Azərbaycan polisi 97 il şərəfli yolda
97 ildir ki, şərəfli yol keçən Azərbaycan polisi iyulun 2-də peşə bayramlarını qeyd edir. 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradıldıqdan sonra, fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra Fətəli xan Xoyskinin başçılığı ilə hökumət təşkil edilir və o, eyni zamanda, cümhuriyyətin ilk daxili işlər nazirliyi kimi fəaliyyət göstərir. 1918-ci il iyunun 24-də AXC milli hökuməti "Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçular haqqında" özünün 178 saylı qərarını verir. Həmin qərara uyğun olaraq iyulun 2-də Gəncədə ilk polis orqanları təsis edilir, onların kadr və məvacib məsələlərinə baxılır. 1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyi təmin edən orqan idi.
Azərbaycan polisinin prinsipi - tarixi məqamlar
1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yaranmış mürəkkəb vəziyyət, ölkə həyatının bütün sahələrini bürümüş hərc-mərclik və özbaşınalıq hüquq-mühafizə strukturlarından da yan keçməmişdi. Respublikamız yeni bərpa etdiyi müstəqilliyini itirmək təhdidi ilə üzləşmiş, vətəndaşlarımızın azad və təhlükəsiz şəraitdə yaşamaq hüququ pozulmuşdu. Belə ağır vəziyyətdə xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ümummilli Liderimiz Heydər Əliyev ölkəni vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi, müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideologiyasının, habelə milli inkişaf modelinin əsasını qoydu. Bu dövrün ən əhəmiyyətli mərhələsi Ulu Öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər olmuşdur. Demokratik prinsiplərin və ənənələrin varisliyinə əsaslanan Ümummilli Liderimiz Heydər Əliyev 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-ni Azərbaycan Polisi Günü elan etdi. Onu da vurğulamaq lazımdır ki, Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gördüyü möhtəşəm işlərin miqyası, o cümlədən, daxili işlər orqanlarının formalaşmasında və inkişafındakı rolu son dərəcə böyük və əvəzsizdir.
Ümummilli Lider Heydər Əliyev 2003-cü il iyulun 1-də daxili işlər orqanlarının şəxsi heyətinə müraciətində demişdi: "Dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə olunmuş nailiyyətlərlə kifayətlənməməliyik".
Bu tövsiyəyə uyğun olaraq, nazirliyin qarşısında duran ən əsas vəzifələrdən biri böyük çətinliklər və gərgin səylər hesabına qazanılmış müsbət mövqeləri əldən verməmək, uğurlardan arxayınlaşmamaq, onları qoruyub saxlamaq və daha da artırmaqdır. Bunun üçün polisin kifayət qədər qüvvəsi, potensialı, kadr ehtiyatı var.
Prezident İlham Əliyev daxili işlər orqanlarına daim böyük önəm verir
Prezident İlham Əliyevin son 11 il ərzində DİN-in inkişafına və daha da sürətlənməsinə daima diqqət və qayğı ilə yanaşıb. Ötən dövrdə nazirliyin Polis Akademiyasında ən yüksək tələblər səviyyəsində tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. istifadəyə verilib. Akademiyada ixtisaslı polis kadrlarının hazırlanması üçün hər cür şərait yaradılıb. Azərbaycan Prezidentinin yüksək diqqət və qayğısı sayəsində nazirlik sistemində gedən inkişaf proseslərinə paralel olaraq, xüsusi təyinatlı təhsil müəssisələri də beynəlxalq təcrübəyə uyğun təkmilləşmişdir. Polisin yaranmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Mən çox şadam ki, polis orqanlarında islahatlar uğurla gedir, peşəkarlıq artır. Əminəm ki, Polis Akademiyasında hazırlanan kadrlar əsl peşəkarlar olacaqlar". Daxili işlər orqanlarının ixtisaslı kadrlarla təminatında həlledici rol oynayan Polis Akademiyası bu gün ölkəmizin yüksək reytinqə malik ali təhsil ocaqlarından birinə çevrilmişdir.
Polis orqanları 97 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrilmiş, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Bu dövr ərzində Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atmış, qanunun aliliyinin, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəlmişdir.
Cəmiyyətin qorunmasında xüsusi önəm daşıyan DİN bundan sonra da ölkədə asayişin qorunması istiqamətində var gücü ilə çalışacaqdır. Təbii ki, bu önəmin tərkib hissəsi dövlətin bu istiqamətdə göstərdiyi əhəmiyyətli amil - DİN işçilərinə diqqət və qayğı dayanır.
R.HÜSEYNOVA
Səs.-2015.- 2 iyul .- S. 6.