Möhtəşəm açılış, uğurlu sonluq...

 

Yaxud Avropa Oyunlarının tarixi Bakıda yazıldı

 

Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir. Artıq Azərbaycanda yaradılmış müasir səviyyəli idman infrastrukturu istənilən yarışı yüksək səviyyədə qəbul etməyə imkan verir. Bu amil isə ölkəmizin beynəlxalq idman federasiyaları və təşkilatları yanındakı nüfuzuna da müsbət mənada təsir göstərir.

Dünyanın seçimi olan idman ölkəsi: AZƏRBAYCAN

 Bədən tərbiyəsi və idmanın sağlam nəslin formalaşdırılmasındakı əhəmiyyətini yaxşı bilən Ulu Öndər Heydər Əliyev bu sahədə ciddi baza formalaşdıra bilmişdi. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev isə, öz növbəsində həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi idmanın inkişaf etdirilməsi və həyat tərzinə çevrilməsi üçün genişmiqyaslı işlər həyata keçiribbu proses hazırda uğurla davam etməkdədir. Dövlət başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsi ilə demək olar ki, hər gün qarşılaşırıq. Yəni dövlət idmana, idmançılara elə şərait yaradıb ki, Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq, ölkəmizin nüfuzunu daha da artırırlar. Bir sözlə, dövlət başçısı İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların seçim edərkən, məhz ölkəmizə üstünlük verməsini təmin edir. Yəni Azərbaycan müasir idman və digər infrastruktura, dünya arenalarında böyük uğurlar qazanan idmançılara sahib dövlət kimi seçim zamanı bir addım öndə olur.

 Azərbaycan idmanı daimi yüksəlişdədir

 Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10 medal qazanmaqla rekorda imza atıblar. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi edir. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib.

Hətta Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il Dünya Şahmat Olimpiadasının, "Formula-1" yarışlarının, eyni zamanda, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının və 2020-ci ildə futbol üzrə Avropa Çempionatının bəzi oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı razılaşmalar var.

 I Avropa Oyunları yeni multi-idman yarışları kimi tarixə yazıldı

 Sözsüz ki, vurğulanan beynəlxalq idman tədbirlərilə yanaşı, I Avropa Oyunlarının xüsusi yeri var. Belə ki, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənib. 2013-cü ilin yanvarın 17-də isə Prezident İlham Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradıldı və Təşkilat Komitəsinin Sədri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva oldu.

Əlbəttə ki, ilk dəfə olaraq, 2015-ci il iyunun 12-dən 28-nə qədər keçirilən Avropa Oyunları qitə və dünya üçün çox maraqlı, cəlbedici, proqressiv, yeni multi-idman yarışları kimi tarixə yazıldı. 17 yarış günü ərzində 6000-dən çox idmançı öz xalqlarını təmsil etdilər. İdman növlərinin doqquzu üzrə 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yarandı.

 Möhtəşəm açılış, yaxud milli qürur günü

 Siyasi-ideoloji zənginliyilə seçilən I Avropa Oyunlarının açılışı dünyaya Azərbaycanın qüdrətini və mədəniyyətini nümayiş etdirdi. Azərbaycan nəhəng bir şou ilə özünün keçmişini, indisini, gələcəyini, mədəni irsini, Avropadakı yerini bütün dünyaya göstərdi. Paralimpiya çempionu İlham Zəkiyevin Olimpiya məşəlini meydana gətirməsi isə bu rəmzi tamaşanın zirvəsi idi. Onun dediyinə görə, belə olmasını məhz dövlət başçısı İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva istəyib. Məşəli Ali Baş Komandan "Atəşgah"da yandırır və 48 gün sonra Qarabağ qazisi o məşəllə Olimpiada atəşini alovlandırır. Azərbaycan torpağından çıxan od elə Azərbaycan torpağına da qaytarılır və bunu gözlərinin işğını erməni snayperinin gülləsi ilə itirmiş bir əsgər edir. Yəni düşmən gülləsi bizim başımızı deşib keçə bilər, amma odmuzu söndürə bilməz!

Nizami Gəncəvini dünyaya fars şairi kimi təqdim etmək istəyənlərə böyük bir Olimpiya şapalağı da dəydi. Şairin obrazı və onun "Xəmsə"si əsasında qurulan miniatürlər meydanda peyda oldu. Miniatür sənəti Azərbaycan incəsənətinə xas fenomendirkiçik bir məkanda böyük miqyaslı hadisələri əks etdirmək məharətidir.

Olimpiya Arenasına enən narı çox fərqli şəkillərdə yozmaq olar. Amma lap dərinə getsək, biz hamımız, bütün bəşər övladları bir narın dənələri deyilikmi? Çox fəlsəfi və dini təlimlər əsrlərlə insanlara bunu başa salmağa çalışıblar. Fikir adamları inanıblar ki, bəşəriyyət bunu anlasa, savaşlar, toqquşmalar aradan qalxar, dünyaya sülh gələr. Bu mesaj ilk Avropa Oyunlarının açılışında bir daha dünyaya ötürüldü.

Açılış mərasiminin son bölümləri də rəmziliklər və mesajlarla bol idi. Yerdən çıxan Qobustan qayaları qədimliyin və möhkəmliyin, Bahar qız zərifliyin, su həyatın simvolu idi. Səhranın yaşıllaşması Azərbaycanın keçdiyi yolu göstərirdi. Yanan alovlardan formalaşan insan - bu, bizik, Odlar Yurdunun övladları. İnsan fiquru Leonardo da Vinçinin çəkdiyi çevrə daxilindəki insan nisbətlərilə eynidir - yəni biz, eyni zamanda Qərb mədəniyyətinin bir parçasıyıq. Həmçinin, Azərbaycan yallı ilə 50 Avropa ölkəsini bir səfə düzdü, onları qol-qola gətirdi və harmonik rəqsə başlatdı və bu mərasimə yüklədiyi simvollarla anlatmağa çalışdı ki, fərqli olsaq da, bir olaq. Həmin birliyin bizə qazandıracağı gücü isə bir-birimizə ancaq "zərif güc" şəklində göstərək. Məsələn, bu cür Olimpiadaların təşkili ilə.

 Azərbaycan Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağladı

 I Avropa Oyunlarının əhəmiyyəti mərasimdə çıxış edən ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın sözlərində də öz ifadəsini tapdı. Mehriban xanım Əliyeva dedi ki, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir: "Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır".

Mehriban xanım Əliyeva vurğuladı ki, Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir: "Bu il biz Avropa Oyunlarını qəbul edirik. 2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir. Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanılması ilə üst-üstə düşür. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunub. Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır. İşə sadiqliyimizyorulmaz fəaliyyət sayəsində vaxtın məhdud olduğunu dəf edərək, bu oyunları cəmi iki il yarım ərzində hazırladıq".

İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva əlavə etdi ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və "Bakı-2015"in parlaq ruhunun atəşi orada olacaq.

Çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə diqqətə çatdırdı ki, biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik: "Avropanın ilk Oyunları sayəsində biz Olimpiya hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq".

Bir sözlə, göründüyü kimi, Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazdı. Bu cür açılış mərasimi hələ uzun illər insanların yaddaşından çıxmayacaq. Hətta növbəti oyunlarda Azərbaycanın təcrübəsindən faydalanılacaq.

 Ümumqitə idman bayramına qarşı qara piar kampaniyası nəticəsiz qaldı

 İyun ayının 12-dən möhtəşəm başlanğıcla start götürən I Avropa Oyunları Avropadünya xalqlarını, idmansevərlərini nə qədər sevindirsə də, bəzi qüvvələri də bir o qədər narahat edirdi. Bu səbəbdən də, oyunların əhəmiyyətini azaltmaq, uğurlarına kölgə salmaq məqsədilə Azərbaycana qarşı total hücumlar başlandı. "Eurovision-2012" Mahnı Müsabiqəsi zamanı olduğu kimi, birinci Avropa Oyunları ərəfəsində də erməni diasporu və antiazərbaycançı qüvvələr, onların təsiri altında olan media qrupları, ABŞ və Qərb ölkələrindəki bəzi dairələr, onların ölkəmizdəki "5-ci kolon"u  Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını genişləndirdilər. Konkret olaraq, ABŞ Dövlət Departamenti, Almaniyadakı bəzi dairələr, Avropa Parlamenti, AŞPA, "Human Rights Watch", "Freedom House", "Amnesty İnternational" kimi beynəlxalq təşkilatlar ölkəmiz haqqında həqiqəti əks etdirməyən, məqsədli və məkrli dezinformasiyalar yaymaqla Azərbaycana təzyiqlər etməyə cəhd edirdilər.

Xatırlatmaq yerinə düşər ki, bu il yanvarın 15-16-da beynəlxalq QHT-lərin Polşanın paytaxtı Varşavada keçirilən görüşü zamanı ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın "People in Need", həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan "Human Rights Watch", vaxtilə ölkəmizdə uğursuz fəaliyyət göstərmiş Danimarkanın "İnternational Media Support", həmçinin "Platform London",  "Netherlands Helsinki Committee", "İndex on Censorship", "Article XlX", "İnternational Partnership for Human Rights", "YouAid Foundation" və başqa təşkilatların nümayəndələri öz çıxışlarında bildirirdilər ki, bu ilin iyununda Bakıda l Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılın, İntiqam Əliyevin, LeylaArif Yunusların, Anar Məmmədlinin və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradır. Lakin antiazərbaycançı qüvvələrin bütün cəhdlərinə baxmayaraq, Azərbaycana qarşı aparılan qara piar və təzyiq kampaniyası nəticəsiz qaldı.

Çünki böyük atəşfəşanlıqla və qələbəliklə keçirilən birinci Avropa Oyunlarının açılış mərasimi bütün dünyanı heyran qoydu. Bu möhtəşəm tədbir Azərbaycan dövlətinin və xalqının necə böyük qüdrətə, gücə malik olduğunu bir daha göstərdi. Həmçinin birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi Prezident İlham Əliyevin  siyasi iradəsinin, qətiyyətinin, uzaqgörənliyinin, müasir dünyaya bağlılığının təntənəsinə çevrildi. Bu, bir daha sübut etdi ki, xalqla ölkə Prezidentinin birliyi böyük və qüdrətli işlərin görülməsinin təməl prinsipidir. Oyunların açılış mərasiminə qatılan onlarla dövlət və hökumət başçıları, beynəlxalq idman təşkilatlarının rəhbərləri, ən nəhayət, idmançılar birmənalı şəkildə Bakıdakı bu tarixi hadisəni nəinki yüksək qiymətləndirdilər, eyni zamanda, açılış mərasiminin təşkilindən heyranlıqlarını gizlədə bilmədilər. Onlar yəqin etdilər ki, birinci Avropa Oyunları indiyədək təşkil edilən beynəlxalq idman yarışlarının keyfiyyətcə ən yaxşısı, ən yüksəyidir. Bununla da, digər sahələrdə olduğu kimi, idman sahəsində də artıq "Azərbaycan standartı" deyilən bir termin formalaşmış oldu.

Əlbəttə ki, dünyanı heyran qoyan möhtəşəm açılış dünya ictimaiyyətində xoş təəssüratlar yaratmaqla bərabər uzun müddət sistemli şəkildə Azərbaycana qarşı aparılan qara piar kampaniyasına sarsıdıcı zərbə vurdu. Yəni həm dünyanın 145 ölkəsi, həm yüz milyonlarla insan, həm də beynəlxalq media açılışla Azərbaycanın tarixi, mədəniyyəti və nüfuzu ilə tanış oldu, məhz bu günə qədər aparılmış anti-Azərbaycan təbliğatının reallıqdan uzaq olduğuna bir daha əmin oldu. Bu səbəbdən də, erməni lobbisinin təsirilə ölkəmizə qarşı qara piar kampaniyası aparmış müəyyən ölkələrin aparıcı media orqanları yazılmış şər və böhtanları ifşa etdilər. Beləliklə də, Prezident İlham Əliyevin "Bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və olmayacaqdır. Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycanla bağlı çirkin, böhtan xarakterli kampaniyalar aparılır, yazılar gedir. Təbii ki, bu əlaqələndirilmiş şəkildə aparılan siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur, nə qədər ki, mən bu kürsüdəyəm, heç vaxt olmayacaqdır" - fikirləri bir daha öz təsdiqini tapmış oldu.

 İdman bayramı hər kəsdə ruh yüksəkliyi yaratdı

 İdman yarışlarının keçirildiyi 17 gün ərzində mübarizədə qalib gəlmiş dövlətlərin nümayəndələri tarix yazmış oldular. Doğrudur, I Avropa Oyunlarında 164 medalla Rusiya komandası qalib gəlsə də, 56 medalla ikinci pilləni Azərbaycan tutmuşdur. Qeyd edilməsi vacibdir ki, 50 dövlət arasında ikinci yeri qazanmaq 24 yaşlı bir ölkə üçün, əlbəttə böyük uğurdur. Bu fakt bir daha sübut etmiş oldu ki, Azərbaycanda idman sahəsinə və idmançılara qayğı və diqqət dövlət siyasətinin prioritetidir. Eyni zamanda, Azərbaycanda bu yarışlarda 21 dəfə fəxri kürsün ən yüksək pilləsində qərarlaşa bildi. Hər dəfə də qızıl medal sahibi olmuş idmançılarımızı Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın mükafatlandırması əlavə stimul olmaqla yanaşı nümayiş etdirirdi ki, ölkənin siyasi elitası da Azərbaycan idmançılarının yanındadır, onları dəstəkləyir. Bu baxımdan da, Avropa qitəsi, ümumilikdə dünya üçün idman bayramı əhvalı yaratmış I Avropa Oyunları hər kəsdə ruh yüksəkliyi yaratdı, ölkəsinin qüdrətinə inamını daha da artırdı.

 Uğulu sonluq: Avropa Oyunlarının tarixi Bakıda yazıldı

 I Avropa Oyunlarının bu qədər zəngin və yüksək maraq çərçivəsində təşkil edilməsi xarici idmançıların və bu sahədə peşəkarlığı ilə fərqlənən ekspertlərin də rəyinə görə, bir daha Azərbaycanın güclü idman ölkəsi kimi qəbul edilməsinə dəlalət edir. Təbiidir ki, Azərbaycanda idmanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında, Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun cəmləşməsində göstərir.

Qeyd edək ki, Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz ilk oyunların da Bakıda keçirilməsi, əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurudur.

Ümumiyyətlə, I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradırdı ki, ölkəmiz bu mötəbər tədbirə də uğurla ev sahibliyi edə biləcək. Bir sözlə, I Avropa Oyunları yüksək səviyyədə baş tutdubütün dünya Azərbaycanın tolerant, multikultural və sülhsevər ölkə olduğunu bir daha anlamış oldu.

 

Bəhruz Quliyev,

"Səs" qəzetinin baş redaktoru

Səs.-2015.- 1 iyul .- S. 8-9.