Hüquqi dövlət Şərq və Qərb sivilizasiyalarının vəhdətidir

 

Hüquqi dövlət Qərbdə yaranıb bütün dünyaya yayılsa da, Şərqin xüsusiyyətlərini özündə daşıyır. AMEA-nın müxbir üzvü, professor Səlahəddin Xəlilov göstərir ki, ictimai tərəqqidə hər bir yeni inkişaf dalğası Şərq və Qərb dəyərlərinin sintezi sayəsində mümkün olmuşdur. Lakin təəssüf ki, estafet Qərbə keçdikdən sonra Şərq ölkələri müasir dövr üçün məqbul olan yeni bir sintezin formulunu hələ də tapa bilməmişdir. Düzdür, lokal miqyaslarda, məsələn, Yaponiya timsalında belə optimal sintez nümunələri mövcuddur, lakin bu proses hələ qlobal miqyas almamışdır.

Əgər "sivilizasiya" anlamı dini dəyərlərlə sıx bağlı olsaydı, onda müxtəlif dinlərə uyğun olaraq müxtəlif sivilizasiyalardan danışmaq olardı. Onda xristian sivilizasiyası "İncil"lə, islam sivilizasiyası "Quran"la yaşıd olardı və ancaq bu halda, dini-əxlaqi dəyərlər ön plana çəkildikdə, müəyyən dövrlər üçün geriyə hərəkətdən də danışmaq olardı. Çünki bəşəri inkişafın bir çox mühüm mərhələləri, həm də məhz sivilizasiya anlamı ilə daha çox səsləşən mərhələləri dini dəyərlərə yaxınlaşmaq deyil, onlardan uzaqlaşmaq meyili ilə bağlıdır.

S.Xəlilov yazır ki, sivilizasiyanın əsas şərti kimi şəhərlərin və ilk dövlətlərin yaranmasını götürsək, onun yaşı qədim Şərq tarixi ilə başlanardı. Yaxud sivilizasiya üçün ilkin şərt "Homo sapiens"in formalaşması və ilk əmək alətlərinin düzəldilməsini götürsək, sivilizasiyanın yaşı tarixin özü ilə eyniləşərdi. Çünki belə başa düşüldükdə, sivilizasiyadan ancaq tarixdən əvvəlki dövr üçün danışmaq olmaz.

Lakin biz sivilizasiyanın ənənəvi və bizim fikrimizcə, daha düzgün anlamından çıxış etsək, o, milliya dini səciyyə daşımaqdan daha çox ümumbəşəri səciyyə daşıyır. Sivilizasiyanın əsasında əmək bölgüsü dayanır. Bir-birini təkrarlayan insanlardan dayanıqlı olması üçün insanlar fərqlənməli və bir-birini tamamlamalı idilər. Hər bir insanı bütöv, mükəmməl, özünə qapanan sistem kimi görmək istəyən Şərq idealı Qərbin dar ixtisaslaşma ilə yarımçıqlaşmış insanların müəyyən qayda ilə birləşməsindən alınan yeni ahəng, yeni kamillik, lakin artıq fərdi deyil, ictimai kamillik idealı ilə bir o qədər də uzlaşmır.

Müəllif yazır: "Bizcə, sivilizasiyanın istiqaməti insandan cəmiyyətə doğru yönəlmişdir. Sivilizasiya hər şeydən öncə cəmiyyətin təşkilatlanması və kamilləşməsi prosesidir. Bu baxımdan, onun Şərq dəyərləri ilə müqayisəsi, ilk növbədə, cəmiyyətlə insanın münasibətini xatırladır. Kamil cəmiyyətə doğru gedən vahid, bütöv bir proseskamil insan idealının gerçəkləşmə cəhdlərindən ibarət mənəvi intibahlar və sıçrayışlar toplusu...

Əlbəttə, hər bir real hadisə yeganə bir mahiyyətdən yox, müxtəlif səviyyəli və çeşidli mahiyyətlərin qarışığından ibarət olur. Məhz ona görə də hadisələr səviyyəsində elmi söhbət aparmaq mümkün deyil. Sivilizasiya da böyük miqyaslı, mürəkkəb ictimai hadisə olmaqla hər hansı bir xalis ideyanın (mahiyyətin) maddi təcəssümündən fərqlidir. Lakin bununla belə o, Şərq dəyərləri ilə müqayisə olunarkən daha çox dərəcədə bir Qərb hadisəsi kimi özünü göstərir. Düzdür, sivilizasiyanın əsası Şərqdə qoyulmuşdur, lakin mahiyyətcə o, daha çox Qərb hadisəsidir. Necə ki, xristianlıq əsasən Qərbdə yayılsa da, mahiyyət etibarilə Şərq hadisəsidir. Bu baxımdan, biz "İncir"lə və "Quran"la başlayan dəyərləri öz aralarında tərəf-müqabil kimi deyil, sivilizasiya ilə tərəf-müqabil olan eyni dəyərlər sistemi kimi götürməyin tərəfdarıyıq. Əlbəttə, buradakı "eyniyyət" nisbi xarakter daşıyır, belə ki, xristianlıq və islam öz aralarında müəyyən fərqlərə malikdir. Lakin böyük miqyasda yanaşdıqda və sivilizasiya ilə qarşılaşdırıldıqda, onların hər ikisi bir din olaraq məhz Şərq dəyərlərini təmsil etməklə vahid cəbhədə dayanmağa məhkumdurlar".

Müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma arasındakı optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə - ümumbəşəri dəyərlərlə yanaşı, milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. İstər düşünülmüş şəkildə, istərsə də qərəzsiz olaraq - fərqi yoxdur. Belə bir şəraitdə, ilk növbədə, nələri qorumağın lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservator olmağın labüdlüyünü məhz ziyalılar müəyyənləşdirməlidir. Yeri gəlmişkən, əsrin əvvəlində bizim böyük ziyalılarımız oriyentir kimi "türkçülük, islamçılıq və müasirliyin vəhdəti" prinsipini tövsiyə edirdilər.

S.Xəlilov belə qeyd edir: "Bizcə, ilk növbədə, meyarlar müəyyənləşməlidir. İdeal halda biz özümüzü necə təsəvvür edirikya bizim milli-mənəvi idealımız nədən ibarətdir? İndi biz hansı real durumdayıq və daşıdığımız hansı keyfiyyətləri məhz milli səciyyə kimi qiymətləndirmək olar? Keçmişə də məhz bu real durumideal prizmasından, onun əsasında formalaşan meyarlardan çıxış edərək yanaşmaq lazımdır. "Soykökə qayıdış" çağırışında qorxulu olan məqam bundan ibarətdir ki, biz keçmişimizdə olan istənilən keyfiyyəti milli invariant kimipozitiv cəhət kimi qəbul edə bilmərik. Həqiqi milli keyfiyyətlər milləti yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə deyil, tənəzzülə xidmət edən cəhətləri yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin həqiqi, nəyin saxta olduğunu aydınlaşdıra bilmək üçün keçmişdən daha çox bu günümüzə və gələcəyimizə, milli-mənəvi idealımıza xidmət etməliyik.

Ərazinin tarixi, xalqın tarixi, millətin tarixi, dövlətin tarixi fərqləndirilmədən məsələyə milli şüur prizmasından baxmaq çətindir. Minilliyinyüzilliyin əsas səciyyələrini vermək üçün əvvəlcə bütövlükdə tarixi inkişaf prosesi heç olmazsa ən ümumi şəkildə nəzərə alınmalıdır. Etnik qrupların bütöv bir millət halında formalaşması prosesi daha çox dərəcədə əvvəlki minilliklərə aid bir məsələdir. Son minillik Azərbaycanda etnik-milli baxımdan türk təfəkkürü və türk həyat tərzi ilə; dini müstəvidə yanaşdıqda isə islam mənəviyyatı və islam düşüncə tərzi ilə səciyyələnir. Beləliklə, yola saldığımız minillikdə Azərbaycan xalqının mentaliteti türkçülük və islamçılığın üzvi vəhdəti, sintezi şəraitində formalaşmışdır. Lakin bu böyük əsas prosesə ayrı-ayrı dövrlərdə kənar amillər təsir göstərmişdir. Bu baxımdan, axırıncı yüzillik daha çox Rusiya amilinin əlavə olunması ilə səciyyələnir. Rusiya amili isə, öz növbəsində, iki istiqamətə ayrıla bilər. Birincisi, imperiya siyasətindən gələn neqativ təsir; anti-milli, anti-türk siyasəti. İkincisi, ümumbəşəri dəyərlərlə əlaqə baxımından pozitiv məqamlar, Qərbə açılan pəncərə, Qərb sivilizasiyası ilə tanışlıq. Bu amil axırıncı yüzilliyin həm inqilabaqədərki dövrünə, həm də sovet perioduna aiddir. Sovet periodunun əvvəlki rus təsirindən əsas fərqləri isə buraya həm də anti-islam və ümumiyyətlə, ateizm siyasətinin əlavə olunması, şüurların ideologiya çərçivəsinə salınması, digər tərəfdən isə əhalinin savadlılıq dərəcəsinin artması ilə əlamətdardır. Son yüzilliyin axırıncı on ili isə milli şüurun intibahı və milli özünüdərk istiqamətində axtarışlarla əlamətdardır.

Fərdi mənafe zəngindir, rəngarəngdir, çoxcəhətlidir, ictimai mənafe isə həmişə məhdud, solğun və birtərəflidir. Buya digər aspektli ictimai mənafelər, o cümlədən hətta milli mənafe harada isə abstrakt şəkildə mövcud olmayıb, fərdi mənafeyə daxildir, onun tərkib hissələridir.

S.Xəlilov göstərir ki, nə qədər paradoksal görünsə də, fərdi mənafelər ictimai mənafeyə deyil, ictimai mənafelər fərdi mənafeyə daxildir. Lakin fərdlər çoxdur və fərdi mənafelərin strukturu da müxtəlifdir. Kimlərinsə fərdi mənafelərində buya digər ictimai mənafe aspektləri üstünlük təşkil edə bilər. Kim isə milli mənafeni, kim isə dövlətçilik mənafeyini, kim isə mədəni-mənəvi dəyərləri üstün tuta bilər. Kim isə bunların heç birinə məhəl qoymadan ancaq öz fiziki sağlamlığını, şəxsi əmlakını ön plana çəkə bilər. Deməli, fərdi mənafelər çoxluğu ifrat fərdi mənafedən ifrat ictimai mənafeyə qədər bütöv bir spektri əhatə edir. Əslində, "şəxsi və ictimai mənafe problemi" idealizasiya halında bir ifrat qütblə digər ifrat qütb arasında münasibəti xatırladır. Halbuki real həyatda şəxsi mənafelər müxtəlif aspektli ictimai mənafe komplekslərini ehtiva edir və əksinə. İctimai mənafenin real mövcudluq müstəvisi elə şəxsi mənafelərdə yerləşir.

Müəllif daha sonra yazır ki, Qərb dünyasında konkret şəxslərin, fərdlərin mənafeyinə uyğun gəlməyən mücərrəd ictimai mənafe yoxdur. İctimai mənafe ancaq o halda mənafedir ki, o, "normal şəxslərin" mənafeyini əks etdirir. Daha doğrusu, şəxsi mənafelər cəmiyyət prizmasından keçərək mürəkkəb struktur kəsb edir. Ənənəvi Şərq cəmiyyətində və geri qalmış ictimai toplumlarda isə şəxsi mənafelərin toplumla əlaqəsi zəifdir. O cəmiyyət mütəşəkkil hesab olunur ki, burada ayrı-ayrı şəxslərin həyat və mənafeləri ictimai qurumlarla vasitələnir. Və bunun sayəsində birinin mənafeyi başqalarının mənafeyi üçün şərt olur yəni şəxsi inkişaf ictimai inkişafdan, şəxsi xoşbəxtlik ictimai rifahdan asılı olur. Hər bir adam öz xeyrinə çalışmaq üçün ictimai mənafeyə xidmət etmiş olur və əksinə, cəmiyyətin tərəqqisi hər bir şəxsin rifahına xidmət edir.

Fərqli səbəblərə görə "Şərq" adlandırılan, əslində isə ifrat qərbçiliyin məhsulu olan sovet quruluşunda "ictimai mənafe" anlayışı "dövlət mənafeyi" ilə eyniləşdirilirdi. Əslində isə, dövlət ilə cəmiyyətin adekvatlığı gerçəklikdən çox uzaqdır. Digər tərəfdən, "ictimai" anlayışı heç də həmişə bütövlükdə cəmiyyəti nəzərdə tutmur. Müəyyən bir sosial qrupun, ictimai birliyin, siyasi partiyanın, kollektivin mənafeyi də "ictimai" anlayışı ilə ehtiva olunur. Yəni şəxsi mənafe qrup mənafeləri ilə də müqayisə oluna bilər və bu xüsusi bir mövzudur. Lakin şəxsi və ictimai mənafelərin nisbətindən danışdıqda, bir qayda olaraq, bütövlükdə cəmiyyətin mənafeyi nəzərdə tutulur. Bu isə həm də "dövlət" anlamının geniş mənasına uyğun gəlir. Dövlət ilə cəmiyyət arasında böyük ziddiyyətlər olmadıqda, dövlət öz əsas missiyasına uyğun olaraq bütövlükdə cəmiyyətin və xalqın mənafeyini təmsil etdikdə bu ifadələrin adekvatlığı şübhə doğurmur.

 

Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.-2 iyul .- S.15.