Hüquqi dövlətdə dünya elminə inteqrasiya

 

Hüquqi dövlət quruculuğu prosesində dünya elminin fəlsəfəsini, müasir inkişaf meyillərini, elmin getdikcə daha çox səmərə gətirdiyini beynəlxalq praktikada yetərincə görməyi bacaran və özünün də bu səmərədə kifayət qədər payı olan alimlərimizin millətin, vətənin - Azərbaycanın millətlər içində yerini müəyyənləşdirməyə xidmət edən dəyərli ideyaları ortaya çıxmaqdadır. Professor Cahangir Məmmədli yazır ki, informasiya cəmiyyətinin meydana gəlməsi ilə bir çox sahələrin əvvəlinə bir "yeni" epitetinin artırılması heç də təsadüfi deyil. Dövlətlərarası münasibətlərdən tutmuş demokratik dəyərlər məcmusuna qədər hər şeyə yeni baxışın formalaşdığı bir zamanda alimin də, elm adamının da elmə yeni baxışı meydana gəlmişdir.

Tətbiqi Riyaziyyat ETİ-nin bazasında Azərbaycanda ilk dəfə Tomson Reuter Agentliyinin genişləndirilmiş siyahısına salınmış (2008), sonradan isə İmpakt Factor almış (2010) "Applied and Computational Mathematics" jurnalı, Türk Dünyası Riyaziyyat Cəmiyyətinin "Pure and Applied Mathematics" jurnalı çap olunur. Bundan başqa institut ən yüksək səviyyədə dünyada tanınmış alimlərin iştirakı ilə beynəlxalq konfranslar və seminarlar keçirir. İnstitut əməkdaşlarının beynəlxalq elmi mərkəzlərilə məhsuldar əlaqələri qurulmuş və onlar müntəzəm olaraq beynəlxalq elmi qrant və layihələrin iştirakçılarıdır.

Akademik Fikrət Əliyev və dosent Şahin Ağayev göstərirlər ki, müasir zamanın informasiya əsri olduğu fikrini, yəqin ki, heç kim şübhə altına almaz. Hər bir evə daxil olan kompüter sistemləri, bütün dünyanı vahid informasiya məkanında birləşdirən internet şəbəkəsi, virtual kitabxanalar, jurnallar və bu qəbildən olan digər vasitələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu informasiya axınından faydalanmaq bacarığı isə "mədəni insan" anlayışının əhəmiyyətli komponenti kimi qəbul edilir.

İnformasiya məkanının çox mühüm hissəsini elmi-texniki informasiya, elmi jurnallarda çap olunmuş məqalələr, patent və ixtiralar haqqında məlumatlar təşkil edir. Ölkəmizin maraqları hər bir tədqiqatçının elmin son nailiyyətləri ilə vaxtında tanış olmasını, yeniliklərin istehsalatda, təhsildə dərhal və səmərəli şəkildə tətbiqini tələb edir. Eyni zamanda, alimlərimizin əldə etdikləri mühüm elmi nəticələri də operativ surətdə beynəlxalq arenaya çıxarmaq lazımdır.

Müəlliflərin fikrincə, aparılmış tədqiqatlar ictimaiyyətə müxtəlif formalarda çatdırıla bilər. Mövcud üsullardan biri, bəlkə də birincisi elmi məqalədir. Müxtəlif sahələr üzrə ixtisaslaşmış jurnallarda çap edilmiş məqalələr müəlliflərlə yanaşı onların çalışdıqları universitet və institutların, təmsil etdikləri ölkələrin elmi nüfuzunu birbaşa müəyyən edən və son nəticədə, ölkənin inkişaf səviyyəsini göstərən amillərdəndir. Bura elmi dərəcə və adların verilməsində çap olunmuş məqalələrin vacibliyini də əlavə etsək, jurnalların əhəmiyyətinə görə qiymətləndirilməsinin müxtəlif qurumlar və ictimaiyyət qarşısında duran mühüm vəzifələrdən biri olduğu aydınlaşar.

Müasir dünyada minlərlə elmi jurnal nəşr olunur. Hazırda elmi nəşrlərin qiymətləndirilməsi jurnal məqalələrinə istinadların statistik analizi əsasında ABŞ-dakı Elmi İnformasiya İnstitutu (Eİİ) tərəfindən aparılır. Bu institutu 1960-cı ildə E.Qarfild təsis etmişdir. 1992-ci ildən Elmi İnformasiya İnstitutu Tomson-Röyters korporasiyasının tərkib hissəsidir. Ötən əsrin 60-cı illərindən etibarən Eİİ qiymətləndirmədə əsas göstərici kimi jurnalların təsir əmsalından istifadə edir. Təsir əmsalı nəşrdəki əsərlərin, bu əsərlərdəki ideya və nəticələrin elmin müəyyən sahəsinin inkişafına təsir imkanının ədədi ifadəsidir. Təsir əmsalı böyük və kiçik həcmli, müxtəlif dövriliklə və zaman kəsiyində nəşr olunan jurnalların qiymətləndirilmədə imkanlarını bərabərləşdirmək baxımından mühüm göstəricidir. Araşdırılan ildən asılı olaraq hər bir jurnalın əmsalı dəyişir: aydındır ki, hər il eyni dərəcədə yüksək səviyyəli nəticələrin alınmasını və nəşrini gözləmək düzgün olmazdı. Belə dəyişmələr mötəbər, müəyyən sahədə onilliklərlə tanınan nəşrlərdə kifayət qədər məhdud sərhədlərdə baş verir. Nəticədə, dünya elmində yüksək səviyyəli, məqaləsi bir neçə ekspert tərəfindən diqqətlə yoxlanılan nəşrlər siyahısı formalaşır ki, bu jurnallarda əsər çap etdirmək hər bir mütəxəssis üçün peşəkarlıq, özünütəsdiq baxımından müstəsna məsuliyyət tələb edir.

F.Əliyev və Ş.Ağayevin fikrincə, yeni, nisbətən gənc nəşrlərdə təsir əmsalının dəyişmə sürəti kəskin ola bilər. Bəzən belə jurnallar Eİİ siyahısından, hətta çıxarılır. Qeyd edək ki, nəşrinə yenicə başlamış jurnalların Eİİ siyahısına daxil edilməsi kifayət qədər çətin və uzun sürən prosesdir. Jurnalın redaksiya heyətində və çap olunacaq işlərə rəy verən ekspertlər arasında dünya elmində kifayət qədər tanınmış simaların olması, nəşrin dövriliyinin ciddi şəkildə qorunması, məqalələrdəki istinadların müasir standartlara cavab verməsi Eİİ-nin tələbləri sırasındadır. Jurnalın genişlənmiş Eİİ siyahısına qəbulu onun heç də dərhal əmsal alması demək deyildir: yalnız iki illik nəzarətdən sonra jurnala qazandığı təsir əmsalı verilir və ya o, siyahıdan silinir.

Ümumiyyətlə, Eİİ tərəfindən indekslənən nəşrlərin siyahısı hər il yeniləşir. Elmi İnformasiya İnstitutu vaxtaşırı istinad edilməyən, keyfiyyəti aşağı düşmüş və ya nəşri dayandırılmış jurnalları öz siyahısından çıxarır və əksinə, yeni nüfuz qazanmış nəşrləri ora daxil edir. Bu prosesləri izləməklə nəinki elmin konkret sahəsinin inkişaf dinamikası, həm də istənilən ölkədə elmin çağdaş durumu haqqında məlumat əldə etmək, mülahizə yürütmək mümkündür. Məsələn, son illərdə nanotexnologiyalar istiqamətində tədqiqatların geniş vüsət alması bu sahəyə həsr olunmuş jurnalların sayının durmadan artması və onların əksəriyyətinin qısa bir zaman kəsiyində yüksək əmsallı nəşrlər siyahısına daxil edilməsi ilə müşayiət olunmuşdur. Ölkələrdə baş verən siyasi, iqtisadi proseslərin jurnal nəşrinə və onların keyfiyyətinə, dolayısı yolla bütövlükdə elmin səviyyəsinə necə təsir etdiyini görmək üçün keçmiş sovet, indi isə Rusiya jurnallarının Eİİ siyahısında yerdəyişmələrini izləmək kifayətdir. Belə araşdırma, həm də onun üçün vacibdir ki, bizim yaşlı və orta nəsil alimlərinin böyük bir qismi hələ də rusdilli nəşrlərlə əməkdaşlığı davam etdirir, onları digər beynəlxalq jurnallardan üstün hesab etməkdə israrlı görünürlər. Rusiyada çap olunan ən yüksək əmsallı "Uspexi Fiziçeskix Nauk" jurnalının göstəricisi 2006-cı ildə 2,675, 2007-ci ildə isə 2,032 olmuşdur. Vaxtilə məşhur sovet jurnallarının əksəriyyətinin təsir əmsalı indi 0,1-0,5 arasındadır. Şübhəsiz, keyfiyyətini ildən-ilə yüksəldən bir neçə nəşr də tapmaq olar. Amma onlar ümumi mənzərəni dəyişmirlər.

Müəlliflər belə hesab edirlər ki, AMEA-nın əməkdaşlarının, universitetlərin professor-müəllim heyətinin və elmi işçilərinin attestasiyasında və mükafatlandırılmasında, elmi və dissertasiya şuralarının işində, institut və universitetlərin elmi strukturlarının fəaliyyətinin qiymətləndirilməsində A, B, C siniflərinə aid edilən, yüksək təsir əmsallı jurnal siyahılarından müvəffəqiyyətlə istifadə etmək olar. Beynəlxalq praktikada geniş istifadə edilən bu kimi meyarların Azərbaycan Respublikası Prezidentinin 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncamı əsasında hazırlanan 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və onun həyata keçirilməsi üzrə Dövlət Proqramı layihəsində yer alması böyük əhəmiyyət kəsb edərdi.

Apardığımız analizdən aydın görünür ki, dünya əhəmiyyətli nəşrlərin qiymətləndirilməsi çoxdan və yüksək səviyyədə təşkil edilib. Bu sözləri respublika daxilində Milli Elmlər Akademiyası və onun institutları, universitetlər, ictimai qurumlar tərəfindən nəşr edilən elmi jurnallar haqqında demək olmaz. Onların bəziləri çoxillik tarixə malik, digərləri isə müstəqillik dövründə işıq üzü görmüş jurnallardır. Bu nəşrlərin bir qismi AAK tərəfindən tanınsa da, onların çap etdikləri materialların aktuallığı və doğruluğu baxımından təsnifata ehtiyacı var.

Respublikadakı ciddi jurnallar Eİİ-nin siyahısına daxil edilməni, təsir əmsalı əldə edərək beynəlxalq status qazanmanı özlərinin əsas məqsədi kimi qədul etməlidirlər. Bunun həm elmi nailiyyətlərimizin, həm də dövlətçiliyimizin təbliği baxımından çox böyük əhəmiyyəti var. Təəssüflə qeyd edək ki, Azərbaycanda nəşr olunan jurnallardan heç birinin təsir əmsalı yoxdur. Yalnız Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu (BDU) və AMEA tərəfindən birgə nəşr edilən beynəlxalq "Applied and Computational Mathematics" jurnalı 2008-ci ildə genişlənmiş Eİİ siyahısına qəbul edilib və müvafiq təsir əmsalı almaq üçün iki illik monitorinq keçir.

F.Əliyev və Ş.Ağayev yazırlar: "Məqalənin əvvəlində Eİİ siyahasına düşməyin çətin olduğunu və bunun üçün redaksiya heyətinin, rəyçilərin üzərinə düşən tələblər haqqında yazmışdıq. İddialı və məsuliyyətli nəşrlərin redaksiya heyətlərinin nəzərinə əlavə mülahizələrimizi də çatdırmaq istərdik. Yüksək səviyyəli nəşrlərin yerinə yetirməli olduqları əlavə tələblər sırasında birincisi, məqalələrin ciddi, müstəqil, imkan daxilində beynəlxalq ekspertlər tərəfindən rəydən keçirilməsidir. Əksər jurnallar seriyalarla nəşr edildiyi üçün onlar müvafiq hərflərlə fərqləndirilməlidir: belə praktikaya beynəlxalq miqyasda tez-tez rast gəlinir. Əks halda məqalələrə başqa jurnallarda istinad verilməsində və bu istinadın kompüter sistemi tərəfindən oxunmasında səhvlərə yol verilir. Bundan əlavə, jurnalın bir illik buraxılışlarının eyni cildin nömrələri kimi nəşr olunması vacibdir. Hər bir cild daxilində nömrələr ardıcıl və kəsilməz şəkildə səhifələnməlidir. Məqalələrin yığılmasında müasir proqram-redaktorlardan (Latex) istifadə edilməlidir. Jurnalı xarici oxucuya çatdırmaq məqsədilə onun ilkin variantının beynəlxalq nəşriyyatlar tərəfindən tam şəkildə tərcüməsinə və yayımlanmasına nail olmaq məqsədəuyğundur. Bu, çətin olduğu üçün jurnalda məqalələrin ingilis dilində çapına üstünlük verilməli və müəyyən hazırlıqdan sonra, jurnalın tam şəkildə ingilis dilində nəşrinə keçilməlidir. Diqqəti cəlb etmək, maraq oyatmaq məqsədilə sahə üzrə tanınmış xarici ölkə mütəxəssislərinin tədqiqat və icmal xarakterli işlərinin çapını məqsədəuyğun sayırıq.

Hələlik isə respublikamızda nəşr olunan jurnalların təsnifatı yerli elmi qurumlar tərəfindən, müəyyən prinsiplər əsasında aparılmalıdır. Təsnifatın Eİİ-dəki kimi, ölkədaxili təsir əmsalı əsasında aparılması inandırıcı olmadığından, daha sadə tələblərin işlənib hazırlanmasına ehtiyac var. Təxminən bizim vəziyyətimizdə olan MDB ölkələrinin təcrübəsindən də faydalanmaq mümkündür. Bu baxımdan ukraynalı həmkarlarımızın təklif etdikləri sxemi maraqlı hesab edirik. Ukraynada nəşr olunan 125 fizika və riyaziyyat jurnalının yalnız 5-i dünya standartlarına tam cavab verən və təsir əmsalı olan nəşrlərdir. Daha 3 jurnal Eİİ-nun genişlənmiş siyahısına daxil edilib, 10 jurnal isə xarici nəşriyyatlar tərəfindən tərcümə olunaraq çap edilmələrinə baxmayaraq Eİİ siyahısında yer almayıb. Sonuncu məlumat həmin jurnallarla əməkdaşlıq edən alimlərimiz üçün də əhəmiyyətlidir, çünki bir çoxları bütün ingilisdilli nəşrlərin yüksək səviyyəli olduğunu güman edir. Göründüyü kimi, bu, heç də həmişə doğru deyil".

    

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.- 3 iyul .- S.15.