Azərbaycanın qədim siyasi fikrində insan hüquq və azadlıqlarının ədalətli müdafiəsi problemi

 

Siyasi mif yaradıcılığı Azərbaycan xalqının qədim əfsanələrindən biri olan "Zərdüştnamə" eposunda xüsusi parlaqlığı ilə əks olunmuşdur. Əsas ideyası insanları real həyatdan təcrid etməkdən deyil, onlar üçün indiki və gələcək cəmiyyətdə xoşbəxtlik yaratmaqdan ibarət olan "Zərdüştnamə" özündə Zərdüştün əməllərini ehtiva edir. Mif qədim azərbaycanlıların həyat tərzini və zərdüştiliyin ideologiyasını əks etdirir. Dinc quruculuq işlərinin təsviri və təsərrüfatı qorumağa qadir olan güclü hakimiyyət ideyası eposda mühüm yer tutur. Mifdə Azərbaycanın qədim sakinlərinin ictimai quruluşu və mədəniyyəti haqqında məlumatlar vardır.

"Zərdüştnamə"də dini-fəlsəfi, etiksosial-siyasi görüşlər ifadə edilmişdir. Bunlar Zərdüştün cəmiyyətə və ictimai həyata, onun ayrı-ayrı sahələrinə və hadisələrinə baxışlarından ibarətdir. O, əfsanədə dinin yeganə banisi və peyğəmbər kimi təqdim olunur. Mifin məzmunundan aydın olur ki, Zərdüşt uzun illər həqiqət axtarışında olmuşdur. Bundan başqa, o, bir çox zorakılıqların və ədalətsiz müharibələrin canlı şahidi kimi təsvir olunur. Özünün zəifliyini dərk edən Zərdüşt ədalətə meyil etmişdir ki, əxlaq qanunları həm güclülər, həm də zəifiər üçün eyni səviyyədə müəyyən edilsin.

Nəhayət, bunun nəticəsində dinclik, sakitlikqayda-qanun zəfər çalsın, hər yerdə ədalət bərpa olunsunhökm sürsün, hamı rahat və xoşbəxt həyat sürsün.

Qədim Azərbaycan folklorunun ilk nümunələrindən biri Midiya əfsanələridir. Herodotun "Tarix" kitabında qorunub saxlanan bu əfsanələr içərisində "Astiyaq" haqqında mif xüsusilə diqqətəlayiqdir.

Astiyaq Midiyanın taleyini düşünən, onun qayğıları ilə yaşayan hökmdardır. İlk vaxtlar ölkəni ədalətlə idarə edən Astiyaq, körpə qız nəvəsini məhv etmək üçün yollar düşünür. Günahsız körpə öldürülmək üçün əldən-ələ keçir, lakin sağ qalır və hər bir tədbiri gələcək fəlakətlər üçün zəmin hazırlamağa xidmət edirdi. Bir-birinin ardınca törədilən cinayətkar əməllər həmin fəlakəti daha da yaxınlaşdırdı. Öz nəvəsinin xilas olması da Astiyaqın pis əməllərinin qarşısını, ala bilmir. Əksinə, Astiyaq Harpaqı öz oğlunun ətini yeməyə məcbur edir. Beləliklə, cinayətə cinayətlə cavab verilir.

Ədalətsizliyin yerini zalımlıq və qəddarlıq tutur. Belə ki, Astiyaqın Harpaqa qarşı qəddar, qeyri-insani xəyanət işlətməsi, müqabilində Harpaq da ona daha ciddi bir cinayətlə amansızlıq və cəlladlıqla əvəz qaytarır. Harpaq Astiyaqın ən çox qorxduğu hadisənin baş verməsini təşkil edir, onun bas verməsini sürətləndirir və onu başa çatdırır.

Astiyaq quldarlıq dövlətinin hökmdarı kimi əlində olan hüdudsuz ixtiyardan, qeyri-məhdud hakimiyyətdən istifadə edib, insanlıq baxımından heç cur bağışlanıla bilməyəcək və hec bir çərçivəyə sığmayan cinayət törədır. O, ataya öz övladının ətini yedizdirir. Bu ədalətsizliyin və qəddarlığın son həddidir. Əfsanənin yaradıcısı inandırıcı şəkildə göstərir ki, belə qəddarlığın və haqsızlığın hökm sürdüyü bir dövlət yaşamağa qadir deyil. O, məhvə məhkumdur. Ataya öz övladının ətini yedizdirən hökmdar gec-tez ağır cəzanı almalıdır.

Harpaqın düşmən tərəfə keçməsi, Mandananın oğlu Kuruşu Midiya taxt-tacına sahib olmağa çağırması, döyüş zamanı ona tərəfdar çıxması Astiyaqın çirkin əməllərinin qanunauyğun nəticələri kimi təzahür edir. Deməli, Astiyaq olan yerdə Harpaq da olmalıdır. Bu eyniqütblü insan dualizmi yalnız ədalətsizliklər və qəddarlıqlar törətməyə qadirdir.

Əfsanənin məzmunundan doğan mənaya görə, əslində Midiyanın məhvinə səbəb olan KuruşHarpaq deyil, ilk növbədə Astiyaqın özü, onun çirkin əməlləri, cinayətləri, qəddarlığı və qeyri-insani hərəkətləridir. Tarix şəhadət verir ki, ədalətsizliyin hökmranlıq etdiyi cəmiyyətlərin sonu faciə ilə bitib. Əfsanənin sonunda Astiyaq Harpaqı vətəni satmaqda, Midiyanı iranlıların köləsinə çevirməkdə, sərsəmlikdə təqsirləndirsə də, əfsanədən irəli gələn ideyaya görə yenə onun özü bütün baş verənlərdə əsas təqsirkar qismində təqdim edilir.

AstiyaqHarpaq öz zəmanəsinin hökmran ideologiyasını, onun mənəviyyatını və əxlaqını əks etdirən mifık obrazlardır. Onlar müxtəlif keyfiyyətlərinə görə bir-birini tamamlayır, cəmiyyətə xas olan spesifık xüsusiyyətləri açıb göstərirlər. Əfsanədə ötəri də olsa xalq nümayəndələrinə - çoban Mitridata, onun arvadı Spakoya və onların timsalında sadə zəhmət adamlarına rəğbət ifadə edilmişdir.

Beləliklə, Azərbaycan folklorunun ictimai-siyasi istiqamətdə təhlilindən aydın olur ki, sosial ədalətlə bağlı fikirlər ulu əcdadlarımızı dərindən düşündürmüşdür. Həmin fikir və ideyaların bir çoxu mifik obrazların dili ilə ifadə olunsa da, bunlarda xalqımızın ən qədim zamanlardan başlayaraq, böyük arzu və istəkləri öz parlaq əksini tapmışdır. Folklor şəhadət verir ki, xalqımızın haqsevərliyi, ədalətə meyilliyi və zülmə, zorakılığa nifrəti çox qədim köklərə malikdir. Bu, Azərbaycan xalqının insanpərvərliyinin, yüksəlmək əxlaqiliyinin və zəngin mənəviyyata malik olmasının ən bariz nümunəsidir.

Azərbaycanda III-V yüzilliklərdə kəndli təbəqəsinin daxilində baş vermiş mülki bərabərsizlik onların bir qisminin varlanmasına və xırda mülkədarlara çevrilməsinə səbəb olmuşdur. Ölkədə baş verən siyasi hərc-mərclik, hakimiyyətin Sasanilərə tabe etdirilməsi, dini mübarizə yoxsulların sayını daha da artırmış, feodalların isə varlanmasına şərait yaratmışdır. Belə sosial-iqtisadisiyasi şəraitdə İranda hakimiyyətə gəlmiş Sasani sülaləsi mərkəzdən asılı olsa da, lakin müəyyən daxili müstəqilliyə malik olan dövlət quruluşlarını məhv etmişdi. İşğal olunmuş ərazilərdə yaradılmış əyalətlər Sasani şahlarının təyin etdikləri nümayəndələr tərəfindən idarə olunurdu. Azərbaycan da belə əyalətlərdən biri idi. Azərbaycanda canişin hakimiyyəti (canişinlik) yaradılmışdı.

Bu dövrdə ideoloji mübarizə müxtəlif dini cərəyanların oz aralarında, yaxud hökmran ideologiyaya qarşı bidətçilik (yeretik hərəkat) hərəkatı formasında təzahür edirdi. Qeyd etmək lazımdır ki, bidətçilik hərəkatları təkcə zəhmət adamlarının hakim feodallar təbəqəsinə qarşı mübartzəsinin təzahürü deyil, həm də yadelli işğalçılar əleyhinə sosial etirazların bir forması idi.

IV yüzillikdə Ön Asiyada, o cümlədən İranın siyasi təsiri altında olan ölkələrdə xristianlıq dini yayılmağa başlamışdı. Xristianlar Sasani imperiyası ilə müharibə aparan Romanın tərəfdarları kimi qəbul edildiklərinə görə sasanilər xristian dininə mənfi münasibət bəsləyirdilər. Ona görə də Sasanilər bir tərəfdən zərdüştiliyin və artıq onun ehkamına çevrilmiş atəşpərəsliyin mövqeyini dövlət dini kimi möhkəmləndirir, digər tərəfdən isə yayılmaqda olan xristianlığa qarşı mübarizə apırırdılar. Belə şəraitdə Azərbaycanda müxtəlif monist ideyalar meydana çıxırdı. Həmin ideyalarda zərdüştilik dualizmindən fərqli olaraq vahid əsas (vahid başlanğıc) təbliğ olunurdu.

Azərbaycanda Sasanilərin hökmranlığı dövründə bidətçilik cərəyanı kimi inkişaf edərək kütləvi ictimai-siyasi hərəkata çevrilən cərəyanlardan biri manilikdir. Bu ictimai-siyasi hərəkatın banisi və rəhbəri Mani 215-ci ildə Cənubi İkiçayarasında adlı-sanlı İran mənşəli arşakilər nəslinə mənsub ailədə doğulmuşdur. Zərdüştilikdən xeyli sonra yayılmağa başlayan bu dini-fəlsəfi təlim digər dinləri, o cümlədən atəşpərəstliyi də əvəz etməli və ümumdünya dininə çevrilməli idi.

Maninin təlimi dərin sinkretik səciyyə daşımış, ona bütün dinlərin vahid dinlə əvəz edilməsi ənənəsi xas olmuşdur. Bu təlim özündə zərdüştiliyin, zərvaniliyin, xristianlığın və buddizmin ideyalarını birləşdirirdi.

Maninin təliminə görə dünyada xeyirlə şər, işıqla qaranlıq arasında əbədi mübarizə gedir. Dünya şeytan əməlləri ilə doludur. İnsan, ilk növbədə şər ünsürlərdən azad olmalıdır. Feodal üsul-idarəsinin ədalətsizliyinə və qəddarlığına etiraz əlaməti olaraq həmfikirlərini və yoxsul kütlələri şər qüvvələrdən uzaqlaşmağa çağıran Mani mövcud siyasi quruluş əleyhinə fəal mübarizə aparmağa üstünlük verirdi. Onun təlimi cəmiyyət fəaliyyət göstərən qanunları ədalətsiz və yararsız hesab edirdi. Ədalətsizlik ondan ibarət idi ki, mövcud qanunlar ancaq hakim təbəqənin mənafelərinə xidmət edir, cəmiyyətdəki tarazlığı pozurdu.

Maniliyin sosial-siyasi ideologiyasına görə o cəmiyyətdə mövcud olan əmlak bərabərsizliyi və istismar ən böyük ədalətsizliklərdən biri idi. Sosial bərabərlik, maddi nemətlərin insanlar arasında bərabər bölgüsü, zorakılığın və özbaşnalığın aradan qaldırılması maniliyin əsas çağırışı olmuşdur.

Manilik ictima-siyasi hərəkat kimi mövcud dövlət hakimiyyətinə və ədalətsiz quruluş əleyhinə yönəldiyinə görə həmişə amansız təqiblərə məruz qalmışdır. Ona görə də malnilik təliminin ardıcıllarına dəhşətli divan tutulmuş, Mani özü isə 276-cı ildə boynu vurulmaqla edam edilmişdir.

Sasanilərin müharibələri, kəndli torpaqlarının hesabına iri feodal mülklərinin yaranması və kəndlilərin feodallardan tam asılı vəziyyətə salınması cəhdləri ölkədə ictimai hərəkatın genişlənməsinə şərait yaratmışdı. 481-529-cu illəri əhatə edən ictimai hərəkata Məzdək Bəmdad oğlu başçılıq edirdi.

Sasani zülmünə və yerli feodallara qarşı baş vermiş məzdəkilik hərəkatı erkən orta əsrlərin ən mühüm ictimai-siyasitarixi hadisələrindən biridir. Maniliyin təsiri altında yaranmış bu hərəkat özünəməxsus spesifik xüsusiyyətlərə və fəaliyyət proqramına malik olmuşdur.

Məzdək təliminin əsas müddəası ədalətli cəmiyyət yaratmaqdan, insanlar arasında əmlak bərabərliyinin bərqərar olmasına nail olmaqdan ibarət idi. Mahiyyətinə görə, o zamankı quruluş şəraitində reallaşması qeyri-mümkün olan bu müddəa erkən orta əsrlərdə səslənən sosial utopiyanın ilkin təsəvvürlərindən birini xatırladır. Məzdək ədalətli cəmiyyət qurulmasının insanların əmlak bərabərliyinə nail olunmasının başlıca yolunu mübarizədə görürdü.

Məzdəkilik təliminə görə, cəmiyyətdə sosial tarazlığın pozulmasının başlıca səbəbləri əmlak bərabərsizliyindən, sosial bərabərsizlikdən, xalq kütlələrinə qarşı edilən zülm və zorakılıqdan, əhalinin feodallar tərəfındən amansızcasına qarət olunmasından və ədalət şərtlərinin pozulmasından ibarətdir. Bütün bunların nəticəsidir ki, insan cəmiyyəti içərisinə düşmənçilik toxumu səpilmiş, ədalət hissləri aradan qalxmış, insanlıq əleyhinə cinayətlər baş qaldırmışdır.

Məzdəkilərin tələbinə görə, bütün sosial bəlaların aradan qaldırılması üçün xüsusi mülkiyyət ləğv edilməli və feodallara məxsus olan sərvətlər hamının ararsında bərabər surətdə bölüşdürülməlidir. Yəni cəmiyyət üzvlərinin bütün əmlakı ictimailəşdirilməklə ümumi elan olunmalı, əmlakın vərəsəlik yolu ilə keçməsi aradan qaldırılmaqla vərəsəlik hüququ da ləğv edilməli və sosial bərabərlik bərqərar olunmalıdır. Məzdəkilik təlimi bunu ədalətin bərpası, təntənəsi kimi qiymətləndirirdi. Məzdəkilik hərəkatının kütləvi xarakter almasının səbəbini Nizamülmülk aşağıdakı mülahizəsində aydın şəkildə ifadə etmişdir: "... camaat uzaqdan-yaxından Məzdəkə qoşulur, mal-dövlətlərini birləşdirir və bölüşdürürdülər. Çünki Məzdək deyirdi ki, malı adamların arasında birləşdirib bölüşdürmək lazımdır, hamı Allah-Taalanın bəndəsi, Adəmin övladlarıdır, bir-birirlərinin malını xərcləməlidirlər ki, heç kəs azuqəsiz qalmasın. Hamının vəziyyəti eyni, imkanları bərabər olmalıdır".

Nizamülmülkün bu mülahizəsi bir daha təsdiq edir ki, məzdəkilik təlimi ədalət prinsiplərinə söykənən cəmiyyətin təşəkkülünü əmlak bərabərliyində və sosial bərabərlikdə, maddi nemətlərin cəmiyyət üzvləri arasında (təbəqəsindən asıolmayaraq) bərabər bölüşdürülməsində görürüdü.

Vahid Ömərov

Səs.- 2015.- 19 dekabr.- S.15