Ekologiya və ətraf mühitin mühafizəsi
İnsan təbiətin bir hissəsi olub onunla sıx
bağlıdır. İnsanın həyatında və fəaliyyətində
təbiətin rolunu qiymətləndirmək olduqca çətindir.
Təbiət insanların yaşayış
mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin
rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XIX əsrin sonlarından başlayan
elmi-texniki tərəqqi, sənayenin sürətli
inkişafı nəticəsində ətraf mühitə edilən
təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini
büruzə verməyə başladı. Artıq
insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri,
onun ehtiyatlarından səmərəsiz istifadəyə son
qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə
qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə
gətirib çıxaracağını anladılar.
Nəhayət, 1972-ci ildə Birləşmiş Millətlər
Təşkilatı Baş Məclisinin İsveçin
paytaxtı Stokholmda keçirilən iclasında 5 iyun tarixinin
Dünya Ətraf Mühitin Mühafizəsi Günü kimi
qeyd olunmasına qərar verilib.
Dünya
Ətraf Mühitin Mühafizəsi Gününün hər il geniş tədbirlərlə qeyd edildiyi Azərbaycanda
da ətraf mühitin mühafizəsi və ekoloji problemlər
daim diqqət mərkəzindədir. Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin
həlli, ətraf mühitin mühafizəsi, ekoloji
tarazlığın bərpa edilməsi istiqamətində də
mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi
inkişafa, meşələrin bərpa edilməsi və
artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda
hidrometeorologiyanın inkişafına dair Dövlət
Proqramı uğurla yerinə yetirilir. Beynəlxalq
ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin
bərpasının təmin edilməsi və mühafizəsi,
milli parkların təşkili və ekoloji şəbəkənin
yaradılması istiqamətində görülən işlər
də bu qəbildəndir.
Prezident
İlham Əliyevin 2010-cu ili ölkədə
"Ekologiya ili" elan etməsi bu sahəyə diqqəti
daha da artırıb. "Ekologiya ili" çərçivəsində,
eləcə də sonrakı illərdə ölkəmizdə
milyonlarla ağacın əkilməsi, yeni parkların
salınması və dövlət başçısının
özünün bu kampaniyalarda iştirakı ətraf
mühitin qorunmasına xüsusi diqqətin göstəricisi
sayıla bilər. Ətraf mühitin mühafizəsi,
insanların sağlam təbii mühitdə yaşaması və
təbii sərvətlərdən xalqımızın
rifahının yaxşılaşdırılması naminə
istifadə edilməsi respublikada aparılan sosial-iqtisadi
islahatların tərkib hissəsindən biridir. Müstəqillik illərində ölkəmizdə
ekoloji tarazlığın qorunması, ətraf mühitin
mühafizəsi sahəsində əsaslı dönüş
yaranmış, təbii ehtiyatların, o cümlədən
faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz
sərvətlərin, meşələrin və biomüxtəlifliyin
mühafizəsi sahəsində ardıcıl tədbirlər
həyata keçirilib.
Hazırda
iqtisadi inkişafla bərabər ətraf mühitin
sağlamlaşdırılması, təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması naminə istifadə edilməsi
Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu
uğurla davam etdirən, onun ideyalarını gerçəkləşdirən
layiqli davamçısı Prezident İlham Əliyevin daim diqqət
mərkəzindədir. Ölkənin
sosial-iqtisadi həyatının bütün sahələrinin
inkişafı ilə yanaşı, ətraf mühitin
sağlamlaşdırılması məsələlərinə
də göstərilən gündəlik qayğının, həyata
keçirilən ardıcıl tədbirlərin nəticəsində
ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə
yaxşılaşdırılıb. Keçmişdən
miras qalmış ekoloji problemlərin aradan
qaldırılması və səmərəli idarəetmə
sisteminin yaradılması da Azərbaycanın beynəlxalq
miqyasda nüfuzunun artmasına təkan verib.
Keçən əsrin 90-cı illərinin ikinci
yarısından başlayaraq əldə olunan sosial-iqtisadi
inkişaf, dünya iqtisadiyyatına inteqrasiya sahəsində
qazanılan nailiyyətlər göz qabağındadır. Son illərdə
əldə olunan nailiyyətlər dövlətin iqtisadi əsaslarını
daha da möhkəmləndirib, ekoloji təhlükəsizliyin təmin
olunmasına zəmin formalaşdırıb, daha təsirli tədbirlərin
həyata keçirilməsi üçün imkanları
genişləndirib.
Uzun illər ərzində yaranan ekoloji problemlər təhlil
edilərək, onların kompleks həllinə yönəldilən
və davamlı inkişaf prinsiplərinə əsaslanan milli
və dövlət proqramları təsdiq edilib və
onların icrasına başlanılıb. Ölkədə
mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilib
milli parklar yaradılıb, ətraf mühitin
qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər
həyata keçirilib. Bu proqramların əsas
məqsədi ətraf mühitin mühafizəsinə yönəldilən
dövlət əhəmiyyətli investisiya layihələrinin
sistemli və səmərəli şəkildə həyata
keçirilməsini təmin etməkdən ibarətdir. Ətraf mühitlə bağlı qəbul olunan
dövlət proqramlarının uğurla
reallaşdırılması, mövcud ekoloji problemlərin
daha səmərəli həlli məqsədilə müvafiq sərəncamların
imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına aydın misaldır.
Son illərdə
həyata keçirilən ardıcıl tədbirlər nəticəsində
xüsusi mühafizə olunan təbiət ərazilərinin
sahəsi ölkə ərazisinin 4,5 %-dən 10,3 %-ə qədər
çatdırılıb - 893 min hektar - 9 milli park, 11 qoruq və
24 yasaqlıq. Bu istiqamətdə son 12 il ərzində 130 min
hektar sahədə meşəbərpa işləri
aparılıb və yeni meşələr salınıb, 100
milyon ədəd ağac əkilib, 350 milyon ədəd əkin
materialı yetişdirilib və 2 min ton toxum tədarük
edilib. Meşə ilə örtülü ərazilərin sahəsi
11,4 %-dən 11,8 %-dək artıb.
Bundan əlavə arid sahələr və
aşağı keyfiyyətli torpaqlarla səciyyələnən
ərazilərin, o cümlədən Bakı və Abşeron
yarımadasının yaşıllaşdırılması ilə
bağlı müasir metodlara əsaslanan iri
yaşıllaşdırma layihələri də həyata
keçirilib.
Belə ki, 3600 hektardan artıq ərazidə 4,5
milyona yaxın ağac əkilib, müasir damcılı suvarma
sistemləri ilə təmin olunub.
Heydər Əliyev Fondunun ekologiyanın, ətraf
mühitin qorunmasına xidmət edən "Hərəmiz bir
ağac əkək" layihəsi də bu sahəyə
böyük töhfələr verib. Fondun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən bu layihə çərçivəsində
ölkəmizdə hektarlarla sahə
yaşıllaşdırılıb.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə
başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə
Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində
ölkəmizdə ətraf mühitin qorunması sahəsində
görülən işlər Azərbaycanda ekoloji problemlərə
verilən dəyərin göstəricisidir.
Bu gün ölkəmizdə ekoloji problemlərin həllinə,
ətraf mühitin mühafizəsi məsələlərinə
daha çox diqqət yetirilir. Milli parkların
yaradılması işi uğurla davam etdirilir və təbii
ehtiyatların qorunması üçün uzunmüddətli
dövlət planları nəzərdə tutulub.
Ekologiya və
Təbii Sərvətlər Nazirliyi hər il 5 İyun -
Dünya Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində
ətraf mühitin qorunması, təbiətdən, yeraltı
sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən
səmərəli istifadə edilməsi, onların bərpası
və mühafizəsi, bioloji müxtəlifliyin qorunub
saxlanılması məqsədi ilə müxtəlif tədbirlər
həyata keçirir.
Ümumilikdə,
62 iş üzrə 380430 manat məbləğində cərimə
tətbiq edilib, ətraf mühitə dəymiş ziyana
görə 11 iş üzrə 332245 manat məbləğində
iddia qaldırılıb, ətraf mühitə tullantıların
atılmasına və axıdılmasına görə
hüquqi və fiziki şəxslərə 524 iş üzrə
8151475 manat məbləğində ödəmə tətbiq
edilib. Tədbir görülməsi üçün
hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına isə
24 iş göndərilib.
Bununla
yanaşı, tələbələrin ətraf mühit sahəsində
bilik və bacarıqlarının artırılması, gənc
nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf
mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi
ilə ali təhsil müəssisələrinin
tələbə və müəllim kollektivləri ilə
görüşlər keçirilib. Bu görüşlərdə
dövlətin ekologiya sahəsində həyata keçirdiyi
uğurlu siyasət və bu istiqamətdə gənc nəslin
fəal rolundan danışılıb, gənclərin ətraf
mühit sahəsində bilik və bacarıqlarının
artırılmasının zəruriliyi diqqətə
çatdırılıb.
Keçirilən tədbirlərin məqsədi insanların
ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək,
ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə
yönəltmək, əhalinin bu sahədə şüur və
təfəkkürünü inkişaf etdirməklə təbiəti
qorumağın mümkünlüyünü diqqətə
çatdırmaqdır.
Keçid
dövründə respublikamızda sosial-iqtisadi proseslər
sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə
də yeni
metod və prinsiplər üzə çıxarılır. Bu baxımdan ETSN tərəfindən
hazırlanmış və 2003-cü ildə ölkə
prezidenti tərəfindən təsdiq olunmuş "Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram
ekoloji siyasəti daha da təkimlləşdirilmiş səviyyədə
özündə əks etdirərək, onun tətbiq edilməsi
üçün imkanlar yaratdı.
Bundan əlavə,
əhali arasında ekoloji təbliğatın gücləndirilməsi,
orta ümumtəhsil məktəblərində ekologiya və ətraf
mühitin mühafizəsi ilə bağlı tədris
saatlarının artırılması mühüm məsələlərdəndir.
Son illər Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən qəbul olunmuş ətraf
mühitlə bağlı bir sıra qanunlar bu sahədə
mövcud olan boşluqların doldurulması üçün
böyük imkanlar açır.
Mövcud problemlərin həll edilməsi
üçün Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən Beynəlxalq təşkilatlarla,
donor ölkələrlə əlaqələrin genişləndirilməsinə
xüsusi əhəmiyyət verilir. Belə ki, BMT-nin İnkişaf,
Ətraf Mühit, Sənayenin İnkişafı proqramları,
NATO, ATƏT, Qlobal Ekoloji Fond, Avropa İqtisadi Əməkdaşlıq
və İnkişaf təşkilatı, İqtisadi Əməkdaşlıq
təşkilatı, Dünya Bankı, Asiya bankı,
Ümumdünya Vəhşi Təbiət fondu və s. təşkilatlarla
əməkdaşlıq davam etdirilir. Bununla bərabər
müvafiq sazişlər əsasında inkişaf etmiş
ölkələrlə iki tərəfli əməkdaşlıqlar
qurulur.
Ətraf mühit sahəsində beynəlxalq müqavilələrə
qoşulmağa da böyük diqqət yetirilir. Belə ki, Azərbaycan
Respublikası bu günə kimi 20 konvensiyaya qoşulub, müvafiq
protokollar imzalanıb.
Ətraf
mühitlə bağlı qeyd olunan problemlərin həlli
yollarını müəyyənləşdirmək və ekoloji
tarazlığı təmin etmək məqsədilə
dövlət proqramları və layihələrin
reallaşdırılması, tədricən ətraf
mühitin daha da sağlamlaşdırılmasını
yaxın gələcəkdə mümkün edəcək.
Minarə Hacıyeva
Səs.-2015.- 7
iyul.- S. 12.