Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı ölkəsinin, yaşadığı cəmiyyətin, xalqının inkişaf göstəricisidir. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Bu anda Ümummilli Lider Heydər Əliyevin yaddaşlardan çıxmayan, hər zaman dilimizdə əzbər olan "Gənclər bizim gələcəyimizdir" kəlamı yada düşür. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümummilli Lider tərəfindən bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Dövlət başçısının söylədiyi "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" fikri ölkədə həyata keçirilən yüksək siyasətin əsasını təşkil edir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır, bu kontekstdə mühüm tədbirlər görülür. Bununla yanaşı, ölkəmizdə uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün mühüm addımlar atılır. Görülən işlər bunu deməyə əsas verir ki, bu sahə ölkəmizin əsas prioritetlərindən biridir.

Fəxrlə deyə bilərik ki, hazırda dövlət səviyyəsində uşaq və gənclərin mənəvi və fiziki inkişafı üçün geniş şərait yaradılıb. Ölkəmizdə uşaq və gənclərin həyatını dəyişən, onlara hərtərəfli stimul verən qayğı siyasəti mövcuddur.

Gənclərin mənəvi - fiziki inkişafı ilə bağlı indiyə qədər bir sıra sənədlər qəbul edilib. Onlardan biri 2005-2009-cu illəri əhatə edən gənclərlə bağlı Dövlət Proqramıdır. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tamdüzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) "Gənclər ili" elan edilməsində də göstərdi. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi" barədə Sərəncam imzaladı. Proqram çərçivəsində 5 mindən artıq gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi ilə bağlı tədbirlər texnoloji inkişaf, innovativ düşüncə əsrində Azərbaycanın inamlı gələcəyinə verilən ən böyük töhfələrdən oldu.

Azərbaycan gəncliyi bu gün beynəlxalq aləmdə seçilməyə, dünya gənclər hərəkatının aparıcı qüvvələri arasında yer almağa iddialıdır. Son illər gənclərin beynəlxalq əməkdaşlığı xeyli genişlənib, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı artmaqda davam edir. Gəncliyimiz  Azərbaycanın təbliği baxımından əhəmiyyətli təsir vasitəsinə çevrilib. Beynəlxalq gənclər platformasının ("Dialoq və Əməkdaşlıq Uğrunda" İslam  Konfransı Gənclər Forumu, GUAM ölkələrinin Gənclər Forumu, Dünya Türk Gəncləri Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı) təşəbbüskarı və təsisçisi Azərbaycan gəncliyidir.

2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-44ci illərdə" Dövlət Proqramı haqqında" Sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzaladı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimaisosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu.

Lakin ölkəmizin qısa zaman kəsiyində surətlə inkişaf etməsi, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri etdi. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" Cənab Prezident tərəfindən təsdiq olundu.

İlk dəfə olaraq, strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilib. Sənədin əsas məqsədi bu dövr ərzində Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməyi, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etməyi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmağı nəzərdə tutur.

Gənclərin gündəlik qayğılarından tutmuş, ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması və digər bu kimi məsələlər strategiyanın əsas vəzifələri sırasındadır. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.

Ölkəmizdə uşaqların qorunması, onların fiziki və mənəvi inkişafında Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər xüsusi qeyd edilməlidir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə uşaqlarla bağlı çoxsaylı layihələr həyata keçirilib. Uşaqlar üçün ən böyük məsələlərdən biri yaxşı təhsil almaq hüququdur. Bunun təmin edilməsi üçün Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər tikilərək istifadəyə verilib. Bununla da on minlərlə şagirdin yaxşı təhsil almaq hüququ reallaşmış olub. Bundan başqa fond tərəfindən bağçalar, körpələr və uşaq evləri yenidən təmir edilib. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə valideyn himayəsindən məhrum olan, talassemiyahemofiliya, şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqlarla bağlı mühüm addımlar atılır. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi istifadəyə verilib. Çoxlu sayda tibb ocaqları, uşaq müalicə-profilaktika müəssisələri yenidən qurulub, müasir avadanlıqlarla təchiz olunub.

Uşaqların hüquqlarına dair bir çox beynəlxalq sənədlərə qoşulan Azərbaycanla beynəlxalq təşkilatlar arasında əməkdaşlıq genişlənməkdədir. Məlumdur ki, Heydər Əliyev Fondu ilə ABŞ-ın "Uşaqların Xilası Təşkilatı" arasında Azərbaycanda uşaqlar üçün inkişafa doğru yönəlmiş səylərin birləşdirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Azərbaycan, həmçinin BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu ildə qəbul edilmiş "Uşaq hüquqları haqqında" Konvensiya"nın üzvüdür.

Respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin yenidən istifadəyə verilməsini Heydər Əliyev Fondunun bütün millətin gələcəyi olan uşaqların sağlamlığına daim diqqət yetirməsinin daha bir nümunəsi olaraq qiymətləndirmək olar. Fond tərəfindən reallaşan layihələr uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, onların təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəlməsi və digər məqsədləri daşıyır.

Bundan əlavə, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı zəngin qanunvericilik bazası formalaşıb. Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini elan etdikdən sonra 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın daha 2 Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin "Uşaq Hüquqları Haqqında Konvensiyası"nın müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq Hüquqları haqqında Qanun"u qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericiliknormativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox dövlət proqramları, tədbirlər planları qəbul edilib.

Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlib.

2012-ci il may ayının 8-də qəbul edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilib. Həmin qaydalar çərçivəsində bütün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilib. Eyni zamanda, uşaq əməyi problemi ilə bağlı fəaliyyətlərin əlaqələndirilməsi sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən "Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı (2013-2015-cı illər)nın layihəsi" imzalanıb.

Azərbaycan bir sıra təşkilatların yaxın tərəfdaşıdır. Həmin əməkdaşlıq ölkədə uşaqların inkişafı ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə və təcrübə mübadilələrinin aparılmasına təkan verir. Aparılan təcrübə mübadiləsi isə uşaq siyasətinin yerinə yetirilməsində xüsusi rol oynayır. Artıq bir çox ölkələr bu sahədə Azərbaycandan nümunə götürür. Bu ölkələrdən Qazaxıstan və Küveyti misal çəkmək olar.

Xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanan dövlət-uşaq siyasətinin əsasında cəmiyyətimizin əsas özəyi olan ailələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin və səhiyyənin səviyyəsinin artırılması, uşaq yaradıcılığının dəstəklənməsi dayanır. Bu gün biz əminliklə deyə bilərik ki, uşaqlar və gənclərimizin gələcəyi etibarlı əllərdədir. Onların layiqli vətəndaş kimi böyüməsi, təhsil alması, cəmiyyətdə mövqe tutması üçün Azərbaycan dövləti bütün imkan və şəraiti yaradıb. Qarşıdakı 10 ildə isə gənclərin və uşaqların fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində daha əhəmiyyətli addımlar atılacaq.

 

Nailə Məhərrəmova

Səs.-2015.- 3 iyul .- S. 13.