Hüquqi dövlətdə yaradıcılıq azadlığın təzahür formalarından biri kimi

 

 

Hər bir yaradıcılıq azaddır, əgər belə olmasaydı, o, yaradıcılıq olmazdı, fərdiyyət aşkara çıxarılmazdı. Dünyanın ziddiyyətləri insan fikirlərinin səylərində kristallaşır, cəmləşir, "sıxlaşmış" şəkidə ifadə olunur. Yaradıcılıq fəaliyyətində tətbiq edilən, əməkdə cismaniləşən fikir bu ziddiyyələri ən səmərəli və dolğun şəkildə həll edir. Yaradıcılıq azadlığın sinonimi və zirvəsidir, buna görə də yaradan insanlar ən xoşbəxt insanlardır. İnsan həyatı nə qədər müxtəlif və rəngarəngdirsə yaradıcılıq da bir o qədər çoxcəhətlidir, hər bir əmək səyi özündə yaradıcı yanaşmanı, axtarışı və yeniliyi birləşdirir. Yaradıcılıq ünsürləri hər yerdə mövcüddür, çünki əmək həmişə sərvət istehsal edir, zənginlik yaradır və xidmət göstərir. Lakin elə fəaliyyət növləri də vardır ki, onlar xüsusi yaradıcı, məhsuldar fəaliyyətdir, yaratmaq, qurmaq onun əsasını və daxili mahiyyətini təşkil edir. Elmi tədqiqat, konstruktor fikri, ixtiraçılıq, rəhbər təşkilatçılıq fəaliyyəti, tərbiyə və nəhayət, bədii yaradıcılıq olmadan bir addım da irəli atmaq olmaz. Əlbəttə, istisnalar da vardır. Əbəs yerə deməmişlər ki, peşədə şair, poeziyada isə peşəkar olmaq olar. Elmdə pinəçi, incəsənətdə sətirdüzəldən, dramquraşdıran, pediqogikada müqəvva, idarələrdə qayğısız çinovnik olmaq halları az deyildir. Əlbəttə, bu adamlar layiq olmadan düşdükləri fəaliyyət sahəsini heç də səciyyələndirə bilməz.

V.Davidoviç göstərir ki, yaradıcılıq və azadlığı bir-birinə yaxınlaşdıran çox səciyyəavi əlamətlərdən biri odur ki, bunların hər ikisində biz obyektiv zərurətin subyektiv ifadəsi ilə rastlaşırıq. Bu halda yaradıcı adam sanki təbiətin ifadəçisinə çevrilir, qarma-qarışıqlıq içərisində aləmə daxilən xas olan hadisələr məntiqini aşkara çıxarır. Deyə bilərlər ki, yaradıcılığı insan öz məqsədlərinə uyğun olaraq həyata keçirir. Bu, belədir. Lakin insanın məqsədləri də obyektiv cəhətdən şərtlənmiş olur. Bu mənada bütün yaradıcılıq növlərinə xas olan ümumi cəhətlər vardır. Məsələn, elmi və bədii yaradıcılığı götürək. R.Oppenheymer deyir: "Elm və incəsənət adamları həmişə ağlasığmazlıq aləmində yaşayırlar. Onların hər ikisi yeniliklə artır məlum olanı uyğunlaşdırmalı, ümumi hərc-mərclik içərisində müəyyən qayda yaratmaq uğrunda mübarizə aparmalıdırlar".

Belə bir "qayda yaratmanı" sərbəst deyil, subyektivcəsinə deyil, prosesin obyektiv məntiqinə uyğun olaraq aparmaq üçün bu prosesin əsasını təşkil edən ən adekvat ifadəsi olan azad seçmə tələb edilir. Elmi yaradıcılıq, əslində elə bundan ibarətdir. Onun əsaslı zəmini dünyanın öz qanunlarıdır. Həmin qanunların kəşf edilməsi, aşkara çıxarılması elmi yaradıcılığın mahiyyətini təşkil edir. Qanunlar məlum olduqda hərc-mərclik sistemləşir, təsadüflilik zərurətin forması kimi meydana çıxır, sərbəst axtarış qanunauyğunluğun bir vəsiləsinə çevrilir.

Bəzən şübhə ilə deyirlər ki, elmi tədqiqət doğurdandamı yaradıcılıqdır, axı alim heç bir şey yaratmır, o, yalnız nə isə aşkara çıxarır. İngilis alimi J.Bronovski bir neçə il bundan əvvəl məhz bu mövqedən çıxış etmişdi. O, "kəşfi" və "ixtiranı" yaradıcılığa qarşı qoyaraq açıqcasına deyir: "Amerikanın kəşfinin və telefonun ixtira edilməsinin əksinə olaraq biz hiss edirik ki, "Otello"nun yaradılması məhz yaradıcılıq idi". J.Bronovskinin dediyindən belə çıxır ki, Kolumbya Bell əsla yaradıcı deyillər. Onlar azad deyillər, çünki onların vəzifəsi artıq mövcud olanı axtarıb tapmaqdan ibarət olmuşdur. Onun fikrincə, yalnız nəzəriyyəçilər azad yaradıcılığa malikdirlər, yalnız onların hər biri üçün "nəzəriyyə ancaq onun özü üçün məcburidir: bu, onun sevib-seçməsidir, onun zəkasının, hamıya mövcud olan imkanlar içərisindən onun şəxsiyyətinin seçməsidir".

Biz bu tezislərdə çox səciyyəvi və zəmanəmiz üçün son dərəcə aydın olan belə fikirlə rastlaşırıq ki, elmdə yaradıcılıq, zəkanın heç bir obyektiv momentdən asılı olmayan sərbəst oyununun eynidir. Buradan belə çıxır ki, bundan kənarda olan heç bir şey yaradıcılıq adlandırılmağa layiq deyildir. Heorealizm ruhunda olan bir cür subyektiv idealist fikirlər yeni deyildir. Məsələn, yaradıcılıq azadlığını A.Eynşteynin necə başa düşdüyünü götürək. O yazır: "Bizim işimiz sərbəst yaranan anlayışlardır... Lakin burada seçmək azadlığı xüsusi bir şəkildədir: bu, roman yazan yazıçının azadlığı ilə qətiyyən oxşar deyildir. Bu azadlıq diqqətlə tərtib edilmiş krossvordu həll edən adamın malik olduğu azadlığa daha çox bənzəyir. Krossvordu tapan adam hər hansı bir sözü təklif edə bilər (yoxlaya bilər), amma əslində bütövlükdə krossvordu həll etmək üçün hər bir damada müəyyən bir sözü tapmaq lazımdır". "Tapmaq" sözü yaxşı seçilmişdir. Bu sözdə hər hansı bir həqiqi yaradıcılıq içində əridilib vəhdət halına salınmış məntiqi intiutiv, rasional emosional cəhətlər sanki birləşmişdir. Burada Eynşteyn yaradıcı azadlığı yalnız bir mənada tədqiqatçının fərdi fikrinin muxtariyyatı kimi, onun öz axtarışlarının müstəqilliyi, əyani-hissi cəhətlərlə bağlı olmamaq nöqteyi-nəzərindən götürür.

Müasir elmi yaradıcılıq elə məntiqi konstruksiyalar yaratmaqdan ibarətdir ki, bunlar dünyanın "aşkar surətdə deyil", lakin daha dolğun dərin dərk edilməsinə imkan yaratsın. Elmdə yaratmağın dərin mahiyyəti, orijinal ideyalar istehsalı adlandırıla biləcək şeydir. Yeniliyi ilə fərqlənən yaradıcı elmi ideya bir növ qnoseoloji ideal, gerçəkliyin bədii surətdə mənimsənilməsinin yüksək forması kimi səciyyələndirilə bilərdi. P.V.Kopnin yazır: "İdrakın vəzifəsi elə bilik əldə etməkdən ibarətdir ki, burada fikir öz məzmunu etibarilə həyatla qovuşsun. İdeya təfəkkürün elə bir formasıdır ki, burada belə bir qovuşma idrakın inkişafının müəyyən səviyyəsində ən dolğun bir surətdə əldə edilir. Qnoseoloji ideal, hər bir idrakın ideal obrazı, eyni zamanda həm realdır, bu, əldə edilir, yəni daha ideal olmur yenidən idrakın can atdığı ideal kimi meydana çıxır". İlk kəşfçilər tərəfindən söylənmiş ideyalar nəzəriyyələrin yaradılmasında çox mühüm rol oynayır. Onlar tam mənasilə evristikdir buna görə bu ideyalar irəli sürən adam, şübhəsiz ki, yaradıcıdır, axı onun zəkası bu ideyaların məğzini ətraf aləmdən götürmüş bu aləmin daha artıq dərk edilməsi üçün yol açmışdır.

Elmi yaradıcılığın bu cür başa düşülməsi onun "insan bütün şeylərin ölçüsüdür" deyən Protaqor aforizminə müncər edilən subyektivist izahına təfsirin əksidir. Belə bir orijinal vəziyyət meydana çıxır: hədsiz fikir azadlığı üçün hamıdan çox canfəşanlıq edənlən, nəticə etibarilə bütün fikri, bütün yaradıcılığı subyektin daxilində qapayıb saxlayırlar. A.Eddinqtonun məkan-zamanı bzim qavrama aparatımızın xüsusiyyətlərinin bir növ surəti kimi şərh etdiyini xatırlayaq: "Naməlum sahildə biz qəribə ayaq izi tapdıq. Bunun mənşəyini izah etmək üçün - biz bir-birinin ardınca çoxlu nəzəriyyə yaratdıq. Nəhayət, biz həmin izin mənsub olduğu məxluqu quraşdıra bildik. Aşkar oldu ki, bu, biz özümüzük".

Müasir elmdə yaradıcılıq zərurəti olaraq "yarat"mağı da, məhz təkcə ideyaların deyil, nəzəriyylərin də, öyrənilən obyektlərin modellərinin də yaradılmasını, həmin obyektlərin dialektik ziddiyətliliyinin mühüm əlamətlərinin bu modellərdə əks olunmasını da nəzərdə tutur. Yenidən yaratma prosesləri olmayan bu gün heç bir "kəşf" mümkün deyildir. Elmi-tədqiqat metodu olmaq etibarilə modelləşdirmənin surətlə inkişafı, onun elmin ön cərgəsinə çəkilməsi elmi yaradıcılığın əksetdirici passiv rolunu deyil, fəal, yaradıcı, qurucu xarakterini aşkara çıxarır. Reallaşdırma üsulunda orijinalın əks etdirilən cəhətlərinin xarakterinə görə bir-birindən fərqlənən müxtəlif modellərin: maddi və ideal, substansional və struktur, funksional və qarışıq modellərin hamısı öz qurucularının yaradıcı təxəyyülünün bəhrəsidir. İlham və fantaziya axtarışlı fikrin azad fəaliyyəti olmasaydı, şeylərin mahiyyəti, onların daxili obyektiv məntiqi həmişəlik çox müşkül bir sirr olaraq qalardı.

Bəzən, elmin əsl yaradıcı xarakterini inkar edərkən, belə bir fakta istinad edirlər ki, elmi-tədqiqatın nəticələrində tədqiqatçının şəxsiyyəti  bir növ itib gedir. Bu, doğurdan da belədir. Elmin nəticələri şəxslikdən kənardır. Elmi həqiqətə doğru səy göstərilməsi şəxsi momenti subyektivlikdən məhrum etməyi, aradan qaldırmağı tələb edir. Alimin şəxsiyyəti axtarış prosesində "iştirak edir", elmi axtarışın xarakterinə şəxsilik möhürü vurur, lakin elmi nəticələrdə əldə edilmiş obyektiv həqiqətdə yox olub gedir. Burada bir qeyd-şərt yürütmək lazımdır: söhbət, ümumiyyətlə subyektivlikdən deyil, şəxsi momentdən gedir. Elmi nəticələrin formulə edilməsində fərqli əlamət saxlana bilər. Lakin bu nəticələrin məzmunu şəxsilikdən maksimal dərəcədə uzaq olmalıdır. Buna tamamilə nail olmaq hes bir zaman mümkün olmur. Nəzəriyyə və onun əks etdirdiyi əlaqələr eyni ola bilməz. Buna görə də, hətta bir cərəyan çərçivəsi daxilində, özündə yaradıcısının təsirini müəyyən dərəcədə əks etdirən elmi məktəblər təşəkkül tapa bilər. Lakin hər halda, A.Kitayqorodskinin haqlı olaraq demişdir: "Hər bir yaxşı elmi əsər (yaxşı əsər isə odur ki, aydın olmayan bir çox şeyi həll edir) öz ardıcıllarının içərisində əriyib gedir. Bir müəllifin elmi fikrinin ünsürləri, onun elmi məqaləsini oxumuş olan tədqiqatçıların yüzlərlə və minlərlə əsərlərində vardır". O elmi əsərin spesifikası bizi bu cəhətdən maraqlandırır ki, alimlərdən hər biri, elmin binasına öz kərpicini qoyarkən, ondan bir növ "ayrılır". Amma yenə də tədqiqatçılıq fəaliyyəti haqlı olaraq, həqiqi intellektual azadlıqsız mümkün ola bilməyən bir yaradıcılıq hesab edilir. Bir çox görkəmli alimlər tədqiqatçılıq axtarışlarının azad xarakterindən bəhs etmişlər. Akademik B.Engelqardt deyir: "Elmi yaradıcılıq bizim daxilimizdə fəaliyyət göstərən instinktin nəticəsidir, təbiətin bizə verdiyi daxili tələbatın - insan bilikləri dairəsini genişləndirmək, əvvəllər dumanlı olan şeyləri aydınlaşdırmaq, bizi əhatə edən nümayəndəlik hərc-mərcliyinə nizam ünsürləri gətirmək tələbatının ödənməsinə səy göstərməyin nəticəsidir". Yaradıcılığın instinkt ilə müqayisə edilməsi heç də tamam dəqiq xarakter (daha doğrusu obrazlı xarakter) daşımasa da, bizim üçün mühüm cəhət budur ki, elmdə yaradıcılıq şəxsiyyətin üzvü və ictimai tələbatının aşkara çıxarılması kimi çıxış edir. Bu tələbat həm daxil (məqsəd aydınlığı, ehkamların buxovlarından xilas olmaq), həm də xarici azadlığın (zəkaların azad yarışması şəraiti, açıq və səmimi rəy mübarizəsi) olmasını tələb edir.

Rəddedilməz ehkamlar, mütləq avtoritetlər mühiti yaradıcı fikir azadlığına qarşı durur. Elm adamları bunu hələ qədimlərdən başa düşüpdülər. Sələflərin çıxarmış olduqları nəticələrin, gətirdikləri dəlillərin elmi fikrin inkişafı üçün çox böyük əhəmiyyəti olmuşdur. Onlar elmi idrakın varisliyini və fasiləsizliyini yaradırlar. Alimlər öz fəaliyyətində M.Larinin yaratdığı surətdən birinə - heç bir zaman heç bir şey oxumamış, heç bir şey deyilməmiş, amma həmişə yalnız özünün "orijinal" fikrini söyləyən həmin adama bənzədilə bilməzlər. Əldə edilmiş olanlara əsaslanmaq azad olmamaq demək deyildir. Avtoritetlərə və sitatlara isnad edilməsi yalnız o zaman yaradıcılıq azadlığına mane ola bilər ki, onlar "ondan ki, yaxşı olmayacaqsan" devizi ilə son hədd kimi götürülsün. Sələflərin çıxardığı nəticələrin qanunlaşdırılması, onlara müntəxəbat görkəmi verimək, onların əsərlərini yeganə kəşflər mənbəyinə çevirmək yaradıcılıq azadlığı üçün fəlakətlidir. Demək lazımdır ki, ifrat biliklilik, çoxlu məlumatlarla təfəkkürün həddən artıq yüklənməsi bəzən hətta tədqiqi fikir üçün bir maneə olur. Yaradıcılıq azadlığı üçün bütün zahiri şərtlər təmin edlən yerdə ən yüksək məqsəd aydınlığı ilə, topluluq, əla şəxsi intizam ilə eyniyyət təşkil edən daxili azadlıq həlledici əhəmiyyət kəsb edir. Bu cür özünü məhdudlaşdırmalar olmadan nə yaradıcılıq, nə də azadlıq mümkün deyildir. Yaradıcılıq problemini izah edərkən  N.Viner belə deməkdə haqlıdır ki, "istədiyini etmək və istədiyin kimi etmək üçün tam azadlıq, əslində ümumiyyətlə heç bir şey etməmək azadlığından başqa bir şey deyildir". Biz azadlığı müəyyən məqsəd ehtiva edən bir fəaliyyət kimi başa düşərək deyə bilərik ki, mənəvi, yaradıcı azadlığın miqyası idrak məqsədini əzəmət və möhtəşəmliyi ilə bizə daxilən verilmişdir. Əldə edilmiş azadlığın meyarı isə dərk edilmiş olanın əhəmiyyət və samballı ilə, yəni ümumi bəşər biliyi xəzinəsinə alimin gətirdiyi töhfə ilə ölçülür. Elmi cəsarət, əqli rəşadət, mərdlik və əqidəlik - bütün bunlar elmdə yaradıcılıq azadlığının zəruri şərtləri və komponentləridir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 3 fevral.- S15.