İşçilərin həyat və
sağlamlığı müəssisənin iqtisadi
mənafeyindən yüksək tutulmalıdır
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə
- Fuad müəllim, bu gün Azərbaycanda əməyin mühafizəsi sahəsində milli qanunvericiliyi necə xarakterizə edərdiniz?
- Əminliklə qeyd etmək olar ki, bu gün Azərbaycan əməyin mühafizəsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı dolğun qanunvericilik bazasına malikdir. Bildiyiniz kimi, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Həmçinin ölkənin bu Əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları əksini tapıb.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində əməyin mühafizəsi məsələlərinə geniş yer verilib və bu Məcəllə ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının müvafiq Konvensiyaları əsasında daha da təkmilləşdirilib. Digər tərəfdən, ilbəil təkmilləşən ölkə qanunvericiliyində işçi insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunması müəyyən edilib. Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması istehsalatda işçilərə sağlam və normal əmək şəraitinin yaradılmasına, əməyin mühafizəsinin və texniki təhlükəsizliyin təmin edilməsinə, istehsalatda baş verən qəza hallarının, əmək xəsarətinin və peşə xəstəliklərinin qarşısının alınmasına, işçilərin vaxtlı-vaxtında əməyin mühafizəsi üzrə təlimatlandırılmasına və biliklərinin yoxlanılmasına yönəldilmiş sosial-iqtisadi və hüquqi tədbirlər sistemindən ibarətdir. İş yerlərində əməyin mühafizəsinin mövcud norma və qaydalara, dövlət standartlarına uyğun təşkili əmək prosesində peşə risklərinin minimum səviyyəyə endirilməsinə səbəb olacaq əsas istehsal amili kimi qiymətləndirilir.
Əməyin mühafizəsi sahəsində daim güclənən tədbirlərə baxmayaraq, BƏT-in məlumatına görə, hər il dünyada istehsalat xəsarəti və peşə xəstəliyindən 2 milyon nəfər həlak olur. Bu bədbəxt hadisələr eyni zamanda ölkələrin iqtisadi inkişafına da ziyan vurur və dünya üzrə ümumi daxili məhsulun 4%-nin itirilməsinə səbəb olur. Ona görə də əməyin mühafizəsi yalnız sosial baxımdan deyil, iqtisadi baxımdan da xüsusi aktuallıq kəsb edir. Təcrübə də sübut edir ki, əmək şəraitinin müvafiq norma və standartlara uyğun təşkil edildiyi müəssisələrdə səmərəlilik, məhsuldarlıq da yüksək səviyyədə olur.
- Ölkəmizdə işçilərin icbari sığortası sahəsində vəziyyət necədir?
- Ölkəmizdə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bu Qanuna əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün işəgötürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən əmək qanunvericiliyinin digər tələbləri kimi, bu Qanunun icrasına da ciddi şəkildə dövlət nəzarəti həyata keçirilir.
Bununla yanaşı, əməyin mühafizəsi və istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın təmin olunması məqsədi ilə sığorta şirkətləri ilə bizim fəal əməkdaşlığımız mövcuddur. Belə ki, 2013-cü ilin dekabrında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən, yəni həyat sığortası fəaliyyəti ilə bağlı müvafiq lisenziyası olan “Paşa Həyat”, “Atəşgah Həyat” və “Qala Həyat” sığorta şirkətləri arasında Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanıb. İmzalanan sazişə əsasən, tərəflər sığortalılar tərəfindən bədbəxt hadisə və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin görülməsi və əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsi üzərində dövlət nəzarətinin həyata keçirilməsində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini və inkişafını təmin edirlər.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.2-ci maddəsi ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmasına görə fiziki şəxslər barəsində beş yüz manat, vəzifəli şəxslər barəsində min beş yüz manat, hüquqi şəxslər barəsində isə beş min manat miqdarında cərimə müəyyən edilmişdir.
- Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ölkədə əmək münasibətləri sisteminə hansı yenilikləri gətirdi?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimiz cənab İlham Əliyev iqtisadiyyatın bir sıra sahələrində mövcud olan qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək bazarına nəzarətin gücləndirilməsi barədə müvafiq göstərişlər verib. Bununla bağlı olaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2013-cü il 27 dekabr tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində müvafiq dəyişikliklər edilib və dövlət başçısı qeyd olunan Qanunun tətbiqi barədə 2014-cü il 3 fevral tarixli Fərman imzalayıb.
Qeyd edim ki, Əmək Məcəlləsində edilmiş həmin dəyişikliklərə əsasən, əmək qanunvericiliyinə əmək müqaviləsi bildirişi anlayışı daxil edilib. Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən isə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Beləliklə, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, bütün işəgötürənlər əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı elektron informasiya sistemində əmək müqaviləsi bildirişini qeydiyyatdan keçirməlidirlər.
Bu islahat tədbiri məşğul əhalinin əmək hüquqlarının müdafiəsinin təmin edilməsinə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına hədəflənib. Artıq bütün işəgötürənlər, eləcə də işçilər onlar tərəfindən bağlanmış əmək müqavilələri barədə məlumatları əmək müqaviləsi bildirişləri vasitəsi ilə real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemindən əldə etmək imkanlarına malikdirlər. Bununla da tərəflər əmək müqavilələri ilə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməli olurlar. Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə, əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsi ilə işçilər öz əmək hüquqlarının icrasını işəgötürəndən tələb etmək imkanına malik olurlar.
Digər tərəfdən əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində onlar üçün nəzərdə tutulmuş hüquqların qorunmasının təminat formasıdır. Bu sənəd vasitəsi ilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər.Göstərilən dəyişikliklər dövlət nəzarətini həyata keçirən orqanların əmək bazarına elektron nəzarət sisteminin qurulmasına, onların qeyri-leqal əmək məşğulluğunun aradan qaldırılması istiqamətində birgə və səmərəli fəaliyyətinə, sosial sığorta haqları və vergi daxilolmalarının artırılmasına, vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasına yönəldilib.
- Fuad müəllim, ötən il həyata keçirilmiş dövlət nəzarəti tədbirlərinin nəticələri barədə məlumat verərdiniz.
- 2014-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, 11527 müəssisədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarəti həyata keçirilib. Bu müddət ərzində vətəndaşlardan daxil olmuş 4586 şikayət məzmunlu ərizə və müraciət, müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 1609 ədəd müxtəlif xarakterli sorğu araşdırılaraq cavablandırılıb ki, bu da ötən illə müqayisədə müvafiq olaraq 20,4% və 48,8% çoxdur. Dövlət nəzarəti tədbirləri və vətəndaşların müraciətlərinin araşdırılması zamanı 20417 halda işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edilib. Həmin hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Aradan qaldırılması vaxt tələb edən pozuntuların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilib və icrası nəzarətə götürülüb.
- Son vaxtlar mətbuatda gedən məlumatlardan bəlli olur ki, artıq işçilər iş yerlərinə getmədən iş yerləri və əmək haqları barədə elektron qaydada arayışlar ala bilər. Bu barədə nə deyə bilərsiniz?
- Bəli bu belədir. Əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsi işçilər üçün bu imkanı yaradıb. İşçi artıq bilavasitə idarəyə getmədən, əlavə vaxt sərf etmədən şəxsiyyət vəsiqəsində olan müəyyən kodları elektron informasiya sisteminə daxil etməklə təhsil müəssisələrinə, banklara və digər yerlərə təqdim etmək üçün elektron qaydada müvafiq arayışlar əldə etmək imkanına malikdirlər.
Törədilmiş inzibati xətalara görə 3113 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək onlara ümumilikdə 4292600 manat məbləğində inzibati cərimə tətbiq olunub ki, bu da 2013-cü ilə nisbətən 6,8 dəfə çoxdur. Tətbiq edilmiş cərimələrin 44,6 %-i dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur. Bununla yanaşı, Xidmət tərəfindən görülmüş tədbirlər nəticəsində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 527574 manat olub. Bu məbləğin 88,8%-i (468434 manat) əməkhaqqlarından, 6,4%-i (33932 manat) - zərər əvəzi ödənclərdən, 4,8%-i (25208 manat) sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Eyni zamanda, ötən il əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 13 nəfər öz əvvəlki işlərinə bərpa edilib və işçilər barəsində yol verilmiş çoxlu sayda qanun pozuntularının aradan qaldırılması təmin olunub.
- Əmək qanunvericiliyinin pozulması halları əsasən hansı məsələləri əhatə edir və iqtisadiyyatın hansı sahələrində özünü göstərir?
- Ötən il əmək qanunvericiliyinə əməl olunmaması ilə bağlı aşkar edilən hüquq pozuntularının təhlili göstərib ki, onların 35,8%-ni əmək müqavilələrinin bağlanmaması və ya onların şərtlərinin yerinə yetirilməməsi, 6,3%-ni əməyin mühafizəsinin tibbi-sosial məsələləri, 6,1%-ni əməkhaqqının hesablanması və ya ödənilməsindəki nöqsanlar, 4 %-ni texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. təşkil edib.
İqtisadiyyatın sahələri üzrə bu pozuntulara daha çox topdan və pərakəndə ticarət, avtomobillərin təmiri sektorunda (bütün nöqsanların 30,4%-i), yaşayışın təşkili və ictimai iaşə (10,0%), emal sənayesində (6,7%), səhiyyə və sosial xidmət sahəsində (7,2%), tikintidə (15,8%) və s. aşkar edilib. İşəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması hallarının 91%-i sahibkarlıq subyektlərində baş verib. Eyni zamanda, gecikdirilmiş sosial xarakterli ödənişlərin təxminən 81%-i sahibkarlıq subyektlərinin payına düşüb. İqtisadiyyat sahələri üzrə işçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti emal sənayesinə (18,6%) və tikintiyə (22,6%) aid müəssisələrdə həyata keçirilib.
- Mümkünsə istehsalatla əlaqəli bədbəxt hadisələrin statistikası haqqında söz açardınız. Təhlillərə əsasən, belə hadisələr daha çox hansı sahələrdə baş verir?
- Xidmətin yüksək məsuliyyət və peşəkarlıq tələb edən fəaliyyət sahələrindən biri də istehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatının və uçotunun aparılmasıdır. Diqqətinizə çatdırım ki, 2014-cü ildə Xidmət istehsalatla əlaqəli sayılmış 225 bədbəxt hadisənin, o cümlədən qrup halında baş vermiş 28 belə hadisənin təhqiqatını aparıb. Bu hadisələr nəticəsində 90 nəfər həyatını itirib, 183 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (bütün hadisələrin 28,9%-i), emal sənayesində (15,1%), energetika sahəsində (10,7%), mədənçıxarma sənayesində (10,2%) və nəqliyyat sektorunda (8,9%) baş verdiyi müəyyən edilib.
Tikinti sektorunda 7-i qrup halında olmaqla 65 bədbəxt hadisə baş verib ki, bu hadisələr zamanı ölənlərin sayı 28 nəfər, xəsarət alanların sayı isə 43 nəfər olub. İş qəzası nəticəsində zərərçəkənlərin 26%-nin, ölənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı bir daha təsdiq edir ki, tikinti sektorunda hələ də əmək qanunvericiliyinə, bu sahədə olan digər normativ-hüquqi sənədlərin tələblərinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına və qaydalarına riayət olunmasında problemlər mövcuddur. Tikinti müəssisələrində aparılmış dövlət nəzarəti və bədbəxt hadisələrin təhqiqatı zamanı aşkar olunub ki, bir çox hallarda bu müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur. Həmçinin işçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində və onlardan səmərəli istifadə olunmasında ciddi nöqsanlar qalmaqdadır.
- Fuad müəllim, Xidmət tərəfindən dövlət nəzarəti tədbirləri ilə yanaşı, işəgötürənlər arasında maarifləndirmə tədbirləri də aparılırmı?
- Təbii ki, bizim fəaliyyətimizin mühüm bir istiqaməti məhz bu və ya digər islahat tədbirləri, eləcə də əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi barədə işəgötürənlər arasında mütəmadi olaraq təbliğat- maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Məsələn ötən il, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar çoxşaxəli maarifləndirmə tədbirləri, ölkənin bütün regionlarında işəgötürənlərin iştirakı ilə “Açıq qapı” forumları keçirildi. Həmçinin istehsalatda baş verən bədbəxt hadisələrin qarşısının alınması və bu hadisələr zamanı həyatını itirənlərin və xəsarət alanların sayının minimuma endirilməsi məqsədi ilə xidmət tərəfindən bir sıra maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirilir.
Buna misal olaraq, ötən il sentyabrın 15-dən 21-dək Xidmət tərəfindən respublikada ilk dəfə olaraq “Təhlükəsiz iş həftəsi” elan edilib və həmin həftə ərzində müvafiq mövzuda dolğun məlumatlandırma işləri aparılıb. Eyni zamanda, həftə çərçivəsində aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Bakı və Sumqayıt şəhərlərindəki tikinti və bir sıra istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyətinə yerindəcə dövlət nəzarəti həyata keçirilib. Bu zaman aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə icrası məcburi olan göstərişlər verilib, nöqsanlara yol vermiş işəgötürənlər barəsində 19 min manat məbləğində inzibati cərimə tətbiq edilib. Yoxlamalar zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükə yaradan pozuntulara yol verilmiş 12 tikinti sahəsində və 4 mişar və dekorativ üzlük daşlarının istehsalı ilə məşğul olan müəssisələrdə (daş karxanalarında) işlər həmin nöqsanlar aradan qaldırılanadək dayandırılıb.
Cari ildə
də bu işlər davam etdirilib. Belə ki, bu il yanvarın 26-dan fevralın
5-dək respublikada əməyin
mühafizəsi sahəsində
mövcud nöqsanların
aradan qaldırılmasına,
bu məsələyə
işəgötürənlərin diqqətinin artırılması
üçün Xidmət
tərəfindən “Təhlükəsiz
iş ongünlüyü”
keçirilib. Həmin on gün
ərzində konkret Tədbirlər Planı üzrə respublikanın
bütün bölgələrində
işəgötürənlər üçün “Açıq
qapı” günləri
keçirilib. Bu tədbirlər,
eləcə də digər formalarda aparılan maarifləndirmə
işləri vasitəsilə
işəgötürənlər əməyin mühafizəsi
sahəsində qanunvericilik,
norma və
standartlar haqqında geniş məlumatlandırılıblar.
Habelə sosial tərəfdaşların, BƏT-in,
TÜSİAB və ATİB-in, sığorta şirkətlərinin
nümayəndələrinin, çoxsaylı işəgötürənlərin
iştirakı ilə
seminar-müşavirə keçirilib,
respublikada əməyin
mühafizəsi sahəsində
vəziyyət,
qarşıda duran
vəzifələr geniş
müzakirə olunub. Ongünlük çərçivəsində
əməyin mühafizəsi
vəziyyətinin yerindəcə
araşdırılması üçün
ümumilikdə 21 müəssisədə
dövlət nəzarəti
həyata keçirilib,
ayrı-ayrı müəssisələrə
əməyin mühafizəsi
sahəsində aşkar
edilmiş hüquq pozuntularına görə
ümumilikdə 39800 manat
məbləğində cərimələr
tətbiq olunub. Həmçinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki
3 müəssisədə iş
şəraitinin işçilərin
həyat və sağlamlığı üçün
ciddi təhlükə
doğurması səbəbindən
həmin müəssisələrdə
işlər əməyin
mühafizəsi sahəsində
aşkar edilən nöqsanlar aradan qaldırılana qədər
dayandırılıb. Onların rəhbər
şəxslərinə icrası
məcburi olan göstərişlər verilib,
müvafiq protokollar tərtib olunub.
Dövlət nəzarəti tədbirlərinin,
eləcə də aparılan maarifləndirmə
tədbirlərinin müsbət
nəticəsi olaraq, iş yerlərində əmək qanunvericiliyinin
pozulması halları
azalır. Məsələn,
cari ilin yanvar ayında həyata keçirilən
dövlət nəzarəti
zamanı ayrı-ayrı
müəssisələrdə əmək qanunvericiliyinin
pozulması ilə bağlı ümumilikdə
492 fakt aşkar olunub ki, bu
da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz
azdır.
- Səhv etmirəmsə, ötən ildən əməyin mühafizəsi
sahəsində kursların
da təşkilinə
başlamısınız. Bu
sahədə vəziyyət
necədir?
- Tamamilə doğrudur. Dövlət
nəzarəti və maarifləndirmə tədbirləri
ilə yanaşı, ölkədə əməyin
mühafizəsi üzrə
mütəxəssislərin peşəkarlığının artırılması məqsədilə
ötən ilin noyabr ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkədə
ilk dəfə olaraq əməyin mühafizəsi
üzrə tədris kurslarının təşkilinə
başlanılıb. Ötən müddətdə artıq 155 nəfər həmin kurslarda, əmək qanunvericiliyinə,
o cümlədən əməyin
mühafizəsinə dair
təlim keçərək
müvafiq sertifikatlarla
təmin edilib. Onların bu kurslarda qazandıqları
bilik və təcrübə onların
çalışdıqları müəssisələrdə əməyin
mühafizəsi işinin
səmərəli təşkilinə
müsbət təsir
edəcək.
Qarşıdakı dövrdə də ölkəmizdə əmək
qanunvericiliyinə əməl
olunmasına dövlət
nəzarətinin gücləndirilməsi,
işçi hüquqlarının
təminatı istiqamətində
tədbirlər uğurla
davam etdiriləcək.
Səs.-
2015.- 18 fevral.- S8-9.