Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rusiyalı tələbələrlə görüşüb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyeva Azərbaycanda səfərdə olan rusiyalı tələbələrlə görüşüb.

Leyla Əliyevanın dəvəti ilə iyunun 26-da Azərbaycana gələn 18 nəfərlik tələbə heyətinin üzvləri bu səfərin “Bakı-2015” birinci Avropa Oyunlarının keçirildiyi günlərə təsadüf etməsindən məmnun qaldıqlarını bildiriblər. Gənclər Avropa Oyunlarının bağlanış mərasimində iştirak etdiklərini və bu möhtəşəm şounun onlarda dərin təəssürat yaratdığını qeyd ediblər.

Görüşdə Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə koordinasiya bürosunun yaradılması, AMOR-un fəaliyyəti ilə bağlı informasiyaların internet saytlarında və sosial mediada daha operativ və hərtərəfli işıqlandırılması məsələləri müzakirə edilib.

Rusiyalı tələbələr Azərbaycana bu səfərin təşkilinə göstərilən dəstəyə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Bakıda Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyatı və siyasi fəaliyyətini əks etdirən Muzeylə tanış olduqlarını, eləcə də paytaxtın tariximüasir məkanlarını ziyarət etdiklərini bildiriblər. Tələbələr Azərbaycan dövlətinin gənclərə - ölkənin gələcəyinə olan qayğısının onları heyran etdiyini deyiblər. Gənclər, həmçinin Quba Soyqırımı Memorial Kompleksində olublar və 1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müxtəlif ölkələrə bu cür səfərlərin sosial ünsiyyətin genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib və ölkələrimiz arasında gənclərin gələcək əməkdaşlığına dair tövsiyələrini verib.

 

Səs.-2015.- 1 iyul .- S. 4.