Altay Həsənov:
Gimnastlarımızın birinci Avropa Oyunlarında 7 medal
qazanması böyük uğurdur
Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov birinci Avropa Oyunlarının yekunları və gimnastlarımızın çıxışları ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
- Altay müəllim, əvvəla Sizi dövlətimizin başçısının Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirik. Siz bu dövlət mükafatına birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinizə görə layiq görülmüsünüz.
Doğrudan da Azərbaycan gimnastları birinci Avropa Oyunlarında uğurla çıxış etdilər. Siz müsahibələrinizin birində demişdiniz ki, hakimlər Azərbaycan gimnastlarına qarşı qərəzli mövqe nümayiş etdirirlər. Lakin buna baxmayaraq, gimnastlarımız ümumilikdə 7 medal qazana bildilər. Onların bu uğurunu necə dəyərləndirirsiniz?
- Təbrikə və suala görə çox sağ olun. Tarixdə ilk Avropa Oyunları həqiqətən çox möhtəşəm keçdi. Hakimlərin subyektivliyinə baxmayaraq, gimnastlarımız da ümumi qələbəyə öz töhfələrini verə bildilər.
Siz artıq qeyd etdiniz ki, gimnastlarımız yarışlarda 7 medal qazandılar. Amma Oyunlar elə də asan keçmirdi. Çünki bu, idmandır və burada hər cür nəticə olur. Kədərli anlar də yaşadıq, sevincli anlar da. Bilirsiniz ki, bədii gimnastikada çıxışların qiymətləndirilməsi subyektiv xarakter daşıyır. Hakimlərin hərəsi çıxışa bir cür yanaşır. Qiymətləndirmə heç də hər zaman obyektiv olmur. Xüsusən biz bu halla neçə ildir ki, rastlaşırıq.
Azərbaycan dövləti idmanın bütün növlərinin, o cümlədən gimnastikanın inkişafına xüsusi diqqət göstərir. Rəqiblərimizlə çox güclü rəqabət aparırıq. Ona görə də təbii ki, bizdən ehtiyat edirlər. Bəzən süni maneələr yaradırlar. Xüsusən də bu, hakimlərin şəxsi qərəzliyində, qeyri-obyektiv qiymətlərində hiss olunur. Biz bu halla elə ilk çıxışımızdan rastlaşdıq. Qrup komandamız bədii gimnastikada yaxşı çıxış etdiyi halda, aşağı qiymət aldı. Digər komandalara isə yüksək qiymət verirdilər ki, finala yolumuz kəsilsin. Onda federasiyamızın rəhbərliyi qərar qəbul etdi ki, biz ədalətsizlik faktlarını açıqlayaq. Buna son qoymaq lazımdır. Çünki neçə ildir biz bunu müşahidə edirdik. Bu dəfə yarışlara daha yüksək səviyyədə hazırlaşmışdıq. Ancaq hakimlər yenə öz işlərini gördülər və məcbur olub Federasiya adından etirazımı bildirdim.
Təbii ki, idmançılarımız müəyyən qədər ruhdan düşmüşdülər və ikinci çıxışda yaxşı nəticə göstərə bilmədilər. Ona görə də biz bunu nəzərə alaraq diqqəti fərdi yarışlara yönəltdik və gimnastımız Marina Durunda ilə ciddi hazırlığa başladıq. Onun hazırlığı da yaxşı keçdi. Ədalətsizlik Marinaya da psixoloji cəhətdən təsirini göstərmişdi. Amma biz psixoloji gərginliyi aradan qaldırmağa nail ola bildik. O, azarkeşlərimizin də fəal dəstəyi ilə uğurla çıxış etdi və gümüş mükafat qazandı.
Hər bir idman son nəticəyə
əsaslanır. Xüsusən bədii gimnastikada
yaxşı nəticə
əldə etmək üçün illərlə
vaxt lazım gəlir. Artıq biz bu səviyyəyə
gəlib çatmışıq.
Son bir ildir
ki, Azərbaycanda idman gimnastikası sürətlə inkişaf
edir. Həmçinin batut gimnastikasını,
akrobatika və aerobikanı da yenidən dirçəltməyə
başlamışıq və
nəticələr özünü
çox gözlətmədi.
Biz ilk Avropa Oyunlarında
idman gimnastikası üzrə 5, batutda 1 medal
qazandıq. Mən deyərdim
ki, bu, böyük
uğurdur və gimnastlarımızın çıxışlarını
müsbət qiymətləndiririk.
- Sözsüz ki, gimnastlarımızın son illərdə,
xüsusən də birinci Avropa Oyunlarında qazandıqları
uğurların əsasında
Azərbaycan Gimnastika Federasiyasının prezidenti,
birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı dayanır.
Ən müasir standartlara cavab verən Milli Gimnastika Arenasında yaradılan şəraitə xarici atletlər də heyran qalırlar. Ölkəmizdə, xüsusən bölgələrdə
gimnastikanın inkişafı
istiqamətində daha
hansı addımlar atılır?
- Həqiqətən də ölkəmizdə gimnastikanın
inkişafı 2002-ci ilin
payızında birinci
xanım Mehriban Əliyevanın Azərbaycan
Gimnastika Federasiyasının
prezidenti seçilməsindən
sonra başladı. Təbii ki, bu inkişaf
birdən-birə baş
vermədi. Nailiyyətlərimiz tədricən artmağa başladı. Təcrübə topladıq, idmançılar
yetişdirdik. Əvvəlcə xaricdən məşqçilər
dəvət etdik, sonra isə öz məşqçilərimiz
yetişdi. Dövlətimizin başçısının qərarı
ilə Milli Gimnastika Arenası inşa edilərək
2014-cü ildə istifadəyə
verildi. Bu mükəmməl idman qurğusunun Avropada bənzəri yoxdur. Təbii ki, bu diqqət
və qayğıya
biz yüksək nəticələrlə
cavab verməli idik. Məhz gərgin fəaliyyət,
ardıcıl məşqlər
sayəsində gimnastlarımız
birinci Avropa Oyunlarında uğurla çıxış etdilər.
Azərbaycan dövlətinin qayğısı
özünü bir də onda göstərir
ki, bölgələrdə
müasir idman kompleksləri tikilib. Biz artıq bir neçə bölgədə
- Sumqayıt, Şabran,
Kürdəmir, Gəncə,
İsmayıllı, Qusar
və digər rayon və şəhərlərdə
idman dərnəkləri
açmışıq. Hazırda idmanın bu sahəsinə böyük
maraq və axın var. Biz də öz növbəmizdə
gənc idmançılar
üçün lazımi
şərait, müvafiq
infrastruktur yaradırıq.
Prezident İlham Əliyev bölgələrdə idmanın,
o cümlədən gimnastikanın
inkişafı ilə
bağlı lazımi
şəraitin yaradılmasına
xüsusi diqqət yetirir. Azərbaycan Gimnastika Federasiyası
da bu işdə
fəal iştirak edir. Federasiya bölgələrə həm məşqçilər
göndərir, həm
də regionda yetişən gənc idmançıların ölkə
çempionatlarında iştirakına,
beynəlxalq arenaya çıxmalarına şərait
yaradır.
- Qarşıdan “Rio-2016” Olimpiya
Oyunları gəlir. Bu mötəbər yarışdan gözləntiləriniz
nədir, Olimpiadaya hazırlıq necə gedir?
- Birinci Avropa Oyunları başa çatdıqdan sonra təbii ki, idmançılarımıza bir
az istirahət
lazım idi. Amma gimnastlarımızın istirahəti
qısamüddətli oldu.
Çünki bizi payızda
lisenziya xarakterli dünya çempionatları
gözləyir. Həm bədii
gimnastika, həm batut, həm də idman gimnastikası
üzrə yarışlarda
biz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına mümkün qədər çox lisenziya qazanmalıyıq. Ona görə
də əsas işlərimiz hələ
irəlidədir. Bilirik ki,
çox çətin
olacaq. Çünki Avropa Oyunlarından
sonra rəqabət daha da artıb.
Rəqiblərimiz gimnastlarımızın gücünü gördülər.
Ona görə də qarşıdakı yarışlara
daha ciddi hazırlaşacaqlar. Əvvəlcə lisenziyadan, daha sonra Olimpiya Oyunlarındakı məqsədlərimizdən
danışa bilərik.
- Birinci Avropa Oyunları Azərbaycanın
təbliğində mühüm
rol oynadı. Sizcə, “Bakı-2015” ölkəmizdə idmanın,
o cümlədən gimnastikanın
gələcək inkişafına
necə təsir göstərəcək?
- “Bakı-2015” birinci Avropa
Oyunları Azərbaycanın
təbliği üçün
misilsiz vasitə oldu. Çünki mənim
aləmimdə bundan daha yaxşı təbliğat imkanı ola bilməzdi.
Ayrı-ayrılıqda çoxlu sayda
müxtəlif tədbirlər
- konfranslar, seminarlar, simpoziumlar, müxtəlif ölkələrdə təqdimatlar
keçirməklə ölkəmizi
təbliğ etmək
olar. Yarışların keçirildiyi 17 gün ərzində müxtəlif ölkələrdən
Azərbaycana çoxlu
idmançılar və
qonaqlar gəldilər.
Onların buradan razı qayıtmasından,
gördüklərini öz
ölkələrində danışmalarından
daha güclü təbliğat ola
bilərmi? Bundan başqa, televiziyada,
mediada Azərbaycanla, Oyunlarla bağlı saysız-hesabsız proqramlar,
məqalələr də
ölkəmizin təbliği
və dünyada tanıdılması baxımından
müstəsna əhəmiyyət
kəsb edir.
Şübhəsiz ki, Oyunlar ölkəmizdə
idmanın, o cümlədən
gimnastikanın inkişafına
da güclü stimul olacaq. Qeyd etdiyim
kimi, Mehriban Əliyeva Federasiyanın rəhbəri olandan sonra əsaslı struktur dəyişiklikləri
baş verib, xüsusən də bədii gimnastikada. İndi bizim kifayət qədər səriştəsi
olan yerli məşqçilərimiz yetişib.
Biz bədii gimnastikada
öz məktəbimizi
yaratmışıq. Bu,
böyük nailiyyətdir.
London Olimpiadasından sonra Federasiya prezidentinin tapşırığı
ilə idman gimnastikasına da diqqəti artırdıq. Bunun nəticəsini
indi görürük.
Məqsədimiz bu sahədə
də öz məktəbimizi yaratmaqdır.
İnanıram ki, qazandığımız
nəticələr, əldə
etdiyimiz təcrübə
gimnastikanın digər
növlərinin inkişafına
da öz müsbət təsirini göstərəcək.
Bu sahəyə gənclər,
yeniyetmələr həvəslə
gəlirlər, hamısı
da çempion olmaq istəyir. Bölmələrimizdə gimnastika ilə məşğul olmaq istəyənlərin hamısına
yer çatışmır.
İdmançılarımızın püxtələşməsi, təcrübə qazanması
üçün onlar
Federasiyamız və müvafiq nazirlik tərəfindən çoxsaylı
turnirlərə göndərilir.
Gənc gimnastlarımızın uğurları
hələ qabaqdadır.
- Bildiyiniz kimi, Azərbaycan Dövlət İnformasiya Agentliyi
(AZƏRTAC) birinci Avropa
Oyunlarının rəsmi
media tərəfdaşı idi. Agentliyimiz bununla bağlı
üzərinə düşən
vəzifəni layiqincə
yerinə yetirməyə
çalışdı. “Bakı-2015”in təbliğində,
hazırlıq işlərinin
və yarışların
işıqlandırılmasında AZƏRTAC-ın fəaliyyətini necə qiymətləndirərdiniz?
-
AZƏRTAC həqiqətən çox yüksək səviyyəli təbliğat
apardı, Oyunları operativ şəkildə işıqlandırdı. Ümumilikdə Azərbaycan mediası son illər çox dəyişib, püxtələşib.
Bu baxımdan agentliyiniz xüsusilə fərqlənir. AZƏRTAC həmişə medianın
ön cərgələrində
olub, aparıcı rol oynayıb. Xüsusən Oyunların işıqlandırılmasında
onun yüksək peşəkarlığının şahidi olduq. Çox sağ
olun ki, bu mühüm və məsul vəzifənin öhdəsindən
bacarıqla gəldiniz.
Buna görə AZƏRTAC-a xüsusi minnətdarlığımı
bildirmək istərdim.
- Altay müəllim, maraqlı söhbətə görə
təşəkkür edir,
gimnastlarımıza gələcək
yarışlarda daha böyük uğurlar arzulayırıq.
- Çox sağ
olun.
Səs.-2015.- 7 iyul.- S. 7.