Azərbaycan Ordusu
müharibəyə hazırdır
Prezident İlham Əliyev:
“Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat
Dağlıq Qarabağda
və Ermənistanda istənilən hədəfi
yüksək dəqiqliklə
məhv edə bilər”
Məlum olduğu kimi, son bir neçə həftədir ki, Ermənistan silahlı qüvvələri cəbhə xəttində təxribatlar törətməklə, Azərbaycanın mövqelərini atəşə tutur, hətta silahsız vətəndaşlarımızı belə güllələməkdən çəkinmirlər. Bununla kifayətlənməyən ermənilər kəşfiyyat-diversiya qrupları vasitəsilə Azərbaycan tərəfinə soxulmağa cəhdlər göstərirlər. Lakin Azərbaycanın ayıq-sayıq əks kəşfiyyat hissələri və silahlı qüvvələri ermənilərin provokasiyalarını vaxtında dəf edir, hətta düşmənlərin itkilər verərək geri çəkilməsinə səbəb olur. Əlbəttə ki, bütün baş verənlər həm Ermənsitan tərəfinin zəif olmasını, həm də Azərbaycanın güclü orduya malikliyini ortaya çıxarır. Bu fakt eyni zamanda sübut edir ki, Azərbaycan müharibəyə hazırdır və ermənilərin təxribatları əsasında atəşkəslə bağlı baş verən hadisələr, onların nəticələri də Azərbaycanın müharibəyə hazırlığının yüksək səviyyədə olduğundan xəbər verir.
Qeyd edək ki, Azərbaycan 3 milyard dollardan artıq illik hərbi büdcəsi, ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilmiş, NATO standartları əsasında təlim görmüş silahlı qüvvələri ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider ölkədir. Həmçinin, Azərbaycan silahlı qüvvələrinin göstəriciləri onun keçmiş sovet məkanında da ən güclü və döyüş hazırlıqlı ordulardan biri olduğunu təsdiqləyir. Azərbaycanın gəlirlərinin artması ilə paralel şəkildə silahlı qüvvələrinin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesini həyata keçirməkdədir. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən risklər, Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması, torpaqlarının 20 faizi 20 ildən artıqdır işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə yönəlmiş vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılmış məcburi addımdır.
İstənilən ölkə üçün döyüş hazırlıqlı, modern silahlar və döyüş vasitələri ilə təchiz olunmuş ordunun yaradılması, saxlanması böyük həcmdə vəsaitlər tələb edir. Bu səbəbdən də, Azərbaycan güclü silahlı qüvvələrə malik olmaq üçün ölkənin iqtisadi qüdrətinin artması ilə paralel şəkildə hərbi xərclərini də artırıb. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon ABŞ dolları təşkil edirdisə, hazırda bu rəqəm 3,8 milyard dollardır. Ümumiyyətlə, Azərbaycanın hərbi xərclərində artım dinamikası hər il davam edir və bu gün hərbi büdcəmiz Ermənistanın ümumi dövlət büdcəsinin xərclərini ötüb.
Azərbaycanın hərbi xərclərində ən böyük artım 2011-ci ildə edilib. Həmin il üçün dövlət büdcəsində hərbi xərclər 2010-cu ilə nisbətən 90 faizə qədər artırılıb və 3,3 milyard dollara çatdırılıb. Müqayisə üçün qeyd olunmalıdır ki, həmin il üçün Ermənistanın dövlət büdcəsinin ümumi xərcləri cəmi 2 milyard 350 milyon dollar təşkil edirdi. Ermənistanın 2011-ci il üçün hərbi xərcləri isə cəmi 387 milyon dollar, yəni Azərbaycanın hərbi büdcəsindən 10 dəfə aşağı idi. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SİRRİ) dünya ölkələrinin hərbi büdcələri ilə bağlı açıqlanmış hesabatında da deyilirdi ki, 2008-ci ildən bəri dünyada hərbi büdcəsini ən çox artıran ölkə Azərbaycan olub: Müdafiə Sənayesi Nazirliyinə ayrılmış vəsaitlər daxil olmadan təxminən 60 faiz.
Azərbaycanın öz hərbi xərclərini bu cür sürətlə və davamlı şəkildə artırmasını zəruri edən başlıca səbəblərdən biri də silahlı qüvvələrin sərəncamında olan sovet istehsalı, köhnəlmiş hərbi texnikanı yeniləmək, onu ən yeni texnologiyalar əsasında hazırlanmış müasir döyüş vasitələri ilə təchiz etmək, habelə silahlı qüvvələrin şəxsi heyətinin sosial vəziyyətini yaxşılaşdırmaq və hərbi tədrisdə yeni metodikanı tətbiq etmək zərurəti olub. Ölkə hərbi xərclərini artırmaqla paralel şəkildə hərbi-texniki sahədə sıx tərəfdaşlıq etdiyi ölkələrdən yeni silah sistemləri və döyüş vasitələri əldə edib. Bu zaman Hərbi-Hava Qüvvələrinin, quru qoşunlarının, sərhəd qoşunlarının, Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş qabiliyyətinin artırılması ilə bağlı ehtiyaclar əsas götürülüb. Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırıb. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir.
BMT-nin Adi Silahların Qeydiyyatında və digər açıq mənbələrdə yer alan məlumatların təhlili göstərir ki, Azərbaycan öz Hərbi-Hava Qüvvələrini gücləndirmək üçün ötən illərdə Ukrayna və Belarusdan onlarla dördüncü nəsil modernləşdirilmiş MiQ-29 “Fulcrum” döyüş təyyarələri alıb, habelə Pakistan istehsalı olan 20-dən çox JF-17 təyyarələrinin alınması üçün sifariş vermişdi. Həmçinin ötən bir neçə il ərzində Rusiya, Ukrayna və Belarusdan 100-dən artıq Mi-35M, Mi-24, Mi-8, Mi-17-1V tipli döyüş, hərbi nəqliyyat və hücum tipli helikopterlərin alınmasını həyata keçirib. Eyni vaxtda yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələrin əldə edilməsi və birgə istehsalı üçün dünyanın ən çox inkişaf etmiş hərbi sənayelərindən birinə malik olan İsraillə sıx tərəfdaşlıq edilir. Bu tərəfdaşlıq çərçivəsində İsrail istehsalı olan onlarla “Orbiter”, “Aerostar”, “Seacher”, “Hermes-450”, “Heron” tipli pilotsuz kəşfiyyat təyyarələri alınıb. Nəticədə Azərbaycan regionda ən güclü Hərbi-Hava Qüvvələrinə malik olan ölkəyə çevrilib. Həmçinin “Orbiter” və “Aerostar” pilotsuz təyyarələrinin birgə istehsalı üçün Bakıda müəssisə yaradılıb. İsraildən pilotuz təyyarələrin və digər hərbi texnikanın alınmasına dair əməkdaşlıq indi də davam etməkdədir.
Hava döyüş və kəşfiyyat vasitələri ilə yanaşı Azərbaycan böyük miqdarda zirehli döyüş texnikası, o cümlədən tanklar, piyadaların döyüş maşınları, reaktiv artilleriya sistemləri, o cümlədən hədəfi dəqiq vura bilən sistemlər, uzaqvuran artilleriya qurğuları, hava hücumuna qarşı güclü müdafiə sistemləri, o cümlədən Rusiya istehsalı olan və hazırda dünyada öz sinfinə görə ən güclülərdən sayılan S-300 PMU-2 “Favorit” zenit-raket kompleksləri alıb. Bundan əlavə, İsrail istehsalı olan “Barak-8” zenit-raket komplekslərinin və “Green Pine” radarlarının alınması da ölkənin hava hücumundan etibarlı müdafiəsini təmin etməyə imkan verib. Hərbi ekspertlərə görə, Azərbaycan indi güclü hərbi hava qüvvələrinə malik olmaqla yanaşı, hava hücumundan etibarlı müdafiə sistemi də qurub, bununla da strateji əhəmiyyətli obyektlərin mümkün hava hücumlarından qorunmasına təminat yaradıb. Eyni zamanda Azərbaycan region ölkələri arasında öz zirehli hərbi texnikasını istehsal edən ilk dövlətdir. Müdafiə Sənayesi Nazirliyi xarici tərəfdaşlarla birlikdə “Matador” və “Marauder” adlı zirehli transportyorları istehsal edərək onların Müdafiə Nazirliyinin sərəncamına verilməsini həyata keçirməkdədir. Yerli hərbi sənayenin istehsalı olan 14,5 millimetrlik “İstiqlal” snayper tüfəngi isə göstəricilərinə görə öz sinfində dünyada ön sıralarda gedir. Beynəlxalq hərbi ekspertlər də Azərbaycan silahlı qüvvələrinin öz göstəricilərinə və malik olduğu döyüş texnikasına görə regionda ən güclü olduğunu təsdiq edirlər. Böyük Britaniyadakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatlarında Azərbaycan Silahlı Qüvvələrinin göstəriciləri əsasında aparılmış müqayisəli təhlildə də bu barədə bildirilir.
Göründüyü kimi, Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirib. Məhz Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyü və suverenliyinin dinc yolla bərpası, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün də mühüm amildir. Ona görə də, bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu hər an müharibəyə və torpaqlarımızı işğaldan azad etməyə hazırdır. Prezident İlham Əliyevin verdiyi bəyanatlarda bu gücə əsaslanır: “Ermənistan tərəfinə bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm, - əgər ölmək istəmirsinizsə, bizim torpaqlarımızdan rədd olun. Bizdə olan məlumata görə, düşmən indi təlaş içindədir, isterikaya qapılıb. Təmas xəttindəki məğlubiyyətindən sonra bizdən qisas almağa çalışıb, ancaq o cəhdlər də uğursuz olub. Nə qədər çox təxribat törədəcəklərsə, o qədər də çox itki verəcəklər. Bir daha demək istəyirəm ki, bu gün Azərbaycan Ordusu öz üstünlüyünü göstərir. Bizdə olan vətənpərvərlik ruhu, döyüş qabiliyyəti, texniki imkanlar əlbəttə ki, üstünlüyümüzü şərtləndirir. Azərbaycan Ordusunun arsenalında mövcud olan texnika, silah-sursat Dağlıq Qarabağda və Ermənistanda istənilən hədəfi yüksək dəqiqliklə məhv edə bilər”.
Səs.-2015.- 8 iyul.- S. 2.