“Azərbaycanla heç kimin güc dilində
danışmağa nə iradəsi, nə də hərbi gücü yetməz”
Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradovanın SƏS TV-yə müsahibəsi
- Bahar xanım, Azərbaycan dövləti istər daxili, istərsə də xarici siyasətdə müstəqil addımlarla irəlləyir. Lakin bəzi beynəlxalq təşkilatlar, dairələr ölkəmizin qətiyyətli mövqeyinə qarşı qərəz nümayiş etdirirlər. Sizcə bunun arxasında hansı məqsədlər dayanır?
- Azərbaycan Respublikası cənab İlham Əliyevin rəhbərliyi altında bölgədə və dünyada gedən proseslərdə fəal iştirak edir. Yürüdülən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbyacan beynəlxalq proseslərin fəal aktoruna çevrilib. İstər beynəlxalq təşkilatlar səviyyəsində çoxtərəfli, istərsə də ayrı-ayrı ölkələrlə ikitərəfli münasibətlər zəmnində çox etibarli tərəfdaş, öz öhdəliklərinə sadiq olan, eyni zamanda beynəlxalq hüququn prinsiplərindən daim çıxış edən ardıcıl və məqsədyönlü siyasət yürüdən bir ölkədir. Yürüdülən siyasətin tam müstəqil olması onun əsas keyfiyyəti, əsas özəlliyidir. Heç bir beynəlxalq təşkilatarın, qurumların, dairələrin, ölkələrin nə diktəsi, nə təzyiqi, nə də təsiri Azərbaycan siyasətini hansısa istiqamətə yönəltmək gücünə malik deyil. Bu siyasət ilk növbədə xalqımızın, dövlətimizin maraqlarına hesablanıb və yalnız bu konteksdən çıxış edilir. Dünyada eləcə də, regionda ölkəmizin geosiyasi vəziyyəti ilə əlaqədar, təbii və siyasi imkanlarımıza hesablanan ən müxtəlif maraqlarda, o maraqların toqquşduğu məqamlarda belə Azərbaycanı öz xalqının və dövlətinin maraqlarından çıxış etməkdən çəkindirə bilməz. Bütün bunlar ölkə prezidentinin apardığı qətiyyətli, cəsarətli, müstəqil və yalnız xalqın iradəsinə söykənən bir siyasət olduğunun göstəricisidir. Məhz dövlətimizə yönəlik bir sıra təhdidlərin, bu və ya digər təsir üsullarının seçilməsi, hansısa qərarların qəbulu zamanı Azərbaycanı başqa maraqları da nəzərə almağa yönəlmiş cəhdlər heç zaman bu iradəni sındıra bilməz. Odur ki, bizə qarşı yönəlmiş cəhdlərin, qərəzli münasibətin, ölkəmizi qaralama kampaniyasının, gözdən salmaq istiqamətində göstərilən səylərinin mahiyyətində, kökündə məhz bu faktorlar dayanır. Dünyada çox az sayda ölkələr var ki, onlar bütün məsələlərə yalnız beynəlxalq hüququn prizmasından yanaşır, tərəfdaşı olduğu ölkənin, təşkilatların öhdəliklərinə ciddi yanaşır, buna adekvat olaraq öz mövqeyini ortaya qoyur. Bölgədə və Azərbaycanda, eləcə də Azərbaycanın vasitəsilə öz maraqlarını həyata keçirmək istəyən dairələr qarşılarında əsas maniə kimi bu iradəni gördükdə əllərində alət olan qeyri-hökümət təşkilatları, beynəlxaql erməniçiliyə xidmət edən təşkilatların köməyi ilə ölkəmizə qarşı qaralama kampaniyaları aparmağa çalışırlar. Sifarişlər əsasında işləyən beynəlxalq təşkilatların, bölgədə böyük dövlətlərin demokratiya, söz azadlığı, dini və etnik dözümlülük, tolerantlıq adına həyata keçirmək istədikləri layihələrdə yer alan şəxslərin mövqeyini zərərli tendesiya hesab edirəm. Azərbaycanla bağlı tərtib olunan bir sıra sənədlərdə, yaydıqları hesabatlarda dəyərləndirmələrin qərəzli və subyektiv amillərə söykəndiyi qənaətindəyəm. Ona görə də, biz hər zaman bu kimi hesabatlara qarşı öz mövqeyimizi açıq şəkildə söyləyirik, sağlam tənqidi açıqlamaları qəbul edərək öz fəaliyyətimizdə nəzərə alırıq. Sırf Azərbaycanı dünyada gözdən salmaq nöqteyi nəzərindən “tənqidlərin” isə əlbəttə ki, layiqli cavabını veririk.
- “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisado inkişafı Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən səsləndirilən tezislər və bəyanatlar gələcəkdə ölkəmizin inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında hansı töhfələri verə bilər?
- Ölkə prezidenti keçirdiyi müşavirədə prezidentlik dövründə ölkəmizin ən müxtəlif istiqamətlər üzrə yüksək inkişaf səviyyəsinə nail olunduğunu növbəti dəfə nümayiş etdirdi. Enerji resursları ilə bağlı olan sektorun, qeyri-neft sektorunun, sənaye, kənd təsərrüfatı, sosial sahənin inkişafı ilə əlaqədar göstərilən rəqəmlər, faktlar ölkəmizin ən qabaqcıl yerlərdə olduğundan xəbər verir. Azərbaycanı kənardan müşahidə edən dairələr açıq şəkildə gördülər ki, Azərbaycan dünyada gedən proseslərə, iqtisadi böhranlara, tənəzzülə rəğmən, münaqişələrin, müharibələrin yaratdığı reallıqlara rəğmən Azərbaycan öz inkişaf tendesiyasını qoruyub saxlayır. Bütün böhranların ölkəmizdən yan keçməsi xüsusilə xalqımızın sosial cəhətdən zərər çəkməməsi ölkə prezidentinin atdığı konkret addımların nəticəsi olduğunu görürük. Bu onu göstərir ki, Azərbaycan təkcə neft sektorundan asılı ölkə deyil. Dünyada neftin qiymətinin aşağı düşməsi digər ölkələrə kəskin təsirini göstərirsə, Azərbaycana qismən təsir edir. Cənab prezidentin yeritdiyi siyasətin əsasında insan amili dayandığı, bu siyasətin Azərbaycan insanının sosial rifahının yaxşılaşdırılması istiqamətinə yönəlməsi məhz bu kimi böhranların yaratdığı problemlərin daha rahat həll edilməsinə şərait yaradıb. Daxildə əldə edilən nəaliyyətlər təkcə ölkəmiz üçün yararlı deyil, həmçinin dünya ölkələri üçün bir təcrübədir. İnkişafın Azərbaycan modeli deyilən terminin əsasında Ulu Öndər Heydər Əliyevin zamanında başlatdığı, möhkəm özül üzərində inkişaf edən Azərbaycan dövlətinin bu günkü nəaliyyətləri dayanır. Neft sənayəsinin inkişafından əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi ümumi iqtisadiyyatın üç dəfədən artıq, qeyri-neft sektorunun isə yeddi dəfədən artıq yüksəlməsini göstərir. İnfrastruktur, enerji layihələrinin cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılması bir daha onu göstərir ki, yalnız öz resurslarına, imkanlarına, iradəsinə söykənən bir siyasət Azərbaycanda müsbət nəticələrini verə bilir. Dövlətimiz ziddiyətlər, böhranlar içərisində fırlanan dünyada sabitlik adası kimi görünür. Bu onu göstərir ki, hökümət bu və ya digər layihələri proqnozlaşdırarkən bütün məsələləri düzgün hesablayıb və onları yerinə yetirərkən bütün sferalarda müsbət nəticələr əldə edilib. Bu baxımdan cənab prezidentin müşavirədə söylədiyi bütün fikirlər müsair dünyada gedən böhranların əhalimizin sosial durumuna təsir göstərməməsinə şərait yaradacağına inanırıq.
Cənab prezidentin vurğuladığı məqamlardan biri də, bütün sahələr üzrə görülən işlərdə şəffaflığın təmin edilməsi, israfçılığa yol verilməməsi, maliyyə intizamının qorunması, layihələrin icrası zamanı nəzarətin gücləndirilməsi ilə bağlı söylədiyi fikirlər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Xüsusilə, vətəndaş-məmur münasibətlərində ölkə rəhbərinin vurğuladığı məqamları qeyd etmək istərdim. O, ilk növbədə ölkə prezidentinin və məmurların xalqın xidmətində durmalı olduğunu, onların fəaliyyətinin məzmununun məhz bundan ibarət olduğunu vurğulamaqla bir daha öz siyasi komandasını, hər bir vətəndaşı məsuliyyətli olmağa, təkəbbürlü olmamağa, özbaşına hərəkətlərə yol verməməyə çağırıb. Özünün birinci növbədə vətəndaşlarımızın hüquqlarının müdafiəçisi olduğunu diqqətə çatdırdı. Bütün bunlar məsuliyyətin artırılmasına, hər bir kəsin vicdanla öz işinə, vəzifəsinə yanşamağa gətirib çıxaracaq. Hər bir vətəndaş bu kimi amilləri nəzərə almayan məmurların bu günə kimi ölkə prezidenti tərəfindən cəzalandırıldığını bilir.
Çıxışı zamanı Prezident İlham Əliyev torpaqlarımızı işğal altında saxlayan, bizimlə müharibə şəraitində olan Ermənistanla bağlı fikirlər səsləndirdi. Bu da olduqca ciddi əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, danışıqlara yalnız danışıqlar xatirinə gedən Ermənistanın beynəlxalq hüququn prinsiplərini pozduğuna ATƏT-in Minsk qrupunun və digər beynəlxalq təşkilatların, eləcə də ayrı-ayrı dövlətlərin göz yumduğu bir zamanda onlara bir daha xatırlandı ki, bu siyasət ilk növbədə erməni xalqına ziyan vurur. İstər iqtisadi, istərsə də digər sahələrdə tənəzzül dövürnü yaşayan Ermənistana heç də yaxşı heç nə vəd etmir. Regionda daim çiçəklənən, dünya üçün əhəmiyyətli bir dövlətə çevrilən Azərbaycanın imkanlarının ortada olduğu bir dövürdə bu cür mövqenin Ermənistana yalnız bədbəxtçilik gətirəcəyini göstərir. Münaqişənin uzun müddət həll olunmaması bunlar üçün heç də yararlı olmadığından xəbər verir. Bu istiqamətdə konstruktiv mövqenin onlara xeyir və fayda gətirəcəyini bir daha Ermənistan tərəfinin diqqətinə çatdırıldı. Təmas xəttində ermənilərin əl atdıqları provakasiyaları nəzərə alaraq cənab prezidentin ifadə etdiyi qətiyyətli mövqe bir daha erməni maraqlarına xidmət edən dairələrə, həmçinin Ermənistana xəbərdarlıqdır. Azərbaycan ordusu bu gün dünyada ən güclü ordular sırasındadır və Azərbaycanla heç kimin güc dilində danışmağa nə iradəsi, nə də hərbi gücü yetməz. Başqa ölkələrin əlində vassal rolunu oynayan, onların maraqlarının ifadəçisi kimi alət rolunu oynayan ölkə getdikcə daha da simasını itirəcək. Ermənistan müstəqilliyini elan edib, amma faktiki olaraq qeyri-müstəqil siyasət yeridən dövlətlər sırasındadır. Azərbaycanın regionda üçtərəfli tərəfdaşlıq qismində reallaşdırdığı layihələr bölgə xalqlarına daha çox inkişaf gətirəcəyi danılmazdır. Bütün bu proseslərdən kənarda qalan bir dövlət var, o da Ermənistan.
Ümumilkdə, sözügedən müşavirdən çıxan nəticə ondan ibarətdir ki, Azərbaycan kənardan heç kimi maliyyə dəstəyini almadan, maliyyə qurumlarından asıllığı olmadan öz resursları üzərində inkişafını, siyasətini quran müstəqil, günü-gündən çiçəklənən bir dövlətdir. Bu bizi sevindirir, qürurlandırırsa, digər ölkələrə bu modeldən istifadə etməyə imkan yaradır. İnkişafın Ulu Öndər Heydər Əliyev modelinə əsaslanan Azərbaycan modeli cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizi uğurdan uğura qovuşdurur.
- Bu günlərdə, Ermənistan tərəfi hava məkanımızda təxribata cəhd göstərirkən layiqli cavabını aldı. Bu kimi təxribatların bir neçə gün öncə Serj Sarkisyanın Azərbaycana “surpriz” vəd etməsi ilə əlaqələndirmək olarmı?
- Bu qəzanı Serj Sarkisyanın özünün özünə surprizi olduğunu düşünürəm. Hər kəs bilir ki, onun surprizləri erməni xalqına yalnız bədbəxtlik gətirir. Növbəti dəfə onların pilotsuz təyyarəsinin Azərbaycan səmasında vurulması onu göstərir ki, Azərbaycanın hava hücumundan müdafiə qüvvələri, hərbi qüvvələri böyük imkanlara malikdirlər. Heç kəs Azərbaycan səmasında özbaşnalıq edə, hava səmsaında təxribatlar törətməyə cəsarət edə bilməz. Əvvəlki təyyarə qəzası onlara dərs olmalı idi. Əgər bundan nəticə çıxarmayan Ermənistan təxribatlara əl atırsa, bunun da adekvat cavabı verilir. Sarkisyana belə vasitələrdən çəkinməyə, onun prezident kimi bilavasitə vəzifəsi olan işlərlə məşğul olmağı tövsüyyə edərdik. Bu da erməni xalqının maraqları, onun rifahı, inkişafı kimi öhdəliklərdir ki, o bununla məşğul olmalıdır. Beynəlxalq hüququ heçə saymaqla, başqa ölkənin ərazi bütövlüyünü pozmaqla problemlərinin həll ediləcəyini düşünürsə, yalnız yoldadır. Ermənistanı bürümüş etiraz dalğalarını səngitmək, daxili vəziyyətdən diqqəti yayındırmaq məqsədi ilə hansı addımları ataraq, hansı surprizləri göstərmək istəsə də Sarkisyan, bu yenidən özünə qayıdır, onun siyasətinin mahiyyətini aşkar edir. Sarkisyan nə danışırsa danışsın, hansı addımı atırsa atsın bunun arxasında Xocalıda insanlığa qarşı növbəti bir vandalizm, soyqırım aktına imza atmış bir insanın siması görünür. Bu sima onlara xoş gəlirsə bu Ermənistana daha ağır surprizlər vəd edir.
- Azərbaycan AŞPA-nın sonuncu iclasında Rusiyanın sözügedən qurumdakı səsvermə hüquqndan məhrum edilməsinə dair təklifin əleyhinə səs verdi. Ötən il isə qurumda Krım məsələsinə görə Ukraynanın ərazi bütövlüyünü dəstəklədi. Bu dövlətimizin hər zaman haqlı olanın yanında olduğunun göstəricisi sayıla bilər?
- Azərbaycan bütün hallarda müstəqil siyasət yürüdür və hər zaman haqlının yanındadır. Ölkələrin ərazi bütövlüyü, suverenliyi, hüquqlarının tanınması istiqamətində hər zaman doğru addımlar atıb və bu gün də bu davam etdirilir. Cənab prezident dəfələrlə bizim yeritdiyimiz xarici siyasətin əsas mahiyyətinin, spesifik cəhətinin bundan kənar hərəkətlərə haqq qazandırılmadğı olduğunu vurğulayıb. Beynəlxalq hüquq bütün dövlətlərə şamil olunmalıdır. Harada yerləşməsindən, hansı iqtisadi, siyasi imkanlara sahib olmasından asılı olmayaraq hər kəs üçün beynəlxalq hüquq eyni tədbiq olunmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasında rəhbərliyi həyata keçirərkən məhz bu prizmadan çıxış edirdi. Bu cür mötəbər təşkilatın tribunasında həm öz ölkəsinin müstəqilliyindən, həm də beynəlxalq hüququn prinsiplərindən çıxış etmək olduğunu dünyaya nümayiş etdirdi. Hansısa maraqların ifadəsinə çevrilib, bu və ya digər subyektiv mövqeləri ortaya qoymadan da cəsarətli siyasət yeridilməyin mümükünlüyünü sübut etdi. Bəzi mətbuat nümayəndələri, bəzi dairələr Ruisyanın AŞPA-nın sonuncu iclasında səvermə hüququnun əlindən alınmasında Azərbaycanın əleyhinə səs verməsini Rusiyaya meyilli siyasətdən irəli gəldiyi qənaətindədirlər. Bu isə qətiyyən belə deyil. Bu dövlətimizin yeritdiyi beynəlxalq hüququn prinsiplərinə söykənən siyasətin mahiyyətindən doğan addımdır. Biz 22 ildir ki, dünya birliklərini, təşkilatlarını Azərbaycanın pozulmuş ərazi bütövlüyündə səslərini qaldırmağa, Ermənistanın təcavüzkar siyasətinin qarşısını almağa çağırırıq. Özlərinin qəbul etdikləri sənədlərin işğalçı dövlət tərəfindən yerinə yetirməli olduğunu söyləməyə çağırırıq. Bu günə qədər heç bir irəlləyiş yoxdur. Bunlar bizi təəccübləndirir. Ermənistanın bütün ərköyünlüklərinə, təcavüzünə, soyqırımına göz yuman dövlətlər birdən-birə digər ölkələrə niyə sanksiyalar tədbiq etməyə çalışırlar?Ermənistana sankisiyaların tədbiq olunmalı olduğunu söylədikdə bizə sülh yolu ilə məsələni həll etməyi tövsüyyə edirlər. Amma demək olar ki, məzmunca eyni münaqişəyə nədən fərqli mövqe sərgilənir? Bu bir neçə standartların oynanıldığını göstərir. Bu baxımdan Azərbaycan prinsipial olaraq məsələyə beynəlxalq hüququn prinsiplərindən yanaşmanı tələb edir. Biz nə Ukraynanın əleyhinə addım atmışıq, nə də Rusiya meyilli mövqe ortaya qoymamışıq. Hesab edirəm ki, biz öz mövqeyimizdən çıxış edərək bu addımı atmışıq.
- Bu ilin payızında keçiriləcək parlament seçkiləri ilə əlaqədar ölkənin siyasi mühitində canlanma müşahidə olunur. Ənənəvi düşərgədə seçki blokları ətrafında ideyalar irəli sürülür. Bu onu göstərirmi ki, radikal düşərgənin sosial bazası yoxdur?
- Ölkəmizdə demokratik bir cəmiyyət qurulub. Burada yekcins ictimai-siyasi mühit, yekcins qüvvələr axtarmağa ehtiyac yoxdur. Hər kəs öz maraqlarından, öz imkanlarından çıxış edir. Müxalifətin mövqeyi, yanaşmaları, fəaliyyəti haqqında biz dəfələrlə fikirlər söyləmişik. Bir neçəsini çıxmaq şərti ilə, onların demək olar ki, ölkəmizə faydaları çox azdır. Ən müxtəlif siyasi maraqlar danışır ki, bunların arxasında da siyasi ambisyalar dayanır. Azərbaycanda nə qədər siyasi partiya varsa, içərisində onun qədər lider olmaq istəyənlər də var. Radikal qanada məxsus düşərgədə xüsusilə, bir partiya bir neçə yerə bölünüb və bunlar da bir-bir ilə kəskin ziddiyətli mövqedə dayanırlar. Partiyalararası yox, partiya daxili münaqişə daha çox qabarır. Təmsil etdikləri siyasi partiyanın daxilində fərdlərin maraq davası baş qaldırıb. Bunun üçün konkret bir mövqedən dəyərləndirmə vermək mümkün deyildir. Yaxşı olardı ki, bu məsələni onların öz öhdəsinə buraxaq. Onlar bu prosesdə necə iştirak edəcəklər öz işləridir. Nəyə gücləri çatacaq onu da edəcəklər. Bizim iqtidar partiyası olaraq üzərimizdə böyük öhdəliyimiz var. Seçki mühitinin sağlam rəqabət əsasında qurulmasında maraqlıyıq. Yeni Azərbaycan Partiyası (YAP) öz fəaliyyəti ilə neçə illərdir uğur qazanmağın yalnız qanun çərçivəsində baş tutduğunu əyani olaraq sübut edir.
Səs.- 2015.- 4 fevral.- S.8-9.