoratın xeyli hissəsi
üçün məqbul olan proqrama malik olmuş olsalar da,
yenə də müstəqil idarə edə bilmir və
hökumət koalisiyasında iştirak etməli olurlar.
Bu sistemdə elə partiyalar olur ki, onlar heç də hakimiyyəti
ələ almağa can atmır və müxalifətdə
qalmağa üstünlük verir (bipartizm şəraitində
bu cür müxalifətdə qalan partiya dərhal
marginallaşır. Çoxpartiyalı sistemdə
isə bu, çox səmərəli üsul hesab olunur).
Çoxpartiyalı sistemdə, adətən heterogen
partiyalar bəhsləşirlər. Nəhayət, "iki
yarım partiya" sistemi, adətən bipartizmlə
çoxpartiyalılıq arasında keçid variantı kimi
çıxış edir. Onun yalnız özünəməxsus
bir xususiyyəti vardır: burada əgər iki əsas partiya
ilə yanaşı, üçüncü bir partiya da ortaya
çıxırsa, onda o, həmin partiyalardan birinin qələbəsini
və deməli, həm də hökumət
koalisiyasının konturlarını müəyyən edir.
Qərbdə deputat yerlərinin bölüşdürülməsi
göstəricisinə əsasən burjua-demokratik partiya sistemlərinin
daha bir təsnifatını verirlər. Bura daxildir: majoritar
(parlamentdə mütləq əksəriyyətə malik olub,
hökumət təşkil etmək hüququ olan) partiyanın
hakim olduğu partiya sistemi; deputat yerlərinin nisbi əksəriyyətinə
malik olan əsas partiyanın iştirak etdiyi partiya sistemi; nəhayət,
minoritar partiyaların koalisiyasına arxalanan partiya sistemi.
Vahid
ÖMƏROV
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 17 dekabr.- S.15.