Hüquqi dövlətdə yaşamaq və əmək azadlığı
Hər kəsin ürəkdən istədiyi əsas azadlıq yaşamaq azadlığıdır, yəni insanın yaradıcılıq qüvvələrinin tam dolğun bir surətdə çiçəklənməsinə mane olan hər şeyi aradan qaldırmaqdır, insanın əsas həyati tələbatının təmin olunması üçün, hamının və hər kəsin qabiliyyətinin hərtərəfli tərəqqisi üçün şərait yaratmaqdır. Əslində burada söhbət şəxsi azadlığın maddi şərtlərindən, əməyin ictimai və texniki şəraitindən asılılıqdan, şəxsi azadlığın iqtisadi münasibətlərlə bağlılığından getməlidir. Biz indi həmin məsələlərin təhlilinə keçirik.
V.Davidoviç yazır ki, əmək və azadlıq daxili üzvi oxşarlığa malik olan, bir-birinə qarşılıqlı surətdə nüfuz edən, bir-birini nəzərdə tutan anlayışlardır. Əmək sözün əsl mənasında maddi və mənəvi nemət yaratmaq sahəsində sərf edilən və ictimai-tarixi insan ilə təbiət arasında maddələr mübadiləsi prosesini tənzim edən səmərəli məhsuldar fəaliyyətdir. Bu qaydada səciyyələndirilmiş əmək prosesi, özünün sadə və abstrakt cəhətləri ilə götürüldükdə şübhəsiz ki, azad fəaliyyətin bütün əlamətlərini özündə əks etdirir. Əmək həmişə insan azadlığı təzahürünün istər tarixi və istərsə də məntiqi cəhətdən ilk sahəsi olmuşdur. Əməkdən kənar və əməkdən ayrıca azadlıq yoxdur. Məqsədlərin irəli sürülməsi və dərk edilməsi, onların əldə edilməsi uğrunda əməli mübarizə, "təbii materialın" müqavimətinin aradan qaldırılması - məgər əməyə zəruri surətdə xas olan bütün bu cəhətlər eyni zamanda azadlığın əlamətləri deyilmi?
Lakin insan varlığının bu ümumi şərti tarixi inkişafın gedişində antaqonist formalarda aşkar edilmiş və meydana çıxmışdır. Öz mahiyyətinə görə insan azadlığının ən dərin əsası, əsl substansiyası olan əmək bütün antaqonist formasiyalarda "özgəninkiləşdirilmiş" əmək kimi, əzablı, məcburi, əsarət altında olan bir əmək kimi meydana çıxmışdır. Öz məzmunu etibarilə azadlığın təcəssümü olan əmək fəaliyyəti, ictimai forması etibarilə fiziki, mənəvi və əxlaqi boyunduruq, zəncir və buxov olmuşdur. İnsan varlığının daxili mahiyyəti zahirən insanların arzu və səylərinə bir növ yabançı şey kimi aşkara çıxmışdır.
İqtisadi stimulların rolunun artırılması əməyə olan mənəvi stimulların (intellektual maraq, mənəvi borc, ideya-siyasi məqsəd və i. a.) əhəmiyyətinin azalmasına və ya aşağı düşməsinə qətiyyən səbəb ola bilməz. Əksinə, əməkdə maddi və mənəvi stimulların ən münasib qarşılıqlı əlaqəsinin müəyyən edilməsi əməyin əsl azadlığını təmin edir, şəxsi fəallıq üçün ilkin şərtlər yaradır. Oldos Xaksli deyir: "Totalitar rejimin məqsədi insanı bütün hüquqlardan, fikir azadlığı, qəlbə malik olmaq hüququ da daxil olmaqla şəxsi azadlığın cüzi əlamətlərindən belə məhrum etmək, onu böyük Kollektiv İnsanın tərkib hissəsinə çevirməkdir".
Yaradıcı olmağa həvəsləndirən vətəndaşlıq şüuru azadlıq sərvətini duymadan və hiss etmədən mümkün ola bilməz. Buna görə də təsadüfi deyil ki, burjua ideoloqları, bir tərəfdən "şəxsi azadlığı" əsəbi bir surətdə göylərə qaldırır, digər tərəfdən, bu azadlığı ləkələməyə, onun əhəmiyyətini azaltmağa, o azadlığa amansızlıq təlqin etməyə çalışırlar. Bu cəhətdən neotomist Adolf Munyes Alonsonun XIII Beynəlxalq Fəlsəfə Konqresində "Yurdsuz insan" məruzəsindəki fikirləri xarakterikdir. Azadlığın insana fitri verilmiş bir keyfiyyət olduğunu, onu başqa məxluqlar üzərində yüksəltdiyini təsdiq edən Munyes Alonso eyni zamanda belə hesab edir ki, azadlıq insan üçün bir növ əzabdır, onun üçün yükdür, əziyyətdir. O yazır: "Azadlıq insanı çılpaqlaşdırır, onu öz təbii geyimindən məhrum edir və tam tənhalıq aləminə salır, onu yurdsuz qoyur".
ABŞ-da ekzistensializmin fəal təbliğatçılarından olan K.Reynqard da eyni ruhda fikir yürüdür. O, özünün "Ekzistensialist qiyamı" adlı çox gurultu qopartmış kitabında azadlığı qadağan etməyə çağırır və vahimə yaratmaq üçün deyir ki, "azadlıq qılıncı ikiağızlıdır". A.Toynbinin fikirləri də bu tezislərdən o qədər fərqlənmir. Toynbi azadlığı bir təmtəraq hesab edir və belə bir iddia irəli sürür ki, insan qüdrətli maddi alətlərə sahib olduqca azadlıq daha çox təhlükəli olur.
Şəxsiyyətin konkret-tarixi siması özünün başlıca cəhətləri etibarilə bu və ya başqa bir dövrdə insanların məhsuldar fəaliyyətinin vəziyyəti ilə müəyyən edilir. Maddi istehsalın inkişafının səviyyəsi və xarakteri əsas və həlledici momentlərdə şəxsi azadlığın özünəməxsus xüsusiyyətlərini müəyyən edir. Demək olar ki, insan cəmiyyətinin azadlıq səviyyəsi maddi istehsalda əyani, cismani surətdə ifadə edilmişdir. Buna görə də şəxsi azadlığın maddi şərtlərni aydınlaşdırarkən, hər şeydən əvvəl, "insan-texnika" sisteminin inkişaf dialektikasını və bu sistemdə baş verən dəyişikliklərin şəxsiyyət azadlığının məzmununa və formasına olan təsiri nəzərdən keçirmək lazımdır.
İnsan ilə istehsal prosesinin texniki komponentlərinin, oxşarlarının qarşılıqlı təsiri problemi indi zəmanəmizin başlıca problemlərindən biri olmuşdur. Bunun cəmiyyətdə şəxsi azadlığın genişləndirilməsi meyilinin təhlili üçün cəmiyyətində son dərəcə böyük əhəmiyyəti vardır. Məlumdur ki, maddi-texniki bazası müasir istehsal və daha dəqiq desək, sənaye inqilabı bazasında, çox böyük elmi-texniki tərəqqi şəraitində meydana gəlir. İstehsalın kompleksli surətdə mexanikləşdirilməsi və xüsusilə də avtomatlaşdırılması, texnoloji proseslərin yeni tipləri, sintetik materialların tətbiqi və yeni enerji mənbələrindən istifadə edilməsi - bütün bunlar ictiman insanın məhsuldar fəaliyyətini keyfiyyətcə dəyişdirəcəkdir. Maddi istehsalda buna bənzər proseslər, əlbəttə, başqa ictimai şəraitdə olsa da, bazar iqtisadiyyatı şəraitində də baş verir. Texniki tərəqqinin başlıca istiqamətini qısaca olaraq xarakterizə etməyə çalışsaq, demək lazımdır ki, texnikanın çoxəsrlik təkamülü indi, bəşəriyyətin heç bir zaman görməmiş olduğu keyfiyyət sıçrayışı üçün ilkin şərtlərin yetişməsinə gətirib çıxarmışdır. Bəşəriyyət avtomatika əsri ilə üz-üzə durmuşdur. Bəs bu proses şəxsi azadlığa nə kimi təsir göstərir?
Qərbin bir çox müasir nəzəriyyəçiləri iddia edirlər ki, texnikanın inkişafı guya hər yerdə və həmişə insanın qüvvələrini buxovlayır, insanı "maddi zülmün qurbanı" edir. Bədii ədəbiyyatda, kino və televiziya vasitəsilə, elmi-kütləvi və publisist nəşrlərdə "texnoloji cəhənnəm", "texnika iblisi", "maşınların qiyamı", "robotlar dövrü" və i. a. haqqında bəyanatlarla insanları vahiməyə salırlar. H.Şmidtin AFR-də nəşr edilmiş fəlsəfə lüğəti bütün bu yeni cərəyanları yekunlaşdıraraq bildirir ki, "texnika həyat üçün müəyyən qədər düşmən qüvvə şəklində təsəvvür edilməyə başlayır və bu qüvvə insanın tabeliyindən getdikcə daha çox çıxır və müstəqil surətdə mövcud olmağa başlayaraq insanın mahiyyətini qorxu altına alır. Texnikanı getdikcə daha çox "iblis texnikası" və ya "apokalipsis texnikası" adlandırırlar. Bunun nəticəsində də ekzistensial qorxu, həyati mövcudluq üçün qorxu yaranır və daim davam edir. Çexlərin orta əsr əfsanələrindən Qolemin dəhşətli obrazları, Meri Şillinin fantaziyası nəticəsində Frankenşteynin yaratdığı əjdaha, Çapekin, öz yaradıcılarına qarşı qiyam edən robotları - bütün bunlardan və bir çox başqalarından, texnikanın guya insana gətirdiyi təhlükəni xarakterizə etmək üçün geniş istifadə edilir. İTK-nın ictimai tənəzzül üçün ilkin şərt olması, mədəniyyət üçün təhlükə təşkil etməsi ideyası ictimai şüuruna dərin nüfuz etmişdir. "Gələcək fəlakətlərdən" bəşəriyyəti xəbərdar etmək vəzifəsini sanki öz üzərinə götürən sosioloqların əsərləri, sənətkarların yaradıcılığı məhsulları bir-birinin ardınca nəşr edilir. Məsələn, görkəmli fransız kino rejissoru Jan-Lyuk Qodarın "Alfavill" filmini götürək. Tamaşaçının gözü qarşısında ekranda dəhşətli bir aləm cərəyan edir; burada cəmiyyəti elektron-kibernetik beyni - Müqəddəs Maşın idarə edir. Bu maşın bütün əhalinin müəyyən edilmiş standarta uyğun olub-olmamasını sınaqdan keçirir. Kim müəyyən tələblər üzrə qurulmuş kürsüyə sığışmırsa, istər uzun və istərsə də gödək olsun, məhv edilməlidir. Bu aləm azadlığın, məhəbbətin, incəsənətin, ehtirasların nə demək olduğunu bilmir. Filmdə yaradılmış olan texnokratik pillənin zirvəsində diktator - maşınların konstruktoru, imperialist elitası üçün demək olar, müqəddəs olan adam - fon Braun durur.
Deməli, Qodarın zənnincə, belə çıxır ki, praktikada texnoloji determinizm ideyası başqa istiqamət ala bilər. Bəşəriyyətin gələcəyi üçün qəlbən həyəcan keçirən Qodarın bədii obrazlarda ifadə etdiklərini mürtəce filosoflar nəzəri formada daha aydın və başqa niyyətlərlə ifadə edirlər. K.Yaspers yazır: "İnsan özünün yaratdığı texnikadan yaxasını qurtara bilməz. Tamamilə şübhəsizdir ki, texnika nəinki nəzərdə tutulmamış uğurluluq gətirir, eyni zamanda təhlükəyə də səbəb olur. Texnika hər şeyi öz arxasınca çəkib aparan müstəqil bir qüvvə olmuşdur. İnsan, bunun nə demək olduğunu və necə baş verdiyini duymadan, lap əvvəldən ona tabe edilmişdir". Qabriel Marsel Yaspersi təkrar edərək qəti surətdə bildirir: "Belə desək mübaliğə olmaz ki, bəşəriyyət təbiət üzərində daha çox hökmran olduqca hər bir fərd o qədər də bu nailiyyətin özünün qulu olur".
Tuluz professoru Jak Ellyul isə qəti iddia edir ki, "texnika heç bir zaman azadlıq gətirə bilməz". Qeyd edək ki, Qərb sosiologiyasında texniki tərəqqinin nəticələrini kədərli - bədbincəsinə qiymətləndirənlərlə yanaşı İTK-nı tərifləyən və "hər şeyi yaxşı görən müəyyən miqdar nikbinlər də vardır. Bu texnisizm fəlsəfəsi çalışır ki, İTK inkişafı bütün ictimai ziddiyyətləri aradan qaldıracaq sehirli bir vasitə olacaqdır. Texnoloji determinizm tərəfdarları gələcəyin fərəhli mənzərəsini yaradıb ümid edirlər ki, İTK hamıya iltifat göstərəcəkdir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 6 fevral.- S.15.