Azərbaycan-Çin əlaqələrində
mühüm addım
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu rəsmi səfəri zamanı imzalanmış müqavilələrin və qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində mühüm addım atılıb. Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olub. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti səviyyəsində Çin Xalq Respublikasına birinci rəsmi səfərdir. Səfərin təşkilində əsas məqsəd Azərbaycan-Çin Xalq Respublikası əlaqələrinin daha da inkişaf etdirilməsi, konkret istiqamətlər üzrə sistemli müştərək layihələrin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası 1977-ci ildən müstəqil ali elmi təşkilat kimi fəaliyyət göstərən ölkənin ən böyük elmi-tədqiqat qurumlarından biridir. İctimai Elmlər Akademiyasında 41 elmi-tədqiqat institutu və elmi mərkəz fəaliyyət göstərir. O cümlədən, burada beynəlxalq əlaqələr sahəsində 8, iqtisadiyyat üzrə 8, siyasət sahəsinə aid 5, tarix üzrə 5, ədəbiyyat üzrə 3, marksizm təliminə dair 2 elmi-tədqiqat institutu və digər elmi-təşkilati qurumlar əsasında araşdırma işləri aparılır.
Azərbaycan nümayəndə heyətinin üzvləri - Milli Elmlər Akademiyasının vitse-prezidentləri, akademik, millət vəkili İsa Həbibbəyli, akademik İbrahim Quliyev, İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Nərgiz Axundova, Tarix İnstututunun direktoru, müxbir üzv Yaqub Mahmudov, Beynəxalq Əlaqələr İdarəsi rəisinin müavini Zərifə Əliyeva Çin Elmlər
Akademiyasının strukturu, fəaliyyəti, təcrübəsi ilə, burada keçirilən islahatlarla yaxından tanış olublar. Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilmiş görüşdə nümayəndə heyətinin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək təşkil olunan səfərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb.
Azərbaycan nümayəndə heyətinin üzvləri Böyük Çin Səddini də ziyarət ediblər. Azərbaycan Milli Elmlər Akademiyası ilə Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsinin 2016-cı ilin birinci yarısında imzalanması qərara alınıb.
RƏFİQƏ HÜSEYNOVA
Səs.-
2015.- 19 dekabr.- S.10