Metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı istifadəyə
verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışında iştirak edib. Dövlətimizin başçısı yeni çıxışın rəmzi açılışını bildirən lenti kəsdi.
Baş nazirin müavini Abid Şərifov və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov görülən işlərlə bağlı Prezident İlham Əliyevə ətraflı məlumat verdilər. Qeyd edildi ki, “Nizami-Memar Əcəmi” buraxılış kompleksinə daxil olan “Elmlər Akademiyası” stansiyası bir çıxışla 1985-ci ildə istismara verilib. “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının tikintisinə qərar verilib və artıq inşaat işləri başa çatıb. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışı layihəyə əsasən, dörd çıxışlı yeraltı vestibüldən, 70,4 metr uzunluğunda maili tuneldən, 37 metr piyada və 26 metr uzunluqlarında keçid tunellərindən və yarımstansiyadan ibarətdir. Kompleksin ümumi sahəsi 4,3 min kvadratmetrdir. Stansiyanın ikinci çıxışında 7 müasir eskalator, piyada tunelində təhlükəsizlik kameraları quraşdırılıb. Kassa otaqlarında və digər yardımçı sahələrdə də işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Dövlətimizin başçısı “Elmlər Akademiyası” stansiyasının planına və görülən işləri əks etdirən fotostendə baxdı. “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışının istismara verilməsi Bakı Metropoliteni üçün əhəmiyyətli hadisələrdəndir. İkinci çıxışın tikintisində əsas məqsəd sərnişinlərin rahatlığı ilə yanaşı, onların təhlükəsizliyinin təmin edilməsidir. Metronun dərin özüllü yeddi stansiyasından biri olan “Elmlər Akademiyası”nın ikinci giriş-çıxışla təmin edilməsi Dövlət Proqramında da xüsusi bəndlə qeyd olunub. Stansiyanın dörd çıxışından ikisi AMEA-nın İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşir, digəri isə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətindədir.
Sonuncu çıxış Bakı Dövlət Universitetinə istiqamətlənib.
Xatırladaq ki, Bakı Metropoliteni fəaliyyət göstərdiyi 48
ildə böyük inkişaf
yolu keçərək 23 stansiya
və 34,6 kilometr yeraltı polad yolları əhatə edən geniş şəbəkəyə çevrilib. Metropolitenin
inkişafı xalqımızın ümummilli
lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi illərə təsadüf edir. Ulu Öndərin
ölkəyə ilk dəfə rəhbərlik
etdiyi dövrədək Bakı
Metropolitenində cəmi 6 stansiya
vardısa, 1969-cu ildən sonra
stansiyaların sayı 14-ə çatdırıldı, 21 kilometr metro xətti inşa edilərək istismara
verildi. Prezident İlham Əliyevin diqqət və
qayğısı nəticəsində son
illərdə metro tikintisinə ayrılan
vəsaitlər hesabına “Nəsimi”, “Azadlıq prospekti”, “Dərnəgül” stansiyaları və
“28 May” stansiyasının ikinci
çıxışı istismara verilib. “İçərişəhər” və
“Koroğlu” stansiyaları yenidən qurulub. Hazırda metronun
yeni stansiyalarının tikintisi
davam etdirilir. Bundan başqa, metropolitenin qatar parkı da yenilənir. Bakı Metropoliteninin
infrastrukturunun beynəlxalq standartlara
uyğun yenidən qurulması istiqamətində
görülmüş əhəmiyyətli
işlərdən biri də Diaqnostika Kompleksinin
yaradılmasıdır. Onu da deyək ki, “Elmlər Akademiyası” stansiyasının yeni giriş-çıxışlarının
üzərində müasir
dekorativ-memarlıq elementli konstruksiya
quraşdırılıb, ərazidə yerüstü
abadlaşdırma işləri həyata keçirilib.
Səs.-
2015.- 29 dekabr.- S. 3