İdman həmrəyliyinin nümunəsi

 

İlham Əliyev: "Bakı-2015" I Avropa Oyunları Azərbaycan Avropa üçün tarixi hadisədir"

 

Azərbaycan, paytaxt Bakımız birinci Avropa Oyunlarının həyəcan və sevincini yaşadı. Azərbaycan idmançılarının qələbələri bu sevinci daha da artırdı. Dünyanın 50 ölkəsinin 6 min idmançısının iştirak etdiyi I Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medal qazanması və Azərbaycan bayrağının yüksəldilməsi, Dövlət Himnini səsləndirilməsi sevinci-sevincə caladı. Dünya 17 gün ərizində izlədi bu bayram sevincini. Xalqımızın tolerantlığı, sülhsevərliyi, qonaqpərvərliyi dünyaya nümayiş etdirildi.

Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirməsi, açılış mərasiminin mükəmməlliyi, qeyri-adiliyi, möhtəşəmliyi, eləcə də bağlanış mərasimindəki təqdimat zaman-zaman diqqətdə olacaq. Paytaxtımızın xəritəsinə yeni daxil olan Bakı Olimpiya Stadiondakı maraqlı açılış və bağlanış mərasimləri dünya miqyasında Azərbaycanın tarixi, müasirliyi, irsi, mədəniyyəti ətrafında yüksək fikirləri daha da dərinləşdirdi.

"BAKI-2015"  I AVROPA OYUNLARI AZƏRBAYCAN VƏ AVROPA ÜÇÜN TARİXİ HADİSƏDİR"

Artıq o günlər tarixiləşdi, xatirələrdə ən gözəl günlər olaraq kök saldı. "Bakı-2015" ilk Avropa Oyunları təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri kimi tarixiləşdi. Azərbaycan Prezidenti Cənab İlham Əliyev "Bakı-2015" I Avropa Oyunlarında qalib gəlmiş Azərbaycan idmançıları, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüşdə çıxışında dediyi kimi, "Bakı-2015"  I Avropa Oyunları Azərbaycan və Avropa üçün tarixi hadisədir. İndiyə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq yarış keçirilməyib", - deyən Azərbaycan Prezidenti Avropada isə heç vaxt qitə oyunları təşkil olunmadığını diqqətə çatdırıb. Təbii ki, bu oyunların möhtəşəm şəkildə keçirilməsində əməyi olan insanlar var. Onların 30 ay ərizində yorulmadan çalışması və Azərbaycan adına layiq şəkildə qitə yarışını keçirmək əzmi sonda qələbə ilə nəticələndi.

Beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil edən Azərbaycan üçün birinci Avropa Oyunlarını keçirmək həm məsuliyyətli, həm də şərəfli bir idi. Azərbaycanda oyunlara hazırlıqla bağlı çox böyük işlər görüldü. I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın oyunların belə möhtəşəm şəkildə həyata keçməsində rolu danılmazdır. Daim Azərbaycanın təbliği, sağlam milli-mənəvi dəyərlərinin qorunması istiqamətində maraqlı layihələrlə çıxış edən Mehriban Əliyevanın ölkəmizin imicinin yüksəldilməsindəki fəaliyyəti Avropa Oyunlarında bir daha təzahür olundu.

AZƏRBAYCANIN BİRİNCİ XANIMININ RƏHBƏRLİYİ İLƏ İNDİYƏ QƏDƏR KEÇİRİLƏN TƏDBİRLƏR YÜKSƏK TƏŞKİLATÇILIQ SƏVİYYƏSİ VƏ KEYFİYYƏT STANDARTI İLƏ SEÇİLİB

Çoxşaxəli fəaliyyətində yorulmaq bilməyən Mehriban xanım Əliyeva hər gördüyü işdən ilhamlanır, yeni bir layihənin icrasını qarşıya qoyur. Ölkənin həyatında yüksək fəallıq göstərən Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqətini bütün dünya görür və yüksək qiymətləndirir. Bu gün Mehriban xanım Əliyevanın gördüyü işlərin sədası dünyanın ən nüfuzlu mətbu orqanlarının səhifələrində yer alıb. Ölkəmizdən kənarda apardığı xeyriyyəçilik işləri Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu, dövlət strukturlarında, siyasi arenada və digər sahələrdə Azərbaycan qadınının istedadlı mütəxəssis kimi fəallıq göstərdiyini nümayiş etdirir. Bu gün fəxarətlə deyə bilərik ki, dünyanın bir çox ölkələrinin təsis etdiyi ali mükafat və adların təqdimində Azərbaycan xanımının - Mehriban Əliyevanın ismi xüsusi olaraq vurğulanır.

Təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın Birinci Xanımının rəhbərliyi ilə indiyə qədər keçirilən bütün tədbirlər yüksək təşkilatçılıq səviyyəsi və keyfiyyət standartı ilə seçilib. Azərbaycan ictimaiyyəti və beynəlxaq təşkilatlar, xarici qonaqlar "Eurovision-2012" yarışmasında bu təşkilatçılıq bacarığının hansı səviyyədə olmasının şahidi oldular. Məhz Azərbaycan dövlətinin iradəsi, Mehriban xanım Əliyevanın təşkilatçılıq qabiliyyəti sayəsində "Eurovision" tarixində yeni keyfiyyət standartı müəyyən edildi və ölkəmiz böyük miqyaslı yarışı ən yüksək səviyyədə keçirməklə nüfuz qazandı.

"BİR DAHA DÜNYAYA GÖSTƏRƏCƏYİK Kİ, GƏNC, MÜSTƏQİL, DİNAMİK İNKİŞAF EDƏN AZƏRBAYCAN BÖYÜK UĞURLARA NAİL OLUBDUR"

Avropa Olimpiya Komitəsinin Azərbaycana etimad göstərərək ilk Avropa Oyunlarının keçirilməsini ölkəmizə həvalə etməsi və bu oyunların Təşkilat Komitəsinin sədrinin Mehriban Əliyevanın təyin edilməsi tədbirin yüksək səviyyədə reallaşacağına böyük ümid verirdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır.

Həqiqətən də böyük ümüdlər doğruldu. Bu oyunlar Olimpiya Oyunlarının tarixində, sadəcə, birinci Avropa Oyunları kimi deyil, eyni zamanda, ən gözəl oyunlar kimi qalacaq. Görülən işlər səmərəsini verdi. Əlbəttə ki, dinamik inkişaf edən Azərbaycan bütün mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi kimi, bu oyunları da yüksək səviyyədə keçirdi. Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva əminliklə"...biz bu oyunlara hazırlıqla bağlı bütün tədbirləri görüb onu yüksək səviyyədə keçirəcəyik. Bir daha dünyaya göstərəcəyik ki, gənc, müstəqil, dinamik inkişaf edən Azərbaycan böyük uğurlara nail olubdur", - deyirdi. Həqiqətən də Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət göstərirdi və bu fikir təsdiqini tapdı.

Uğurları ilə tanınan ölkəmiz Avropa Oyunlarının təşkilində tarixə yeni imzasını atdı. Elə oyunların təntənəli açılış mərasimində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin çıxışında Birinci Xanım Mehriban Əliyevaya "Sizin "Bakı-2015"in Təşkilat Komitəsinin sədri kimi Avropa Oyunlarında oynadığınız rola sözlə qiymət vermək çox çətindir", - deməsi Onun təşkilatçılıq işinə verilən qiymətdir.

İki il yarım yorulmadan çalışan Mehriban xanım Əliyeva keçirdiyi təqdimat mərasimlərində, verdiyi müsahibələrdə bu oyunların möhtəşəm təşkili istiqamətində görülən işlərin daim diqqətdə olduğunu vurğulayırdı.  Belə ki, "Rossiya 1" telekanalına verdiyi müsahibəsində Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva qeyd edirdi ki, birinci Avropa Oyunlarının başlıca fərqli cəhəti xeyirxahlıq və qonaqpərvərlik ab-havası olacaq:"Biz ölkəmizin zəngin mədəni irsini nümayiş etdirmək istəyirik. Bildiyiniz kimi, Azərbaycan qədim diyardır və multikulturalizm, dözümlülük, tolerantlıq kimi anlayışlar bizim xalqımıza məxsus keyfiyyətlərdir. Ümid edirəm ki, ilk oyunların başlıca fərqli cəhəti qonaqpərvərlik, xeyirxahlıq, bayram ab-havası olacaq. Əminəm ki, bunu bütün qonaqlar hiss edəcəklər". Bu, belə də oldu. Azərbaycana gələn hər kəs bu ab-havanı yaşadı. Avropa Oyunlarının canlı şahidi olmaq üçün ölkəmizə gələn əcnəbilər Azərbaycan mədəniyyətinin, xalqımızın qonaqpərvəliyinin, paytaxtın gözəlliyinin, insanların mehribanlığının, şəhərin sakitliyinin, gözəlliyinin şahidinə çevrildilər. Bakının olduqca gözəl tariximüasir binaları uzun müddət yaddaşlardan silinməyəcək.

Onun oyunların keçirilməsindəki təşkilatçılıq bacarığı, peşəkarlığı və ümumiyyətlə, Azərbaycanın inkişafı, təbliği istiqamətində gördüyü işlər dövlət tərəfindən yüksək qiymətləndirildi. Azərbaycan Prezidenti İlham Əliyevin oyunların təşkilində hər bir xırda məsələ ilə bağlı işlərin yüksək səviyyədə oluduğunu deyərkən Azərbaycanın Birinci Xanımının fəaliyyətinə xüsusi olaraq toxunması əbəs deyil:"Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoyub. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə Təşkilat Komitəsi ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idivar".

Məhz bu əməli fəaliyyət qiymətsiz qalmadı. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyeva "Heydər Əliyev" ordeni ilə təltif edildi.

Mehriban xanım Əliyeva gördüyü şlərlə qürurlanır. "Bakı- 2015" I Avropa Oyunlarının rəsmi bağlanış mərasimindəki çıxışında "ölkəm və xalqımla qürur duyuram" deməsi elə bu hissin ifadəsi idi:"Azərbaycan ən yüksək standarta uyğun idman tədbiri keçirdi, bu, idman həmrəyliyinin nümunəsi oldu. Bütün xalqımız öz atletləri ilə qürur duyur. Azərbaycan atletləri ümumi yarışda ikinci yeri tutdu. Bütün atletlərə yarışda iştirak etdiyi üçün təşəkkür edirəm. Bu oyunlar sizin oyunlarınızdır və nailiyyətləriniz bizi ilhamlandırır".

Bəli, Avropanın nəbzi Azərbaycanda döyündü. Bütün diqqət Bakıya yönəldi. Azərbaycan uğurları, təntənəsi ilə qürurlandı.

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.-2015.- 1 iyul .- S. 2.