Gənc nəslin milli
mənlik şüurunun inkişaf
etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, beynəlxalq hüquq prinsiplərinə əsaslanan qanunvericilik bazası yaradılıb. Bilavasitə dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan gəncliyi siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır, beynəlxalq elmi simfozumlarda, idman yarışlarında Azərbaycanı layiqincə təmsil edir, üçrəngli bayrağını böyük iftixar hissi ilə yüksələrə qaldırırlar.
Gənclik cəmiyyətin avanqard qüvvəsinə çevrilir
Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət - gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf etmiş, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər. Nəzərə almaq lazımdır ki, xalqımızın Dağlıq Qarabağ kimi qaysaq bağlamayan yarası var. Torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Bu baxımdan yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinin düzgün təşkil olunması böyük aktuallıq kəsb edir. Artıq ümumtəhsil məktəblərinin X-XI siniflərində "Gənclərin çağırışaqədərki hazırlığı", 8-ci sinifdə isə "Qarabağ tarixi" fənni tədris olunur. Bu fənnlərin tədrisi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, hərbi-idman oyunlarının kütləviliyinin artırılmasında mühüm rol oynayır. Hətta yaxın illərdə həmin fənlərin tədrisinin təkmilləşdirilməsi də nəzərdə tutulur.
Eləcə də, gənclər təşkilatlarilə ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi "Cəsurlar", "Şahin", "Sərhəd" hərbi-idman və turizm respublika oyunları keçirilir. Həmçinin "Gənc xilasedici və yanğınsöndürən respublika yarışı" və "Gənc xilasedici beynəlxalq turniri", "Fövqəladə hallar uşaqların gözü ilə" mövzusunda yaradıcılıq müsabiqəsi təşkil olunur. Təhsil Nazirliyi Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Könüllü Hərbi Vətənpərvərlik Texniki-İdman Cəmiyyəti Respublika Şurası və Respublika Veteranlar Şurası ilə işgüzar əlaqələr qurulur. Bütün bunlarla yanaşı, bu, reallıqdır ki, vətənpərvərlik hissinin aşılanması ancaq fənnin tədrisi və ya hərbi-idman yarışlarının keçirilməsi ilə məhdudlaşmamalıdır. Ziyalıların, siyasi - ictimai təşkilatların iştirakı ilə keçirilən tədbirlərdə, dəyirmi masalarda vətənpərvərlik hissinin gənclərə çatdırılması, maarifləndirmə işlərinin aparılması əsas fəaliyyət istiqamətlərindən olmalıdır. Nəzərə alınmalıdır ki, vətənpərvərlik böyük məhfumdur.
Vətən sevgisi Ulu Öndər ideyalarından qaynaqlanır
Alman filosofu İmmanuel Kantın belə bir fikri var: "Gənclik zamanı günlər qısa, illər uzun, qocalıq zamanı isə günlər uzun, illər qısa olur". Tarixi çıxışlarının birində Ümummilli Liderimiz Heydər Əliyev isə deyib: "Müstəqilliyi qazanmaq olar, amma onu qoruyub saxlamaq çox çətindir".
Vətənini sevən, öz xalqına və vətəninə sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyüyüb, boya-başa çatdığımız, suyunu içib, havasını udduğumuz diyardır. Hər kəs öz varlığıyla Vətənininə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorumalıdır. Vətənpərvərlik isə özü üçün deyil, eli üçün yaşamaqdır. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına və dövlətinə həsr etdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi istər 1969-1982, istərsə də 1993-2003-cü illərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potenisal güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib. İkinci dəfə xalqın çağırışı ilə hakimiyyətə gəldikdən sonra diqqət ayırdığı mühüm sahələrdən biri də gənclər siyasəti olub. Bu baxımdan Onun Fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Dahi Öndər tədbirdə şəxsən iştirak və çıxış edərək gənclərə öz tövsiyələrini, məsləhətlərini verib. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ümummilli Lider Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin edib. "Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında", "Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında", "Dövlət gənclər siyasəti haqqında" qanun, fərman və sərəncamlar, həmçinin, "Gənc ailə", "istedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza olub.
Prezident İlham Əliyev - gənclərin hamisi
Ümummilli Lider Heydər Əliyevin gənclər siyasəti Onun ən layiqli siyasi varisi , ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir. 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramı reallaşdırılmış və bu proqramın 100-dən çox bəndi həyata keçirilib. Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə "Gənclər İli" elan edilib. "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı" (2006-2010-cu illər)", "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" (2007-2012-ci illər) gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, gənclərin yaradıcılıq potensialının aşkara çıxarılmasına, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, yaradıcılıq potensialının səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə, xüsusi istedadlı gənclərin seçilməsinə və onlara müvafiq tədbirlərin həyata keçirilməsinə, gənclərin sosial problemlərinin həllinə böyük zəmin yaradır. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulub. Bu günədək 1204 azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilib. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə - gənclər təşkilatları var. Onların əhatə etdikləri məsələlər də kifayət qədər genişdir: gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, işsizliyin azaldılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi, mədəniyyətin geniş kütlələr arasında təbliği və s. məsələlər kifayət qədər aktualdır. 6 aprel 2011-ci il tarixində Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncam imzalanıb. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bir sözlə, yetişməkdə olan gənc nəslin doğma yurduna mənən və ruhən bağlılığı üçün hər cür şərait və imkanlar yaradılır. Bu imkanlar gəncləri daha böyük əzmlə Vətəninə, doğma Azərbaycanına bağlı olmağa həvəsləndirir. Digər tərəfdən 5 min illik dövlətçilik tarixi olan Azərbaycanda qürur mənbəyimiz olan Cavanşir, Babək, Şirvanşah İbrahim, Şah İsmayıl Xətai, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə və nəhayət Mübariz İbrahimov, Fərid Əhmədov kimi igid və cəsur övladların yetişdiyi diyardan ancaq vətənsevər, qəhrəman gənclik yetişə bilər. Heç şübhəsiz ki, belə olub, bundan sonra da belə olacaq. Həm də, ona görə ki, Ümummilli Liderimiz Heydər Əliyev bizlərə belə olmağı tövsiyə edib.
Ceyhun Əyyubov
Səs.-2015.- 7 iyul.-
S. 13.