Hüquqi dövlətdə insan azadlığının qorunmasına dair bəzi milli və beynəlxalq
qanunlar
Bu baxımdan 1776-cı il Virçiniyanın Hüquqları Bəyannaməsi dəyərli olmaqla bəyan edirdi ki, öz təbiətinə görə bütün adamlar eyni dərəcədə azad və müstəqildirlər və anadangəlmə hüquqlara mülkiyyət əldə etmək və sahib olmaq vasitəsilə yaşamaq və azadlıq hüququna, xoşbəxtlik və təhlükəsizliyə can atmaq hüququna malikdirlər. Tədqiqatçıların fikrincə, bu Bəyannamə əhəmiyyətinə görə insan hüquqlarına dövlət tərəfindən verilən ilk tərif olmaqla, həm də ilk insan Bəyannaməsi olmuşdur.
Virciniya Hüquqlar Bəyannaməsinin ideyaları T.Cefferson tərəfindən hazırlanmış və 1776-cı ildə qəbul olunmuş ABŞ-ın İstiqlaliyyət Bəyannaməsində inkişaf etdirilmişdir. Burada bəyan olunurdu: "Hadisələrin gedişi ona gətirib çıxarır ki, bir xalq onu başqa xalqla bağlayan siyasi əlaqələri kəsməyə və dünya dövlətləri arasında sərbəst və bərabər yer tutmağa məcbur olur və təbiətin onu Yaradanın qanunlarına görə buna onun hüququ var...
Biz elə bir həqiqətdən çıxış edirik ki, bütün insanlar Yaradan tərəfindən bərabər yaradılıb və onlara müəyyən ayrılmaz hüquqlar verilib: həyat, azadlıq və xoşbəxtliyə can atmaq. Bu hüquqları təmin etmək üçün insanlar qanuni səlahiyyətlərini idarə olunanların razılığı ilə müəyyən edən hökumətlər təsbit edirlər. Əgər hökumətin hər hansı forması bu məqsədlər üçün məhvedici olarsa, belə halda xalqın onu dəyişmək yaxud ləğv etmək və insanların təhlükəsizliyini və xoşbəxtliyini təmin edən hakimiyyətin təşkili prinsipləri və formalarına əsaslanan yeni hökuməti təsbit etmək hüququ vardır. Qeyd etmək lazımdır ki, ABŞ-ın müstəqillik Bəyannaməsi ayrılmaz insan hüquqları ideyasını ifadə edən və bu hüquqları təsbit edən ilk rəsmi sənəd olmuşdur.
İnsan hüquqlarının, ilk növbədə təbii hüquqların Konstitusiyada yazılması xüsusi əhəmiyyət kəsb edirdi. Lakin ABŞ-ın 1787-ci il Konstitusiyasına ayrılmaz təbii insan hüquqlarının siyahısı daxil edilməmişdir. Bu da tədqiqatçılar tərəfindən onunla izah olunur ki, ABŞ-ın əsasını qoyan banilər ondan çıxış edirdilər ki, insana məxsus olan təbii hüquqların Əsas Qanununun mətni ilə pozitiv təsdiq olunmasına ehtiyac yoxdur. Onlar belə hesab edirdilər ki, bu hüquqların Konstitusiyada sadalanması hüquq və azadlıqların tam siyahısı kimi qəbul olunardı. Bu da siyahıya daxil edilməyən digər hüquqların məhdudlaşdırılmasına gətirib çıxarardı.
ABŞ-ın Əsas Qanununda federasiya üzrə təsbit olunmuş hüquq və azadlıqların olmaması bu sənədin tənqidinə səbəb olmuş və ictimai rəyin təzyiqi altında 1789-cu ildə yeni seçilmiş ABŞ Konqresinə siyasi və şəxsi huquqlar barədə maddələrdən ibarət əlavələr layihəsi təklif edilmişdir. Lakin həmin layihə əsasında hazırlanmış Hüquqlar Haqqında Bill Konqres tərəfindən yalnız 1791-ci ilin sonunda ratifikasiya olunmuşdur.
Təbii, ayrılmaz insan hüquqları ideyaları Böyük Fransa inqilabının güclü amili olmuşdur. Beləliklə də 1789-cu ildə Böyük Fransa inqilabı şəraitində öz tarixi əhəmiyyətinə görə qiyməti olmayan hüquqi akt - insan və vətəndaş hüquqları Bəyannaməsi qəbul olunmuşdur ki, bu unikal sənədin bütün sətirləri indiyədək müasir və aktual olaraq qalır. Bəyannamədə bəyan edilmişdir ki, bütün insanlar azad və bərabərhüquqlu doğulur, hər bir siyasi ittifaqın məqsədi insanın təbii və ayrılmaz hüquqlarının (şəxsiyyət azadlığı, mülkiyyət hüququ, təhlükəsizlik və istismar olunmağa qarşı müqavimətin) təmin olunmasından ibarətdir. Bununla yanaşı Bəyannamədə təqsirsizlik prezumpsiyası vicdan azadlığı, öz fikrini azad ifadə etmək, mətbuat azadlığı, vətəndaşların şəxsi və digər hüquqlarına təminatlar bəyan edilirdi. Qeyd olunan bu iki sənədin müqayisəli təhlili göstərir ki, bütövlükdə, Billə daxil olan əlavələr fərdə qarşı dövlət hakimiyyətinin məhdudlaşdırılmasına yönəldilmişdir. İnsan və vətəndaş hüquqları Bəyannaməsi isə hər bir siyasi ittifaqın əsas məqsədini insan hüquqlarının müdafiəsində görürdü.
Azadlıq anlayışının mahiyyəti alman filosofu Artur Şopenhauer tərəfindən onun "İradə azadlığı və əxlaqın əsasları" adlı işində inkişaf etdirilmişdir. O, qeyd edir ki, azadlıq yalnız hər hansı bir maneənin olmaması kimi başa düşülür. Bu maneələrin xüsusiyyətlərinə müvafiq olaraq azadlığın 3 müxtəlif növü vardır: fiziki, intellektual və mənəvi azadlıq. A.Şopenqauerin fikrincə, fiziki azadlıq müxtəlif maddi maneələrin olmamasını nəzərdə tutur və ona görə də deyilir: azad məkan, azad yer, azad günəş dairəsi və s. Müəyyən mülahizələri əsasında o, belə bir qənaətə gəlir: fiziki mənada azadlıq anlayışının mahiyyəti ondan ibarətdir ki, adamların hərəkətləri onların iradələrinə uyğun olaraq baş verir və bu hərəkətlərə heç bir fiziki və maddi maneçilik mənfi təsir göstərmir. İntellekt yaxud dərketmə qabiliyyəti motivlər mühitidir ki, onun da vasitəsilə motivlər insanın iradəsinə təsir edirlər. Bu mühit normal vəziyyətdə olduqda, öz funksiyalarını düzgün yerinə yetirir və ona görə də motivləri iradəyə seçim üçün olduğu kimi təqdim edir. Bu zaman insan intellektual cəhətdən azaddır. İntellektual azadlıq insanın hərəkətlərinin, onun iradəsinin reallıqdan irəli gələn motivlərə reaksiyasının təmiz nəticəsidir.
Cəmiyyətin fərdə münasibətlərinin əsasında duran prinsipləri ingilis filosofu və dövlət xadimi Mill Con Stüart da müəyyən etməyə çalışmışdır. O özünün "Azadlıq haqqında" əsərində qeyd edirdi ki, heç kəsin fərdi nəyisə etməyə, yaxud etməməyə məcbur etmək hüququ yoxdur. Fərdi hansısa hərəkəti edib, yaxud etməməyə inandırmaq, ona məsləhət vermək olar, lakin məcbur etmək və ya ona buna görə qəsd etmək olmaz. Bu cür müdaxiləyə yalnız o vaxt yol vermək olar ki, əgər fərdin hərəkətləri kiməsə zərər vurur.
Mill fərdi azadlığın növlərinə, birincisi, vicdan azadlığını, bu sözün ən geniş mənasında, tam fikir azadlığını, ikincisi, bu və ya digər məqsədi qarşıya qoymaq azadlığı, şəxsi xarakterinə uyğun olaraq və bildiyi kimi öz həyatını qurmaq azadlığını aid edir. Lakin Mill tərəfindən bu baxımdan bəzi məhdudiyyətlər də qoyulur: əgər fərd başqa adamlara zərər vuran hərəkət etmirsə... Mill hesab edirdi ki, hansı idarəetmə forması olursa-olsun, cəmiyyət o vaxt azad ola bilir ki, burada fərd söz və fikir, istədiyi kimi yaşamaq azadlığına, assosiasiyalar azadlığına malik olsun, əks halda bu cəmiyyət azad deyil. Yalnız o cəmiyyət azaddır ki, burada fərdi azadlığın bütün növləri onun üzvlərinin hamısı üçün eyni olsun.
Azərbaycan filosofu, maarifçi-demokrat M.F.Axundov "Kəmalüddövlə məktubları"nda Avropa ölkələrində insanların hər bir fərdinə öz fikrini azad şəkildə yaymaq icazəsinin verildiyini göstərir, despot və despotizmi tənqid edərək, xalq kütlələrinin "azadlıq və insanlıq hüquqlarından" danışır. O, "Kəmalüddövlənin üçüncü məktubu"nda kişilərlə qadınların bərabər hüquqlarından, cəmiyyət həyatında onların bərabər əsaslarla iştirakından danışarkən, "insanlıq və azadlıq hüquqları" ifadəsini işlədir, bu hüquqların azad vətəndaşlar üçün, sivil cəmiyyətin üzvləri üçün vacib və əhəmiyyətli olduğunu qeyd edir.
M.F.Axundov özünün "Con Stüart Milli "Azadlıq haqqında" məqaləsində cəmiyyət və fərdlərin münasibətlərindən danışarkən fikir azadlığı probleminə toxunur, bunu bütövlükdə cəmiyyət, həm də hər bir fərd üçün vacib əməl hesab edir. O, 1874-cü ilin mart ayında Müsyö Nikioan cənablarına göndərəcəyi məktubun "qaralaması"nda böyük təəssüf hissi ilə qeyd edir ki, "mənim xalqım hələ fikir azadlığına malik deyildir".
Durkhaymda, on səkkizinci əsrin filosoflarında olduğu kimi, Homo Duplex baxımından dərk olunan, (ictimai) mənəviyyatın və (fərdi) marağın bir-biri ilə münaqişə edən tələbləri fərdi vicdanın səlahiyyət sahəsindədir. Bu, oxunuşda, sosial quruluşun təşkiledici münasibət və münaqişələri metatarixi şərtlər baxımından təmsil olunur ki, onlar da yalnız fərdi səviyyədə aradan götürülə bilər. Cəmiyyətin (onun əsas dəyər və mənalarının) təmsil olunması idrakın təsirləri ilə təşkil olunmuş ümumbəşəri subyektlər (fərdlər) baxımından postulat kimi irəli sürülür. Durkhaymın öz təbirincə, "rasionallığın inkişafı fərdçiliyin paralel inkişafı olmadan baş verə bilməz". Mənəvi faktlar və kollektiv təmsilçiliklər sui generis mövcud olsalar da, onların reallaşma və təmsil olunma səhnəsi fərddədir. Beləliklə, Durkhaym üçün, cəmiyyət həm "fərdi transend edən", həm də "onda immanent olan bütün mənəvi fəaliyyətin yekunu" olsa da, bu fəaliyyətin, onun təmsilçiliyinin səhnəsi, fərdi şüurun daxilindədir (Bu konktekstdə yadda saxlamaq lazımdır ki, 3 "şüur" sözlərini mənaca bir-birindən ayırmır. Beləliklə, şüurun təsirlərinin özü, yəni idrak vicdanın reallaşmasını nəzərdə tuturdu).
Durkhaymın bu fikri müasir demokratik millət-dövlətlərdə istər sosioloqlar, istərsə də əhalinin əksəriyyəti arasında müasir dünyanın tərkib hissəsinə çevrilib. Gördüyümüz kimi, onun sosial təsirləri vətəndaşlığın inkişaf edən formalarında elə ifadə olunub ki, vətəndaşlığın sırf abstrakt hüquqi bərabərliyindən başqa, özünə bir "sosial" komponent də daxil edə bilsin. Bütün bunlara baxmayaraq, hələ də xəstəxanalarımızda, məktəblərimizdə və iş yerlərimizdə həmrəyliyin, qarşılıqlığın və inamın çatışmazlığını hiss edirik. Ferqyuson, Kant və Durkhayma baxmayaraq, görünür, vətəndaşlığın ictimai məkanı hələ də mənəvi məhəbbətlə deyil, abstrakt hüquqi formullarla səciyyələndirilir. Vətəndaş cəmiyyətinə qayıdış barədə olan çağırışların səbəbi də elə buradadır. Bu problemlərin davam edən varlığının özü, hətta o fakta işarə edir ki, mövcud həll yolları, habelə təcrübələr, o cümlədən Durkhaymın təklif etdiyi həll yolları da daxil olmaqla, yetərincə deyildi və biz də bunun nə üçün belə olmasını öyrənməyə çalışmalıyıq.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 26 fevral.- S15.