“Bakı-2015” Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsidir

 

Patrik Hikki:”Oyunlar çox yüksək səviyyədə təşkil edildi və mən 2019-cu ildə keçiriləcək növbəti Avropa Oyunlarını səbirsizliklə gözləyirəm”

 

Müstəqil Azərbaycanın sosial-iqsitadi inkişafı ölkənin bütün sahələrinin inkişafına ciddi zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti  İlham Əliyevin həyatın bütün sahələrinin inkişafı üçün məqsədyönlü siyasət yeritməsi Azərbaycanın hazırda dünyanın inkişaf etmiş ölkələri arasında özünə layiqli yer tutmasına şərait yaradıb. Təbii ki, Azərbaycanda mövcud olan mövcud siyasi vəziyyət, stabillik, iqtisadi artım inkişafı zəruri edən amillərdəndir.

Hər bir ölkənin beynəlxalq aləmdə tanınmasında, yetişən nəslin sağlam inkişafında önəmli vasitələrdən biri olan idmana da dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Azərbaycanda idmanın inkişafına təkan olan maddi-texniki baza da yaradılıb. Ölkəmizdə xüsusilə son 11 ildə tikilən olimpiya idman kompleksləri, təlim-məşq bazaları idmanın inkişafına xidmət edir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünyaAvropa çempionatlarında idmançılarımızın qazandığı medallarmükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Məhz bu səbəbdən də beynəlxalq idman ictimaiyyəti, idman federasiyaları həvəslə ən mötəbər yarışları ölkəmizə həvalə edir, Bakı və eləcə də digər şəhərlərimiz bu yarışları yüksək səviyyədə təşkil edərək, Azərbaycanın bu sahədə dünya liderləri sırasında olduğunu göstərirlər.

Elə ilk Avropa Oyunlarının keçirilməsinin ölkəmizə həvalə edilməsi ölkəmizdə idmana ayrılan diqqət, eləcə də sülh, əmin-amanlıq ölkəsi olaraq dünyada tanınması oldu. İki il yarım müddətində Azərbaycan bu oyunların keçirilməsinə hazır vəziyyətə gətirildi. Böyük səy, əmək, təşəbbüskarlıq, həyəcanın günbəgün artması hər gün bizi bu tarixi günə - “Bakı-2015” ilk Avropa Oyunlarına yaxınlaşdırdı.

 

“AZƏRBAYCAN CƏMİ 23 İL ƏRZİNDƏ

GÖRÜNMƏMİŞ

TƏRƏQQİ ƏLDƏ EDİB”

 

Əvvələr belə təsəvvürümüzə gətirə bilməyəcəyimiz bir hadisə ölkəmizdə baş tutdu. Qitə oyununun dünya xəritəsində ərazicə balaca olan bir ölkədə keçirilməsi artıq Azərbaycan haqqında hər şeyi demiş oldu. Bütün nailiyyətlər “AZƏRBAYCAN QÜDRƏTLİ ÖLKƏDİR”, - deyir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə, Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir:”Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-aliləri Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də Onun Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib”.

Beynəlxalq yarışın keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlərin görülməsi iqtisadi gücümüzə, dinamik inkişafa söykənirdi. Əlbəttə, digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməmişdi və belə Oyunların Azərbaycanda keçirilməsi Bakı üçün məsuliyyət idi. Təbii ki, Bakı olduqca gözəl ilk Avropa Oyunlarının təşkilində tarixə imza atdı.

 

17 GÜN KEÇİRİLƏN OYUNLARDA

AZƏRBAYCAN

QƏLƏBƏLİKLƏR YAŞADI

 

“Bakı-2015” I Avropa Oyunları tarixə yeni səhifəni yazdı. Özü də Azərbaycan adı ilə. Paytaxtımızda təşkil olunan mötəbər yarışda Avropanın 50 ölkəsindən 6000-dən çox idmançı mübarizə apardı. Ölkəmiz isə oyunlarda  291 idmançı ilə təmsil olundu.

17 gün keçirilən oyunlarda qələbəliklər yaşadı AZƏRBAYCAN. Buna qədər oyunlara paytaxtımızın yaxınlaşdığını qeyd edirdik. Bu gün isə qələbə sevincindən yazırıq. Milyonlarla idman həvəskarının böyük maraqla gözlədiyi Avropa Oyunları dünya miqyasında cəlbedici bir ölkə ilə daha yaxından tanışlıq üçün yollar açdı.

İlk Avropa Oyunlarının keçiriləcək yeni arenalar inşa edildi, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirildi. Açılış mərasiminin baş tutduğu 68 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlandı.

Birinci Avropa Oyunlarının məşəli Azərbaycanı bölgə-bölgə gəzdi. Azərbaycan tarixindən, mədəniyyətindən görüntülər dünya ölkələrində yayımlandı. Alov səyahəti zamanı əsrarəngiz Azərbaycanın təbiət gözəllikləri diqqətə çəkildi. Azərbaycanın əlverişli coğrafi mövqeyi təqdim olundu.

Elə oyunların açılış və bağlanış mərasimlərində də ölkəmizin tarixindən, mədəniyyətindən, zəngin irsindən, milli-mənəvi dəyərlərindən nağılvari görüntülərin yayılması Azərbaycanın uzaq-yaxın keçmişindən danışmış oldu. Azərbaycan və Avropanın idman ictimaiyyəti üçün tarixi bir an olan və dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin təşkil etdiyi bu mərasim müxtəlif yönləri ilə kreativ, ruhlandırıcı və yaddaqalan oldu.

Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki də yarışların təşkilindən məmnun qaldı. Oyunların bağlanış mərasimində vurğuladı ki, oyunlar çox yüksək səviyyədə təşkil edildi və mən 2019-cu ildə keçiriləcək növbəti Avropa Oyunlarını səbirsizliklə gözləyirəm. Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Gələcək oyunlar üçün təməl Azərbaycanda qoyuldu. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verən ilk belə hadisəyə ev sahibliyi etməsi idman tarixində silinməz izlərini saldı.  Bu, Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsinə çevrildi. Heç şübhəsiz ki, 2019-cu ildəki Oyunlar Bakıdakı bu yarışmanın tam təkrarı olmayacaq.

Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu sübut edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün böyük sınaq idi. Bu sınaqdan ölkəmiz alnıaçıq çıxdı. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu növbəti dəfə göstərə bildi.  

 

Nəzakət ƏLƏDDİNQIZI

Səs.-2015.- 8 iyul.- S. 4.