Hüquqi dövlətin sosial təhlükəsizlik sisteminin əsas istiqamətləri

 

 

Hüquqi dövlətdə əhalinin sosial müdafiəsi ilə bağlı anlayışlar çoxluğu ilə diqqəti cəlb edir. Bu anlayışlar istər elmi ədəbiyyatda, istərsə də normativ aktlarda geniş istifadə olunur. Azərbaycan Respublikasının Milli Məclisinin Sosial Siyasət Daimi Komissiyasının sədri Hadi Rəcəbli yazır ki, sosial-müdafiə və ya sosial təhlükəsizlik terminləri ilk dəfə XX əsrin əvvəllərində ABŞ-da istifadə edilmiş, sonralar inkişaf etmiş ölkələrdə yayılmışdır. Sosial-müdafiə ölkənin hər bir vətəndaşını iqtisadi və sosial deqradasiyanın nəticələrindən müdafiə edən tədbirlər toplusunu əhatə edir. Sosial deqradasiya işsizlik, gəlirin itirilməsi və ya kəskin azalması, xəstəlik, uşağın doğulması, əmək xəsarətləri, yaxud peşə xəstəlikləri, əlillik, qocalıq, valideynin itirilməsi və bu kimi oxşar halları əhatə edir. Sosial müdafiə, sosial təminat, sosial kompensasiya, sosial ödəniş, sosial müavinat, sosial subsidiya belə terminlərdəndir.

Normativ aktlarda və qanunlarda bu anlayışların müəyyən qisminə tərif verilir. Elmi ədəbiyyatda bu normativ aktlarda anlayışlara verilən təriflər arasında uyğunsuzluq özünü göstərir. Bununla əlaqədar müxtəlif anlayışların strukturunu, qarşılıqlı əlaqəsini və iyerarxiyasını aydınlaşdırmaq lazım gəlir.

Əhalinin sosial müdafiəsinə aid bir çox termin və anlayışlar Azərbaycan elmində kifayət qədər dəqiq aydınlaşdırılıb. Sosial hüquq cəmiyyətin sosial qrupunun və şəxsin inkişafı üçün məqsədəuyğun sayılan, adamların həyat fəaliyyətini təyin edən hüquqi normaları toplusudur.

  Sosial hüquqlara aşağıdakı hüquqlar daxildir:

- Əmək hüququ; iş yerini sərbəst seçmək hüququ; dövlətin hüdudları daxilində sərbəst yerdəyişmə və yaşayış yerini sərbəst seçmə hüququ: ədalətli və sərfəli əmək şəraiti, işsizlikdən müdafiə hüququ; sosial təminat və sosial sığorta hüququ; ədalətli və qənaətləndirici haqq almaq hüququ; bərabər əməyə görə bərabər əmək haqqı hüququ; nikaha girmək və ailə qurmaq hüququ; ailənin, anaların, körpələrin, uşaqların, ahılların müdafiə, eləcə də müvafiq sosial və maddi təminat hüququ; insanın və onun ailəsinin müvafiq zəruri rifah halını, sağlamlığını saxlayan həyat səviyyəsi hüququ; istirahət və asudə vaxtı keçirmək hüququ; təhsil hüququ; mədəni həyatda iştirak hüququ; sosial və tibbi yardım hüququ.

Sosial hüquqlar heç bir diskriminasiyaya yol vermədən cəmiyyətin bütün üzvlərinə (vətəndaşlar, qaçqınlar və vətəndaşlığı olmayan şəxslər) aiddir.

Sosial hüquqlar adamların yaşayış yerinin dəyişməsindən, məşğulluq müddətindən (əmək stajından, peşə fəaliyyətindən, sığorta dövründən), sığorta haqlarını ödəmədən, ölkədə yaşamaq müddətindən və bu şərtlərin müxtəlif kombinasiyasından asılı olmur.

H.Rəcəblinin fikrincə, əhalinin sosial müdafiə sistemi yeni yaranmış müstəqil dövlətlərdə özünün inkişaf dövrünü yaşayır. Sosial müdafiə termininin müxtəlif şəkildə izah edirlər. Sosial müdafiə anlayışını sovet dövründə istifadə olunmuş sosial təminat termini ilə eyniləşdirirdilər. Sosial cəmiyyətində sosial təminat sosial müdafiənin, bilavasitə, dövlət tərəfindən həyata keçirilən xüsusi təşkilati-hüquqi formasını özündə birləşdirirdi. Müasir şəraitdə əhalinin sosial baxımdan daha artıq; müdafiəyə ehtiyacı olan təbəqələrinə yardımı nəzərdə tutan digər təşkilati-hüquqü formaların inkişaf etdirilməsi tələb olunur. Dünya təcrübəsində çoxdan tətbiq olunan sosial müdafiə termini də buna görə irəli sürülmüşdür.

Müəyyən sosial və iqtisadi problemlərin həllinə yönəldilən sosial və iqtisadi tədbirlərin toplusu olan sosial-müdafiə, sosial təsisat olaraq beynəlxalq kontekstdə əhalinin qanunvericiliklə təyin olunmuş elə kateqoriyasını əhatə edir ki,. onlar əmək qabiliyyətini itirmək, işsizlik və digər səbəblər ucbatından özlərinin və ailələrinin əmək qabiliyyətli olmayan üzvlərinin zəruri həyati tələblərini ödəyə bilmirlər. Əlverişsiz şərait yarandıqda belə vətəndaşlar qanunvericiliklə müəyyənləşdirilmiş sosial-müdafiə sistemi çərçivəsində pul və ya natural, eləcə də müxtəlif xidmətlər formasında kompensasiya səciyyəli yardımlar göstərilir. Bundan başqa sosial-müdafiə sistemli əlverişsiz şəraiti aradan qaldırmaq üçün profilaktik tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sosial müdafiənin fərdi məsuliyyəti, sığorta, sosial sığorta, ünvanlı sosial yardım, dövlət sosial təminatı və sair formalar daxil olmaqla müxtəlif təşkilati-hüquqi formalarda həyata keçirilir.  Məsələn, pensiya verilməsi texnologiyası tibbi yardım göstərilməsi, sosial-reabilitasiya və ya işsiz, vətəndaşları işə təminetmə texnologiyasından əhəmiyyətli dərəcədə fərqlənir. Sosial- müdafiə təsisatının xarakteri haqqında ümumi təsəvvür olmaması, bu təsisatın mənasını açmağa xidmət göstərəcək müxtəlif kateqoriya, termin və anlayışların fərqli şəkildə şərhinə imkan yaradır.

Bazar iqtisadiyyatı inkişaf yoluna keçmiş ölkədə mərkəzləşdirilmiş şəkildə planlaşdırılan təsərrüfat sistemində sosial-müdafiənin təşkili xüsusiyyətlərini özündə birləşdirən sosial təminat termini nə sosial-müdafiə sahəsindəki bütün iqtisadi-sosial münasibətlər toplusunu, nə də sosial müdafiənin yeni funksiyalar daşıyan inzibati strukturlarını təyin etmək üçün istifadə oluna bilər.

H.Rəcəbli göstərir ki, Azərbaycanda sosial müdafiənin məqsədyönlü inkişafı bu təsisatın kateqoriya, anlayış və terminlərini müəyyən sistemə salmağı tələb edir. Bu sahədə ilk addım atılmışdır. Əldə olunan anlayışlar sisteminin nizama salınması, unifikasiyası və standartlaşdırılması isə aktual problem kimi həllini gözləyir.

Sosial-müdafiə pulla pensiya və müavinət formasında, natural formada, eləcə də, sosial-müdafiə obyekti olan şəxslərə göstərilən müxtəlif xidmətlər yolu ilə həyata keçirilə bilər. Sosial-müdafiə həm kompensasiya, həm də profilaktik xəbərdaretmə səciyyəsi daşımalıdır. Sosial-müdafiənin dövlət hüquqi formalarından biri əmək qabiliyyətli olmayan əhalinin bilavasitə dövlət təminatıdır. Bilavasitə dövlət təminatının əsas əlamətləri xərclərin dövlət büdcəsi tərəfindən ödənilməsi, bu şəkildə təminat alan şəxslər kateqoriyasının, onların təmin olunma səviyyəsinin dövlət hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilməsidir.

Bazar iqtisadiyyatına keçmiş ölkələrdə bilavasitə dövlət təminatı kiyafət qədər dar miqyasda tətbiq olunur. Sosial-müdafiənin digər təşkilati-hüquqi forması sosial sığortadır. Bu forma bazar iqtisadiyyatına keçmiş ölkələrin böyük əksəriyyətində digər formalarla müqayisədə geniş istifadə olunur. Sosial sığorta anlayışının əsasında sosial risklər və onların məcburi və könüllü sığortalaşdırılması durur. Sosial sığorta üzrə ödəmələrin maliyyələşdirilməsi işləyən vətəndaşların, işverənlərin bərabər paylarla ödəmələri hesabına həyata keçirilr. Sosial sığorta sisteminin maliyyələşdirilməsində bəzən dövlət də iştirak edir.

Azərbaycanda mövcud sosial-müdafiə sistemi əsasən pensiya təminatından və sosial yardımdan ibarətdir. Mövcud sosial-müdafiə sisteminin əsasları Azərbaycana sovet dövründən miras qalmışdır. 1997-ci ildən etibarən kommunal-nəqliyyat və digər xidmətlər üzrə güzəştlər daha çox ehtiyacı olan əhali qrupları üçün pul kompensasiyası ilə əvəz edilmişdir. Lakin nə sosial yardım, nə də sosial sığorta sahəsində əsaslı islahatlar aparılmamışdır. Beləliklə, sosial-müdafiə  sistemi köklü şəkildə dəyişmiş olan sosial-iqtisadi mühitə lazımınca uyğunlaşmamışdır.

H.Rəcəbli qeyd edir ki, sosial-müdafiə tədbirləri əsas etibarilə sosial sığorta və sosial yardım növlü tədbirlərə ayrılır. Pensiya təminatı xüsusi sosial hallar zamanı fərdlərin yoxsulluq təhlükəsindən müdafiə olunmasına istiqamətləndirilmişdir (məs., qocalıq, əlillik və s.). Pensiya təminatı işləyən əhali (o cümlədən, işəgötürənlər) tərəfindən ödənilmiş sosial sığorta halları hesabına maliyyələşdirilir. Yoxsul əhalinin minimum səviyyəsini təmin edə bilmək üçün vəsaitlərin bölüşdürülməsi tələb olunur. Azərbaycanda əsasən problemlərdən biri ondan ibarətdir ki, artıq bu iki sosial-müdafiə növü arasında xüsusilə, yaşa görə pensiyalar baxımından bölgü yoxdur. Bunun səbəbi odur ki, sosial sığorta haqlarının ödənilməsi hesabına həyata keçirilir.

Sosial yardım sistemində isə vəsaitlərinin ehtiyacdan çox, əhali kateqoriyalarına əsaslanan bölüşdürülməsi qalmaqda davam edir. Nəticə sosial yardımın ünvanlılıq prinsipi təmin olunur, mövcud resurslar daha az sayda yoxsul əhali qruplarına zəruri olan yardımı göstərmək əvəzini, geniş əhali kütlələrini əhatə edir. İndiyə kimi yoxsulluğun və ehtiyacların araşdırılması üçün lazım olan heç bir məlumat bazası sorğu məlumatları və yoxsulluq həddi üzrə göstəricilər olmamış, əhalinin ən həssas təbəqələrinin müəyyən edilməsi üçün ehtiyacların ödənilməsi üzrə səmərəli mexanizm mövcud deyildir. Digər bir problem sosial yardım müavinətlərinin çoxsaylı olması ilə əlaqədar onların tətbiqində meydana çıxan mürəkkəbliklə əlaqədardır.

H.Rəcəbli göstərir ki, hökumət sağlam bazar şəraitini təmin etmək məqsədilə enerji sektorunda islahatlar həyata keçirmək, dolayı və aşkar enbudasiyaları ləğv etmək niyyətindədir. Lakin bu enerji haqlarının nəzərə çarpacaq dərəcədə artmasına gətirib çıxaracaq və bir çox ailələr dəyəri artırılmış, haqları ödəyə bilməyəcək. Buna görə də yeni sosial yardım proqramının hazırlanması və onun enerji sektorunun islahatı ilə paralel şəkildə həyata keçirilməsi zəruridir. Həmin yeni proqramda sosial yardım, əsasən, aztəminatlı ailələri ünvanlamalıdır.

Pensiya təminatında əsas problem ondan ibarətdir ki, pensiyanın məbləği ilə ödənilən sosial sığorta haqları arasında yaxın əlaqə yoxdur. Pensiyaların ümumi məbləği müxtəlif növ sosial yardım müavinətləri ilə tamamlanır ki, bu da sosial sığorta ödəmələri ilə sosial yardım arasında fərqləri olduqca qeyri-müəyyən edir.

Pensiya və müavinətlərinin məbləğinin yenidən müəyyən edilməsi şərti ilə artırılması labüddür. Buna ilk növbədə, sosial müdafiəyə ayrılmış vəsaitin səmərəliliyinin artırılması sosial-müdafiə tədbirlərində ayırmalarının məbləğini tədricən və mövcud resursların geniş əhali kateqoriyalarının deyil, yardıma ehtiyacı olan əhaliyə çatdırılması yolu ilə nail olmaq olar.

Digər bir problem ödəmələrin toplanması, eləcə də müavinət və xidmətlərin təmin edilməsi ilə müxtəlif təşkilatların məşğul olması səbəbindən həm sosial sığorta, həm də sosial yardım müavinətlərinin qeyri-səmərəli şəkildə idarə olunmasından ibarət idi. Belə ki, bu işlə DSMF, ƏƏSMN Əlillər Fondu, Məşğulluq Fondu məşğul olurdular, hökumət bu probelmi inzibati funksiyaların çoxunun bir orqanda, yəni DSMF-də birləşdirilməsi yolu ilə həll etmiş oldu.

Sosial sığorta üzrə aparılacaq islahatların əsas məqsədləri aşağıdakılardan ibarətdir:

- Vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail  olunması;

- Pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqda əhalinin rifahının yaxışlaşdırılmasında onun rolunun artırılması;

 - Pensiya və müavinət ödənişləri üçün nəzərdə tutulan vəsaitin tam yığılmasının məqsədyönlü istifadəsinin təmin edilməsi; pensiya təminatı sisteminin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması; sosial sığorta haqları ilə pensiya məbləğləri əlaqələrin uyğunlaşdırılması.

Azərbaycan Respublikası Prezidenti 17 iyul 2001-ci ildə Pensiya və Sosial Sığorta İslahatı üzrə Konsepsiya sənədini təsdiq etmişdir. Konsepsiyada hər bir iştirakçının ödədiyi məcburi dövlət sosial haqqının məbləğinə uyğun pensiyanın təyin olunması nəzərdə tutulur. Bu məcburi pensiya sığortası ilə sosial yardım müavinətlərinin funksiyalarını bir-birindən ayırır. Sosial yardım sistemi işlədikləri müddət ərzində sosial sığorta pensiyası almaq hüquqi əldə edə bilməyən vətəndaşların müdafiəsini təmin etmək məqsədi daşıyır.

Sonrakı mərhələdə sosial sığortada könüllü iştiraka əsaslanan özəl pensiya sisteminin yaradılması və inkişafı nəzərdə tutur.

Konsepsiya pensiya islahatını keçirmək üçün hökumətin yerinə yetirməli olduğu tədbirlər müəyyənləşdirilmişdir.

1. Yeni sosial sığorta sisteminin səmərəli idarə edilməsi və pensiyaların çatdırılmasının effektli təşkilinin təmin edilməsi;

2. Fərdi uçot sisteminə əsaslanan avtomatlaşdırılmış sosial sığorta və pensiya sisteminin qurulması.

Sosial sığorta sistemində həyata keçirilməsi nəzərdə tutulmuş islahatların ən çox vəsait tələb edən hissəsi fərdi uçotda əsaslanan pensiyaların və sosial sığorta sahəsində idarəetmənin avtomatlaşdırılmış sisteminin yaradılması və həyata keçirilməsidir. Bu sahədə böyük sərmayələr tələb olunur. Hökumət artıq Azərbaycanda fərdi uçotun həyata keçirilməsinə imkan verəcək qanunvericiliyi hazırlamış və AB MDBTY proqramının köməyi ilə bəzi hazırlıq işləri yerinə yetirilməsidir. Bu sahədə planlaşdırılmalıdır və bu planı zəruri avadanlıq və proqram təminatını, məlumat göstəricilərinin idarə olunması metodlarını və maliyyə mənbələrini müəyyən edəcək. Nümunə ofisə əsaslanaraq hökumət yeni tam avtomatlaşdırılmış, inzibati sistem üçün ehtiyatları planlaşdırır. Amma arzu olunan sistemin yaradılması və həyata keçirilməsi üçün hökumətə əlavə yardım lazım olacaqdır. Fərdi uçot saxlanılmasına və idarə olunmasına imkan verən inzibati sistem olduqda fərdi pensiya nömrələri verilə bilər və sosial sığorta sistemin üzvlük haqlarının ödənişi üçün stimullar yaratmaqla, onu maliyyə cəhətdən daha da davamlı etməklə, müavinətin formuluna yenidən baxıla bilər.

H.Rəcəbli qeyd edir ki, sosial yardım islahatlarının həyata keçirilməsində əsas məqsəd subsidiyaları və 23 növ kiçik müavinətin ləğv olunması və onların yoxsul ailələrə ünvanlanma sosial yardım müavinətlərdən ayrılması üçün onun yalnız dövlət büdcəsində maliyyələşdirilməsi nəzərdə tutulur. Strateji sənədin hazırlanması yenidən işlənməsi sosial yardım sisteminin səmərəliliyini dəyərləndirməyə imkan verəcək monitorinq göstəriciləri müəyyən edilməlidir. Nəticələr müavinətilərin təkmilləşdirilmiş siyahısıdır. Gözlənilən dəyərləndirmə və sosial büdcənin müəyyən edilməsi metodları yeni müavinətlərin məbləğini və xərclərini müəyyən etməyə kömək etməklə müavinətlər üçün hüquqi qaydaları müəyyən edəcək.

Dövlət büdcəsinin məhdudluğunu nəzərə alaraq gələcəkdə yeni sosial yardım müavinətləri (məbləği və hüquqi qaydaları) hökumətin maliyyə imkanlarına əsaslanacaqdır.

Sosial-müdafiə sektorunun islahatı üçün müəyyən olunmuş əsas siyasi prioritetlərindən biri sosial yardım müavinətlərindən ünvanlığını təkmilləşdirməkdən ibarətdir. Mövcud vəsaitlərin məhdudluğu səmərəli təhlükəsizlik şəbəkəsi siyasətini təmin etmək üçün daha yaxşı ünvanlılıq və əhalinin ən yoxsul və ən zəif qruplarına çatmağı tələb olunur. Adam başına düşən gəlirin hədlərini müəyyən etmək üçün yoxsulluq haqqında daha dəqiq məlumat lazımdır. Əgər məqsəd ailədə adambaşına düşən gəliri müəyyən səviyyəyə çatdırmaqdısa, onda bu səviyyə maliyyə məhdudiyyətlərini nəzərə alaraq müəyyən olunmalıdır. Hazırda bunun üzərində iş aparılır. Gələcəkdə bu iş daha da inkişaf etdiriləcəkdir.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 18 fevral.- S15.