11 yaşlı rəssam Aydan Məmmədzadənin fərdi sərgisinin açılışı olmuşdur

"Qalereya 1969" sərgi salonunda 11 yaşlı rəssam Aydan Məmmədzadənin fərdi sərgisinin açılışı olmuşdur.

Sərginin açılışında Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, ölkəmizin rəssamlıq məktəbinin yüksək nailiyyətlərindən söz açmış, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın istedadlı uşaqlara göstərdiyi böyük qayğı və dəstəyi xüsusilə vurğulamışdır. Nazir müavini Aydan Məmmədzadənin rəsm əsərlərinin gözəlliyini qeyd edərək, ona seçdiyi bu sənət yolunda yaradıcılıq uğurları arzulamışdır. Tədbirdə eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Xalq Rəssamı Fuad Salayev və Rəssamlar İttifaqının Katibi Xalq rəssamı Ağaəli İbrahimov çıxış etmişlər.

A.Məmmədzadənin fərdi sərgisi həm də xeyriyyə aksiyası kimi nəzərdə tutulmuşdur- satılan rəsm əsərlərindən əldə olunan vəsait uşaq evlərinə veriləcək.

Yaşının az olmasına baxmayaraq Aydan Məmmədzadə artıq beynəlxalq müsabiqə laureatıdır. O, Fransanın Luvr muzeyində keçirilən 37-ci "Sumitomo life" beynəlxalq rəsm müsabiqəsində iştirak edərək gümüş medala layiq görülmüşdür. Gənc rəssamın uğurlarında onun müəllimləri Azərbaycan rəssamlıq məktəbinin öz dəsti-xətti ilə seçilən nümayəndələri, əməkdar rəssam Əsmər Nərimanbəyova və Səfiyyə Mirbabayevanın da əməyi var.

 

Səs.-2015.- 19 fevral.- S. 12.