İnsan hüquq və azadlıqlarının müdafiəsi tarixindən: qədim dövr

 

İnsan hüquq və azadlıqlarının tarixi qədim dövrlərə gedib çıxır. "Demokratiya: gediləsi uzun bir yol" kitabında göstərilir ki, Afina demokratiyası dünya tarixində dolğun təsvir olunmuş ilk demokratik dövlət sistemidir. Qullar istisna olmaqla şəhərin bütün vətəndaşları üçün ümumi bərabərlik və şəxsi azadlıq ideyası afinalılar arasında aristokratların hakimiyyətinin doğurduğu yoxsulluqistibdada qarşı cavab reaksiyası kimi yayılmağa başlamışdı. Qədim yunan salnamələrinə görə, demokratlarla aristokratlar arasında e.ə. 7-ci əsrdə başlanan və demək olar ki, fasiləsiz davam edən mübarizə e.ə. 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələnmişdi. Bu partiyaya görkəmli siyasətçi və sərkərdə, əqidəli demokrat Perikl 32 il başçılıq etmişdir (e.ə. 495-429-cu illər).

Afina demokratiyası ziddiyyətlərlə zəngin olmuşdur. O, bəzi afinalı intellektuallar (o cümlədən Platononun həmfikirləri) tərəfindən kütlənin nəzarətsiz hakimiyyəti, korrupsiyaxaos mənbəyi kimi qəbul olunurdu. Lakin Periklin rəhbərliyi dövründə Afina uğurlu daxili siyasət yeridərək, həmçinin İranın istibdad və Spartanın totalitar rejimlərinin (Sparta ilə Afina illərcə davam edən üzücü müharibələr aparmışlar) təcavüzlərini dəf edərək iqtisadi, siyasi və mənəvi yüksəlişə nail olmuşdur.

Yalnız düzgünlüyünə əmin olduqdan sonra hər hansı əmri yerinə yetirən azad insanlara demokratik cəmiyyətin üzvlərinə rəhbərlik etmək, əlbəttə, liderin istənilən əmrini sözsüz yerinə yetirməyə hazır olan insanlardan ibarət totalitar cəmiyyətin üzvlərinə rəhbərlik etməkdən müqayisəolunmaz dərəcədə çətindir. Lakin Perikl populizmdən uzaq idi, "o, kütləyə ona görə rəhbərlik edə bilirdi ki, hakimiyyətə ləyaqətsiz vasitələrdən istifadə etmədən gəlmişdi; onun kütləyə yarınmağa ehtiyacı yox idio, hörmətə malik olduğundan kütləyə qarşı kəskin şəkildə çıxa bilirdi", deyə tarixçi Fukidid yazırdı.

Bütün bu vaxt ərzində Afina dövlətinin siyasi quruluşu haqqında mübahisələr sənginirdi. Demokratiyanı amansızcasına tənqid edənlər israr edirdilər ki, əsl-nəcabəti olmayan vətəndaşların şəhərin idarə olunmasında iştirakına yol vermək olmaz, şəhəri "ləyaqətli və bilikli adamlar" idarə etməlidir. Bundan başqa, Afina cəmiyyətindəki azadlıq və açıqlıq tənqid olunurdu; iddia edirdilər ki, əmlak ziddiyyətlərindən və demək olar ki, bütövlükdə fərdi azadlıqlardan məhrum olan hərbiləşdirilmiş Sparta cəmiyyəti sosial cəhətdən daha səmərəli və müharibə aparmaq üçün daha sərfəlidir.

Sparta ilə müharibə, əslində vətəndaş müharibəsi idi. O, həm Afinanın, həm də bütün yunan şəhərlərini iki hissəyə parçaladı: bütün Elladada aristokratiyanın tərəfdarları öz nəzərlərini Spartaya dikir, demokratlar isə Afinaya rəğbət bəsləyirdilər.

Sparta ilə müharibədə ilk həlak olmuş döyüşçülərin dəfn mərasimində Periklin söylədiyi və Afina tarixçisi Funkididin yazıya aldığı, öz zəmanəsini min-min illər qabaqlamış və indinin özündə də insanları həyəcana gətirən bu nitq demokratiyanın müdafiəsinə söylənilmiş bizə bəlli ilk nitqdir və yaxşı olardı ki, bizim məktəblilər də demokratik təhsil çərçivəsində bu nitqi əzbər öyrənsinlər.

"...Qonşumuz öz davranışında şəxsi meyillərinə uyğun hərəkət edirsə, biz ona pis gözlə baxmırıq" - Periklin bu ifadəsi ilə tarixdə ilk dəfə liberalizmin başlıca ideyası - insan şəxsiyyətinə hörmət və onun şəxsi həyatına müdaxilə etməmək ideyasının mahiyyəti səslənmişdir. "...Biz azad yaşayırıq... bununla yanaşı, bizə bərabər olan rəqibə qarşı cəsarətlə mübarizə aparırıq... Periklin bu sözləri hərbiləşdirilmiş Sparta həyat tərzinin tərəfdarlarına ünvanlanmışdır. "Və güman edirəm ki, bizlərdən hər birimiz on müxtəlif həyat şəraitlərində öz şəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər..." Burada Perikl həmvətənlərinə açıq cəmiyyətin çox gözəl bir cəhətini xatırladır və haqlı olaraq zənn edir ki, şəxsi keyfiyyətlərini göstərmək, öz şəxsiyyətini cəmiyyətdə təsdiqləmək imkanı insan təbiətinin can atdığı əsas istəklərdəndironun uğrunda mübarizə aparmağa dəyər.

İyirminci əsrin görkəmli filosofu Karl Popperin yazdığı kimi, Periklin nitqi "yalnız proqramm" deyildir. Bu, həm də müdafiə, bəlkə də hücumdur. Bu nitq yalnız Spartanan donub qalmış tayfa quruluşuna qarşı deyil, həmçinin Afinanın totalitar dairəsinə, yaxud "totalitar birliyə" qarşı, "ata dövlət" uğrunda hərəkata qarşı yönəlmişdir.

E.ə. 431-ci ildə Sparta Perikllə bağladığı sülhü pozdu və İranın yardımına arxalanaraq Afina torpaqlarına soxulduson nəticədə, qələbə çaldı. Bu, istibdadtotalitarizmin demokratiya üzərində çoxsaylı qələbələrındən birincisi idi. Lakin 2500 ildən sonra dünya demokratiyası öz mənfəətlər, "ali məqədləri naminə, bəzən isə elə-belə, məqsədsiz olaraq insanların həyatını qurban verən rejimləri iyirminci əsrin sonunda darmadağın edərək öz tam qələbəsini çaldı..."

Afinalı Perikl öz nitqində demişdir: "...Biz öz dövlət quruluşumuz üçün heç bir yadelli qanunları nümunə götürməmişik. Əksinə, biz nədəsə kimlərisə təqlid etməkdənsə, özümüz başqaları üçün həmişə örnək olmuşuq. Şəhərimizi bir ovuc şəxs deyil, xalqın böyük əksəriyyəti idarə etdiyinə görə dövlət quruluşumuz xalq idarəçiliyi adlanır. Bizdə şəxsi işlərdə hamı qanunlar əsasında eyni hüquqlardan istifadə edir. Dövlət işlərinə gəldikdə isə, bizdə hər bir kəs yalnız ləyaqətinə görə fəxri dövlət vəzifələrinə irəli sürülür, belə ki, həmin şəxs müəyyən zümrəyə mənsub olduğuna görə deyil, şəxsi fədakarlığına görə nəyləsə fərqlənə bilmişdir.

Əgər hər hansı bir insan dövlətə xidmət göstərməyə qadirdirsə, yoxsulluq, əsil-kökün olmaması, yaxud aşağı ictimai hal onun fəxri vəzifə tutmasına mane olmur. Biz dövlətimizdə azad yaşayır və gündəlik həyatımızda qarşılıqlı şübhələrə yol vermirik: qonşumuz öz davranışında şəxsi meyillərinə uyğun hərəkət edirsə, biz ona pis gözlə baxmırıq və öz ziyansız, lakin qan qaralda biləcək narazılığımızı ona bildirmirik.

Şəxsi münasibətlərimizdə biz bir-birimizin günahlarından keçsək də, ictimai həyatda qanunları heç vaxt pozmuruq, başlıcası ona görə ki, biz qanunlara hörmətlə yanaşırıq, hakimiyyətə və qanunlara, ələlxüsus da incidilənlərin müdafiəsi üçün qoyulmuş qaydalara, habelə yazıya alınmasalar da, pozulmasını eyib saydığımız qanunlara tabe oluruq...

...Rəqiblərimiz də öz tərbiyə üsullarına əsasən öz cavanlarının mətanətini lap kiçik yaşlarından sərt intizamın köməyilə möhkəmləndirməyə can atırlar, biz isə sərbəst, bu cür sərtliklərdən azad yaşayır, bununla belə, bizə bərabər olan düşmənə qarşı cəsarətlə mübarizə aparırıq...

...Biz gözəlliyə olan meyilimizi israfçılığa yol vemədən inkişaf etdirir və elmlərlə mənəvi gücümüzə xələl gətirmədən məşğul oluruq. Var-dövləti biz boş bir lovğalıq xatirinə deyil, ondan faydalı şəkildə istifadə etdiyimizə görə qiymətləndiririk.

Bizdə  yoxsulluğu etiraf etmək heç kəs üçün rüsvayçılıq sayılmır, lakin biz on böyük rüsvayçılığı onda görürük ki, insanı öz əməyi ilə bu rüsvayçılıqdan qurtulmağa çalışmasın. Bizdə elə adamlar var ki, eyni vaxtda həm öz işləri ilə, həm də ictimai işlərlə məşğul olurlar. Lakin qalan vətəndaşların hər biri öz peşəsi ilə məşğul olsa da, siyasətdən yaxşı baş çıxarırlar. Çünki yalnız biz ictimai fəaliyyətlə məşğul olmayanı qeyrətli vətəndaş deyil, gərəksiz adam sayırıq.

Biz heçdüşünmürük ki, açıq müzakirə dövlət işlərinin gedişinə ziyan vura bilər. Əksinə, biz belə hesab edirik ki, hər bir lazımlı qərar lehinə və əleyhinə çıxışların köməyilə qabaqcadan hazırlıq görülməklə qəbul olunmalıdır.

Çox az adam siyasətçi ola bilər, lakin siyasətçilərin əməllərinə qiymət verməyə hamının haqqı var. Başqalarından fərqli olaraq biz cəsarət sahibi olmağımıza baxmayaraq, planlarımızı qabaqcadan əsaslı surətdə düşünüb yalnız bundan sonra risk etməyi üstün tuturuq; başqalarında isə nadanlıq ötkəm bir cəsarət, ayıq mülahizə isə qətiyyətsizlik törədir. Yalnız o adamları həqiqi igid saymaq olar ki, onlar dərdin də, sevincin də nə olduğunu yaxşı bilirlər və məhz bunu bildiklərinə görə təhlükələrdən qorxub çəkinmirlər...

...Bir sözlə, mən israr edirəm ki, şəhərimiz bütün Ellada üçün bir məktəbdir və güman edirəm ki, bizlərdən hər birimiz ən müxtəlif həyat şəraitlərində öz şəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər..."

Azərbaycan tədqiqatçısı Hikmət Babaoğlu yazır:

"Siyasi münasibətlər sahəsinə qədəm qoyan hər bir insan ilk növbədə öz şüuru və davranışı ilə həmin münasibətlərə müəyyən təsir göstərir və bununla da sanki "siyasəti yaradır". Bu mənada insan siyasətin subyekti kimi çıxış edironun bu statusu siyasətin kollektiv subyektlərinin statusundan fərqlidir. Başqa sözlə, insan siyasətin xüsusi subyektidir. İnsanın siyasət subyekti olması onun ictimai mahiyyətinin konkretləşməsi deməkdir. Belə ki, insan cəmiyyətdə onsuz da müəyyən siyasi mənafelərin, ziddiyyətlərin daşıyıcısı və ifadəçisi kimi çıxış edir. Başqa cür ola da bilməz, çünki hər bir şəxs, onun öz istəyindən asılı olmayaraq, birincisi, müəyyən dövlətin vətəndaşıdır və ikincisi, buya başqa bir sosial yaxud etnik qrupun nümayəndəsidir.

Gündəlik həyatda hər bir insan, müəyyən sosial rolu yerinə yetirir. Həmin rollar məcmu halında şəxsiyyətin sosial statusunu müəyyən edir. Şəxsiyyətin sosial statusunun özü artıq onun fərdi-siyasi mövcudluğunun əsaslarını şərtləndirir və hətta əgər hər hansı bir şəxs özünü siyasətdən kənar hesab etmiş olsa da, o, buya başqa bir səviyyədə siyasi münasibətlərə cəlb olunmuş olur.

Əlbəttə, şəxsiyyətin siyasətdə iştirak etməsi, siyasət subyekti olması yalnız onun öz mövqeyindən asılı deyildir. Belə ki, mövcud ictimai münasibətlər sistemi, bütövlükdə siyasi rejim bunun üçün obyektiv şərait yaratmalıdır. Şəxsiyyət siyasətin ilkin subyekti olmaqla hakimiyyətlə qarşılıqlı əlaqəyə girir, müəyyən siyasi vəzifələr yerinə yetirir.

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.-2015.-4 iyul .- S.15.