Vətəndaş cəmiyyətində
azadlıq, vətəndaş maraqlarına tarixi
və müasir yanaşma
Tarixi mənbələrə görə, İngiltərə burjua quruluşunun formalaşması dövründə kralın üzərinə təbəələrin kral adminstrasiyasının özbaşınalıqlarından müdafiəsi üçün müəyyən vəzifələr 1628-ci ildə "Hüquq haqqında Petisiya"da qoyulmuşdur. İnsan hüquqlarının təmin olunması yolunda bundan sonrakı addım 1678-ci ildə qəbul olunmuş Xabeas korpus aktı olmuşdur ki, burada şəxsiyyətin toxunulmazlığına təminat, təqsirsizlik prezumpsiyası prinsipi, şəxsiyyətin hüquqlarının müdafiəsi üçün vacib olan digər müddəalar müəyyən edilmişdir.
İnsan hüquqlarının tərifinin verilməsində XVII-XVIII əsr liberalizminin nümayəndələri olan Lokk (o, təbii hüquqlar ideyasının banisi sayılır), Monteskye, Russo, Kant, Cefferson və başqalarının xüsusi xidmətləri olmuşdur. İngiltərə mütəfəkkiri C.Lokk "Dövlət idarəetməsi haqqında iki traktat" (əsərinin müəllifi, hesab edir ki, dövlət adamlardan o qədər səlahiyyət alır ki, nə qədər hər kəsin vətəndaş maraqlarını (yaşamaq, sağlamlıq, azadlıq "və pul, torpaq, ev, ev əşyaları və s. kimi xarici rifahlara sahib olmaq") təmin etmək, qorumaq və reallaşdırmaq imkanlarının olması üçün zəruridir. Xalqın suverenliyini onun yaratdığı dövlətin suverenliyindən üstün tutan Lokkun fikrincə, xalq despot hökmdarlara qarşı zor işlətməlidir.
C.Lokk hesab edirdi ki, azadlığın etibarlı təminatçısı hakimiyyət bölgüsüdür və böyük məqsəd olan azadlıq rejiminə dövlətdə hakimiyyət səlahiyyətlərinin bərabər bölüşdürülməsi yolu ilə nail olmaq olar. Lokk yazırdı ki, "siyasi hakimiyyəti başa düşmək və onun yaranması mənbəyini müəyyən etmək üçün biz bütün adamların hansı təbii durumda olmasına baxmayaraq bu isə (təbii durum) - onların öz hərəkətləri və mülkiyyətinə dair tam azad olması vəziyyətidir... Bu, həm də bərabərlik vəziyyətidir..."
C.Lokk tərəfindən dövlət həyatının hüquqi təşkili, hakimiyyət bölgüsü və qanunun aliliyi əsasında insanın təbii ayrılmaz hüquq və azadlıqları doktrinası işlənilmişdir. İnsanın şəxsi əqidəyə, təkrarsız daxili aləmə malik olma hüququnun dərk edilməsi Qərbi Avropanın ictimai şüurunda dini reformasiya uğrunda kütləvi hərəkat dövründə başlanmışdır. Burada çoxsaylı protestant cərəyanlarının və təriqətçiliyin meydana gəlməsi cəmiyyətdə dini dözümlülük ideyasının yaranmasına səbəb olmuşdur. Bu baxımdan C.Lokkun "Dini dözümlülük haqqında" məktubu maraq doğurur. Özünün bu məktubunda C.Lokk hər şeydən əvvəl dövlət və dini məsələləri bir-birindən fərqləndirməyi, kilsə və dövlət arasındakı həddi lazımi dərəcədə müəyyənləşdirməyi vacib sayırdı. O, hesab edirdi ki, heç kəs başqasının göstərişi ilə (hətta istəsə belə) inana bilməz, çünki əsl və xilasedici dinin gücü və mənası məhz etiqaddadır. Əsl və xilasedici din isə ruhun dərin daxili inamından ibarətdir və insan ağlının təbiəti elədir ki, heç bir xarici qüvvə onu nəyəsə məcbur edə bilməz.
Ş.Monteskye azadlıq barədə fikrini özünün "Qanunların ruhu haqqında) əsərində belə bildirmişdir: "Elə ola bilər ki, azad dövlət quruluşunda da vətəndaş azad olmasın, yaxud vətəndaşın azadlığı olsa da, quruluşu azad adlandırmaq olmaz... Qanunlar olan dövlətdə... azadlıq qanunlarla yol verilən hər şeyi etmək hüququdur. Əgər vətəndaş bu qanunlarla qadağan edilənləri edə bilsə idi, onda onun azadlığı olmazdı, çünki onları digər vətəndaşlar da edərdi".
Bizim fikrimizcə, liberalizmin nümayəndələrinin insan hüquqları sahəsindəki nəzəri fikirləri və baxışlarının tarixi əhəmiyyəti təkcə insan hüquqlarının əsas humanitar məqsədlər kimi nəzəri cəhətdən əsaslandırılmasından deyil, həm də onların reallaşdırılması yollarının axtarışından ibarətdir. Monteskye demokratik cəmiyyəti qərarların qəbul edilməsində bütün vətəndaşların iştirak etdiyi, hakimiyyətin isə bütövlükdə xalqın əlində cəmləşdiyi bir quruluş hesab edir. O, yazırdı: "Demokratiya şəraitində xalq müəyyən mənada həm hökmdar, həm də təbəə olur. Səsvermə zamanı siyasi lider seçilmiş şəxsə xalqın tabe olması zəruridir".
Ş.Monteskyenin bu fikri rus alimi L.A.Tixomirov tərəfindən inkişaf etdirilərək belə ifadə olunmuşdur: "Demokratiya şəraitində hər bir adam az da olsa, hakimiyyət daşıyıcısına çevrilir, bu mənada o, nəinki azaddır, habelə hakimdir, hökmdardır. O, siyasi cəhətdən heç kimdən asılı deyildir, yalnız özünün də üzvü olduğu hakimiyyətdən başqa, ona görə də həmin siyasi azadlıq öz təcəssümünü məhz demokratiya ideyasında tapır".
J.J.Russo "Adamlar arasında bərabərsizliyin mənşəyi və əsasları haqqında düşüncələr", "İctimai müqavilə haqqında" və digər kitabların müəllifi olmuşdur. O, hesab edirdi ki, təbii vəziyyətdə bütün insanlar bərabər olmuş, bərabərsizliyin yalnız bir növü - sağlamlıq və ya yaşa görə olan bərabərsizlik olmuşdur. Russonun fikrincə, sosial bərabərsizlik əmək alətlərinin təkmilləşdirilməsi, şəxsi mülkiyyətin və adamların fəaliyyətində nöqsanların yaranması prosesində meydana gəlmişdir. Russo o siyasi quruluşu qanuni hesab edirdi ki, burada adamlar öz hüquqlarını itirmir və azadlığını qoruyub saxlayır. Dövlət hakimiyyətinin əsasını, Russoya görə, ictimai müqavilə təşkil edir. O, hesab edir ki, suverenlik xalqa məxsusdur. Russo xalqın tiranlara müqavimət göstərməyə dair ayrılmaz hüququnu tanıyırdı. Onun fikrincə, "vətəndaşlıq vəziyyətində insan həm də mənəvi azadlıq əldə edir ki, bu da onun özünü özünə həqiqi sahib edir, çünki yalnız öz istəyinin təsiri altında hərəkət etmək köləlikdir, özünün özün üçün müəyyən etdiyin qanuna tabe olmaq isə azadlıqdır..." Beləliklə də Russo insanın təbii azadlığının sərhədlərinin fərdin fiziki qüvvəsi ilə, vətəndaşlıq azadlığının isə ümumi iradə ilə müəyyən olduğunu qeyd edir.
İnsan azadılığı, onun azad iradəsi Kant etikasının əsas postulatı kimi çıxış edir. Kanta görə, məhz insan azadlığı və onun azad iradəsi şəxsiyyətin mənəvi müstəqilliyi və muxtariyyatının mənasını, onun yol verilən normaları müəyyən etmək və həmin normalara xarici təzyiq və məcburetmə olmadan riayət etmək hüququ və qabliyyətini müəyyən edir. Kantın fikrincə, insan nəsli üçün böyük problem ümumi hüququ vətəndaş cəmiyyətinə nail olmaqdır ki, bu cəmiyyətdə də təbiət tərəfindən verilmiş "böyük azadlıq var". Onun məşhur qətilik imperativinə müvafiq olaraq "hər kəsin azadlığı qalan başqalarının azadlığı ilə uzlaşır".
Kantın insan azadlığına belə yanaşması Hegelin təlimində də öz inkişafını tapır: "azadlıq ən yüksək yüksəklikdir". Öz təyinatına görə azadlıq insana fəallıq üçün geniş imkanların verilməsini nəzərdə tutur. Hegel "Təbii hüququn tədqiqinin elmi üsulları haqqında", "Hüquqi fəlsəfəsi" və b. əsərlərində "hüquq" anlayışını "hüquq azadlıq kimi", "hüquq azadlığın müəyyən mərhələsi və forması kimi" və "hüquq qanun kimi" mənalarda işlədir. O, dövləti fərd və cəmiyyət üzərinə qaldırır, şəxsiyyətin hüquq və azadlıqlarının dəyərini inkar edir, dövləti hüquq ideyası kimi, hüquqi dövlət kimi tərifləyir və hesab edir ki, dövlət vətəndaş cəmiyyətinin ziddiyyətlərini aradan qaldırır, onun birliyini təmin edir və onda qayda-qanun yaradır.
İnsan hüquqlarının tarixində vacib sənədlərdən biri İngiltərədə konstitusiyalı monarxiyanın təsdiqinin nəticəsi olan 1689-cu il "Hüquqlar haqqında Bill" olmuşdur. Bill parlamentə böyük rol verməklə, onun icazəsi olmadan qanunların dayandırılmasını, kralın xeyrinə vergilər toplamağı, krallıq sərhədlərində dinc vaxtda daimi ordunun saxlanılmasını qanunsuz hesab edərək qadağan edir, parlament üzvlərinin seçkilərinin azad olunmasını tələb edirdi. Billdə həmçinin göstərilirdi ki, kralın təbəələrinin petiyası ilə ona müraciət etmək hüququ var və belə petisiyaya görə hər cür yoxlama və təqiblər qanunsuzdur. Billdə parlamentdə söz və çıxışlar azadlığı, parlamentə seçkilərin azad olması, krala tabeçiliyindəkilərin petisiya ilə müraciət etmək hüququ müəyyən olunmuşdur.
1701-ci ildə İngiltərədə krallığın daha da məhdudlaşdırılması, təbəələrin hüquq və azadlıqlarının daha yaxşı təmin olunması barədə akt qəbul olunmuş və burada qanunvericilik sferasında parlamentin aliliyi, məhkəmələrin dəyişməzliyi prinsipi, kral nazirlərinin parlamentin üzvü olmalarının qadağan edilməsi təsbit olunmuşdur. Beləliklə, yuxarıda təhlil olunan normativ aktlar İngiltərənin insan hüquqları və onların müdafiəsi üçün zəruri olan hakimiyyət bölgüsü sahəsində birincilər sırasında olduğunu göstərir. Sonrakı dövrlərdə mühüm tarixi sənədlərdə öz ifadəsini tapmış azadlıq və insan hüquqları ideyaları ABŞ-da inkişaf etdirilmişdir. Bu prosesin başlanğıcı isə, qeyd etdiyimiz kimi maarifçilik fəlsəfəsində, qədim yunan filosoflarının təlimlərində, təbii hüquq doktrinasında, həmçinin böyük azadlıqlar xartiyasında, "Hüquq haqqında Petisiya"da, "Hüquqlar haqqında Bill"də, "Habeas korpus aktı"nda qoyulmuşdur.
Təbii hüquq təlimi Tomas Peyn və Tomas Cefferson tərəfindən onların burjua-demokratik və müstəmləkəyə qarşı inqilabın qələbəsi uğrunda mübarizəsində inkişaf etdirilmişdir. Peynin və Ceffersonun ideyalarının pafosu təkcə demokratik dövlətçiliyinin təsdiq edilməsində deyil, həmçinin insanın təbii hüquqlarının müdafiəsinə yönəlmişdir. Amerika maarifçiliyinin nümayəndəsi, siyasi mütəfəkkir T.Peyn "İnsan hüquqları" adlı siyasi-fəlsəfi oçerkində göstərir ki, insan cəmiyyətə özünün bundan əvvəlki hüquqlarını daha yaxşı təmin etmək üçün daxil olur və onun bütün vətəndaş hüquqlarının əsasında təbii hüquqlar durur. Maarifçinin fikrincə, insan hüquqları respublika idarəçiliyinin qurulmasında və bütövlükdə dövlətin fəaliyyətinin əsasında duran başlıca prinsipdir.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2015.- 27 fevral.-
S15.